MEMARLIQ VƏ
ŞƏHƏRSALMA TARİXİMİZDƏ HEYDƏR ƏLİYEV
DÖVRÜ
Azərbaycanın ulu tarixində genişmiqyaslı inkişaf və quruculuq dövrləri çox olmuşdur. Onlar ölkənin iqtisadiyyatını, mədəniyyətini keyfiyyətcə yeni bir səviyyəyə qaldıraraq Azərbaycan xalqının tarixinə mühüm, həlledici bir dövr kimi daxil olmuşlar. Ölkəmizin tarixində siyasi şüurun, elmin, sənətin və iqtisadiyyatın hərtərəfli inkişaf dövrü olan XX əsrin 70–80–ci illəri belə bir mərhələdir.
Ölkəmizin tarixində hərtərəfli inkişaf dövrü olan XX əsrin 70–80–ci illəri sözün əsl mənasında dönüş mərhələsi, inkişaf təməllərinin quruculuğu dövrü olmuşdur. Bütün tarixçilərin etiraf etdiyi kimi, həmin illər Azərbaycanın yeni tarixində ən məhsuldar və əhəmiyyətli quruculuq dövrü olmuşdur. Həyata keçirilən böyük dəyişikliklər, iqtisadi və sosial sahələrdə tətbiq olunan böyük və köklü islahatlar Azərbaycan xalqının maddi rifahının keyfiyyətcə yeni yüksək mərhələyə qədəm qoymasına böyük təkan vermişdir. Respublikamızın bu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı və xalqımızın, ölkəmizin inkişafı, dövlətimizin möhkəmlənməsi yolunda yorulmaz fəaliyyəti ilə bağlıdır.
Bu illərdə Azərbaycanın iqtisadi və sosial həyatının bütün sahələri kimi şəhərsalma və memarlıq da yüksək templə inkişaf etmişdir. Ölkədə sənayenin və kənd təsərrüfatının inkişafı şəhərlərin və rayon mərkəzlərinin ərazilərinin böyüməsinə və əhalisinin artmasına zəmin yaratmışdır. Bu proses əhalinin təbii artımı ilə və xalq təsərrüfatının strukturunun dəyişməsilə sıx bağlı idi. 1970–ci ildən 1980–ci ilə qədər Azərbaycanda şəhərlərdə yaşayan əhalinin sayı 1,4 dəfə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı və bir sıra başqa şəhərlərin əhalisi isə 2 dəfə artmışdır. Urbanizasiya potensialına görə Bakı şəhəri xüsusi yer tuturdu. 1970–ci ildə paytaxtda 1 milyon 260 min, 1980–ci ildə isə 1 milyon 570 min nəfərdən artıq əhali yaşayırdı.
70–ci illərin əvvəlində Azərbaycan şəhərlərinin 40–50–ci illərdə 20–25 il müddətinə hesablanmış baş planları artıq həyata keçmişdi. Müasir şəhərsalma prinsiplərinə və xalq təsərrüfatının tələbinə uyğun olaraq şəhərlərin yeni baş planlarının işlənməsi lazım idi. Bu böyük əhəmiyyətli işlərə respublikanın ən qabaqcıl layihə institutları cəlb olundu. Əvvəlki dövrdə Azərbaycanda cəmi 37 şəhərin baş planı mövcud olduğu halda 70–80–ci illərdə 60 şəhərin və bir sıra şəhərtipli qəsəbələrin baş planları işlənildi. Bu dövr Azərbaycanda şəhərlərin planlaşdırılmasında və tikintisində ən məhsuldar dövr kimi memarlıq tariximizə daxil olmuşdur.
2005–ci ilədək olan dövrdə Bakının inkişafının “Bakıdövlətşəhərlayihə” İnstitutunun kollektivi tərəfindən hazırlanmış baş planı bu cür layihələr arasında xüsusi yer tuturdu. Heydər Əliyev Bakının Baş planının işlənib hazırlanmasını diqqətlə izləyir, bu planla bağlı ən mühüm problemlərin müzakirəsində şəxsən iştirak edirdi. Şəhərin infrastrukturunun inkişafına xüsusi diqqət yetirilirdi. Nəqliyyat problemlərinin həlli bu məsələnin ən mühüm tərkib hissəsi idi. Bu məqsədlə sürət magistrallarının çəkilməsi nəzərdə tutulmuş, Bakı metropoliteni şəbəkəsi xeyli genişləndirilmişdi.
