ƏDALƏT VƏ
MÜDRİKLİK MÜCƏSSƏMƏSİ
Ulu öndərimizin təməlini qoyduğu mütərəqqi məhkəmə–hüquq islahatları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirilir
Heydər Əliyev bütün zamanlarda,
bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə
xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi,
dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində,
bölgədə və dünyada nüfuzunun artmasında onun
müstəsna xidmətləri var. Hazırda bu siyasət davam
etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun
siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan
yaşayır və möhkəmlənir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti.
Bəşəriyyət
zaman–zaman bir çox tarixi şəxsiyyətlərə
onların, xalqların və cəmiyyətlərin
inkişafına verdikləri ölçüyəgəlməz
töhfələrə şahidlik etmişdir. Həmin dahi
şəxsiyyətlərin qurub yaratdıqları, miras
qoyduqları dövlətçilik ənənələri,
böyük intibah xalqlarının gələcəyinə
işıq tutmuş, bəlkə də yüz illər
sonrakı tarixini, dünyanın siyasi arenasındakı yerini
müəyyənləşdirmişdir. Məhz qeyd olunan xidmətlərinə
görə belə şəxsiyyətlər tarixdə dahi,
öndər, lider kimi öz layiqli yerini tutmuşlar.
Azərbaycanın
da dövlətçilik tarixində böyük şəxsiyyətlər,
dünyaya meydan oxuyan sərkərdələr, yaşadıqları
dövrün reallıqlarını dərk edərək
xalqımızın milli maraqlarını ən yüksək
səviyyədə qorumağa çalışan dövlət
xadimləri olmuşdur. Təbii ki, onların hər biri bu və
ya başqa şəkildə Azərbaycan dövlətinin daha
da möhkəmlənməsinə, xalqımızın firavan
gələcəyinə yönəlmiş xidmətlər
göstərmiş və xalqımızın tarixində əbədi
həkk olunmuşlar.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev də
öz xalqı və milləti qarşısında titanik fəaliyyət
göstərən dahi şəxsiyyətlərdəndir. Ulu
öndər Heydər Əliyev özünə qədər Azərbaycana
rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini
gerçəkləşdirmiş, işıqlı əməlləri,
yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini
yaratmışdır. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin
hər bir anında xalqın, dövlətin, cəmiyyətin
və onun üzvlərinin mənafeyinə xidmət etmiş,
Azərbaycan torpağının və xalqının
bütövlüyü uğrunda fədakarlıqla
çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi,
dövlətçiliyimizin inkişafı, demokratiyanın
genişləndirilməsi, xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün
mümkün olan hər şeyi, hətta mən deyərdim ki,
çoxlarına əlçatmaz görünən
xülyaları belə gerçəkləşdirmişdir.
ABŞ–ın keçmiş prezidenti Teodor Ruzvelt demişdir: “Əsas
odur ki, sən öz ölkən uğrunda ölməyə
hazır olasan; daha da vacibi odur ki, sən onun üçün
yaşamağa hazır olasan”.
Qəhrəmanlığın,
hünərin ən möhtəşəmi Vətən naminə
edildiyindən, dahi rəhbərimiz Heydər Əliyevin bu
istiqamətdəki tarixi xidmətləri vətən və
dövlət, millət və xalq naminə göstərilən
bütün fədakarlıqların fövqündə dayanır.
Bu mənada
Mustafa Kamal Atatürkün Türkiyə, Şarl de Qollun
Fransa, Corc Vaşinqtonun Amerika Birləşmiş
Ştatları üçün etdiklərini ulu öndərimiz
Heydər Əliyev ən çətin məqamlarda doğma Vətəni
və xalqı naminə edib. Böyük filosof Platon
demişdir ki, ədalət, müdriklik və güclü
hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət
xoşbəxtliyə qovuşacaqdır. Müdriklik və ədalət
mücəssəməsi olan, dünyanın siyasi arenasında
sayılıb–seçilən ulu öndər Heydər Əliyevə
tarixdə əbədilik qazandıran ən başlıca amil
də məhz onun öz ölkəsində bu üç dəyəri
bir araya gətirməyi bacarmasıdır. Onun tarixi xidmətləri,
xilaskarlıq, quruculuq missiyası, dahiliyi, həyata
keçirdiyi siyasi, iqtisadi, sosial və mədəni islahatlar
haqqında çox yazılıb. Hələ bundan sonra da
yazılacaqdır. Çünki zaman keçdikcə Heydər
Əliyev şəxsiyyətinin Azərbaycanın
bütövlüyü, iqtisadi müstəqilliyi, ölkədə
demokratik dəyərlərin möhkəmləndirilməsi, vətəndaş
birliyinin yaradılması və digər sahələrdə həyata
keçirdiyi taleyüklü məsələlər daha
aydın görünür.
Bir
faktı nəzərinizə çatdırım ki, Amerika Birləşmiş
Ştatlarında tarix və siyasət elminin xüsusi bir
bölməsi var: Vilsonşünaslıq. Bu elm budağı
ABŞ–ın 28–ci prezidenti Vudro Vilson fenomenini öyrənir.
Onun araşdırılmasıyla bağlı indiyədək
30 mindən artıq kitab yazılıb. Söhbət bundan
gedir ki, tarixin hansısa məqamını araşdırarkən
bəzən “axı bu necə ola bilmişdi” sualına cavab
arayanda mütləq şəxsiyyətin tarixi–siyasi fenomen kimi
tədqiqinə ehtiyac yaranır. Vudro Vilson vaxtilə
ABŞ–ın inkişafına təsir edən qərarları
ilə onu bugünkü qlobal dövlət olmaq yoluna
çıxarmışdı. Azərbaycan tarixində analoji
yeri tutan şəxsiyyət isə, heç şübhəsiz,
Heydər Əliyevdir.
Heydər
Əliyev haqqında yazmaq onun müəllifliyi ilə
yaradılmış tarixi, cəmiyyətin düşüncə
tərzini qələmə almaqdır. Heydər Əliyevin həyat
dərsləri insan ruhunun qüdrətinə, iradənin yenilməzliyinə
parlaq nümunədir.
XX əsr
Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi,
dahi şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin
unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq
və ehtiramla anılır. Özünün mənalı və
şərəfli ömrünü Azərbaycan dövlətinə,
xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq
rəmzinə çevrilən ulu öndər qədirbilən
xalqımızın yaddaşında daima yaşayacaqdır.
Ulu
öndər Heydər Əliyev özünün böyük həyatı
ilə zamanın çərçivəsinə
sığmayan yüksək bəşəri keyfiyyətləri,
zəngin mənəvi xüsusiyyətləri, xalqa, vətənə,
insanlığa olan böyük sevgisi ilə
xalqımızın qəlbində əbədiyaşarlıq
qazanmışdır. Çünki Heydər Əliyev
yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər
deyil, o, həm də milyonlarla insanı ülvi ideallar ətrafında
səfərbər edən bir dövlət qurucusu, müasir
tariximizin memarı idi. Heydər Əliyev bütün kökləri
ilə cəmiyyətin mənafe və maraqlarına
bağlı olan bir liderə xas xüsusiyyətlərə
malik idi. Nəsirəddin Tusinin “Ən yaxşı rəhbər
odur ki, ölkədəki bütün insanlar ona inansın,
onun ardınca getsin, onun tədbirlərinə şərik
olsun, onu özünə ata saysın” fikri ulu öndərimiz
Heydər Əliyevə xas olan bəşəri keyfiyyətlərdəndir.
