Azərbaycan Heydər Əliyev yolu ilə
yeni zirvələrə doğru addımlayır
“Heydər Əliyev bütün ömrü boyu
xalqına, vətəninə sədaqətlə xidmət
etmişdir. Müasir Azərbaycanın tarixinin
bütün səhifələrində, istər iqtisadiyyat, istər
xarici siyasət, istər elm və mədəniyyətdə
onun silinməz izlərini görürük. Ölkəmizin
bugünkü uğurları, bugünkü nailiyyətləri,
müstəqilliyimizin güclənməsi Heydər Əliyev
yolunun, Heydər Əliyev azərbaycançılıq
ideyasının davamıdır”.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti.
Xalqımız bugünkü nailiyyətləri əldə
edənədək çətin, mürəkkəb, ancaq
şərəfli bir yol keçmişdir. Tarixən bu
yolda onun çoxsaylı bələdçiləri, sərkərdə
və liderləri olmuş, onu öz milli ideallarına
çatdırmaq üçün hünər və fədakarlıqlar
göstərmişlər. XX–XXI əsrlərin qovuşuğunda
Azərbaycanın gələcəyini müəyyən etmək,
xalqı öz dühasının və qəlbinin
işığı ilə azadlıq və müstəqillik
yoluna çıxararaq bu yolda zəfərdən–zəfərə
doğru addımlamağa ruhlandırmaq, bu yolda onun öndəri
olmaq kimi qəhrəmanlıq missiyasını Uca Tanrı
müqəddəs adı ilə hər zaman
öyündüyümüz Heydər Əliyevə nəsib
etmişdir.
Xalqa öndərlik, yola bələdçilik —həm
ağıl, təcrübə, uzaqgörənlik, həm də
böyük ürək, cəsarət, igidlik tələb
edir. Məhz güclü və qüdrətli liderin
olmaması səbəbindən xalqımız tarixin bəzi məqamlarında
ciddi bəlalarla üzləşmiş, mərhumiyyət və
itkilərə məruz qalmışdır. Heç
uzağa getməyək: iyirminci əsrin son onilliyi başlarkən
öz müstəqil dövlətçiliyini bərpa etmək
imkanı qazanmış Azərbaycanın bu baxımdan
hansı bəlalarla üzləşdiyini yada salaq. Nəhəng imperiyanın—İttifaq dövlətinin
siyasi–ideoloji süqutu nəticəsində müstəqillik
yoluna çıxmış xalqımız çox çətin
vəziyyətdə qalmışdı. Həmin vaxt
respublikanın əldən–ələ keçən rəhbərliyindəki
milli inkişaf strategiyasına malik olmayan, gələcəyi
görməyən, siyasi cəhətdən yetkinləşməmiş,
idarəçiliyi bacarmayan şəxslər nəinki Azərbaycanın
müstəqillik yoluna bələdçilik etmək
iqtidarında deyildilər, üstəlik bu yolun əsasını
qoymuş, bu yolda misilsiz fədakarlıqlar göstərmiş
dahi şəxsiyyət Heydər Əliyevə qarşı bədxah
mövqe tuturdular. Amma xalqımızın iradəsi,
öz qəhrəman oğluna məhəbbəti, onu Azərbaycanın
müstəqillik yolunun yenilməz öndəri və bələdçisi
görmək istəyi qısa bir vaxtda tarixi haqq–ədaləti
bərqərar etdi. Məhz Heydər Əliyev müstəqil
dövlətimizi sabaha aparan çətin, mürəkkəb,
kəşməkəşli, ancaq aydın, işıqlı
yola çıxardı…
Tarixi
haqq–ədalət bunda idi ki, hələ 1969–82–ci illərdə
respublikaya rəhbərlik etdiyi, 1982–87–ci illərdə
keçmiş İttifaq dövlətində ali
vəzifə tutduğu dövrdə ulu öndər Heydər Əliyev
Azərbaycanın gələcək müstəqilliyinin
möhkəm bünövrəsini qoymuş,
xalqımızın həyatının bütün sahələrində
böyük tərəqqiyə, həmçinin milli
şüurun oyanışına nail olmuşdu. Amma
bu on səkkiz illik quruculuq, yaradıcılıq salnaməsinin
hər səhifəsi ulu öndərimizin fitri təşkilatçılıq
istedadı, müdrik və uzaqgörən siyasəti, misilsiz əmək
şücaəti, qətiyyəti, cəsarəti, qəhrəmanlığı
sayəsində yazılmışdır.
