Ulu öndərin
arzuları gerçəkləşdirilir
Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri–adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. 1969–cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində sosial–iqtisadi böhran keçirən Azərbaycanı 1969–1982–ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdır. Tarixçilər və tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.
1993–cü ilin yayında, müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük qayıdış idi və ulu öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun əvəzsiz xidmətlərini heç zaman unutmayacaqdır.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri tərk edən insanların gələcəkdə öz ata–baba torpaqlarına qayıtmaları üçün normal şəraitin yaradılması, dağıdılmış qəsəbə və kəndlərin, həyati əhəmiyyətli infrastrukturların bərpası kimi vacib məsələlər ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuş və bu məsələlərlə əlaqədar xüsusi göstərişlər vermişdir. Ulu öndər bu zərurəti nəzərə alaraq Azərbaycan Respublikasınin Prezidenti olduğu dövrdə işğaldan azad olmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etmək məqsədilə Dövlət Komissiyasının yaradılması haqqinda 12 iyul 1996–cı il tarixli, 471 nömrəli fərman imzalayır. 10 sentyabr 1996–ci ildə Dövlət Komissiyasının “hüquqi şəxs” statusuna malik icra orqanı kimi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır.
Yarandığı gündən Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik respublika büdcəsi və beynəlxalq təşkilatlar tərəfindən ayrılan vəsaitlər hesabına maliyyələşdirilən çoxlu sayda bərpa və yenidənqurma proqramları həyata keçirmişdir.
Agentlik tərəfindən münaqişədən zərər çəkmiş, dağıdılmış qəsəbə və kəndlərin, həyati əhəmiyyətli infrastrukturların bərpası və yenidənqurulmasınin strateji prinsiplərini özündə əks etdirən “Bərpa Proqramı” hazırlanmış və 1998–ci ilin mart ayında onun prezentasiyası keçirilmişdir.
1996–cı ildən başlayaraq bu günə qədər müxtəlif maliyyə mənbələrinin, o cümlədən BMT–nin İnkişaf Proqramı, Ümumdünya Bankının və İslam İnkişaf Bankının kreditləri, Avropa Birliyinin Azərbaycana Fövqəladə Yardım və Bərpa proqramları, Dövlət Neft Fondunun, Səudiyyə İnkişaf Fondunun və Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilən çoxsaylı obyektlərin bərpası və yenidənqurulması işləri həyata keçirilmişdir.
Belə ki, 1997–2004–cü illər ərzində Naxçıvan MR–də 4000 kVA gücə malik transformatorun, elektrotexniki və hidromexaniki avadanlıqların təchizatı işləri yerinə yetirilmiş, Sədərək qəsəbəsində su təchizatı və enerji sistemləri, 35 fərdi yaşayış evi yenidən qurulmuş, Yeni–Kərki kəndində su təchizatı sistemi tikilmişdir. Füzuli rayonunda 820 şagird yerlik 3 məktəb binası, 9 tibb müəssisəsi yenidən qurulmuş, mebel və avadanlıqlarla təchiz edilmiş, Böyük Bəhmənli kəndində məktəbin bərpası, rayonda 11 tibb məntəqəsinin avadanlıqlarla təchizatı, Horadiz qəsəbəsində 150 evin mətbəx avadanlığı ilə təchizatı və s. işlər yerinə yetirilmiş, əhaliyə 1772 baş inək və 778 baş öküz paylanmışdır. Ağdam rayonunda 110 kV–luq “İmişli–Ağcabədi”və 110 kV–luq “Naftalan–Ağdam”Yüksək Gərginlikli Elektrik Hava Xətləri, 110 kV–luq “Xındırıstan” güc