O illər işlənilmiş baş planda Bakının inzibati–siyasi, elmi–texniki və mədəni mərkəz kimi inkişafı əsas götürülmüşdür. Neftayırma zavodlarının yeni texnologiyaların tətbiqi ilə rekonstruksiyası və köhnə tikililərin sökülməsini nəzərdə tutan baş planda sahilyanı ərazilərin strukturunun yeni konsepsiyası təklif olunurdu. Bundan başqa, respublikanın inzibati rayonlarının rayon planlaşdırma layihələri də işləndi. Həmin layihələrin əsas məqsədi konkret rayonlar çərçivəsində şəhər və kənd məskunlaşma problemlərinin kompleks şəkildə birgə həlli idi. Birincilər sırasında dağlıq zonada yerləşən Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Gədəbəy və subtropik zonada yerləşən Lənkəran və Astara rayonlarının planlaşma layihələri işlənmişdir. Bu dövrdə istehsalat, nəqliyyat, sosial–mədəni infrastrukturun böyük ərazilər üzrə birləşməsi şəhərsalma məsələlərinin yalnız bir rayon çərçivəsində yox, mikroregionlar (bir neçə rayonun cəmi) şəklində həllini tələb edirdi. Bu tipdə layihələr Azərbaycanda yalnız 70–ci illərin ortalarından işlənməyə başladı.
70–80–ci illərin şəhərsalma işləri həll edilən problemlərin böyük miqyası ilə fərqlənirdi. Azərbaycanda nəzərdə tutulan 14 böyük sənaye müəssisəsinin yerləşdirilməsi şəhərlərin strukturunda və eyni zamanda məskunlaşmanın strukturunda böyük dəyişiklikləri şərtləndirirdi. Buna görə də bir sıra şəhərlərin böyük sürətlə inkişafı nəzərdə tutulurdu.
70–ci illərdə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Əli Bayramlı, Mingəçevir və başqa şəhərlərdə yaşayış zonalarının tikintisi geniş miqyas almışdı. Azərbaycan rəhbərliyi və şəxsən Heydər Əliyev respublikanın memar və inşaatçıları qarşısında çox möhtəşəm bir məsələ qoymuşdu —mənzilə ehtiyacı olanların hamısı 2000–ci ilədək müasir və abad mənzillərlə təmin edilməli idi. 1982–ci ildə respublikada mənzil fondunun ümumi sahəsi təqribən 64 milyon kvadratmetrə çatdırıldı. 70–ci illərdə Bakının ilk beş mikrorayonuna daha dördü əlavə edildi. Yaşayış binalarının və ictimai binaların nomenklaturasının genişlənməsi mikrorayonların memarlıq obrazını müasirləşdirməyə imkan verdi. Geniş və yaşıl həyətli doqquzmərtəbəli binaların yerləşdiyi yığcam yaşayış massivləri salındı.
Şəhərin ən iri yaşayış rayonlarından biri Bakının şərqində salındı. 400 min nəfərin məskunlaşması üçün nəzərdə tutulan bu massivdə aparılan intensiv tikinti işləri qısa müddətdə abad və müasir yaşayış rayonu yaratmağa imkan verdi və minlərlə bakılı pulsuz mənzillər aldı. Mənzil tikintisinin geniş miqyas alması şəhər ərazisinin abadlaşdırılması, uşaq müəssisələri şəbəkəsinin, xəstəxanaların, poliklinika və kino–teatrların tikintisi ilə müşayiət olunurdu.
Kütləvi yaşayış tikililəri bu illərdə öz səviyyəsinə görə əvvəlki illərə nisbətən daha yüksək idi. İndustrial tikililərin inkişafı yaşayış evlərinin tipik layihələr əsasında metodologiyasını mükəmməlləşdirdi və məsələlərin kompleks həllini nəzərdə tutan memarlıq–konstruktiv və texnoloji sistem hazırlandı.
