Dəmiryolçular ilin birinci rübündə yüksək göstəricilərə nail olublar

 

Müstəqil respublikamızda uğurla aparılan sosial–iqtisadi islahatlar nəticəsində iqtisadiyyat dinamik və davamlı inkişaf etmiş, möhkəm əsaslara söykənmiş beynəlxalq iqtisadi münasibətlər sistemi yaradılmışdır.

Ölkə rəhbərinin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ictimai–siyasi, sosial–iqtisadi kursu uğurla davam etdirməsi, dünya dövlətlərinin hələ də iqtisadi böhranla mübarizə apardığı bir zamanda respublikanın beynəlxalq aləmdə geniş nüfuz sahibi olmasına, layiqli mövqe tutmasına zəmin yaratmışdır.

Bu gün həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların müvəffəqiyyətli gedişi barədə respublika Prezidenti Nazirlər Kabinetinin 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 dəfə artmışdır… Bu çox yaxşı göstəricidir. Biz bu artımı qeyri–neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri–neft sektorunun inkişafı 11,4 faiz olmuşdur”.

Qeyri–neft sektorunun inkişafında başqa sahələrlə bərabər, “Azərbaycan Dəmir Yolları” QSC–nin istehsalat və maliyyə–təsərrüfat sahələrinin də zəhməti az olmamışdır.

Bu məsələyə aydınlıq gətirmək məqsədilə əməkdaşımız “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsəgərovla görüşüb söhbət etmişdir.

QSC–nin sədri Arif Əsgərov demişdir.

—Dəmiryolçular ilin birinci rübünü “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələrə əsaslanaraq yüksək göstəricilərə nail olublar. Belə ki, dəmiryolçular tərəfindən ADY QSC–nin stansiyalarından 2013–cü ilin 3 ayı ərzində 3,5 milyon ton yük göndərilmişdir. Bunların 2,4 milyon tonunu neft və neft məhsulları, 1,4 milyon tonunu isə tranzit neft təşkil etmişdir.

Ötən 3 ay ərzində ümumi yük daşımalarının həcmi 5,6 milyon ton, daxili daşımalar 1,2 milyon ton, ixrac 851,3 min ton, idxal 1,4 milyon ton, tranzit 2,0 milyon ton olmuşdur. Ümumi yük dövriyyəsi 2,0 milyard ton kilometr təşkil etmişdir.

Bu rəqəm daxili daşımalar üzrə 277,0 min ton kilometr, ixrac 341,8 min ton, idxal 414,3 min tranzit 970,0 min ton olmuşdur. Yolun stansiyalarından 555,5 min nəfər sərnişin göndərilmiş, yol üzrə sərnişin daşımaları isə 577,0 min nəfər, o cümlədən birbaşa əlaqə 68,4 min nəfər, yerli əlaqə 321,1 min nəfər, ümumi sərnişin dövriyyəsi 138,4 milyon sərnişin kilometr olmuşdur. Ümumiyyətlə 2013–cü ilin birinci rübündə dəmir yolunun ümumi gəliri 54,8 milyon manat təşkil etmişdir. Bunun 51,5 milyon manatı yük daşımalarında, 3,3 milyon manatı isə sərnişin daşımalarından əldə edilmişdir. 3 ay ərzində dəmir yolunda görülmüş iş və xidmətlərə görə çəkilmiş xərclər ümumilikdə 48,9 milyon manat, mənfəət işə 5,9 milyon manat olmuşdur. Ümumi gəlirin 19,0 milyon manatı işçilərin əmək haqlarının ödənilməsinə, 3,4 milyon manatı sosial müdafiə fonduna, 0,4 milyon manatı dövlət büdcəsinə hesablanmış müxtəlif növ vergilərin ödənilməsinə, 10,1 milyon manatı istifadə olunan elektrik enerjisinə, yanacaq və su haqlarının ödənilməsinə, 12,4 milyon manatı isə mal–materialların alınmasına sərf edilmişdir.

