Əsl xilaskar, mətin qurucu və fövqəlbəşər insan

 

Xalqımızın ümummilli lideri, dünyamiqyaslı siyasi xadim, dahi şəxsiyyət, Azərbaycan tarixində qüdrətli dövlət xadimi kimi əbədi yer tutmuş Heydər Əliyevin anadan olmasının 90–cı ildönümünü qeyd etdiyimiz bu günlərdə hər bir azərbaycanlı, bu torpağın çörəyini yeyib suyunu içən hər bir kəs cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq ulu öndərimizdən danışır, onun həyat və fəaliyyətini yada salır, əziz xatirəsini dərin hörmət və məhəbbətlə yad edir. Bunun da səbəbi odur ki, ötən əsrin ikinci yarısında və yeni yüzilliyin başlanğıcında xalqımız və dövlətimizin nail olduğu uğurların hamısı Heydər Əliyevin adı, onun cahanşümul fəaliyyəti ilə bağlıdır.

Məhz Heydər Əliyevin dərin zəkasının sayəsində ölkəmiz demokratik, hüquqi dövlət quruculuğu yoluna çıxdı. Qüdrətli şəxsiyyətin işıqlı ideyaları dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsas oldu. Müstəqil Azərbaycan indi sözün əsl mənasında qüdrətli bir dövlətə çevrilib.

Ölkəmizin vətəndaşları əsasən yaradıcı insanlar, doğma el–obanın səadəti üçün hər an fədakarlığa hazır olan adamlardır. Bu yurdun qurucu adamları, qabaqcıl ziyalıları yetərincədir və bu da bir faktdır ki, ölkəmizdə ziyalılığın bünövrəsi olan təhsilə diqqət və qayğının səviyyəsi getdikcə yüksəlir, milli təhsilimiz bu qayğıdan güc alaraq dünya standartları səviyyəsinə çıxır. Heydər Əliyevin başladığı təhsil islahatının uğurla həyata keçirilməsi ümumdövlət və ümumxalq işinin tərkib hissəsinə çevrilmişdir. Ölkə iqtisadiyyatının misli görünməmiş sürətlə inkışaf etməsi, onun dinamik vüsəti, əhalinin maddi və mədəni həyat şəraitinin durmadan yaxşılaşması sağlam, bilikli, zəkalı və geniş dünyagörüşlü nəslin yetişdirilməsinə imkanlar yaradır. Ulu öndərimiz demişdi ki, bizim məqsədimiz müstəqil Azərbaycan üçün daha bilikli, daha zəkalı gənclər hazırlamaqdır.

Bu sözlər cəmiyyətimiz üçün həyati əhəmiyyət kəsb edir, uca məqsədlərə aparan yollarımızı nurlandırır.

Ölkəmizin reallıqları hər bir vətəndaşın intellektual yüksəlişi məsələsini prioritet vəzifə kimi irəli sürür. Bu vəzifənin yerinə yetirilməsi hər şeydən əvvəl təhsildən, mədəni–maarif müəssisələrimizdən asılıdır. Milli təhsilimiz və mədəniyyətimiz yeni insan tərbiyəsinin, hər cəhətdən kamil insan yetişdirilməsinin mərkəzidir. İnsanın mənəviyyatca yetkin varlıq kimı təşəkkül tapması hələ uşaq bağçasından başlanır, məktəbdə formalaşır, bu proseslərdə qazanılmış nə varsa, həyat təcrübəsində özünü taparaq kamala yetir, daha sonra, yəni müdriklik dövründə zirvəyə çatır. Buna görə də bütün müsbət dəyərlərə malik cəmiyyət üzvü tərbiyə etməkdə fasilə ola bilməz, bu, ardıcıl xarakter daşıyan bir fəaliyyət sahəsidir. Həmin məqsəd uğrunda çalışmaq isə mövqeyimizdən, yaşımızdan, vəzifəmizdən asılı olmayaraq hamımızdan ötrü müqəddəs işdir. İnsan tərbiyəsinin sükanı isə ilk növbədə müəllimlərimizin əlindədir.

