“Azərbaycan sənin, sən Azərbaycanınsan” adlı tədbir

 

Böyük və ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi yaxınlaşdıqca idarə və müəssisələrdə, təhsil, səhiyyə və mədəni–maarif müəssisələrində, bir sözlə bütün təşkilatlarda bu tarixi hadisə böyük qürur hissi ilə qeyd olunur. Bu tədbirlərdə bu dahi insanın həyat yolu bir daha insanların gözü önündə canlanır və fəxrlə yad edilir. Belə tədbirlərdən biri də bu günlərdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında keçirilmişdir.

Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş bu tədbir “Azərbaycan sənin, sən Azərbaycanınsan” devizi altında keçirilirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və dahi rəhbərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Anım gününü açan kitabxananın direktoru, təcrübəli kitabxana mütəxəssisi Tahir Sadıqov qeyd etdi ki, dünyada tarixi şəxsiyyət kimi qəbul edilənlər çox deyildir. Lakin ulu öndərin dünya miqyaslı bir şəxsiyyət olması Azərbaycan xalqının fəxr mənbəyidir.

Dərin zəkası, zəngin həyat təcrübəsi və idarəçilik bacarığı, hədsiz dərəcədə çalışqanlıq nümunəsi olması ilə o dünya miqyaslı dahi insan zirvəsinə yüksəlmişdir. O, özündən sonra zəngin irs qoyaraq müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu kimi xalqımızın qəlbində öz işıqlı ideyalarını xalqın qəlbinə köçürmüşdür. Tahir müəllim qeyd etmişdir ki, 90 illiyini qeyd etdiyimiz bu təkrarolunmaz şəxsiyyət xalqımızın firavan gələcəyinin əsasını qoymuşdur. Doğrudan da, Azərbaycan xalqı çox xoşbəxtdir ki, bu liderlik etibarlı əllərdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əbədi liderimizin müqəddəs ideyalarını həyata keçirir və beləliklə Heydər Əliyev yolu, Heydər Əliyev siyasəti yaşayır, qalib gəlir.

Anım günündə “Dünya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti”nin sədri T.Əlizadə, “Xocalını tanıtma” İctimai Birliyinin sədri Ş.Sabiroğlu, “Ədəbiyyat” qəzetinin şöbə müdiri, şairə S.Baxışlı, Xətai rayonundakı 191 saylı və Yasamal rayonundakı 175 saylı orta məktəblərin şagirdləri iştirak etdilər.

T.Əlizadə tədbirdə bildirdi ki, Azərbaycanın sürətli inkişafı strategiyasının əsası Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun yeritdiyi müdrik siyasət nəticəsində dünya birliyi, planetin tərəqqipərvər ictimaiyyəti Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqqın və ədalətin kimin tərəfində olduğunu yəqin etmişdir. Ulu öndərin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tezliklə torpaqlarımızın geri qaytarılmasına, sülhə, əmin–amanlığa nail olacaqdır. T.Əlizadə həmçinin çıxışında ulu öndərin mədəniyyətə, incəsənətə verdiyi yüksək qiyməti də xüsusi vurğuladı.

Ş.Sabiroğlu tədbirdə çıxış edərək ulu öndərin xalqın istəyi ilə çətin tarixi şəraitdə hakimiyyətə gəlməsindən, elmin, iqtisadiyyatın, mədəniyyətin bütün sahələrinə diqqət və qayğısından qürur hissi ilə söhbət açdı. Azərbaycan xalqının çox ağır vəziyyətə düşdüyü, ölkədə xaos yarandığı bir vaxtda yenidən hakimiyyətə qayıdıb müdrik siyasəti nəticəsində var qüvvəsi ilə vətəni xilas etməsindən danışdı.

Tədbirdə “Ədəbiyyat” qəzetinin şöbə müdiri şairə S.Baxışlı çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının rifahı naminə apardığı düzgün siyasətdən, vətənin gələcəyi, iqtisadiyyatın hər bir sahəsindəki uğurları və qələbələrindən və bu dahi insanın bu nailiyyətlərindəki rolundan söhbət açdı.

Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxışla davam etdi.

 

 

Zabit CAVADOV

 

Respublika.- 2013.- 7 may.- S. 12.