2013–cü ilin birinci rübündə yol təsərrüfatı üzrə 35,7 kilometr yol əsaslı təmirdən keçmiş, 11 dəst yoldəyişən qurğuların metal hissələri, 8 dəst yoldəyişən qurğuların tirləri, 44,1 kilometr yolda calaqsız relslər qoyulmuş, 2 ədəd çarpaz, 561 dəst izolyasiya detalları və yoldakı 21200 yararsız şpallar müxtəlif istiqamətlərdə yenisi ilə əvəz edilmişdir. Qısa vaxt ərzində RM–80 ballasttəmizləyən maşınla 36,4 kilometr yolda ballast təmizlənmiş, CSM yoldüzəldən maşınla 83,6 kilometr və USP ballast təmizləyən yol maşını ilə 83 kilometr yol düzəldilmişdir.

Biləcəri stansiyasında magistral avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar 1800 metr uzunluğunda optik və yerli rabitə kabelləri yeni rabitə quyularına köçürülmüşdür. Keçidlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Əhmədli–Bakı yük, Güzdək baş –Sumqayıt baş: Ələt baş–Atbulaq, Biləcəri–Heybət mənzillərində, Biləcəri stansiyasının cüt marşrut yolunda və dairəvi yol üzərində yerləşən keçidlərdə quraşdırma işləri aparılaraq istismara verilmişdir.

Elektrik təchizatı təsərrüfatında qatarların təhlükəsiz hərəkətini təmin etmək üçün şöbənin sahələri üzrə elektrik qurğularının və müəssisələrin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, 2013–cü ilin 3 ayı ərzində nəzərdə tutulmuş elektrik avadanlıqlarının əsaslı təmiri və elektrik qurğularının etibarlılığını gücləndirmək üçün nəzərdə tutulmuş tədbirlər planı tamamilə yerinə yetirilmişdir.

Sərnişindaşıma təsərrüfatında 42 sərnişin vaqonu depo, 5 sərnişin vaqonu, əsaslı, 195 sərnişin vaqonu isə cari təmirdən keçmişdir. “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planı çərçivəsində istismarda olan sərnişin vaqon parkının sağlamlaşdırılması məqsədilə 2012 –ci ildə 50 ədəd istismara yararsız sərnişin vaqonunun əsaslı bərpa— təmir edilməsi üçün “Dneprovaqontəmirquraşdırma” ASC–yə göndərilmiş və ötən dövrdə əsaslı bərpa təmiri başa çatmış, əlavə 10 ədəd sərnişin vaqonu respublikaya gətirilmişdir. Ümumiyyətlə, əsaslı bərpa– təmir keçmiş vaqonların sayı 25–ə çatmışdır.

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına ümumi smeta dəyəri 22,5 milyon manat təşkil edən Saloğlu Poylu mənzilinin 73–cü kilometrliyində yerləşən Kür çayı üzərində ikinci yeni dəmir yolu körpüsünün tikintisinə 2008–ci ildə başlanmış və bu gün də tikinti –quraşdırma işləri davam etdirilir. “Dəmir yolu nəqliyyat sisteminin 2010–2014–cü illərdə inkişafına dair Dövlət Proqramı” və Dünya Bankının təqdim etdiyi “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi” layihəsi çərçivəsində 317 kilometr uzunluğunda baş yolların əsaslı təmiri layihələrinin icrası ilə bağlı bir sıra işlər görülmüşdür.

“Azərinşaat” MMC–nin Baş Ələt şpal zavodunda —– istehsal gündəlik olaraq təxminən 700–750 ədəd təşkil edir. Ötən dövr ərzində cəmi 63740 ədəd (34,6 kilometr yol) şpal istehsal edilmişdir.

Bakı–Böyük Kəsik sahəsində 35,7 kilometr yol əsaslı təmir edilərək istismara verilmiş, 44,1 kilometr yolda isə uzunölçülü relslər qoyulmuşdur. Ümumilikdə Baş yolların əsaslı təmirinə başlanan gündən 205,9 kilometr yol əsaslı təmir edilərək istismara verilmişdir. Yolların təmirində və cari saxlanmasında istifadə edilməsi üçün Tixoresk maşınqayırma zavodunda istehsal olunmuş 3 ədəd drezin alınıb istifadəyə verilmişdir.

