BÖYÜK MƏNƏVİYYAT SAHİBİ

 

Bismillahir–rəhmanir–rəhim!

Heydər Əliyev həzrətləri kimi şəxsiyyətlər həqiqətən hər zaman yetişmir. Hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində yetişən tək–tək şəxsiyyətlərdən biri olub Heydər Əliyev. Bu insanın dövlətçilik, rəhbərlik qabiliyyətləri dünya miqyasında hamıya məlumdur. Lakin zənnimcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə böyük mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malikdir. Bu mənəviyyat illərlə, onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub. Və mən bunun şəxsən şahidi olmuşam.

Mənim həyatım boyu yaddaşımdan silinməyəcək xatiratım Heydər Əliyev həzrətlərinin Məkkə ziyarəti ilə bağlıdır. Dünyanın ən müqəddəs yerində, yalnız seçmə insanların ayaq basdığı Kəbə evinin daxilində Azərbaycan Prezidenti bir Böyük Ata kimi Allahdan millətimizi hifz etməsini, xalqımızın bəlalardan qurtulmasını diləyir, dövlətimizin müstəqillyinin əbədi, yaşayışımızın firavan və xeyir–bərəkətli olmasını arzulayırdı. O bu müqəddəs səfəri ömru boyu arzuladığını dilə gətirdi.

Heydər Əliyev qəlbən hər zaman imanlı insan olmuşdur. Onun Allah sevgisi, müqəddəs dinimizə bağlılığı, ilk növbədə təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. Lakin o bu sevgini həyatın bütün kəşməkəşli dövrlərində hifz edərək daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu.

Sonralar Heydər Əliyevin səy və iradəsi hesabına müqəddəs dəyərlərin dirçəldilməsi, dini məbədlərin bərpası, dövlət rəhbərimizin mərasimlərdə fəal iştirakını gördükcə bir daha hamıya bəlli olurdu ki, illər uzunu hökm sürən ateist təbliğatı onun qəlbinin dərinliklərində kök salmış Allah sevgisinə zərrə qədər xələl gətirməmişdir, bu sevgi övladlarına da sirayət etmiş, onlar da öz müqəddəs dinlərinə ehtiram ruhunda tərbiyə olunmuşlar.

“Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri Heydər Əliyev həzrətlərinin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təminində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, İslam dəyərlərinə sədaqətindən xəbər verir.

Əlbəttə dininmizin dirçəldilməsi, dini dəyərlərə qayıdış sahəsində baş verən dəyişikliklər müstəqilliyimizin uğurları ilə əlaqədardır. Lakin bu da şəksizdir ki, əsl demokratik prinsiplərə arxalanan vicdan azadlığı və müqəddəs İslami dəyərlərin təşəkkülü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda İslama heç də birmənalı münasibət bəslənmirdi. Məhz Heydər Əliyevin prezidentliyi dövründə İslam xalqımızın həyatında layiqi yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı. Heydər Əliyev müdrik dövlət başçısı kimi İslamın əsl mahiyyətini dərindən duyur, onun millətin inkişafında, mənəvi intibahında, yüksək məqsəd və amallar uğrunda sıx birləşməsində əvəzsiz rolunu dərk edirdi.

Təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı —Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq” dedi. İlk sərəncamlarından biri Bibiheybət məscidinin bərpası haqda oldu.