Qeyd edək ki, məhz bu dövrdə memarlıqda plastik və obrazlı ifadəliliyin yeni üsullarının axtarışı başlanır. Bu, hər şeydən əvvəl ictimai və yaşayış binalarının xarici görünüşündə öz əksini tapmışdır. Həmin dövrdə eyvanların, lodjiyaların, şüşəbəndlərin və gündən qoruyucu qurğuların tərtibatında zavod üsulu ilə hazırlanmış elementlərdən istifadə olunurdu. Bu elementlərin üzərində Azərbaycan milli memarlığına xas olan naxışların təkrarlanma üsulları tətbiq edilirdi.
Belə tipli binaların elementlərindən 1970–80–ci illərdə salınmış mikrorayonların yaşayış tikililərində geniş istifadə olunmuşdur. Mikrorayon prinsipi ilə inşa olunmuş bu kompleks tikililər əhalini bütün xidmət növləri ilə təmin edərək, həyat, fəaliyyət və istirahət üçün hər cür şərait yaratmışdır. 1970–ci illərdə inşa edilmiş mikrorayonların hər bir yaşayış kompleksinin öz fərdi ictimai mərkəzi vardır: ticarət mərkəzi, məktəb, məişət obyektləri, idman meydançası.
O dövrün ən uğurlu tikililərindən biri də şəhərin şimalında yerləşən 8–ci mikrorayondur. Rayon əsasən 9 və 16 mərtəbəli binalardan ibarətdir. Çox və az mərtəbəli evlərin dəqiq və ritmik düzülüşü memarlıq məkanının düzgün təşkil olunmasına şərait yaradırdı. Şəhərin şimal–qərbində yerləşən doqquzuncu mikrorayon maraq doğurur. Mikrorayonun daxili mühiti Baki memarlığı üçün xarakterik olan yarıqapalı həyətlərdən ibarətdir. Şimaldan inşa edilən 9 mərtəbəli evlər elə inşa edilmişdir ki, onlar həyətləri şimal küləklərindən qoruyur.
Maraq kəsb edən ərazilərdən biri də 1980–ci illərdə salınan Əhmədli qəsəbəsidir. Əhmədli yüksəkliyinin əlverişli landşaftı şəhərin mənzərəsini seyr etməyə gözəl imkan yaradır. Memarlığı cəhətdən fərqlənən bu qəsəbədə əhaliyə mədəni–məişət və ticarət xidməti göstərmək üçün hər cür şərait təşkil olunmuşdur. Yaşayış rayonu mikrorayonlara bölünmüşdür. Bloklaşdırılmış doqquz mərtəbəli evlər şimal küləklərinin qabağını alan səth rolunu daşıyır. Onlar yarıqapalı ərazi təşkil edir, bu ərazidə uşaq müəssisələri yerləşdirilmişdir. Bloklaşdırılmış beş mərtəbəli evlər isə həyətdaxili küləklərin qarşısını alan ikinci səth təşkil edir. Bloklaşdırma nəticəsində alınan iri həyətlər uşaqların oynamağı və sakinlərin dincəlməyi üçün bütün şərait yaratmışdır.
Azərbaycanın digər şəhərlərində də boş ərazilərdə iri mənzil tikintisi aparılırdı. Gəncədəki Yeni Gəncə, Naxçıvandakı Yeni Naxçıvan mikrorayonları, Sumqayıtdakı 13–cü, 17–ci mikrorayonlar və başqaları memarlıq və kompozisiya həllinə görə ən uğurlu mikrorayonlar hesab edilə bilər.
Qeyd edək ki, bu illərdə insanın həyatı üçün hər cür şəraiti olan bir çox yaşayış kompleksləri salınmışdır. Memarlıq və funksional təyinat nöqteyi–nəzərindən zəngin olan bu tikililər müasir dövrə qədər öz aktuallığını itirməmişdir.
O dövrdə bu müasirliyə səbəb 1969–cu ildə respublikanın rəhbərliyinə cənab Heydər Əliyevin gəlişi ilə Azərbaycan memarlarının yaradıcılıq fəaliyyətində ciddi dönüşün başlanmasıdır. Belə ki, memarlarımız mövcud layihələndirmə və tikinti normalarının ixtiyarsız icraçısı düşüncəsindən tədricən azad olurlar. Artıq respublika çərçivəsində memarlara fərdi yaradıcılıq üçün şərait yaradılırdı.
