Milli inkişaf
konsepsiyasının banisi
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda geniş qeyd olunur. Ulu öndər müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji–siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.
Ümummilli lider Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız 34 ilinə sahiblik edir. Fəqət əsrin üçdə birini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmişdir. Bu dövr Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, müasir dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli–mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və milli şüurun inkişafı kimi şanlı mərhələni əhatələyir.
Fərqli ictimai–iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin ciddi cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Bu mənada, ulu öndər Heydər Əliyev də böyük siyasətdə və dövlət idarəçiliyində bütün böyük uğurlara məhz xalqın böyük dəstəyi, etimadı sayəsində nail olmuşdur. Məhz bu keyfiyyəti ilə Heydər Əliyev müstəqillik illərində də liderlik xarakterik xüsusiyyəti ilə cəmiyyətin mənəvi bütövlüyünə nail olmuşdur.
Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Öz qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, heç bir riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun varlığı təkcə cismanilikdən ibarət deyildir. Ulu öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada onun həm də yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun ən çətin və mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Böyük strateqin 1993–cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikanın ən qiymətli mənəvi–ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsi sayılmalıdır.
Həmin dövrdə hakimiyyətdə olan AXC–Müsavat hakimiyyətinin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq–mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc–mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri–sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Respublikada qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı–ayrı siyasətçilərin könüllü döyüşçü adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi müəyyən silahlı qruplaşmalar respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, vətəndaş müharibəsinə, Azərbaycanın ayrı–ayrı bölgələrə parçalanmasına çalışırdılar. Belə bir şəraitdə müstəqil Azərbaycan dövlətinin mövcudluğu bir növ formal xarakter daşıyırdı.
Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmişdir. Çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəl keyfiyyətlərindən məharətlə bəhrələnərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən qurtardı.
Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində bir araya gətirməklə kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər. Heydər Əliyev dühası da gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq “haqlı adam həmişə güclüdür”düsturunu işə salan belə xariqüladə şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir. Liberalizmin fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığını peşəkar strateq kimi daim nəzərə alan Heydər Əliyev dövlətin maraqlarına xələl gətirmədən hər bir vətəndaşın qanuni hüquqlarının yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik sisteminin formalaşmasına çalışmışdır.
1995–ci ildə xalqın azad iradəsi əsasında Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk milli Konstititusiyasının qəbuluna nail olan ümummilli lider sonrakı mərhələdə dövlət–vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin tam bərqərar olması naminə misilsiz xidmət göstərmişdir. İctimai həyatın ən müxtəlif sahələrində haqq–ədalət prinsipinin qorunmasına çalışan, bunu əsl məmurluğun formuluna çevirən Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.
İrs–varislik əlaqəsi tarixən bəşər cəmiyyətinin tərəqqisinə xidmət edən mütərəqqi ideyaların davamlılığına, möhkəmliyinə, habelə ümumi potensialın vahid məqsədlər naminə səfərbər olunmasına imkan yaratmışdır. Siyasətini xalqa xidmət məramı üzərində quran fenomenal liderlər ilk növbədə toplum üçün cəlbedici və real görünən xeyirxah əməllərlə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail ola bilmiş, banisi olduqları dövlətçilik ideyalarının varisliyini uğurla təmin etmişlər.
Müstəqil Azərbaycan dövlətinin banisi – ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir.
Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə qəlbən bağlı yeni lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə–zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və hansısa problem baş qaldıranda Heydər Əliyev bu məsələni necə həll edə bilərdi sualı üzərində düşündüyünü qətiyyən gizlətmir. Özündə dərin mənəvi–psixoloji çalarları ehtiva edən bu məqam Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir.
Praqmatik və realist siyasi baxışlara malik dövlət rəhbəri fəaliyyətinin ilkin mərhələsindən bəyan etmişdir ki, Azərbaycan dövləti qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlanır və mövcud potensialını sırf insan faktorunun prioritetə çevrilməsi yönündə qurur. Prezident İlham Əliyev çıxışlarında daim xüsusi vurğulayır ki, müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin, innovasiya layihələrinin tətbiqindən, habelə kompyuter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir. Bu reallıqları önə çəkən dövlət başçısı elm və təhsilə qayğını, bu sahədə özünü göstərən bir sıra problemlərin həllini ilk gündən hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi–intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Eyni zamanda dövlət büdcəsinin vəsaitlərinin ildən–ilə artması təhsil sahəsində maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış çeşidli problemlərin hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırır. Milli iqtisadiyyatın yüksək dinamizmlə inkişafı elmin müasirləşdirilməsi məqsədinə yönəlmiş dövlət investiyalarının həcmcə artımını təmin edir, bu sahənin dünya standartları səviyyəsinə qalxmasma geniş imkanlar açır. Azərbaycanın dövlət büdcəsində təhsilə ayrılan xərclərin ildən–ilə artırılması da hökumətin bu sahənin kefiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Prezident İlham Əliyev hesab edir ki, təhsilə qoyulan sərmayə Azərbaycan xalqının bugünki və gələcək mənafeyinə xidmət edir.