“Qətiyyətlə bildirmək olar ki, 60–cı illərdə
respublika iqtisadiyyatı bütövlükdə dərin və
uzunmüddətli böhran mərhələsinə qədəm
qoymuşdu. Yaranmış ağır vəziyyətdən
çıxış yolu tapılmalı, iqtisadiyyatın
inkişafı üçün prinsipial cəhətdən
yeni konseptual yanaşma yolları işlənib
hazırlanmalı, xalq təsərrüfatında köklü
struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq
və iqtisadi həvəsləndirmədə təzə
metodlar tətbiq edilməli idi”. Bu sözləri
ulu öndərimiz Azərbaycana ilk dəfə rəhbər
seçildiyi dövrü və həmin dövrdə
qarşıda duran vəzifələri səciyyələndirərkən
demişdir. Sosial–iqtisadi durumuna və əhalisinin
yaşayış səviyyəsinə görə
keçmiş İttifaqın geridə qalmış
respublikalarından sayılan Azərbaycanda rəhbərliyə
Heydər Əliyev kimi xüsusi xidmət orqanında çox
gərəkli iş təcrübəsi qazanmış, cəmiyyət
həyatının ən dərin qatlarına və
siyasi–ideoloji idarəçilik prinsiplərinə yaxşı
bələd olan, cavan, təşəbbüskar, iradəli
şəxsin seçilməsi xalqımıza Uca
Tanrının ən böyük hədiyyəsi oldu. Bu, əsarətdə
saxladığı millətlərin azadlıq arzusunu hər an boğmağa çalışan imperiya ilə
qan yaddaşında müstəqillik ideyasını yaşadan
xalqın istək və məqsədinin üst–üstə
düşdüyü bəlkə də nadir, bənzəri
olmayan bir hadisə idi. Azərbaycanda hakimiyyət
sükanının millətini, xalqını tükənməz
bir məhəbbətlə sevən və bu sevgini bər–bəzəkli
sözlərlə, gəlişigözəl şüarlarla
deyil, əməli fəaliyyəti, işi ilə əyani
şəkildə sübuta yetirən güclü, xarizmatik bir
şəxsiyyətin əlində olması çox tezliklə
öz nəticəsini verdi.
Heydər
Əliyev respublikanın iqtisadi strukturunda köklü dəyişiklik
etmək, onu İttifaq dövlətinin xammal
istehsalçısından müasir texnika və texnologiya ilə
təchiz olunmuş sənaye bazasına çevirmək, aqrar
sahəni dirçəltmək, neft mədənlərinin
çirkləndirdiyi paytaxt Bakını təmiz, abad və
yaşıllıqlarla əhatələnmiş gözəl
bir şəhər kimi tanıtmaq, xalqın güzəranını
yaxşılaşdırmaq, səhiyyəni, mədəniyyəti,
təhsili sürətlə inkişaf etdirmək, ən
başlıcası, milli–mənəvi ruhu yüksəltmək
kimi titanik səy və misilsiz bacarıq tələb edən
çox böyük vəzifələri cəsarətlə
yerinə yetirdi.
Azərbaycana rəhbərliyinin birinci dövründə
ulu öndərimizin apardığı vüsətli quruculuq
işləri, sosial–mədəni islahatlar xalqımızın
milli mənlik şüurunu oyatdı, totalitar rejimin təzyiqlərinə
baxmayaraq, azərbaycançılıq məfkurəsinin bir
milli ideologiyaya çevrilməsinə münbit zəmin
yaratdı.