Bu dövrdə yeni layihələr əsasında fərdi memarlıq siması olan binalar tikilməyə başlanır. Aydındır ki, bu işlər o dövrlərdə şəxsi və dövlətçilik məsuliyyəti səviyyəsində aparılırdı. Memarlığımızın qızıl fonduna daxil olmuş bina və komplekslər sırasında: Prezidentin Rezidensiyası, Prezident Aparatı, Milli Təhlükəsizlik Komitəsinin binalarını, şəhərin mərkəzi “Azadlıq” meydanındakı kompleksi, “Gülüstan sarayı”, “Respublika” sarayı, Bakı Kondisioner zavodu, Dərin Özüllər zavodu, 316 metrlik televiziya antenası qülləsini, “Elektroterm” zavodunu, Neft daşlarında ictimai və yaşayış binaları kompleksini, Tbilisi prospektinə çıxan idman sarayı kompleksini, “Şərq bazarı” kompleksini və başqalarını göstərmək olar.
Respublikada sənayenin inkişafı da Heydər Əliyevin əsas qayğılarından biri idi. İstehsalın artırılması üçün müasir texnologiya, ən yeni texniki avadanlıqlar və yüksək səviyyəli təmizləyici sistemlərlə təchiz edilmiş yeni sənaye qurğularının tikilməsi tələb olunurdu. Bu cür sənaye qurğularının çoxu Bakıda ucaldılırdı. “Azərbaycan” nəşriyyatının qəzet korpusunu, Bakı ayaqqabı fabrikini, Şampan şərabı zavodunu, Mərkəzi şəhər Telefon stansiyasının binasını və başqalarını bu cür obyektlərə aid etmək olar.
Bakı Məişət Kondisionerləri Zavodu arxitektura baxımından ən maraqlı sənaye müəssisələrindən biridir. Heydər Əliyev bu zavodun inşasına xüsusi diqqət yetirir, tikintinin gedişi ilə müntəzəm maraqlanırdı. 1975–ci ilin dekabr ayında zavod istifadəyə verildi.
Sumqayıt sənaye rayonunda da inşa edilən obyektlərin sayı artmışdır. Məsələn, Superfosfat zavodunun ərazisində 180 metr hündürlüyündə qülləsi olan “kükürd əsasında əldə edilən sulfat turşusunun istehsalı” kompleksi, Neft–kimya kombinatının ərazisində isə “Xlor və kaustik sodanın civə metodu ilə istehsalı” komplekslərinin tikintisi başlanmışdır. Sexlərin və sahələrin memarlıq həcmi–planlaşdırma həlləri, məişət binalarındakı otaqların, inzibati və xidməti təmir sexləri texnoloqların nəzərdə tutduqları müasir sxemlərinə əsasən həll edilmişdir.
Sənayenin inkişafı ilə yanaşı, o dövrdə hələ böyük aktuallıq kəsb etməyən ətraf mühitin qorunması problemləri də həll olunmağa başlamışdır. Azərbaycan şəhərlərinin yaşıllaşdırılması prosesi 70–80–ci illərdə böyük sürət və geniş miqyas almışdır. Ölkənin tarixində heç zaman bu işlərə belə böyük diqqət yetirilməmişdir. Ətraf mühitin təmizlənməsi, ekoloji tarazlığın bərpa edilməsinə, təbii iqlim şəraitinin yaxşılaşmasına və nəhayət insanların həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş bu fəaliyyət ölkə başçısı Heydər Əliyevin ölkədə apardığı quruculuq və abadlaşma işlərinin bir hissəsi idi. 1960–cı illərdə Bakı şəhərində bütün yaşıllıqların sahəsi 1160 hektar olduğu halda 1975–ci ildə bu rəqəm 5500 hektara, 1980–ci ildə isə 9520 hektara çatdırılmışdır.
1971–ci ildə qəbul edilmiş Azərbaycan KP MK–nın və Nazirlər Sovetinin Bakı şəhəri və Abşeron yarımadasının yaşıllaşdırılmasına yönəlmiş tədbirlər haqqında qərarında bu vacib məsələnin kompleks həlli qarşıya qoyulurdu. Bu qərara əsasən böyük parklar və meşə–parkların salınmasına başlanmışdır. Yaşıllaşdırma tədbirləri şəhərlərin müxtəlif rayonlarında və qəsəbələrində aparılaraq yarımadada meşə–park zolaqlarının yaradılması ilə ərazinin mikroiqliminin yaxşılaşmasına, havanın təmizlənməsinə, ətraf mühitin dəyişməsinə istiqamətlənmişdir.