Bibiheybət məscidi ilə bağlı Heydər Əliyev həzrətlərinin göstərdiyi həssaslıq xüsusi önəm kəsb edir. Partladıldıqdan sonra belə müqəddəs məkan olaraq daima xalqın qəlbində yaşamış Bibiheybət ziyarətgahının nə vaxtsa öz mübarək qapılarını yenidən inanclı insanların üzünə açacağı ilə bağlı ümid dolu bir arzu var idi. Bu ülvi arzunu gerçəyə çevirmiş şəxsiyyət Heydər Əliyev həzrətləri oldu. Vaxtilə məkrli erməni təxribatı sayəsində sovet rejiminin ideoloji maşınının qurbanına çevrilmiş, şəhid edilmiş Bibiheybət məscidinin yeni, daha möhtəşəm binasının özülü mərhum prezidentimiz, ulu öndər Heydər Əliyev həzrətləri tərəfindən qoyuldu. 1994–cü ildə bu məscid ziyarətgahın əvvəlki tarixi məkanda bərpa edilməsi barədə sərəncam verən Heydər Əliyev mütəmadi olaraq bu məkana baş çəkərək işlərin layihələndirilməsindən başlayaraq tikintisinin gedişinədək bütün məsələləri xüsusi diqqətdə saxladı. 1996–cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev həzrətləri 1998–ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak etdi. Həmin an onun sevincinin həddi–hüdudu yox idi desəm, yanılmaram. Qədirbilən xalqımız bu minarəni “Heydər minarəsi” adlandırır. Sonradan da bu məkanda böyük quruculuq işləri dövlət başçısının diqqət və qayğısı sayəsində davam etdirildi. Heydər Əliyev xəttinin layiqli davamçısı İlham Əliyev həzrətlərinin iştirakı ilə 2008–ci ilin 14 iyulunda Bibiheybət məscid–ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu. Bu, xalqının tarixi mənəvi irsinə, müqəddəs dininə ehtiram bəsləyən müdrik liderin əsrlərə yadigar töhfəsi oldu.

Bibiheybət məscidinin Heydər minarəsindən səslənən Azan səsi Azərbaycanda dini–mənəvi dəyərlərə sədaqət və ehtiramın çarçısına çevrilib. Ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir. Ulu öndərin ruhu şad olsun! Azərbaycan dövləti, mənəviyyatı mövcud olduqca, Bibiheybət ziyarətgahı yaşadıqca Heydər Əliyev Azərbaycan xalqı ilə birgə yaşayacaqdır.

Azərbaycanın mərkəzi məscidi —”Təzəpir”də ulu öndərimizi xatırladan məkanlardandır. Müsəlmanlar mərhum dövlət başçımızın bu məscidi dəfələrlə ziyarət etməsini, səmimi hisslər və dərin iman dolu tarixi nitqlərini daima böyük iftixarla xatırlayırlar. Məhz Təzəpirdəki çıxışında Heydər Əliyev bəyan etdi ki:”Biz bir dövlət kimi müstəqil Azərbaycanda İslam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının ən yüksək mənəviyyat mənbəyidir”. Bütün sonrakı addımlar bu sözlərin təsdiqi oldu. Bibiheybətdən başlanan dini–mənəvi irsin dirçəldilməsi yolu bu gün də davam edir.

Xalqımızın yaddaşına həkk olunmuş maraqlı məqamlardan biri Azərbaycan Prezidentinin andiçmə mərasimində Ana Qanun olan Konstitusiyamızla yanaşı müqəddəs kitabımız Qurani–Kərimin yanaşı qoyulması oldu. Bəli, bu dəyərli ənənənin də əsasını qoyan müdrik Heydər Əliyev oldu. O zaman 1993–cü ildə mən çətinliklə əldə etdiyim və uzun illər boyunca qoruyub saxladığım, vaxtilə Nadir şahın kitabxanasına məxsus olmuş nadir və nəfis Quran kitabını məhz təntənəli andiçmə mərasimi üçün təqdim etdim. Ulu öndərin o zaman öpüb and içdiyi həmin Quran kitabı uzun illər boyunca prezident Heydər Əliyevin iş otağında oldu, hazırda da dövlətçilik tarixi muzeyində dəyərli eksponat olaraq qorunub saxlanılır. Bu, Heydər Əliyev şəxsiyyətinin dinə, dini dəyər və atributlara yüksək ehtiramının dəyərli göstəricisi oldu.

Müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından sonra ilk dəfə Peyğəmbər salavatullahın Mövludu günündə, Aşura mərasimində Təzəpirə təşrif buyurması ilə dinimizə ehtiramını və xalqımızın həyatında dini dəyərlərə verdiyi önəmi əyani şəkildə nümayiş etdirdi.

Son mənzilə də Heydər Əliyev Təzəpir məscidinin mehrabı qarşısında namaz qılındıqdan sonra Ər–Rəhman surəsi ilə yola salındı.