Sovetlər Birliyində Heydər Əliyevin rəhbərliyi
dövründə Azərbaycanın aparıcı mövqeyə
çıxıb nüfuz qazanması hər bir
soydaşımız üçün qürur mənbəyi
oldu və ürəklərdə azadlıq, müstəqillik
arzusunun baş qaldırmasına rəvac verdi.
İstiqlal tariximizdən danışarkən bu
faktorun nə qədər əhəmiyyətli olduğunu
xüsusi qeyd etmək lazımdır. Məhz
elə həmin vaxtdan Heydər Əliyev öz xalqının
lideri, millət fədaisi və öndəri olduğunu əməli
fəaliyyəti ilə göstərdi və Azərbaycanın
gələcək müstəqilliyi üçün möhkəm
bünövrə qoydu.
Təhlilçilər
tarixi faktlar əsasında sübuta yetirmişlər ki,
dünya sosializm sisteminin və İttifaq dövlətinin
süqutu zamanı müttəfiq respublikalar arasında Azərbaycan
öz iqtisadi potensialı ilə müstəqil yaşamağa
qadir ola biləcək ikinci respublika idi.
1991–ci il oktyabrın 18–də Dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunarkən
Azərbaycanın müstəqil bir dövlət kimi
bütün maddi resursları vardı.
Heydər
Əliyev İttifaq dövlətinin rəhbərliyində
işlədiyi beş il ərzində
dünya siyasətinin ən nüfuzlu nümayəndələri
sırasında özünə möhkəm yer tutdu, vətənimizin
və xalqımızın adını və şərəfini
misilsiz bir yüksəkliyə qaldırdı. Bu,
Azərbaycanın qüdrətli oğlunun tarixin
yaddaşına əbədi yazılmış fatehlik manifesti
idi. Böyük siyasətdə
olmadığı və haqsız təqiblərə məruz
qaldığı dövrdə belə Heydər Əliyevin
adı təkcə öz xalqının deyil, keçmiş
İttifaq hüdudlarında yaşayan yüzlərlə
xalqın əfsanəvi qəhrəmanı, əsl
xilaskarı kimi iftixarla çəkilirdi.
Doğma
xalqının tükənməz sevgisini, məhəbbətini
qazanmış, dünya siyasətinin görkəmli
simalarından biri kimi böyük nüfuza malik Heydər Əliyevi
İttifaq dövlətinin rəhbərliyində tutduğu
yüksək vəzifədən uzaqlaşdırandan sonra ermənipərəst
və imperiyaçı qüvvələr, onların
başında duran Qorbaçov Azərbaycan torpaqlarını
bölmək, parçalamaq niyyətlərini həyata
keçirməyə çalışırdılar.
Möhtərəm
Prezidentimiz cənab İlham Əliyev öz
çıxışlarının birində həmin
dövrü səciyyələndirərkən demişdir:
“1987–ci ildə Heydər Əliyev Sovet İttifaqının
siyasi rəhbərliyindən uzaqlaşdırılandan sonra Azərbaycanın
problemləri başlamışdır. Ondan iki həftə
sonra erməni lobbisi tərəfindən başlanmış
kampaniya nəticəsində Dağlıq Qarabağı Azərbaycandan
ayırıb Ermənistana birləşdirmək ideyası
ortaya qoyulmuşdur. Bu ideya ətrafında
Ermənistan və onun havadarları Azərbaycana qarşı
işğalçı siyasətini başlamışdır.
Heydər Əliyev amili, onun gücü imkan
vermirdi ki, belə iddialar ortaya qoyulsun. Onun
istefasından iki həftə sonra bu planlar reallaşmağa
başlamışdır”.