Çünki bu bəşəri, xarizmatik keyfiyyətləri
ilə ulu öndərimiz Azərbaycan xalqına münasibətdə
tarixin onillər boyu onun üzərinə qoyduğu bir
“ATA”lıq missiyasının ifadəsi ilə dərinləşmişdir.
Türkiyə
Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məşhur
bir deyimi var: “Xalqa əfəndilik etmirlər, xalqa xidmət edirlər.
Yalnız xalqa xidmət edənlər xalqın əfəndisi
səviyyəsinə yüksəlirlər”. Bəli, xalqına
arxalanan, amalı xalqına xidmət etmək olan, xalq
üçün quran, yaradan insanlar xoşbəxt
insanlardır. Onlar millətin taleyini müəyyən etmək
məsuliyyətinin nə demək olduğunu dərindən
anlayır, bu məsuliyyəti ləyaqətlə
daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək
nəsillərin şərəfi, varlığı və
firavanlığı üçün çalışmaqda
görürlər. Belə insanlar tək–tək olur, bəlkə
də yüz ildə bir dəfə dünyaya gəlirlər.
Amma onlar taleyin hökmü və millətin qisməti kimi həyatın
ən çətin, böhranlı anlarında, xalq
“ölüm, ya olum” dilemması qarşısında
üz–üzə qalanda meydana atılır və müqəddəs
xilaskarlıq missiyasını həyata keçirir,
ömürlərinin qalan hissəsini millətə xidmətə
həsr edirlər. Mənsub olduqları millətlə birlikdə
dahi şəxsiyyətlərin özləri də yüksəlir,
millətlə birlikdə onları da bütün dünya
tanıyır, şöhrətləri aləmə
yayılır.
Ulu
öndər Heydər Əliyev də XX əsrdə Ulu
Tanrının Azərbaycan xalqına bəxş etdiyi
dühalardandır. O parlaq zəkasının, sarsılmaz iradəsinin,
tükənməz enerjisinin sayəsində ucalmış,
ümmilli lider səviyyəsinə qalxmışdır.
Xalqlarının taleyində mühüm rol oynamış
şəxsiyyətlər bir qayda olaraq tarixin gedişinə təsir
göstərir və xilaskar missiyaları ilə yeni bir salnamə
yaradırlar. XX əsrdə xalqımızın yetirdiyi fenomen
şəxsiyyət — ulu öndər Heydər Əliyev də
məhz belə liderlərdən biri olaraq müasir Azərbaycan
dövlətinin ideoloji–siyasi əsaslarını milli irs və
düşüncə əsasında yaradaraq praktik surətdə
gerçəkləşdirmiş strateq kimi hər zaman
böyük rəğbət və ehtiramla xatırlanır.
Xalqımız qərinələr boyu qazandığı
dövlətçilik ənənələrini məhz Heydər
Əliyev epoxasında təkmilləşdirərək sistem
halına salmış, millət kimi mövcudluğunu,
özünüidarə bacarığını ən yüksək
səviyyədə nümayiş etdirmişdir. Azərbaycanı
müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli
və şərəfli yol, əslində məhz ulu öndərin
hakimiyyətə gəlişindən sonra
başlamışdır.
Onun
dahiyanə siyasəti, böyük cəsarət və qətiyyətlə
gördüyü bütün işlər həmişə
xalqımıza mənəvi dayaq olmuş, respublikamıza beynəlxalq
aləmdə böyük hörmət, nüfuz,
şan–şöhrət gətirmiş, dünya
xalqlarının məhəbbət və rəğbətini
qazandırmışdır. O, XX əsrin görkəmli liderlərindən
biri kimi etimad göstərildiyi bütün vəzifələrdə
özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı
rəhbər kimi göstərmişdir.
Tarix boyu
bir çox siyasət adamları hakimiyyətə can
atmış və çox hallarda da buna nail olmuşlar. Lakin
bunların bəziləri öz məhdud təfəkkürü
üzündən son nəticədə diktatorlara, digərləri
isə öz iradə zəiflikləri ucbatından ətrafdakıların
oyuncağına çevrilmişlər. Məhz bunları nəzərdə
tutan fransız mütəfəkkiri Pol Anri Holbax
yazırdı: “Hakimiyyət yalnız o vaxt böyük nemət
olur ki, onu əldə edən adama təbiət tərbiyə
və alicənablıq, qüvvətli ruh, geniş ürək,
dərin ağıl, böyük təcrübə
vermişdir”. Nəsirəddin Tusi isə yazırdı:
“Hökmranlıq o adama yaraşır ki, cəmiyyət xəstələndikdə
onu müalicə edə bilsin. Çünki hökmdar ölkənin
həkimi yerində olmalıdır”. Təbiət və tarix
isə bu kimi ülvi keyfiyyətlərin üzvi bir vəhdət
halında birləşdiyi fenomenal şəxsiyyətləri
çox az–az yetirir. Müasir dünya siyasətinin
aparıcı simalarından olan Heydər Əliyev kimi. Məhz
bu keyfiyyətlərinə görə o öz hakimiyyətini səlahiyyətlərinin
gücü ilə yox, şəxsiyyətinin qüdrəti ilə
həyata keçirməklə
qarşısındakıları zəkası və uzaqgörənliyi
ilə ofsunlayırdı. Heç də təsadüfi deyildir
ki, dünyanın böyük siyasətçiləri,
dövlət xadimləri, elm və incəsənət korifeyləri
ulu öndər Heydər Əliyevi “canlı əfsanə”
adlandırırdı. Amerika Birləşmiş
Ştatlarının sabiq prezidenti Corc Buş ümummilli lider
Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev Cənubi
Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət
olmuşdur. Azərbaycanın müstəqilliyinin
qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət
daşımışdır. Dağlıq Qarabağ faciəsinin
sülh danışıqları vasitəsilə ədalətli
və uzunmüddətli həllinə nail olmaq sahəsində
onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və
sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb
etmişdir. Onun mövqeyi və göstərdiyi səylər
Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən
böyük həcmli xarici sərmayələrin cəlb
olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər
milyonlarla azərbaycanlının həyatını
yaxşılaşdırmış və Azərbaycanın
iyirmi birinci əsrə müasir dövlət kimi daxil
olmasına imkan yaratmışdır”.
1991–ci ildə
müstəqillik qazanan Azərbaycanın iqtisadi potensialı
bir sıra dövlətlərdə qibtə hissi doğururdu.