yarımstansiyası, 75 subartezian su quyusu bərpa edilmiş, 5 tibb müəssisəsi və İmanqulubəyli, Quzanlı, Üçoğlan və Paşabəyli kəndlərində məktəb binaları yenidən qurulmuşdur. Tərtər rayonunda 1×110/35/10 kV– luq yarımstansiya, 52 ədəd subartezian su quyusu, Səhləbad kəndində məktəbin gücləndirilməsi, 14 tibb müəssisəsinin avadanlıqlarla təchizatı, Tərtər şəhərində içməli su şəbəkəsinin, 21,5 kilometr uzunluğunda irriqasiya kanallarının yenidən qurulması işləri yerinə yetirilmiş, 15 məktəb binası yenidən qurulmuş, mebel və avadanlıqlarla təchiz edilmişdir. Goranboy rayonunda Çaylı və Gülüstan ərazilərində 35/10 və 110/35/10 kV gücə malik 16,3 mVA güc yarımstansiyaları yenidən qurulmuş, 10 kV–luq Elektrik Hava xətlərinin 60 kilometr hissəsi, 0,4 kV–luq Elektrik Hava Xətlərinin 100 km hissəsi bərpa olunmuşdur. Yenidən qurulmuş subartezian quyuları hidromexaniki avadanlıqlarla, o cümlədən 100 dəst 10/0,4 kV–luq DTY və yeraltı nasosla təchiz edilmiş, 25 çarpayılıq xəstəxana binası və 7 tibb məntəqəsi, rayonun şimal hissəsində 42 ədəd subartezian su quyusu, Borsunlu 3 pilləli nasos stansiyası, 3392 şagird yerlik 5 məktəb binası yenidən qurulmuşdur.
Avropa Birliyinin Azərbaycana Fövqəladə Yardım və Bərpa proqramları çərçivəsində 1998–2005–cü illər ərzində Füzuli rayonunda 21 kəndin su və enerji təchizatı sistemlərinin bərpası, Şükürbəyli, Arayatlı, Mollaməhərrəmli, Babı kəndlərində 740 fərdi evin bərpası, içməli su təchizatı, meliorasiya və irriqasiya sistemlərinin bərpası işləri yerinə yetirilmişdir. “Qazaxlar” nasos stansiyası yenidən qurulmuşdur. Rayonun Horadiz qəsəbəsi tamamilə bərpa olunmuşdur. Ağdam rayonunda 11 məktəb binası bərpa olunmuş, 7 məktəbin qazanxana sistemi təmir edilmiş, 80 (35 ədəd içməli su, 45 ədəd irriqasiya) subartezian su quyusu bərpa edilərək hidromexaniki avadanlıqlarla təchiz edilmişdir. “Xındırıstan” nasos stansiyası yenidən qurulmuşdur. Qeyd olunan işlərdən başqa, Yevlax rayonunda Şorsu kanalı üzərində körpünün və Sumqayıt şəhərində 220/110/10 kv–luq “Sənaye qovşağı” yarımstansiyasının tikintisi, 110 kv–luq elektrik xətlərinin tikintisi, Ceyranbatan su anbarının ekoloji mühafizəsi, Bakı radioaktiv tullantılar mərkəzinin yenidən qurulması və avadanlıqlarla təchizatı, Şəmkir tunelinin başa çatdırılması, Şəmkir maşın kanalının və qurğuların tikintisi, 220/110/10 kv–luq “Müşviq” yarımstansiyasının genişləndirilməsi və 42 km 220 kv–luq EHX–nin tikintisi, Binə təcridxanasında vərəm korpusunun tikintisi, “Həzi Aslanov” metrostansiyasının tikintisi, Vayxır su qovşağının başa çatdırılması, M.F.Axundov adına kitabxananın bərpası, 9 ədəd tibb müəssisəsinin və 9 ədəd əlil uşaq müəssisəsinin bərpası, selə qarşı çayların sahilbərkitmə və su təchizatı işləri və s. işlər həyata keçirilmişdir.
Agentliyin icra etdiyi layihələr içərisində Azərbaycan Respublikasının Neft Fondunun hesabına icra olunmuş layihələr də vardır. Bu layihələr çərçivəsində 2001–2005–ci illərdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqınlar üçün 264 evin tikintisi, Şəmkir rayonunda 126 ailəlik qəsəbənin tikintisi, Ağstafa rayonunda tikinti işləri, Bakı şəhəri və başqa ərazilərdə bərpa işləri və s. işlər icra olunmuşdur.