Dünya təcrübəsinə diqqət yetirdikdə, təhsilin ölkədə nəinki sosial–iqtisadi, sosial–mədəni inkişafa nail olunmasında, həmçinin onun təhlükəsizliyinin, dayanıqlığının təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan yaradıcı fəaliyyət sahəsi olduğunu aydın görmək olar. Prezident İlham Əliyev daim vurğulamışdır ki, respublikamızda qara qızılı insan kapitalına çevirməyin zamanı gəlib çatmışdır. İnsan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq yükü məhz təhsil sisteminin üzərinə düşür. Burada söhbət təkcə ali təhsil sistemindən deyil, təhsilin bütün növlərindən gedir. Təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla ölkənin sosial–iqtisadi inkişafının sürətlənməsinə də hərtərəfli təsir göstərir.
Ölkə rəhbərliyinin təhsil sistemində gerçəkləşdirdiyi islahatlar yeni tədris ilində də şagirdlərin normal təhsilinə yaxşı imkanlar açır. Bu istiqamətdə ən mühüm addımlardan biri məktəb infrastrukturunun müasirləşdirilməsi, müasir tələblərə cavab verən yeni məktəblərin inşasıdır. Dövlət başçısının hələ 11 fevral 2004–cü il tarixdə təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı (2004–2008–ci illər) Dövlət Proqramı”nın icrası nəticəsində Bakıda və regionlarda yeni məktəblərin inşası prosesi genişlənmişdir. Bölgələrin sosial–iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramı”nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə xüsusi yer ayrılmışdır. Ötən 8 ildə 550 min şagird yerlik 2200 yeni məktəb binasının tikilməsi çağdaş təhsil sisteminin ən parlaq uğurlarından birinə çevrilmişdir. Bundan başqa, 708 məktəb müasir avadanlıq, 400 məktəb tədris laboratoriyaları ilə təchiz olunmuşdur. Aparılan işlər nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enmiş, 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Ölkə başçısının tapşırığına əsasən, yaxın illərdə Azərbaycanın bütün orta məktəblərinin birnövbəli və beş günlük tədris sisteminə keçidi təmin olunmalıdır. Bütün bunlarla yanaşı, hazırda respublikanın ucqar kənd məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı müəyyən işlər görülür.
Ötən illərdə qəza vəziyyətində olan, yararsız binalarda yerləşən məktəblərin yeniləri ilə əvəzlənməsi də dövlət başçısının xüsusi diqqət mərkəzində olmuş, bu məqsədlə 10–a yaxın sərəncam imzalanmışdır. 2012–ci ilin yanvar–iyul aylarında təhsil sahəsində tikinti–quruculuq işlərinə 277,5 milyon manat, yaxud əsas kapitala yönəldilmiş vəsaitin 3,9 faizi sərf olunmuşdur. Bu, əvvəlki ilin müvafıq dövrü ilə müqayisədə 2,6 faiz artım deməkdir.
Azərbaycan Prezidentinin 2003–2012–ci illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz göstəricisidir. Dövlət başçısının 2004–cü il 21 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı (2005–2007–ci illər) proqramı ölkədə yeni informasiya texnologiyalarından istifadə olunmaqla, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil–informasiya mühitini yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyır. Bu sənəddən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadə yeni səviyyəyə yüksəlmişdir. Proqramın həyata keçirilməsi nəticəsində tədrisdə internet–məktəblərin yaradılması, məsafədən təhsilin təşkili, yeni informasiya mühitinin formalaşması və informasiya cəmiyyətinə keçid məsələləri tədricən reallaşmışdır.
Hazırda orta ümumtəhsil məktəblərinin V–XI siniflərində hər 20 şagirdə 1 kompyuter düşür. 2008–ci il iyunun 10–da təsdiq edilmiş “2008–2012–ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin 4 sentyabr 2007–ci il tarixli “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Sərəncamı da təhsil işçilərini gənclərə yüksək təhsil verməyə stimullaşdırmışdır. Belə bir sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır. Dövlət başçısının bu əsasda hər il imzaladığı sərəncamlarla müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən 50 məktəbə 10 min manat, 100 ən yaxşı müəllimin hər birinə isə 5 min manat məbləğində birdəfəlik mükafat verilir. Bu cür həvəsləndirici tədbirlər orta məktəblərdə tədrisin keyfiyyətinin nisbətən yüksəlməsinə də müsbət təsirini göstərir.
Uzun əsrlər boyu böyük şəxsiyyət və zamanın qarşılıqlı münasibətlərinə dair siyasi və ictimai baxışlar kifayət qədər rəngarəng və fərqli olması ilə seçilmişdir. Lakin bütün bu müxtəliflikdə daxili bir bağlılıq da həmişə aydın şəkildə özünü büruzə vermişdir. Yəni insanlığın tarixi şəxsiyyəti zamansız, zamanı isə şəxsiyyətsiz qavramasının mümkünsüzlüyü öz təsdiqini tapmışdır. Bu məntiqdən yanaşdıqda etiraf etməliyik ki, Azərbaycanın müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bu siyasi kursu inamla davam etdirən dövlət başçısı İlham Əliyev də Heydər Əliyevin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, möhtəşəm fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur.
Sevinc BUDAQOVA,
Bakı şəhəri, 46
nömrəli tam orta
məktəbin direktoru,
əməkdar müəllim,
tarix üzrə fəlsəfə
doktoru
Respublika.- 2013.- 7 may.- S. 10.