Bakı–Tbilisi–Qars yeni dəmir yolu bağlantısı layihəsi çərçivəsində Marabda–Türkiyə sərhəddi (Kartsaxi) sahəsinin Marabda–Axalkalaki (stansiya istisna olmaqla) ərazisində tikinti, reablitasiya–rekonstruksiya, Axalkalaki stansiyasında, Axalkalaki (stansiya istisna olmaqla) Türkiyə sərhəddi (Kartsaxi) ərazisində tikinti işləri aparılır.

Marabda–Axalkalaki (stansiya istisna olmaqla) ərazisində tikinti, reabilitasiya–rekontsruksiya işlərinin icrası üç mərhələdə həyata keçirilir:

1–ci mərhələ—uzunluğu 29,2 kilometr olan Marabda Tetritskaro sahəsi;

2–ci mərhələ–uzunluğu 49,7 kilometr olan Tetritskaro–Tsalka sahəsi;

3–cü mərhələ–uzunluğu 74,1 kilometr olan Tsalka–Axalkalaki sahəsi;

Bakı–Tbilisi–Qars yeni dəmir yolu bağlantısı layihəsinin birinci mərhələsi üzrə 29,2 kilometr olan Marabda–Tetritskaro sahəsində (Tetritskaro stansiyası daxil olmaqla) reabilitasiya–rekonstruksiya və tikinti işləri əsasən başa çatdırılmışdır. Elektrik kontakt şəbəkəsində 301 dəmir–beton dirək və 30 anker özülü qoyulmuş, 20,5 kilometrdə kontakt şəbəkəsi naqilləri köçürülmüş 8,7 kilometr naqil yenisi ilə əvəz edilmişdir. Tsxaradzma stansiyasında yerləşən dartı yarımstansiyasında işlər əsasən başa çatdırılmış, Tetritskaro stansiyasında yerləşən dartı yarımstansiyasında isə sazlama işləri aparılır. 29,2 kilometrdə optik rabitə və işarəvermə kabeli qoyulmuş Tsaxradzma, Tsintskaro və Tetritskaro stansiyalarında MPS sistemli mərkəzləşmə və bloklama sistemləri quraşdırılaraq sazlama və test işləri aparılmışdır. Rabitə, işarəvermə, mərkəzləşmə və bloklama qurğuları isə istismara tam hazırdır.

İkinci mərhələ üzrə ümumi uzunluğu 49,7 kilometr olan Tetritskaro–Tsalka (Tsalka stansiyası daxil olmaqla) sahəsində reabilitasiya–rekonstruksiya və tikinti işləri aparılmışdır.

Sahədə 49,7 kilometrdə yolun üst quruluşu elementləri sökülmüş 33,5 kilometrdə yolun üst quruluşu elementləri–rels və şpallar yeniləri ilə əvəz edilmiş, 16,2 kilometrdə yolun üst quruluşu elementlərinin dəyişdirilməsi işləri davam etdirilir. 113 süni qurğunun 111–də işlər başa çatdırılmış, 2 süni qurğunun tikintisi davam etdirilir.

İşarəvermə və rabitə kabelləri üçün 49,9 kilometrdə xəndək qazılmış 93,8 kilometr uzunluğunda optik işarəvermə və rabitə kabelləri qoyulmuş əraziyə rabitə avadanlıqları və İMB qurğuları gətirilərək onların yerləşdirilməsi və montaj edilməsi işlərinə başlanmışdır. Stansiyanın vağzal binasında mülki və yardımçı binalarda işlər tamamlanır.

Nadarbazevi və Bedeni dartı yarımstansiyalarına yeni avadanlıqlar gətirilmiş və qurğuların montaj edilməsinə başlanmışdır.

Elektrik kontakt şəbəkəsində 305 yeni dəmir beton dirək, 9 anker özülü quraşdırılmış, 153 yerdə asqılar köhnə dirəklərdən yeni dirəklərə köçürülmüşdür. Kontakt şəbəkəsində və elektrik xətlərinin reabilitasiya–rekonstruksiya və tikinti işləri davam etdirilir.