1988–ci
ilin fevralında Sumqayıtda erməni millətçiləri
tərəfindən törədilən təxribat, azərbaycanlıların
öz tarixi ərazilərindən qovulub
çıxarılması, 1990–cı ilin yanvarında
xalqımıza qarşı edilən amansız təcavüz,
1992–ci ildə Xocalıda soydaşlarımızın məruz
qaldığı genosid, az sonra Şuşanın,
Laçının, Kəlbəcərin işğal altına
düşməsi və beləliklə, Dağlıq
Qarabağ ilə Ermənistan arasında coğrafi
bağlantının yaranması—bütün bunları və
digər saysız–hesabsız bəlaları xalqımız məhz
Heydər Əliyevin görünməmiş təzyiqlərlə
siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra
üzləşmişdir.
Ulu öndərimizin qanlı Yanvar faciəsi ilə
bağlı verdiyi kəskin bəyanat artıq Azərbaycan
tarixində yeni siyasi dövrün
başlandığını bildirirdi. O, Kommunist Partiyası
sıralarından çıxmasına dair ərizəsində
kommunist rejiminin ölkəni uçuruma
apardığını, SSRİ–nin dağılmasının
labüdlüyünü açıq bəyan etmişdi. Ulu öndərimizin Azərbaycan parlamentindəki
çıxışları, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri olarkən qəbul etdiyi
qərarlar və Naxçıvan Ali Məclisinin binası
üzərində üçrəngli
bayrağımızı ucaltması suverenliyin
qazanılması istiqamətində atılmış ilk
addımlardandır.
Xoşbəxtlikdən Azərbaycan xalqı müdriklik
göstərərək 1993–cü ildə vətəndaş
müharibəsi gedə–gedə ulu öndəri siyasi rəhbərliyə
dəvət etmiş, gənc müstəqil dövləti
düşdüyü böhrandan, ağır və çətin
vəziyyətdən çıxarmaq üçün
bütün ümidlərini ona bağlamışdır.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
90 illik yubileyi haqqında” Azərbaycan Respublikası
Prezidentinin sərəncamında qeyd olunduğu kimi, dahi Heydər
Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik
tarixində müstəsna yeri vardır. Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur. Məhz Heydər Əliyevin
fəaliyyəti nəticəsində Azərbaycan
özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başlamış və dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə
çevrilmişdir.
Tənəzzülə
uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya,
işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla
üz–üzə qalmış Azərbaycanı Heydər Əliyev
qısa bir zamanda iqtisadi və mədəni yüksəliş
yolu tutan, xarici sərmayələrə açıq olan və
böyük beynəlxalq layihələrə qoşulan ölkəyə
çevirə bildi.
Ulu öndərin müstəqil dövlətimizə rəhbərlik
etdiyi on ildə Azərbaycanda bir neçə on illərin
işi görüldü. Cəmiyyətimizin
demokratikləşməsi prosesi başlandı, söz və mətubat
azadlığı bərqərar oldu, azad iqtisadiyyatın təməli
qoyuldu, sosial tərəqqi üçün əsaslar müəyyənləşdirildi,
ən başlıcası, Qarabağ münaqişəsinin
sülh yolu ilə və xalqımızın mənafeyinə
uyğun həlli üçün şərait yarandı.
Ulu öndərimizin qurduğu müasir, müstəqil
Azərbaycan dövləti dünya birliyində öz yerini
tutdu və mövqelərini möhkəmlətdi.
Heydər Əliyevin qurub–yaratdığı və bizə
əmanət etdiyi müasir, müstəqil Azərbaycan indiki
inkişaf səviyyəsinə gəlib çıxanadək
çox çətin və mürəkkəb bir yol
keçmişdir. Dövlət müstəqilliyinin bərpası
ərəfəsində və istiqlaliyyətin
qazanıldığı ilk illərdə ölkəmizin
hansı bəlalarla üzləşdiyini xatırladıqca,
bugünkü nailiyyətlərimizin hansı ağır zəhmət,
hünər və cəsarət, müdriklik və uzaqgörənlik
hesabına başa gəldiyini daha yaxşı dərk edirik.