Lakin müstəqilliyin ilk illərində iqtidarda olan antimilli
və naşı qüvvələrin yeritdiyi yarıtmaz siyasət
üzündən respublikanın hər bir vətəndaşının
arzuladığı hüquqi, demokratik və qüdrətli
dövlətin yaradılması, sadəcə xoş bir istək,
bir ideya olaraq qalırdı. 1991–1993–cü illərdə Azərbaycanda
iqtisadi tənəzzülün güclənməsi, siyasi
böhranın dərinləşməsi, cəbhə bölgəsində
hərbi uğursuzluqlar və vətəndaş
qarşıdurması nəticəsində ölkə
parçalanma həddinə çatmışdı,
Qanunçuluq, insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində acınacaqlı vəziyyət
yaranmışdı.
1993–cü
ildə xalq ölkəni bu vəziyyətdən
çıxara biləcək hərtərəfli potensialı
və müdrikliyi yeganə lider — Heydər Əliyevin şəxsində
görürdü. Bu sarsıntı və təlatümlər
təsdiqlədi ki, yalnız polad iradəyə, mükəmməl
idarəçilik keyfiyyətlərinə, geniş siyasi
dünyagörüşə malik xarizmatik lider Azərbaycanın
dövlət müstəqilliyini qorumaq və yaşatmaq kimi
ağır tarixi missiyanın öhdəsindən gələ
bilər. Hakimiyyət böhranının
yaşandığı və ölkədə anarxiyanın
tüğyan etdiyi, ölkənin vətəndaş müharibəsi
astanasında və dövlət müstəqilliyinin itirilməsi
təhlükəsi qarşısında qaldığı bir
zamanda — 1993–cü ilin iyununda xalqın təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər
Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən
qurtardı, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən
hifz edərək dövlətçiliyi möhkəmlətdi,
dirçəliş və inkişafa doğru yönəltdi,
milli varlıq və idrakın, özünüdərkin ali təzahür
forması olan müstəqil dövlət ideyasını
uğurla gerçəkləşdirdi.
Ulu
öndər Heydər Əliyevin 34 illik hakimiyyətinin ikinci mərhələsi
nə qədər təlatümlü, ziddiyyətli,
ictimai–siyasi gərginliklərlə səciyyələnən
dövrə təsadüf etsə də, ona xas uzaqgörənlik
və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası,
doğma Vətəni düçar olduğu bəlalardan xilas
etmək istəyi ölkəmizi sürətlə fəlakətə
aparan təhlükəli proseslərin vaxtında
qarşısını almağa, xalqın müstəqilliyə
və firavan gələcəyə inamını qaytarmağa
müvəffəq olan yeganə qüvvə olmuşdur.
Görkəmli
dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti
nəticəsində Azərbaycan bir dövlət kimi
zamanın sərt sınaqlarından uğurla
çıxıb. Dahi öndərin müəyyənləşdirdiyi
inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən
müdrik siyasi tədbirlər sayəsində bu gün Azərbaycan
dünya dövlətləri birliyində öz layiqli yerini
tutub, mütərəqqi və beynəlxalq standartlara uyğun
islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir
dövlət qurulub. Ölkəmizin iqtisadi müstəqilliyinə
nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi
üçün bütün təsisatlar yaradılıb,
qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat
verən vətəndaş cəmiyyəti
formalaşdırılıb. Atəşkəs əldə
edildikdən sonra xalqımızın ən ağrılı
yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli
istiqamətində ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilib. İşğal
edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın
ərazi bütövlüyünü qoruyub saxlamağa qadir
olan güclü və nizami ordu — Silahlı Qüvvələr
formalaşdırılıb. Ulu öndər Heydər Əliyevin
səyi ilə ordumuzun elmi əsaslarla formalaşması, onun
döyüş qabiliyyətinin yüksəldilməsi,
torpaqlarımızın müdafiə olunması
üçün genişmiqyaslı tədbirlərin həyata
keçirilməsi nəticəsində münaqişənin
istənilən yolla aradan qaldırılması
üçün ilkin şərait yaradılıb.
Azərbaycanın
keçdiyi tarixi yola baxış prizmasından alman filosofu
İmmanuel Kantın “Sürətlə öz siyasi süqutuna
yaxınlaşan xalqın taleyini yalnız dahi şəxs dəyişə
bilər” fikrini ümummilli lider Azərbaycan xalqı
qarşısındakı tarixi xidmətləri ilə bir daha
təsdiqlədi. Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış ölkəmizin iqtisadi inkişaf
konsepsiyasının, neft strategiyasının uğurla həyata
keçirilməsinin məntiqi nəticəsidir ki, bu gün
regionda Azərbaycanın nüfuzlu geostrateji mövqeyi və
beynəlxalq siyasi aləmdə rolu əhəmiyyətli dərəcədə
yüksəlib, ölkəmiz hərtərəfli
inkişafı üçün stimul yaradan,
günü–gündən xalqımızın maddi rifah halı
və həyat səviyyəsini yüksəltməyə imkan
verən, daim inkişaf edən və möhkəmlənən
çox güclü iqtisadi potensiala malik bir dövlətə
çevrilib. Ulu öndərin qanunçuluğa, hüquq
qaydalarına, ədalətə bağlı olması onun zəngin
mənəviyyatından, demokratizmindən rişələnmişdir.
İnsan hüquqlarına dair ilk təkmil nəzəriyyənin
banisi, böyük fransız mütəfəkkiri Monteskyö
“Qanunların ruhu” əsərində haqlı olaraq
yazırdı ki, “ədalətlə idarə olunan dövlətdə
yaxşı vətəndaş olmaq asandır”. Məhz belə
bir harmoniya ədalətli cəmiyyət, hüquqi dövlət
ideyasını arzulardan həqiqətə çevirir:
insanın bir varlıq kimi mövcudluğu, vətəndaş
kimi özünütəsdiqi hüquq və
azadlıqlarını, vəzifə və borcunu, əxlaq məsuliyyətini
dərk etdiyi andan başlayır. Ulu öndər Azərbaycanda
dövlət–vətəndaş münasibətlərinin
hüquq müstəvisində qanunla tənzimləndiyi,
bütün insani dəyər və azadlıqların maksimum
dərəcədə qorunduğu, humanizm ideyalarının
möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin
yaradılması, demokratik ənənələrin ictimai
şüurda möhkəmlənməsi uğrunda misilsiz xidmətlər
göstərmişdir. Bütöv, kamil şəxsiyyət
kimi Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən
biri də məhz onun siyasi fəaliyyətinin bütün mərhələlərində
sosial ədalət, düzgünlük və humanizm prinsiplərinə
riayət etməsi, bu mənəvi–əxlaqi meyarların
ictimai şüurda möhkəmlənməsinə
çalışması olmuşdur. Bu dəyərlərə
sadiqlik, ilk növbədə Heydər Əliyevin yüksək
daxili demokratizmindən, hər kəsə örnək ola biləcək
vətəndaşlıq məsuliyyətindən
qaynaqlanmış, ümummilli lider hər bir fərdin maraq və
qanuni mənafeyinin ödənilməsi, hüquqlarının
qorunmasını dövlətin fundamental vəzifəsi
saymışdır.