Üçüncü mərhələ üzrə ümumi uzunluğu 74,1 kilometr olan Tsalka–Axalkalaki (Axalkalaki stansiyası istisna olmaqla) sahəsində aşağıdakı reabilitasiya–rekonstruksiya və tikinti işləri aparılmışdır.

Sahənin ərazisində tikiləcək 181 süni qurğunun 4–də tikinti işlərinə başlanmış yolun üst quruluşu elementlərini dəyişmək üçün rels və şpallar sahəyə gətirilmiş Taparavani stansiyasında vağzal binasının rekonstruskiyasına və Trialeti, Rokani, Ninotstinda dartı yarımstansiyalarına yeni avadanlıq və qurğular gətirilmiş montaj işlərinə başlanmışdır. Axalkalaki stansiyasında vağzal binasının, yolun torpaq yatağının süni qurğuların, dəmir beton boru–yol keçidinin piyada körpüsünün və su ötürücü borunun tikintisində işlər davam edir.

Axalkalaki stansiyasının Axalkalaki–Türkiyə (Kartsaxi) ərazisindəki dəmir yolu birləşən 6 dayaqlı 153 metrlik körpünün tikintisində işlər başa çatdırılaraq sınaq işləri aparılmışdır.

Ümumi uzunluğu 26,3 kilometr olan (Gürcüstan ərazisində tikiləcək tunel daxil olmaqla) Axalkalaki (stansiya istisna olmaqla) Türkiyə sərhəddi (Kartsaxi) sahəsində tikinti işlərinə başlandığı müddətdən Kartsaxi stansiyası daxil olmaqla sahədə dəmir yolunun torpaq yatağında işlər eyni zamanda 51 süni qurğunun tikintisi başa çatdırılmış 5,9 kilometrdə, Kartsaxi stansiyasının 1 baş və 6 yan yolunda yolun üst quruluşu elementləri (rels və şpal) qoyulmuşdur. Sərhəd stansiya olan Kartsaxidə vağzal, mərkəzləşdirilmiş poçt və yardımçı binaların tikintisində işlər davam etdirilir.

Gürcüstan ərazisində tikiləcək və sahəni Turkiyə ərazisi ilə birləşdirən tunelin tikintisi üçün əraziyə maşın və mexanizm gətirilmiş və yaxın vaxtda tikinti işlərinə başlanılması planlaşdırılır. Qeyd edilən ərazidə tikinti işləri aparılan zaman sahənin Gürcüstan ərazisində torpaq sürüşmələri olan ərazilər aşkar edilmiş və bu səbəbdən Gürcüstanı Türkiyə ilə birləşdirəcək tunelin yeri dəyişdirilmişdir. Nəticədə tunelin uzunluğu layihədə nəzərdə tutulan 1 kilometr 200 metrdən 2 kilometr 070 metrədək uzadılmışdır. Tunelin ümumi uzunluğu 4350 metrdir.

Marabda–Türkiyə sərhədi (Kartsaxi) sahəsində Bakı–Tbilisi–Qars yeni dəmir yolu bağlantısı layihəsi nəzərdə tutulan vaxtda başa çatdırılması üçün işlər davam etdirilir.

Onu da qeyd edim ki, respublika Prezidenti cənab İlham Əliyev 2013–cü ilin birinci rübünün sosial–iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda yekun nitqində “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu layihəsi barədə demişdir:

“Bakı–Tbilisi–Qars” dəmir yolunun tikintisi davam edir. Biz hesab edirik ki, 2013–cü ildə bu layihəni icra edəcəyik… Ancaq bütövlükdə deyə bilərəm ki, layihənin icrasında heç bir problem yoxdur əsas işlər bu ilin sonuna qədər görüləcəkdir… Biz bu layihəyə həm siyasi dəstək vermişik, həm də maliyyə yükünün böyük hissəsini öz üzərimizə götürmüşük… Əvvəlki illərdə bu layihəyə qarşı çıxanlar indi onu dəstəkləyirlər… “Bakı–Tbilisi–Qars” dəmir yolunun həyata keçirilməsi tarixi hadisədir”.

 

 

Kamal İBADOV

 

Respublika.- 2013.- 7 may.- S. 13.