Şükürlər olsun ki, Azərbaycanda hər il Ramazan ayını onun müqəddəsliyi və mübarəkliyinə layiqli şəkildə yaşamaq, onu dünya müsəlmanları ilə birgə şəkildə bayram etmək imkanına malikik. Bu bayramda dövlət başçısı ilə birgə olmaq, iftar süfrəsi ətrafında bir araya gələrək Ramazan sevincini paylaşmaq bir töhfədir və bu gözəl ənənənin əsasını da məhz Heydər Əliyev həzrətləri qoymuşdur. Və bu ənənə də bugünkü dövlət başçımız İlham Əliyev tərəfindən yaşadılır.

Heydər Əliyev həzrətləri İslami dəyərlərin dirçəldilməsi məsələsinə əsaslı şəkildə yanaşırdı və bu məqsədlə “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi barədə olduqca əhəmiyyətli və məqamında sərəncam vermişdi. Bu, İslam sivilizasiyasının Qafqazda yayılması tarixinə dair məsələlərin elmi şəkildə öyrənilməsinə böyük təkan verdi.

Məhz Təzəpir məscidində Həzrəti Peyğəmbər Salavatullahın mövludu günündə etdiyi çıxışında Heydər Əliyev “müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da yaşadığı çoxmillətli Azərbaycan Respublikası müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir” deyə bəyan etmişdi. Dinindən, dilindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarına doğma münasibət bəsləyən Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların dini və milli bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. Məhz onun hakimiyyəti illərində —1998–ci ildə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası yenidən bərpa olundu. Bu, ölkəmizdə yaşayan pravoslav icmasının dini ehtiyaclarının qarşılanması yönündə böyük addım oldu. Jen–Mironosits kilsəsi bərpa olundu. Dünyanın nüfuzlu din xadimlərindən olan Moskva və bütün Rusiya Patriarxı II Aleksi, ümumgürcüstan Patriarxı II İliya Azərbaycana təşrif buyurdu

2001–ci ildə məhz Heydər Əliyevin dəvəti ilə Roma Katolik kilsəsinin başçısı papa II İohan Pavel Azərbaycanı ziyarət etdi, azsaylı katolik icması üçün kilsə inşa edildi. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası tikildi.

Qafqaz Müsəlmanları İdarəsi olaraq 1997–ci ildə “Allahın Lütfü, xalqın xilaskarı” mövzusunda keçirdiyimiz konfransda Azərbaycan vətəndaşları olan müxtəlif dini konfessiyaların nümayəndələri milyonlarla dindarın adından ölkədə həqiqi vicdan azadlığının bərqərar olmasına görə Heydər Əliyev həzrətlərinə xüsusi minnətdarlıqlarını bildirdilər. Xoş haldır ki, Azərbaycandakı müxtəlif dini konfessiyalara münasibətdə bu ənənəvi münasibət dövlət başçımız İlham Əliyev həzrətləri tərəfindən bu gün də davam etdirilir.

Tale elə gətirib ki, mən Heydər Əliyevlə dəfələrlə xarici ölkələrdə səfərdə olmaq şərəfinə nail olmuşam. Dahi şəxsiyyət olaraq səfərlərdə də özünün gözəl xüsusiyyətlərini nümayiş etdirərdi Heydər Əlirza oğlu. İstər İslam Konfransı Təşkilatı xəttilə keçirilən tədbirlərdə, istər beynəlxalq konfrans və zirvə görüşlərində, istərsə də rəsmi nümayəndə heyəti tərkibində etdiyim səfərlər zamanı yol boyunca Heydər Əliyev şəxsiyyətinin hər zaman yeni, maraqlı cəhətlərini özüm üçün kəşf edirdim. Təbii ki, ən müxtəlif ölkələrdə Azərbaycanın dövlət başçısı Heydər Əliyevə bəslənən böyük hörmət və etimad hissi bizi çox qürurlandırırdı.

Mən dahi Heydər Əliyevi həmişə Azərbaycan xalqının müdrik oğlu hesab etmiş, onun zəngin həyat təcrübəsindən daima bəhrələnmiş, xalqa sonsuz bağlılıq fəlsəfəsini özüm üçün örnək saymışam.