Heydər
Əliyev gücün siyasətinə qarşı qanunun
gücünü qoyaraq “haqlı həmişə
güclüdür” prinsipindən çıxış
etmiş, hakimiyyətin daim hər bir vətəndaşın
maraq və mənafeyini uca tutmasına
çalışmışdır. Ulu öndər Heydər Əliyev
1994–cü ilin oktyabr və 1995–ci ilin mart dövlət
çevrilişi cəhdləri günlərində
gücün siyasətinə qarşı siyasətin
gücünü qoyarkən, bütün xalq qısa vaxt ərzində
öz liderinin ətrafında toplaşarkən məhz
“haqlı adam güclüdür” düsturu işləyirdi. Ədalətin
zəfər çalması uğrunda bütün ömrü
boyu çalışan Heydər Əliyev üçün “ədalət”
və “dövlət” məfhumları arasında möhkəm
bağlılıq var. “Dövlət iki şeydən
sarsıla bilər: günahkar cəzasız qalanda və
günahsıza cəza veriləndə” – deyən Heydər Əliyev
dövlətçi olmağın ilkin şərtini məhz ədalətli
olmaqda görürdü. 1993–cü ilin ikinci yarısından
etibarən ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi
altında ölkədə demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğu yolunda atılan addımlar, milli
dövlətçilik ənənələrinə, beynəlxalq
standartlara əsaslanan köklü hüquq islahatları insan
hüquq və azadlıqlarının təminatı sahəsində
əsaslı dönüşə səbəb olmuşdur.
Ümummilli
lider Azərbaycanın perspektiv inkişaf prioritetlərini
düzgün müəyyənləşdirərək sivil Qərb
dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə,
demokratik normaların daha möhkəm intişar tapmasına,
insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı təminatına hər zaman
xüsusi diqqət göstərmişdir. Məhz ulu öndər
Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti
nəticəsində 1993–cü ilin ikinci yarısından
başlayaraq Azərbaycanda cinayətkarlıq və hüquq
pozuntularına qarşı ciddi mübarizə başlanıb.
Bütün hüquq–mühafizə orqanlarının fəaliyyəti
cinayətkar təzahürlərə, ilk növbədə
mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və
terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı səfərbər edilib, “cəzanın
labüdlüyü” prinsipinin real təmin olunması
üçün ən qəti tədbirlər
görülüb. Heydər Əliyevin “Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
haqqında” 9 avqust 1994–cü il tarixli fərmanı ilə cinayətkarlığa
qarşı mübarizə tədbirləri daha da güclü
xarakter alıb, hüquq–mühafizə orqanlarının bu
istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət
proqramı müəyyənləşdirilib. O dövr
üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda
geniş əksini tapmış, onların aradan
qaldırılması üçün Daxili İşlər,
Milli Təhlükəsizlik və Prokurorluq orqanlarının
qarşısına mühüm vəzifələr
qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi
məqsədilə yeni sturukturların yaradılması önə
çəkilmişdir. Cinayətkarlıqla mübarizə sahəsində
ilk təkmil sənəd olan bu fərmanda, həmçinin cəmiyyətdə
sosial bəlaya çevrilmiş rüşvətxorluq və
korrupsiya kimi cinayətlərin geniş yayılmasının
xüsusi narahatlıq doğurduğu vurğulanmış, bu
kimi neqativ təzahürlərə qarşı mübarizənin
gücləndirilməsi üçün konkret mexanizmlər
öz əksini tapmışdır.
Bu fərman
ölkədə ictimai sabitliyin yaranmasında,
qanunçuluğun təminatında və ədalətin
öz yerini almasında mühüm amil oldu. Ölkədə
qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa
qarşı səmərəli mübarizə sahəsində
prokurorluq orqanlarının fəaliyyətində əsaslı
dönüş yarandı. Prokurorluq orqanları dövlətçiliyin
qorunmasında, insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiə olunmasında tədricən
dövlətin əsas dayaqlarından birinə çevrildi.
Bütün
bunlar Azərbaycanda ardıcıl və sistemli surətdə
hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin
formalaşdırılması prosesinə başlamaq imkanı
vermişdir. Məhz ulu öndər Heydər Əliyevin gərgin
əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi
dövlət quruculuğu yolu ilə irəliləyən
müstəqil respublikamızda vətəndaş cəmiyyətinin
formalaşması, insanların azad, sərbəst
yaşaması, qanunun aliliyinin təmin edilməsi
üçün ən yüksək tələblərə
cavab verən normativ–hüquqi baza yaradılmışdır.
Ulu
öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin,
misli görünməmiş qətiyyətliliyinin,
prinsipiallığının və siyasi iradəsinin məntiqi
nəticəsi olaraq 1994–cü ildə “Əsrin müqaviləsi”nin
əfsanədən reallığa çevrilməsi ölkə
iqtisadiyyatının bütün strateji əhəmiyyətli
sahələrinin inkişafına güclü təkan verib. Azərbaycanda
hüquqi islahatların daha sürətlə
aparılmasına da geniş imkanlar açıb.
Ulu
öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən
biri də müstəqil respublikamızın ilk
Konstitusiyasının yüksək demokratik meyarlar əsasında
hazırlanması və ümumxalq səsverməsi yolu ilə
qəbul edilməsi olmuşdur. 1995–ci ilin 12 noyabrında
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş
müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin
gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə
bərabər, insan hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi önə çəkmişdir.
Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq
əksini tapmış, zamanın tələbi ilə səsləşən
məhkəmə–hüquq islahatlarının həyata
keçirilməsinə fundamental hüquqi zəmin
yaradılmışdır. Əsas Qanunda təsbit olunmuş
bir sıra mühüm müddəalar məhkəmə
hakimiyyətinin müstəqilliyinə ciddi təminat
yaratmış, bu prinsip önə çəkilməklə
sonrakı mərhələdə yeni qanunvericilik aktları qəbul
olunmuşdur. Konstitusiyada əksini tapmış strateji məqsədlər,
ilk növbədə, hüquq islahatları və insan
haqlarının qorunması prinsipinin real həyatda tətbiqini
zərurətə çevirmişdir. Əsas Qanunda irqindən,
cinsindən, milliyyətindən, dinindən, dilindən, mənşəyindən,
əqidəsindən, siyasi və sosial mənsubiyyətindən
asılı olmayaraq, hər bir insanın hüquq və
azadlıqlarının müdafiəsi qanunvericilik, icra və
məhkəmə orqanları qarşısında ümdə
vəzifə kimi qoyulmuşdur.
1996–1997–ci
illərdə Azərbaycan insan hüquq və
azadlıqlarının, demokratik təsisatının təminatı
ilə bağlı bir sıra beynəlxalq konvensiyalara,
sazişlərə qoşulmuşdur.