Beləliklə, təhsilimizin Heydər Əliyev dövrü özünün daha şərəfli mərhələsinə daxil oldu. Ümummilli liderimizin siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və uzaqgörənliyi sayəsində ölkəmiz ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək bütün problemləri aradan qaldırdı. Ulu öndərin xilaskarlıq missiyası nəticəsində məhv olmaq təhlükəsindən qurtulan Azərbaycan gələcəyə inamla addımlayan qüdrətli dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə hökm sürən hərc–mərclik, vətəndaş müharibəsinin qarşısı alındı, ictimai–siyasi sabitlik bərqərar oldu. Ölkənin xarici slyasəti milli maraqlara uyğunlaşdırılaraq formalaşdırıldı. Ulu öndərimızin milli strategiyası uğurlarımızın davamlılığına ən mühüm səbəbdir.

Bundan başqa, müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin–amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Bir çox beynəlxalq və regional layihələrin həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasına səbəb oldu. Tarix ona fenomenal qabiliyyət bəxş etmişdi. Ümummilli liderin reallaşdırdığı layihə və proqramlar xalqın gələcəyinə hesablanmışdı və zaman göstərdi ki, bunlar əfsanə yox, bir həqiqətdir. Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, ölkəmiz dünya birliyinin tərkib hissəsinə çevrilmiş, böyük nüfuz qazanmışdır.

Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyev dühası, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsi dayanıb. Heydər Əliyev ideyaları əbədiyaşardır. Bunun məhz belə olduğunu Azərbaycan xalqı özünün böyük oğlunu cismən itirdikdən sonra bir daha tam, aydın formada yəqin etdi. Heydər Əliyev xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi, iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı bəxş etdi. Ömrünün qalan hissəsini bu müdrik insan həqiqətən də xalqa qurban verdi. Qədirbilən xalqımız bunu heç zaman unutmayacaqdır.

Heydər Əliyevin siyasi kursu Azərbaycana bütün sahələrdə böyük uğurlar gətirib. Sabitlik, demokratiya və tərəqqi son illərimizi xarakterizə edən mühüm amillərdir. Bu müdrik siyasət nəticəsində Azərbaycan artıq dünyada tanınır, nüfuzu durmadan yüksəlir. Artıq dünya da ölkəmizlə hesablaşır, irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövlətin əsas göstəricilərindən biri olan iqtisadiyyatda aparılan köklü islahatların nəticəsində Azərbaycan qısa müddət ərzində orta gəlirli ölkəyə çevrilib.

Biz bu gün ulu öndərimizi xatırlayır, iftixarla deyirik ki, bəli, Azərbaycanın ümummilli lideri, Azərbaycan dövlətinin xilaskarı, yeni Azərbaycanın memarı Heydər Əliyev bizim qəlbimizdə daim yaşayır və yaşayacaq. Gələcək nəsillər onun həyat yolunu araşdıracaq və öyrənəcəklər. Çünki o, dünyamiqyaslı siyasi lider idi.

Heydər Əliyev siyasi kursu bu gün onun ideyalarına sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderimiz vaxtilə dövlət başçımız haqqında demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezidentimiz bu gün həqiqətən də xalqın etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir. Biz də hər birimiz dahi öndərə məhəbbətimizin təzahürü olaraq Prezidentin ətrafinda sıx birləşərək onun qarşıya qoyduğu mühüm vəzifələrin yerinə yetirilməsində daha fəal iştirak etməyə çalışırıq. İnanırıq ki, siyasətdə öz sözünü deyən, beynəlxalq aləmdə böyük nüfuz qazanan möhtərəm Prezidentimiz İlham Əliyev ölkəmizin hərtərəfli ən müasir inkişafına və möhkəmlənməsinə nail olacaqdır.

 

 

Mətanət Fərzəliyeva,

Azərbaycan Müəllimlər institutunun

Ağcabədi filialının direktor əvəzi

 

Respublika.- 2013.- 7 may.- S. 12.