Şəhərin cənubunda salınmış Xalqlar Dostluğu parkı, 8–ci kilometr və Bakıxanov qəsəbəsi arasında, Qaraçuxur qəsəbəsi yanında, Qanlı göl ətrafında, Binə hava limanı ətrafında, Yeni Suraxanı, Badamdar, Bülbülə qəsəbəsində yeni yaşıllıq sahələri yaradılmış, mövcud parkların ərazisi isə böyüdülmüşdür. Şəhərin içərisində aparılan yaşıllaşdırma və abadlaşdırma işlərindən Bakı bulvarının, Respublika stadionunun ətrafındakı parkın, Nizami parkının, Dağüstü parkın landşaft memarlığı daha diqqətəlayiq idi.
Yaşıllıqların artırılması üçün tək Bakıda yox, respublikanın başqa şəhərlərində də mühüm işlər görülürdü. Naxçıvanda Möminə Xatun türbəsinin ətrafında, Gəncədə Yeni Gəncə yaşayış massivində, Sumqayıtda dənizkənarı parkda landşaft memarlığının tələblərinə uyğun ağacəkmə işləri aparılır, yaşıllaşdırılmış sahələr artır və səliqəyə salınırdı. 70–ci illərdə Mingəçevir, Əli Bayramlı, Yevlax şəhərlərinin yaşıllıq zonalarının sahəsi artırılmış, bir sıra şəhərlərin mərkəzi meydanlarında memarlıq–abadlaşma və yaşıllaşdırma işləri daha uğurla və harmonik həll edilmişdir.
Landşaft quruculuğuna böyük həvəslə yanaşan ölkə rəhbərinin səyi nəticəsində bu dövrdə bütövlükdə Azərbaycan şəhərlərinin siması dəyişmiş, onlar əvvəlkindən daha gözəl və yaşayış üçün daha əlverişli və rahat olmuşdur. Aparılan genişmiqyaslı işlər bugünkü abadlaşma və mikroiqlimin yaxşılaşmasına yönəlmiş fəaliyyət üçün əsas yaratmışdır.
Bu illərin daha bir böyük layihəsi Xəzər sahillərinin şimal hissəsində kurort zonasının yaradılması idi. Həmin zona Qara Dəniz sahillərindən sonra II böyük sağlamlıq və istirahət mərkəzinə çevrilməli idi. Bütövlükdə bu dövrdə kurort tikintisinə də böyük diqqət yetirilirdi.
Müharibədən sonrakı dövrdə, 50–60–cı illərdə əhalinin müalicəsi və istirahəti üçün respublikada kurortlar tikintisinin inkişafı haqqında qərar qəbul edilmişdir. 1958–ci ildə “Kurort mənbələrinin istifadəsi və gələcək kurort tikintisi haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Nazirlər Sovetinin birgə qərarı qəbul edilmişdir. Bu qərar Kəlbəcərin İsti–su və Naftalan kurortlarının inkişafına, Abşeronda yeni istirahət evlərinin inşasına təkan verdi. Ancaq bu dövrdə qəbul edilmiş qərarların çoxu həyata keçirilməmiş və ya aşağı səviyyədə həll olunmuşdur.
Yalnız 70–ci illərdə kurort tikintisi geniş miqyasda aparılmağa başlandı və onun inkişafı elmi əsasda istiqamətləndirildi. Respublikanın rəhbəri Heydər Əliyevin göstərişinə əsasən və Dövlət Tikinti Komitəsinin sifarişi ilə Moskvanın Mərkəzi Kurortlayihə Elm–tədqiqat və layihə İnstitutu tərəfindən “Azərbaycanda 2000–ci ilə qədər sanator–kurort şəbəkəsinin inkişafının texniki–iqtisadi əsaslandırılması və istiqamətləri” layihəsi hazırlandırılmışdır. Bu iş respublikanın təbii–iqlim, hidromineral, müalicəvi palçıq və başqa balneoloji sərvətlərinə əsaslanaraq kurort sahəsinin uzunmüddətli inkişaf proqramının yaradılmasına səbəb olmuşdur.