Azərbaycan
Respublikasının insan hüquqlarının qorunması sahəsində
əldə etdiyi ən mühüm nailiyyətlərdən
biri də BMT və Azərbaycan hökuməti arasında
1998–ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və
demokratiyanın dəstəklənməsi sahəsində birgə
layihə haqqında” memorandum olmuşdur. Bu memoranduma əsasən
BMT insan hüquqlarını dəstəkləmək və
müdafiə etmək sahəsində ümumi biliklərin və
potensialın Avropa standartlarına uyğunlaşdırılması,
prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi,
mülki cəmiyyətin inkişafı və digər məsələlər
sahəsində Azərbaycan Respublikası hökuməti ilə
birgə tədbirlər həyata keçirmişdir. 1998–ci
ilin 22 fevralında ümummilli liderimiz Heydər Əliyev “İnsan
və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında” fərman imzalamış, insan hüquqları sahəsində
həyata keçirilən tədbirlərin istiqaməti və
konsepsiyası səhih şəkildə müəyyən
edilmişdir. İnsan hüquqları sahəsində proqram
rolunu oynayan bu sənədlə insan hüquqları məsələsi
başlıca ümumdövlət vəzifələri səviyyəsinə
qaldırılmışdır.
1998–ci il
18 iyul tarixdə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı
ilə “İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Dövlət
Proqramına əsasən, Azərbaycanın qoşulduğu
konvensiyalara və qəbul etdiyi qanunvericilik aktlarına, eyni
zamanda Konstitusiyanın müddəalarından irəli gələn
tələblərə müvafiq olaraq insan
hüquqlarının müdafiəsi sahəsində
görülən işlərin səmərəliliyi daha da
artırılmışdır.
Müstəqillik
əldə edildikdən sonra insan hüquq və
azadlıqlarının qorunması məqsədilə həyata
keçirilən hüquqi islahatlar içərisində ən
mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində
həyata keçirilən tədbirlər planı olmuşdur.
1993–cü ildə Heydər Əliyevin ilk qərarlarından
biri məhz ölüm cəzasının tətbiqi üzərində
moratorium qoyulması oldu. Demokratik–hüquqi dövlət
quruculuğu yolunu tutmuş Azərbaycan xalqı müstəqillik
əldə etdikdən sonra bir çox çətinliklərlə
qarşılaşmışdı. O dövrdə ölkəmizdə
hökm sürən hərc–mərclik,
özbaşınalıq, qanunsuz silahlı birləşmələrin
mövcudluğu, cinayətkarlığın tüğyan etməsi,
insanların dinc və təhlükəsiz
yaşamasını qəsdə məruz qoymuşdu. Ulu
öndərimizin həyata keçirdiyi siyasət nəticəsində
dövlətçiliyimiz möhkəmləndirildi,
ictimai–siyasi sabitlik bərqərar edildi, qanunsuzluğa,
zorakılığa, cəzasızlıq əhval–ruhiyyəsinə
son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz
yaşamaq hüququ əldə etdilər. Bütün bunlar
demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və
azadlıqlarının müdafiəsinə təminat verdi.
Çoxəsrlik
dövlətçilik ənənələrimizə, milli və
ümumbəşəri dəyərlərə söykənərək
yaradılan Konstitusiyamız hüquqi–demokratik dövlət və
vətəndaş cəmiyyəti quruculuğunun təməlini
qoydu. 1993–cü ilin iyun ayından ölkəmizdə
ölüm cəzasının icrasına moratorium qoyulmuş,
daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmışdır.
1998–ci il feralın 10–da Şərqdə ilk dəfə olaraq
ölkəmizdə ölüm cəzası ləğv
edilmişdir. Fəlsəfi, hüquqi düşüncələrə,
dərin elmi təhlilə, dünya təcrübəsinə və
reallığa əsaslanan bu tarixi addım hümanizm, insanpərvərlik,
ədalət, şəxsiyyətə və insan
hüquqlarına hörmət kimi yüksək amallarla
yaşayan ulu öndərin gələcək nəsillərə
misilsiz töhfəsi oldu. Dövlət
başçısının 3 fevral 1998–ci il tarixli müraciətində
deyilirdi: “Mən cinayət–hüquq siyasətini hərtərəfli
təhlil edərək ədalət, azadlıq, humanizm və
insanpərvərlik kimi yüksək ideyalara sadiq qalaraq ölkəmizdə
ölüm cəzasının ləğv edilməsi qənaətinə
gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının
ləğvi Azərbaycanın hüquqi–demokratik dövlət
quruculuğu yolunda olmasını bir daha sübut etdi.
Ümummilli
lider Heydər Əliyevi böyük şəxsiyyət və
insan kimi xarakterizə edən ən mühüm keyfiyyətlərdən
biri də onun yeritdiyi siyasətin yüksək humanizm və
insanpərvərlik prinsiplərinə əsaslanmasıdır.
Böyük qəlb və zəngin mənəviyyat sahibi kimi
Heydər Əliyev günahkarları cəzalandırmağı
da, xeyirxahlıq, humanizm, müdriklik göstərərək
bağışlamağı, islah etməyi də
bacarırdı. Azərbaycan Prezidenti yanında Əfv
Komissiyasının yaradılması və Əfvetmə
İnstitutunun bərpası da qeyd olunanaların bariz nümunəsi
kimi xüsusi vurğulanmalıdır. 1995–2003–cü illər ərzində
ulu öndər tərəfindən 32 əfv fərmanı
imzalanmış, bu fərmanlar 3091 məhkuma şamil
edilmişdir. Ulu öndərin qanunvericilik təşəbbüsü
əsasında Milli Məclis 1996–2001–ci illərdə amnistiya
haqqında 8 qanun imzalamış, 31584 məhkum azadlığa
buraxılmış və yaxud onların cəzasının
çəkilməmiş hissəsi yarıyadək
azaldılmışdır. Bu addımlar ciddi tərbiyəvi əhəmiyyət
daşımaqla, cinayət törətmiş şəxslərin
islah edilməsinə və ölkədə cinayətkarlığın
azalmasına səbəb olmuşdur.
Yüksək
hümanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə
çevrilən bu addım Azərbaycanın beynəlxalq
nüfuzunu yüksəldib. 2001–ci il yanvarın 25–də
müstəqil respublikamız Avropa Şurası kimi mötəbər
beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilib.
Bu qurumla səmərəli əməkdaşlıq nəticə
etibarilə milli qanunvericiliyimizin Avropa standartlarına
uyğunlaşdırılmasına və mütərəqqi məhkəmə–hüquq
islahatlarının aparılmasına əlverişli şərait
yaradıb.
Ümummilli
liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə–hüquq
sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və
vətəndaş hüquq və azadlıqlarının
maksimum dərəcədə müdafiəsi üçün
çevik mexanizmlərin yaradılması və habelə
qanunların aliliyinin təmin olunması həyata keçirilən
mütərəqqi islahatların mühüm istiqamətini təşkil
etmişdir.
