Ukraynanın Nikolayev vilayətinin Besarabka kəndində 416–cı Taqanroq Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidə kompleksi

 

Nikolayev vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Yunus Əliyevin şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə inşa olunan 416–cı Taqanroq Azərbaycan Diviziyasının xatirə kompleksində tikinti və abadlıq işləri sona çatmaqdadır. Bununla bağlı Nikolayev şəhərində yaşayan soydaşlarımız abidə kompleksinin önündə iməcilik keçirərək ərazidə yaşıllıq zolağı salmaqla qəhrəman Azərbaycan oğullarının xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Abidə kompleksinin önündə keçirilən görüşdə Ukraynanın alman faşizmindən azad olunmasında 416–cı Azərbaycan diviziyasının göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verən Nikolayev vilayətindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin sədr müavini Yunus Əliyev 1944– ildə 416–cı Taqanroq diviziyasının ştabının yerləşdiyi Nikolayev vilayətinin Besarabka kəndində ucaldılan abidə kompleksinin gələcək nəsillərə örnək olacağını dedi: “Ukraynada yeni nəsil böyüməkdədir. Biz çalışmalıyıq ki, 1941–45–ci illərdə Ukraynanın azadlığı uğrunda son damla qanlarına qədər döyüşmüş qəhrəman Azərbaycan oğul və qızlarının xatirəsini əbədiləşdirməklə onların yüksək xidmətlərini Ukrayna ictimaiyyətinə çatdıraq”.

Tədbirdə 416–cı Taqanroq Azərbaycan diviziyasının NikolayevOdessa vilayətlərinin alman faşizmindən azad olunmasında göstərdiyi qəhrəmanlıqlardan söz açan Çervonoukraina kəndinin veteranlar cəmiyyətinin sədri Nikolay Qorbatenko 2–ci Dünya Müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın qəhrəman oğul–qızlarının iştirakının və Bakı neftinin müstəsna əhəmiyyəti barədə qeyd etdi ki, döyüş yolunu 1942–ci ilin noyabrında Mozdok şəhərindən başlamış 416–cı Taqanroq Azərbaycan diviziyası Şimali Qafqazı, Rostov vilayətini, Taqanroq şəhərini faşistlərdən azad etdikdən sonra düşmənin “Nikopol” qruplaşmasının məhv edilməsində, Ukraynanın Mariopol, Nikolayev, Odessa vilayətlərinin alman faşizmindən azad edilməsində əsl qəhrəmanlıq göstərib. Sonradan Kişinyov və Polşanın paytaxtı Varşavanın azad edilməsində iştirak edərək döyüş yolunu Berlində, Brandenburq darvazası önündə başa çatdırmışdır.

Nikolay Qorbatenko şəxsi heyətinin tərkibində 11 min 50 nəfər azərbaycanlının olduğu divizyanın xatirə kompleksinin ucaldılmasına görə Nikolayev vilayətindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinə və onun sədr müavini Yunus Əliyevə dərin minnətdarlığını bildirdi. Qeyd olundu ki, may ayının 8–də açılacaq abidə kompleksində 416–cı Azərbaycan Taqanroq diviziyasında döyüşən azərbaycanlıların adları, diviziyanın Mazdokdan Berlinə qədər keçdiyi döyüş yolunu özündə əks etdirən xəritə lövhəsi, əbədi məşəl və diviziyanın təltif olunduğu orden və medalların stendi quraşdırılacaq. Azərbaycan Bayrağı altında tikilən abidə kompleksi Azərbaycan diviziyasının qəhrəmanlıq salnaməsinə əsrlər boyu şahidlik edəcək.

 

 

Möhsüm Qədiroğlu,

 

Azərbaycan Televiziyasının Ukrayna

və Şərqi Avropa ölkələri üzrə

nümayəndəliyinin rəhbəri

 

Respublika.- 2013.- 7 may.- S. 11.