Elmi–tədqiqat və layihə işlərinin əsasında Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən Azərbaycanda kurortların inkişafına dair geniş təkliflər hazırlanmış və onlar Sov. İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun 28 aprel 1983–cü ildə qəbul etdiyi “Azərbaycan Respublikasının ərazisində Xəzər dənizinin sahilində ümumittifaq kurort zonasının yaradılması və bununla bağlı tədbirlər haqqında” qərarında öz əksini tapmışdır.
Xəzər dənizi sahilində yaradılması planlaşdırılan dənizkənarı kurortların beynəlxalq səviyyədə olması nəzərdə tutulurdu. Bu istiqamətdə respublika layihə institutlarına kurort zonaların layihələndirilməsilə bağlı tapşırıqlar verilmişdir. “Azdövlətlayihə” İnstitutu tərəfindən Yalama–Nabran kurort zonasının layihəsi hazırlanmışdır. Azərbaycanın “Kurortlayihə” İnstitutu tərəfindən bir sıra ayrı–ayrı kurort komplekslərinin və sanatoriyalarının layihələri hazırlanmışdır. 1982–ci ildə Yalama–Nabran zonasında 500 yerlik sanatoriya və 500 yerlik mehmanxana binalarının layihələrinin işlənməsi üçün respublika miqyaslı müsabiqə elan edilmişdir. Bu müsabiqədə respublikanın bütün qabaqcıl institutları iştirak etmiş və çox yüksək səviyyəli layihələr hazırlanmışdır. 80–ci illərdə qeyd olunan proqramların qəbul edilməsi nəticəsində kurort tikintisində böyük dirçəliş başlanmışdır. 1989–91–ci illərdə SSRİ–nin dağılması ilə əlaqədar bu işlər dayandırılmışdır. Bu gün müstəqilliyimizin bərpası dövründə bu məsələ yenə də gündəmdədir. Hazırda Xəzər sahillərinin müasir səviyyəli kurort zonasına çevrilməsi üçün bir sıra vacib işlər görülür.
Təhsilə böyük qayğı ilə yanaşan Heydər Əliyev memarlıq və şəhərsalma sahəsində gələcəkdə yaradıjı gənc kadrların hazırlanmasının vacibliyini ön plana çəkərək Azərbaycanda savadlı və qabiliyyətli memar və inşaat mühəndisləri hazırlanması məqsədi ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması zərurətini görürdü.
İnşaata, memarlığa, ümumiyyətlə quruculuq işlərinə çox böyük əhəmiyyət verən müdrik dövlət xadimi Cənubi Qafqazda ilk İnşaat İnstitutunun yaranması təşəbbüsü ilə Sovetlər ölkəsinin rəhbərliyinə müraciət etdi və öz nüfuzu və iradəsilə bu qərarın verilməsinə nail oldu. 1975–ci ildə yaranan institut Azərbaycanda inşaat kompleksinin inkişafı üçün və bütövlükdə iqtisadiyyatımız üçün çox vacib olan mütəxəssisləri yetişdirməyə başladı. İnstitutun əsasını Politexnik İnstitutundan ayrılan dörd inşaatyönümlü fakültələr: memarlıq, inşaat, hidromeliorasiya və yol inşaatı fakültələri təşkil etdi. Qısa müddətdə onlara daha iki fakültə —inşaat–texnologiyası və sanitariya–texnikası fakültələri əlavə olundu, sonralar isə iqtisadiyyat fakültəsi yarandı. Yeni institutun maddi–texniki bazası qurulmağa başladı.
Heydər Əliyev institutun inkişafı ilə daim maraqlanır, yeni korpusların inşasını nəzarətdə saxlayırdı. Tezliklə bu institut üçün 13 mərtəbəli tədris korpusunun tikintisi başlandı. O dövrdə bu ən böyük ali məktəb binası idi. Həmin illərdə daha bir çoxmərtəbəli binanın inşası başlandı. Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin dəstəyilə hidromeliorasiya fakültəsinin 12 mərtəbəli binası 1985–ci ildə istifadəyə verildi. Tədris korpuslarında yeni laboratoriyalar, ixtisaslaşmış auditoriyalar yaradılır, həmin dövr üçün ən müasir avadanlıqla təchiz edilirdi.