Yalnız ona xas ardıcıllıq, güclü və davamlı iradə, fəhm, iti zəka, uzaqgörənlik, əsl dost olmaq bacarığı, düşmənə muvafiq münasibətdə möhkəmlik, Vətən və millət təəssübünü hər şeydən üstün tutması və s. xüsusiyyətlər Heydər Əliyev şəxsiyyətini səciyyələndirən cəhətlər idi. Onun həyatını riskə ataraq 1990–cı ildə 20 yanvar hadisələrinə öz kəskin reaksiyasını bildirməsi, Gəncə hadisələri zamanı göstərdiyi cəsarət və onlarla belə faktları misal çəkmək olar.

Xatirinizdədirsə, Heydər Əliyevin 13 avqust 2001–ci ildə tarixi bəyanatı olub. Mən ona görə tarixi deyirəm ki, bu bəyanat öz əhəmiyyətini hələ uzun əsrlər boyu itirməyəcək. Doğrudur, bu müraciət mənim ünvanıma mətbuatda getmiş yazı ilə bağlı edilmişdi, lakin Heydər Əliyev həzrətləri özünə xas müdrikliklə onu bütövlükdə milli–mənəvi dəyərlərin müdafiəsinə yönəltdi. Doğrusu, dövlət rəhbərinin şəxsimə verdiyi yüksək dəyəri həmin bəyanatla tanış olan hər kəs hiss edə bilər. Heydər Əliyev bir insan, bir siyasi xadim, tanınmış şəxsiyyət olmaqla yanaşı, həm də bir dost, qardaş kimi məni müdafiə edərkən, eyni zamanda ümummilli maraqları, tutduğum mövqenin dövlətimiz, xalqımız üçün önəmini vurğulamışdı. Bu bəyanat müstəqil Azərbaycan dövlətinin memarının milli–mənəvi dəyərlərə və onların qorunmasına verdiyi əhəmiyyəti əks etdirən tarixi sənədə çevrildi.

Qeyd etmək istərdim ki, fəaliyyətimdə əldə etdiyim uğurlar, o cümlədən milli–mənəvi dəyərlərin bərqərarı və inkişafı, din–dövlət münasibətlərinin təkmilləşməsi, dinlərarası əlaqələrin tolerantlıq müstəvisində gerçəkləşməsi sahəsində əldə etdiyimiz müsbət nəticələr ulu öndər Heydər Əliyevin ənənələri ilə bağlıdır. Mən Heydər Əliyev həzrətlərinin Azərbaycanda “dostum”, “qardaşım” deyə müraciət etdiyi yeganə şəxs kimi hər zaman qürur duymuşam.

Mən əminəm ki, müstəqil Azərbaycanda dini–mənəvi dəyərlərə ehtiramlı münasibətin əsasını qoymuş ulu öndər Heydər Əliyevin ruhu şaddır. Onun Vətənimizin xoşbəxt gələcəyi naminə başlatdığı bütün işlər kimi müqəddəs dinimizə sonsuz ehtiramı da bu gün layiqli şəkildə davam edir. Onun ailə ocağında bu ənənələr yaşadılır, inkişaf etdirilir. Şadam ki, Əliyevlər ocağında iman işığı bu gün də gur yanır. İstər möhtərəm İlham Əliyev həzrətlərinin, istərsə ulu öndərin adını yaşadan Fondun rəhbəri Mehriban xanımın fəaliyyətlərində biz bunun şahidi oluruq.

Əlbəttə, ailə ocağının rolu danılmazdır. Heydər Əliyevin dini dünyagörüşünün formalaşmasında Əlirza Əliyev ocağının hikməti böyük rol oynamışdır. Lakin bir məqamı xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev yüksək mədəniyyət və mənəviyyata malik insan kimi dinin yüksək ideallarını hər zaman dəyərləndirmək iqtidarına malik dahi idi. Ömür–gün yoldaşı, bu yaxınlarda 90–cı ildönümünü qeyd etdiyimiz Zərifə xanım Əliyevanın da uca mənəvi dünyasını xüsusi vurgulamaq istərdim.

Bu gün biz Heydər Əliyevin xatirəsini böyük məhəbbət, ehtiram və minnətdarlıqla yad edir, ruhuna dualar edirik. Ruhu şad olsun!

 

 

Şeyxülislam Allahşükür PAŞAZADƏ,

Qafqaz Müsəlmanları İdarəsinin sədri,

tarix elmləri doktoru,

professor.

 

Respublika.-2013.-8 may.-S.8.