Müstəqilliyin
möhkəmləndirilməsi, beynəlxalq nüfuzun
artması dövlət quruculuğunun bütün sahələrində,
o cümlədən hüquq və idarəçilik sahəsində
müvafiq islahatların keçirilməsini tələb
edirdi. Çünki SSRİ–dən miras qalmış totalitar
rejimə xarakterik olan hüquq sistemi və qanunlar demokratik cəmiyyətə
xas prinsipləri təsbit, təmin və müdafiə etməyi
qeyri–mümkün, müstəqilliyimizin möhkəmləndirilməsində
sivil metodlardan istifadəni istisna edirdi.
Ümummilli
liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
islahatların hüquqi bazasının yaradılması, insan
hüquq və azadlıqlarının qorunması sahəsində
mühüm sənədlər qəbul edilmiş,
respublikamız müxtəlif beynəlxalq konvensiya və
sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə
hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin
edilməsi məqsədi ilə müəyyən tədbirlər
həyata keçirmişdir. Bu tədbirlər sırasında
Heydər Əliyevin 21 fevral 1996–cı il tarixli sərəncamı
ilə yaradılmış Hüquq İslahatları
Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu
komissiya xalqımızın dövlətçilik tarixində
yaratdığı ənənələri qorumaqla inkişaf
etmiş dövlətlərin hüquq islahatları ilə
bağlı təcrübəsindən də bəhrələnmişdir.
Komissiyanın 4 may 1996–cı ildə keçirilmiş
iclasında ümummilli lider Heydər Əliyev demişdir:
“Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasının həyata keçirilməsi prosesi hər
birimizin əsas vəzifələrindən biridir. Bu
baxımdan məhkəmə, hüquq–mühafizə
orqanlarının islahatı ilə əlaqədar qanunların
hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət
kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında
qanunların qəbul olunması kimi çox böyük vəzifələr
var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi
mən vaxt deyə bilmərəm, – bir il, iki il, – hər halda
müəyyən bir zaman ərzində nail olmalıyıq ki,
bütün sahələr üzrə müstəqil Azərbaycan
dövlətinin qanunları olsun”. Heydər Əliyevin
Hüquq İslahatları Komissiyasındakı bu nitqi
respublikamızda qanun yaradıcılığı sahəsində
həyata keçirilən böyük işlərin proqram sənədi
kimi mühüm əhəmiyyətə malikdir.
Hüquqi
islahatların davamı olaraq ölkəmizdə digər
çoxsaylı müvafiq qanunların, habelə yeni
münasibətlərə uyğun Cinayət, Cinayət–Prosessual,
Mülki, Mülki–Prosessual, Əmək, İnzibati Xətalar,
Cəzaların İcrası və digər məcəllələrin
qəbulu respublikamızda bu sahədə atılan
addımların qətiyyətini daha da artırdı.
Azərbaycan
Respublikası Prokurorluğunun dövlətçiliyin
maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş
hüquqlarının müdafiəsinə xidmət edən
sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin
hərtərəfli təminatı üçün qanunverici,
maddi və sosial bazanın yaradılması ölkəmizdə
həyata keçirilən möhtəşəm
islahatların, o cümlədən məhkəmə–hüquq
islahatlarının memarı — ümummilli lider Heydər Əliyevin
böyük qayğı və dəstəyi sayəsində
mümkün olmuşdur. Məhz ulu öndərin rəhbərliyi
altında 1993–cü ildən etibarən hərtərəfli
islahatların həyata keçirildiyi bir şəraitdə
prokurorluğun bu proseslərdən kənarda qalması,
yığılıb qalmış problemlərin həlli
istiqamətində səmərəli tədbirlərin
görülməməsi məsələyə dövlət
başçısı səviyyəsində müdaxilə
edilməsi zərurətini yaratmışdı. Müstəqil
respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin
dövlət quruluşu sistemində prokurorluğun layiqli
yerinin müəyyənləşdirilməsi, məhkəmə
hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının
statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət
dairəsi və vəzifələrinin qanunvericilik
qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə
tapşırıq və göstərişlərinin yerinə
yetirilməsi nəticəsində mümkün olmuşdur.
Ulu
öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü
əsasında 7 dekabr 1999–cu il tarixdə “Prokurorluq haqqında”
qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin
uğurla həyata keçirilməsinə imkan
yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini,
onların qanunçuluğun və insan hüquqlarının
aliliyinin real təminatçısına çevrilməsini təmin
etmişdir.
Sonrakı
mərhələdə də Prokurorluq orqanları ulu öndərimiz
Heydər Əliyevin daim diqqət mərkəzində
olmuşdur. Prokurorluğun fəaliyyətinin hüquqi əsasını
təşkil edən normativ aktlar, o cümlədən
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,
“Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq
işçilərinin xidməti vəsiqəsi haqqında”
qanunlar ulu öndərin təşəbbüsü ilə qəbul
olunmuş, “Prokurorluğa işə qəbul olunmaq
üçün namizədlərlə müsabiqənin
keçirilməsi qaydaları haqqında” Əsasnamə onun sərəncamı
ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası
prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı
haqqında” 2002–ci il 8 oktyabr tarixli sərəncam ümummilli
liderimizin prokurorluğa və prokurorluq işçilərinə
göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür.
2002–ci ilin 24 avqustunda ulu öndərimizin təşəbbüsü
əsasında Konstitusiyaya edilən mütərəqqi dəyişikliklərlə
eyni zamanda prokurorluğa qanunvericilik təşəbbüsü
hüququ verilmişdir ki, bu da səlahiyyətlərin
artırılması və yüksək etimad
baxımından, prokurorluq orqanları üçün
çox önəmlidir.
Dövlət
müstəqilliyimizin qorunub saxlanılmasında və daha da
möhkəmləndirilməsində digər dövlət
orqanları ilə yanaşı, prokurorluğun da xüsusi
rolu olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkəni
əsası 1992–ci ildə və daha əvvəllər
qoyulmuş ağır vəziyyətdən çıxarmaq, vətəndaş
müharibəsinin qarşısını almaq, qanunsuz
silahlı dəstələri aşkarlayaraq ləğv etmək,
təhlükəli cinayətlər törədənləri
yaxalamaq və bu kimi digər mühüm vəzifələrin
yerinə yetirilməsində digər hüquq–mühafizə
orqanları kimi, prokurorluğa da arxalanmış, ona
inanmışdır.
Görkəmli
dövlət xadimi Heydər Əliyevin 17 iyul 1998–ci il tarixli sərəncamı
ilə hər il oktyabr ayının 1–nin Prokurorluq
İşçilərinin Peşə Bayramı kimi qeyd edilməsi
isə tarixi ədalətin bərpa olunması ilə
yanaşı, hakimiyyət orqanları sırasında
xüsusi yeri olan prokurorluğa dövlət
qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun
roluna rəsmi münasibətin dövlət səviyyəsində
təzahürüdür. Azərbaycan dövlətinin banisi,
ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü
və rəhbərliyi altında Azərbaycan Respublikasında
Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi
təntənəli şəkildə qeyd edilmişdir.