İslam İnkişaf Bankının “Kənd Rayonlarının İnkişafı” üzrə 41/AZ saylı Krediti çərçivəsində 2000–2004–cü illərdə Naxçıvan MR–da “Sədərək” 3 pilləli nasos stansiyasının bərpası və avadanlıqlarla təchizatı, 7 məktəbin bərpası və avadanlıqlarla təchizatı, Goranboy və Xanlar rayonlarında 39 subartezian quyusunun bərpası və avadanlıqlarla təchizatı, Goranboy rayonunda 9, Xanlar rayonunda 6 məktəbin bərpası, Naftalan şəhəri, Goranboy şəhəri və Aşağı Ağcakənd qəsəbəsinin və Xanlar rayonunun su təchizatı sistemlərinin bərpası və s. işlər yerinə yetirilmişdir.
“Zəlzələdən zərər çəkmiş sosial və texniki infrastruktur obyektlərinin bərpası” layihəsi çərçivəsində isə 2004–2006–cı illərdə Bakı şəhərinin 9 rayonunda zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüş məktəb binaları bərpa edilmiş və bir neçə yeni məktəb binası tikilmişdir. Bu işlərdən başqa, Bakı şəhərinin 6 rayonunda qaz xətlərinin dəyişdirilməsi, Mingəçevir su anbarının sağ dambasının bərkidilməsi, Samur çayı üzərində körpünün tikintisi, Yevlax şəhərinin içməli su sisteminin yaxşılaşdırılması, kreditdən əldə edilmiş qənaət hesabına isə Yevlax və Qusar rayonlarında məktəblər, Bakı şəhərində isə Tibb Universitetinin binası bərpa edilmişdir.
2005–2007–ci illərdə Bakı şəhərində, Nəsimi, Səbail, Binəqədi, Xətai və Suraxanı rayonlarında 1296 şagird yerlik 5 orta məktəbin yenidənqurma və tikinti işləri aparılmışdır.
Azərbaycan Respublikasının büdcə vəsaiti hesabına isə 1997–2010–cu illərdə Füzuli rayonu Horadiz qəsəbəsində evlərin bərpası, İzotop radioaktiv tullantılar mərkəzinin seldən mühafizəsi, Gədəbəy rayonunun Mutudərə kəndində evlərin bərpası, Azərbaycan Tarixi Muzeyinin bərpası, “Hökumət Evi” İnzibati binasının təmiri, “Gülüstan” Sarayının yenidən qurulması, Türkiyə səfırliyinin enerji təchizatı, Milli Arxiv İdarəsinin Bakı şəhəri, Mətbuat prospektində yerləşən binalarının bərpası, Azdövlətmaşlayihə İnstitutu üçün binanın təmiri, Texniki Universitetin əsas binasının işıqlandırılması və fasadının bərpası, Tərtər rayonunda 33 ədəd fərdi yaşayış evinin bərpası, Gəncə və Şəki şəhərlərində arxiv binalarının tikintisi, Strateji Araşdırmalar Mərkəzi binasının yenidən qurulması, Rəssamlıq Akademiyasının əsas binasının bərpası, Ağdaş, Göyçay və Şəki şəhərlərinin munisipal evlərində su və kanalizasiya xətlərinin təmiri, Füzuli rayonunda fərdi yaşayış evlərinin bərpası, Quba rayonunda kütləvi qətl qurbanları məzarlığının Qudyalçay sularından mühafizəsi işləri icra olunmuşdur.