Heydər Əliyevin qurduğu dövlətin
iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət
mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi.
Ulu öndərimizin yaratdığı möhkəm təməl
üzərində zəngin, qüdrətli və daim
çiçəklənən bir dövlət qurmaq möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin qətiyyət və
ardıcıllıqla apardığı daxili və xarici siyasətin
başlıca məqsədidir. Dəqiq işlənmiş,
mükəmməl proqramlar əsasında həyata
keçirilən islahatlar və genişmiqyaslı quruculuq
işləri bu məqsədin gerçəkləşməsinə
imkan verir.
Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin
əsaslarının qurulduğu, müxtəlif siyasi
partiyaların sərbəst fəaliyyət göstərdiyi,
yüzlərlə senzurasız qəzet və jurnalın nəşr
olunduğu, eləcə də çox sayda özəl
telekanalların yayımlandığı və internet şəbəkəsi
istifadəçilərinin sayının sürətlə
artdığı bir ölkədir.
Öz
siyasi dühası ilə Azərbaycanın müasir
simasını müəyyənləşdirən,
xalqımızın taleyində silinməz izlər qoyan ulu
öndər Heydər Əliyevin siyasəti nəticəsində
əldə olunan misilsiz nailiyyətlər respublikamızın
şəhər və rayonlarının daim yeniləşməsində
və sürətlə modernləşməsində,
iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və
səhiyyədə, eləcə də ictimai–siyasi həyatımızda
parlaq şəkildə öz əksini tapmışdır.
Ölkə həyatının bütün sahələrində
qazanılan mühüm nailiyyətlər xalqımızın
yaşayış səviyyəsinin durmadan yüksəlməsinə,
demokratik inkişafa, dövlətimizin regional lider kimi beynəlxalq
aləmdə nüfuzunun artmasına xidmət edir.
Ulu öndərdən sonra müstəqil dövlətimizin
sükanının etibarlı əllərdə olması
xalqımızın ən ülvi arzusu idi və möhtərəm
Prezident cənab İlham Əliyevin coşqun və vüsətli
quruculuq fəaliyyətinin misilsiz bəhrələri bu
arzuların doğrulduğunu aydın bir şəkildə
göstərir. “Biz—ulu öndərin
davamçıları elə etməliyik ki, onun siyasi xətti
Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm. Son doqquz ilin təcrübəsi göstərir ki, biz
bu siyasətə sadiqik. Heydər Əliyevin
siyasi vəsiyyətinə sadiqik. Çünki
2003–cü ilin sonlarında o demişdir ki, mənim tərəfimdən
başlanan işlərə mənim davamçılarım yekun
vuracaqdır”—möhtərəm İlham Əliyevin bu sözləri
ulu öndərin layiqli davamçılarının həyat
manifestidir.
Azərbaycan
Prezidenti vəzifəsində fəaliyyətə başlayarkən
bəyan etdiyi ideya və məqsədləri uğurla
gerçəkləşdirən möhtərəm İlham Əliyev
qısa müddətdə sosial–iqtisadi inkişafın sürətləndirilməsinə
nail olmuşdur. Ulu öndərin
başladığı işlərin davam etdirilməsi,
xüsusən, yeni neft strategiyasının həyata
keçirilməsi və Bakı–Tbilisi–Ceyhan neft kəmərinin
istismara verilməsi ölkəmizin qarşısında
geniş inkişaf perspektivləri açmışdır.
Dövlətimizin başçısı
xalqın milli sərvəti olan neftdən əldə edilən
gəlirlərin qeyri–neft sektorunun, sahibkarlığın və
iqtisadiyyatın digər sahələrinin inkişafına,
sosial problemlərinin həllinə, təhsil və mədəniyyətin
yüksəlişinə, infrastruktur sahələrinin sürətlə
yeniləşməsinə yönəltmişdir.