Eyni zamanda tələbə şəhərciyində də geniş inşaat işləri aparılırdı. İki doqquzmərtəbəli yataqxana binasının tikilib istifadəyə verilməsi yüzlərlə gəncin təhsil dövründə yaşayış problemini həll etdi. Tələbə şəhərciyində böyük yeməkxana, tələbə klubu, idman zalı və meydançalar yaradıldı. İnkişaf edən institutun tək maddi–texniki bazası deyildi. Respublika rəhbərliyinin dəstəyi və qayğısı nəticəsində tələbə sayı ilbəil artır, kadr potensialı güclənirdi. 1980–ci ildə bu təhsil müəssisəsinin artıq 10 minə yaxın tələbəsi var idi.
İnstitutun professor–müəllim heyəti də
böyüyür və güclənirdi. Sovetlər ölkəsinin
aparıcı ali məktəblərində
—Moskva Memarlıq İnstitutunda, Moskva, Kiyev, Leninqrad
İnşaat İnstitutlarında Heydər Əliyevin göndərişi
ilə ali təhsil, yaxud elmi dərəcə alan gənc
mütəxəssislər və alimlər yeni yaradılan
instituta müəllimlik fəaliyyətinə cəlb edilərək
yüksəkixtisaslı mütəxəssis
hazırlığına öz töhfələrini verirdilər.
Ölkədə genişmiqyaslı tikinti–quruculuq işləri
həyata keçirən Heydər Əliyev memar və
inşaatçı mütəxəssislərin yetişdirilməsi
ilə yanaşı, sahə elminin inkişafına da
böyük önəm verirdi.
“Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni
təcrübə ilə birləşdirən, fikirlərini tətbiq
edə bilən və onlardan əməli nəticə
götürə bilən, cəmiyyətə, ölkəyə,
xalqa konkret fayda gətirən insanlar alimlərin
sırasında xüsusi yer tuturlar” nəzəriyyə və
təcrübənin vəhdətinə xüsusi önəm
verən ulu öndərimiz alimlərimizin diqqətini
müasir şəhərsalmanın, memarlığın və
inşaatın problemlərinə yönəldir, tədbiqi
elmlərin inkişafına yüksək önəm verirdi.
Eyni zamanda Azərbaycan memarlığının
tarixini öyrənməyə, tarixin daş yaddaşında
qorunub saxlanmış Azərbaycan memarlığının
incilərini milli sərvətimiz kimi tədqiq etməyə və
bərpa edərək gələcək nəsillərə
çatdırmağa çağırırdı.
Beləliklə, həyata keçirilən işlərin
miqyasına və əhəmiyyətinə görə
tariximizdə fərqlənən 1970–1980–ci illərdə Azərbaycanda
yeni, o dövr üçün qabaqcıl memarlıq və
şəhərsalma fəaliyyəti həyata keçirilirdi. Bu fəaliyyəti
geniş miqyasıda təmin etmək üçün Sovetlər
ölkəsinin mərkəzi orqanları tərəfindən
müvafiq qərarların qəbul edilməsi və vəsait
ayrılması da çətin və mürəkkəb məsələ
idi. Yaradıcılıq, quruculuq işlərinə
böyük önəm verən Heydər Əliyev möhkəm
iradəsi və böyük zəhməti, hesabına belə
qərarların qəbul edilməsinə nail olur və
onların həyata keçməsi üçün nəhəng
təşkilatçılıq işləri
görürdü. Məhs Heydər Əliyevin
siyasi rəhbərlik istedadı, uzaqgörənliyi və qətiyyəti
nəticəsində bu dövrdə memarlıq və şəhər
quruculuğu sahəsində Azərbaycan böyük
uğurlara nail olmuşdur. Bütün
bunlar XX əsrin 70–80–ci illərini Azərbaycanın
memarlıq və şəhərsalma tarixində Heydər Əliyev
dövrü adlandırmağa əsas verir.
Gülçöhrə MƏMMƏDOVA,
Az. MİU–nun rektoru, memarlıq
doktoru, professor.
Respublika.-2013.-8 may.-S.10.