Hazırda Agentlik tərəfindən Göygöl, Goranboy, Ağstafa, Tovuz, Zaqatala və Oğuz şəhərlərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması, Gəncə şəhərinin və Samux rayonu (Nəbiağalı qəsəbəsinin) və digər yaşayış məntəqələrinin içməli su təchizatının Şəmkir çayı üzərində tikilən su anbarından təmin edilməsi üçün magistral su xəttinin tikintisi, cəbhə zonalarında təmas xəttindən 3 km məsafədə yerləşən kəndlərində bərpa və həyat əhəmiyyətli infrastrukturlarin yenidən qurulması işləri həyata keçirilir.
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, resbublikanın regionlarında mövcud olan əmək ehtiyatlarından səmərəli istifadə etmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastukturu yeniləşdirmək və yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi üçün Ərazilərin Bərpası və Yenidən qurulması Agentliyi tərəfindən ardıcıl iş aparılır.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010–cu il 7 aprel tarixli, 25/8–7 saylı tapşırığına əsasən Qazax, Ağstafa, Tovuz, Tərtər, Goranboy, Gədəbəy, Ağdam, Ağcabədi və Füzuli rayonlarının Ermənistan qoşunları ilə təmas xəttindən 3 km məsafədə yerləşən kəndlərinin və həyati əhəmiyyətli infrastrukturlarının bərpası üçün Texniki–İqtisadi Əsaslandırma (TİƏ) layihəsi işlənib hazırlanmış və həmin TİƏ layihəsi əsasında bərpa işlərinə başlanılmışdır. Ağdam, Tərtər, Goranboy və Qazax rayonlarının Ermənistan qoşunları ilə təmas xəttindən 3 km məsafədə yerləşən yaşayış məntəqələrinin bərpası layihəsi çərçivəsində müharibədən zərər çəkmiş fərdi yaşayış evlərinin təmiri və tikintisi üçün 483 ailəyə 3347.4 min manat dəyərində tikinti materiallarının paylanılması işləri həyata keçirilmişdir ki, bu da qeyd olunan kənd sakinlərinin içtimai–faydalı əməklə məşğulluğunun təmin olunması deməkdir. Su təchizatı sistemlərinin bərpası üzrə 1344.0 min manat dəyərində 21 ədəd içməli və suvarma subartezian quyularının qazılıb istifadəyə verilməsi isə 320 ha torpaq sahələrinin suvarılması, 1039 evdən ibarət fərdi təsərrüfatın içməli və suvarma su problemləri həlli və nəhayət 160 nəfərin daimi işlə təmin olunmasıdır.
Ağdam rayonunun Çıraqlı kəndində azyaşlı Fariz Bədəlovun həyətdə oynadığı zaman ermənilər tərəfindən güllələnməsi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qəbiristanliğının və qəbiristanlığa gedən yolun dəfn mərasimləri zamanı vaxtaşırı atəşə tutulması və s. məlum hadisələr bu tip mühafizə divarlarının tikintisi zərurətini yaratmışdır. Bu məqsədlə 836.0 min manat dəyərində, ümumi uzunluğu 2621 m olan müxtəlif ölçülərdə tikilmiş mühafizə divarları öz səmərəsini vermişdir.
“Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisqdi inkişafı Dövlət Proqramı” çərçivəsində Oğuz, Zaqatala, Ağstafa, Tovuz, Göygöl və Goranboy şəhərlərinin su və kanalizasiya sistemlərinin yenidənqurulması və Gəncə şəhərinin və Samux rayonu (Nəbiağalı qəsəbəsinin) və digər yaşayış məntəqələrinin içməli su təchizatının Şəmkir çayı üzərində tikilən su anbarından təmin edilməsi üçün magistral su xəttinin tikintisi işləri də uğurla davam etdirilir.
Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik fəaliyyət göstərdiyi 18 il ərzində respublikamızın inkişafı naminə ulu öndər, ümummilli lider Heydər Əliyevin ölməz ideyalarının davamlı olaraq həyata keçirilməsi yolunda ardıcıl iş aparır və bundan sonra da aparacaqdır.
Əli MƏMMƏDOV,
Ərazilərin
Bərpası və Yenidənqurulması
üzrə
Agentliyin direktoru
Respublika.- 2013.- 7 may.- S. 9.