Prokurorluq orqanlarının yaradılmasının 80 illik
yubileyinə həsr olunmuş təntənəli
yığıncaqdakı nitqində ulu öndərimiz
demişdir: “Prokurorluq peşəsi ağır, çətin
peşədir. Amma eyni zamanda çox şərəfli,
hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə
bu peşəni şərəflə
daşıyasınız. Arzu edərdim,
çalışasınız ki, Azərbaycan vətəndaşı
kimi eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli
olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə
dövlət qayğısı bu gün də, gələcəkdə
də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan
Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram,
güvənirəm və arxalanıram”.
Ulu
öndər Heydər Əliyevin prokurorluğun fəaliyyətinə
yüksək qiymət verməsi, ölkəmizin müstəqilliyinə,
dövlətçiliyinə sədaqətinə görə təşəkkür
etməsi hər birimizin üzərinə daha böyük məsuliyyət
qoymuşdur. Bu gün prokurorluq işçiləri üzərlərinə
düşən məsuliyyəti, onlara olan yüksək
etimadı dövlətçilik ideyalarına sədaqətlə,
xidməti vəzifələrinin icrasına daim vicdanlı
münasibət bəsləməklə doğrultmağa səy
göstərirlər. Prokurorluq orqanlarında aparılan
islahatlar, fəaliyyətimizlə bağlı qəbul
edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi
daha fəal və səmərəli çalışmağa,
qanunların aliliyinin təmin edilməsi uğrunda daha
barışmaz və prinsipial mübarizə aparmağa
ruhlandırır.
Azərbaycan
Respublikası Hərbi Prokurorluğunun kollektivi də öz fəaliyyətində
daim ulu öndərimizin hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu ilə bağlı ali
ideyalarını rəhbər tutmaqla, qanunvericiliklə müəyyən
edilmiş səlahiyyətlərini lazımi səviyyədə
həyata keçirməyə, Silahlı Qüvvələrdə
və qanunvericiliyə uyğun olaraq yaradılmış
başqa silahlı birləşmələrdə
qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə
çalışır. Silahlı Qüvvələrdə hərbi
intizamın yüksək səviyyədə olması
döyüş hazırlığının ən
mühüm şərtlərindən biridir. Orduda
özbaşınalıq, hərc–mərclik deyil, ciddi və
polad kimi əyilməz hərbi intizam hökmranlıq etməlidir.
Hərbi Prokurorluq orqanlarının mühüm vəzifələrindən
biri də Azərbaycan Ordusunda hərbi anda, hərbi nizamnamə
qaydalarına ciddi əməl edilməsinə tam nail olmaq, hərbi
cinayətlərə qarşı mübarizəni daha da
gücləndirmək, habelə cinayətkarlığa
qarşı preventiv tədbirlər həyata keçirmək,
əsgər və zabit heyətinin hüquq və azadlıqlarının
etibarlı müdafiəsini təmin etməkdir. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş ordu quruculuğu sahəsində həyata
keçirilən kompleks tədbirlərin nəticəsi olaraq
son illərdə ölkədə hərbi cinayətlərin –
fərariliyin, hərbi xidmətdən yayınma
hallarının və hərbi xidmət əleyhinə olan digər
cinayətlərin sayı ildən–ilə kəskin şəkildə
azalır.
Heydər
Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini
özündə ehtiva etməklə məhdudlaşmır, həm
də Azərbaycandakı bugünün inkişaf proseslərini
istiqamətləndirən, bu proseslərə təkan verən
mühüm siyasi–ideoloji amil kimi çıxış edir.
Tarixi təcrübə sübut edir ki, cahanşümul fəaliyyət
nəticəsində zamanın mənzərəsini dəyişməyə
qabil olmuş böyük dövlət adamlarının xalq,
dövlət mənafeyi naminə gördükləri işlərin
onların cismani yoxluğundan sonrakı dövrdə də
davam etdirilməsi üçün zəruri əsaslar
formalaşdırmaları o şəxsiyyətlərin xalqa,
dövlətə göstərdikləri bütün xidmətlər
qədər önəmlidir.
Rifahı
üçün bütün həyatını sərf etdiyi
doğma Azərbaycan xalqı ölkənin gələcək
taleyi ilə bağlı həmişə olduğu kimi, yenə
də məhz Heydər Əliyev sözünün
intizarında idi. Belə bir məqamda ulu öndərin
ideyalarını onun cismani yoxluğundan sonra da davam etdirməyə
qadir siyasi lideri – cənab İlham Əliyevi böyük əminliklə
xalqa təqdim etməsi insanların Azərbaycanın gələcək
taleyi ilə bağlı tərəddüdlərinə son
qoydu. Ümummilli liderin xalqa tarixi müraciətində
möhtərəm Prezidentimiz İlham Əliyev haqqında irəli
sürdüyü “Mən ona özüm qədər
inanıram” əminliyi və xalqın bu əminliyə
söykənən yüksək etimadı böyük yüksəliş
və yeni bir inkişaf mərhələsinə yol
açdı.
Ulu
öndərin müəyyən etdiyi inkişaf
konsepsiyasını yüksək dinamizmlə həyata
keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin
yürütdüyü məqsədyönlü siyasətin
uğurları sayəsində bu gün Azərbaycanın
davamlı tərəqqisi təmin olunmuş, ölkəmizin hərtərəfli
inkişafına yönələn bir sıra qətiyyətli
addımlar atılmışdır. Azərbaycan
dünyanın iqtisadi müstəvisində istehlakçı
ölkə statusunu istehsalçı ölkə statusuna dəyişmiş,
sosial–iqtisadi inkişaf tempinə görə dünyanın ən
öncül dövlətlərindən birinə
çevrilmişdir. Möhtərəm Prezidentimizin
imzaladığı mühüm dövlət
proqramlarının icrası nəticəsində Azərbaycanda
bir sıra sosial–iqtisadi problemlər öz həllini
tapmış və keçid dövrü uğurla başa
çatdırılmışdır.
Cənab
İlham Əliyevin qətiyyətli addımları sayəsində
Azərbaycan bu gün bütün bəşəriyyəti
narahat edən enerji təhlükəsizliyi problemini nəinki
tamamilə aradan qaldırmış, eyni zamanda
özünün zəngin enerji ehtiyatları ilə
Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına
çevrilmişdir. Bütün dünya üçün
xüsusi aktuallıq kəsb edən ərzaq təhlükəsizliyi
probleminin həlli yönündə də əhəmiyyətli
işlər görülmüş, mühüm dövlət
proqramlarının icrasına başlanmışdır. Enerji
və ərzaq təhlükəsizliyi ilə yanaşı, bu
gün ölkəmiz üçün vacib olan nəqliyyat təhlükəsizliyinin
təmin edilməsi sahəsində də əsaslı tədbirlər
həyata keçirilməkdədir.
Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın
xarici siyasətində qazanılan uğurların
sırası Prezident İlham Əliyev tərəfindən
daha da genişləndirilmiş, geopolitik baxımdan olduqca həssas
bölgədə yerləşən ölkəmiz öz mənafelərini
balanslaşdırılmış xarici siyasət kursu nəticəsində
qoruyaraq regionun ən vacib ölkəsinə
çevrilmişdir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəməri,
Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi layihələrin
gerçəkliyə çevrilməsi, nəinki Cənubi
Qafqaz regionunun, ümumilikdə Avropanın gələcək
taleyinin xeyli dərəcədə asılı olduğu
irimiqyaslı qlobal layihələrdə Azərbaycanın əsas
tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil
dövlətimizin mövqelərinin daha da gücləndirilməsini,
onun xarici investisiyalar üçün açıq və cəlbedici
ölkə, etibarlı tərəfdaş imicinin
formalaşmasını təmin etmişdir. Azərbaycanın
getdikcə artan beynəlxalq nüfuzu ən ağrılı
problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində aparılan danışıqlarda da
özünü qabarıq şəkildə hiss etdirməkdədir.
Bu gün
ölkəmizdə ən müxtəlif sahələr üzrə
davam edən inkişaf prosesləri məntiqi
ardıcıllıqla bir–birini tamamlayır. Azərbaycanda
güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin
formalaşması, əldə edilən iqtisadi mənfəətlərin
bu gün qloballaşan dünyanın ən qiymətli sərvəti
rolunda çıxış edən insan kapitalına
çevrilməsi üçün məqsədyönlü
addımlar atılır, informasiya texnologiyalarının son
nailiyyətləri daha böyük sürətlə Azərbaycan
həyatının ayrılmaz bir hissəsinə çevrilir.
Üç aya yaxındır ki, ölkəmiz öz kosmik
peyki olan “Azərspace–1″i orbitə çıxarıb.
Bütün
bunlarala yanaşı, ölkədə aparılan demokratik
islahatlar getdikcə daha geniş vüsət alır, insan
hüquq və azadlıqlarının təminatı sistemi
daha da mükəmməlləşdirilir, Azərbaycanda tolerant
bir mühitin mövcudluğuna şərait yaradan əsaslar
möhkəmləndirilir. Respublikamızda vətəndaş cəmiyyəti
formalaşdırılır. Hər bir vətəndaş
onunla dövlət arasındakı münasibətlərdə
müəyyən edilmiş rol və vəzifələri, mənsub
olduğu dövlətin bugününə və gələcəyinə
görə daşıdığı məsuliyyəti daha
aydın görür, hər addımında buna riayət etməyə
çalışır.
Son illərdə
prokurorluğun yeni dövrə uyğun fəaliyyətini
nizama salan, çoxsaylı normativ–hüquqi aktlar
hazırlanaraq icraya yönəldilibdir. Əməkdaşlarımızın
maddi və sosial təminatının
yaxşılaşdırılması, müasir üslubda
prokurorluq binalarının tikilməsi, digər prokurorluq
binalarının əsaslı təmir edilməsi, əməkdaşlar
üçün lazımı iş şəraitinin daha da
yaxşılaşdırılması xüsusi qeyd edilməlidir.
Fərəhlə demək olar ki, “Azərbaycan Respublikası
Prokurorluğunun fəaliyyətinin müasirləşməsinə
dair 2009–2011–cı illər üçün Dövlət
Proqramı”nın həyata keçirilməsi nəticəsində
prokurorluqda, eləcə də hərbi prokurorluq sistemində
işin təşkili ən müasir standartlar səviyyəsinə
çatdırılmışdır.
Azərbaycan
dövlətinin fəaliyyətində ölkədə
sosial–iqtisadi inkişafın cari, orta və uzunmüddətli
dövrləri arasında üzvi bağlılıq və
qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də
cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini
sürətləndirməklə, inkişafın keyfiyyətcə
yeni modelini formalaşdırmaq mərkəzi yer tutur. Bununla əlaqədar
olaraq ölkə həyatının bütün sahələrində
inkişafın əsas strateji hədəflərini
özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasında məhkəmə
və hüquq–mühafizə fəaliyyətinin təkmilləşdirilməsi
əsas hədəflərdən biri kimi müəyyən
edilib. Konsepsiyanın məqsədlərinə uyğun olaraq
qanunvericilik təkmilləşdiriləcək,
hüquq–mühafizə orqanlarının fəaliyyətinin
müasir tələblərə uyğun qurulması,
onların fəaliyyətində şəffaflıq və
açıqlıq prinsiplərinin rəhbər tutulması təmin
ediləcək, məhkəmə infrastrukturu daha da müasirləşdiriləcək,
elektron xidmətlər tətbiq ediləcək və vətəndaşların
ədalət mühakiməsinə çıxış
imkanları artırılacaqdır.
Bu
günlərdə xalqımız müasir Azərbaycan
dövlətçiliyinin banisi, ulu öndər,
dünyanın seçilmiş insanlarından biri – unudulmaz
şəxsiyyət Heydər Əliyevin 90 illiyini qeyd edir. 21
yanvar 2013–cü ildə möhtərəm Prezident İlham Əliyev
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyi haqqında” sərəncam
imzalamışdır. Belə bir sərəncamın
imzalanması ulu öndərin Azərbaycan dövlətçiliyi
qarşısındakı xidmətlərinə xalq və
dövlət başçısı səviyyəsində
verilən layiqli qiymətdir. Heydər Əliyevin cismən
yoxluğu, ideallarından pöhrələnən
uğurları özünün həyatda ikən görə
bilməməsi qəlbimizi nə qədər göynətsə
də, biz bu nailiyyətlərin hər birində ulu öndərin
nurlu simasını görürük, onun
varlığını hiss edirik və bu hiss Heydər Əliyevin
Azərbaycanın bugünündən şad ruhunu
bütün qəlbi ilə duyan hər bir insanın
daşımalı olduğu əbədi bir vəzifəni –
Heydər Əliyev ideyalarına sadiqlik vəzifəsini müəyyənləşdirir.
Bu ideyaları layiqincə həyata keçirən möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
qazandığı nailiyyətlərə töhfə vermək
üçün Azərbaycan Respublikası Hərbi
Prokurorluğu bundan sonra da ordumuzun qüdrətlənməsi
naminə qanunvericilikdə nəzərdə tutulmuş
silahlı birləşmələrdə qanunçuluğun
möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini
daim artıracaq, insan hüquq və azadlıqlarının
pozulmasına, cinayətkarlığa qarşı
barışmaz mübariz olmağa, insan amili ilə
bağlı hər bir məsələdə həssaslıq
göstərməyə çalışacaq, dövlətimizin
əbədi yaşaması, səadəti, rifahı naminə
üzərinə götürdüyü ali missiyanı Heydər
Əliyev ideallarına layiq şəkildə davam etdirəcək,
dövlətçiliyimizin daha da möhkəmləndirilməsi,
vətəndaş cəmiyyəti quruculuğu prosesində
qanunla üzərinə düşən bütün vəzifələrin
icrası istiqamətində səmərəli fəaliyyət
göstərəcəkdir.
Xanlar VƏLİYEV,
Azərbaycan Respublikası
Baş prokurorunun müavini,
Azərbaycan Respublikasının
hərbi prokuroru,
ədliyyə general-leytenantı
Respublika.- 2013.- 7 may.- S. 6; 8.