Möhtərəm Prezidentin təşəbbüsü və
rəhbərliyi ilə işlənib hazırlanmış
dövlət proqramlarının icrası bütün sahələrdə
misilsiz bir canlanma, işgüzarlıq ovqatı
yaratmışdır. Bu vüsətli quruculuq əhval–ruhiyyəsi
yol–nəqliyyat kompleksində, xüsusilə də avtomobil nəqliyyatı
və yolları sahəsində özünü xüsusilə
aydın şəkildə göstərir.
“Yol olmayan yerdə inkişaf da yoxdur”,—deyən möhtərəm
Prezidetimiz infrastruktur sahələrində, o cümlədən
yol təsərrüfatında aparılan quruculuq işlərini
ölkəmizin və onun regionlarının
inkişafının birinci şərti kimi dəyərləndirir. Dövlətimizin
başçısının təşəbbüsü və
birbaşa rəhbərliyi ilə Azərbaycanı üç
qonşu ölkə ilə birləşdirən magistral
yolların tikintisi və bərpası sürətlə davam
etdirilir. Üstəlik, daxili yolların yenidən
qurulması sahəsində də fəal iş
aparılır.
Respublikamızın şəhərlərini birləşdirəcək
yeni yolların layihələri hazırlanır,
paytaxtımızın yol–nəqliyyat infrastrukturu yeniləşdirilir
və təkmilləşdirilir. Özü də möhtərəm
Prezidentimizin tələbi ilə görülən
bütün işlərin beynəlxalq standartlara cavab verməsi
təmin olunur.
Nazirlər
Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının
yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında möhtərəm Prezident cənab
İlham Əliyev son illərdə yol infrastrukturunun yeniləşdirilməsi
sahəsində çox işlər
görüldüyünü vurğulayaraq demişdir:
“…Magistral yollarımızı böyük dərəcədə
bərpa edə bilmişik və yeni yollar
salınıbdır. İndi bütün
magistral yollarda işlər gedir və bu işlər artıq
tamamlanır. Bununla bərabər, şəhərlərarası
yolların çəkilişi də gedir. Bu sahəyə
də bu il vəsait qoyulacaqdır. Biz artıq bir neçə ildir ki, kənd
yollarının çəkilişi ilə çox ciddi məşğul
olmağa başlamışıq. Bütün
rayonlarda bu layihələr icra edilir. Bu
layihələrin icrası rayonlardan gəlmiş sifarişlər,
əhalidən gələn müraciətlər əsasında
təşkil edilibdir. İlk növbədə,
biz çalışmışıq ki, əhalinin ən
çox məskunlaşdığı kəndlərimizi yeni
yollarla təmin edək. Kəndlərarası
yolların çəkilişi geniş vüsət
almışdır. Keçən il
bu məqsədlər üçün həm dövlət
büdcəsindən, həm Prezidentin ehtiyat fondundan yüz
milyon manatdan artıq vəsait ayrılmışdır. Bu il də bu məbləğ ondan az
olmamalıdır. Çalışmalıyıq
ki, yaxın illərdə bütün kənd yollarını
tikək”.
2006–2015–ci
illər ərzində respublika əhəmiyyətli 3578
kilometr, yerli əhəmiyyətli 5928 kilometr avtomobil yolunun
yenidən qurulması və əsaslı təmiri, Bakı
şəhərində nəqliyyat tıxaclarının aradan
qaldırılması və əhaliyə göstərilən
nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi
məqsədi ilə müxtəlif yol qovşaqlarında yol
ötürücülərinin (körpülərin) və
keçidlərinin tikintisi nəzərdə tutulmuşdur və
hazırda bu işlər uğurla həyata keçirilməkdədir.
Təkcə
ötən 2012–ci ildə ümumi istifadədə olan 537,2 kilometr avtomobil yolu tikilmiş və təmir
olunmuşdur. Bundan da 134,6 kilometr respublika,
402,6 kilometr yerli əhəmiyyətli avtomobil yoludur. İl ərzində 25 körpü istismara
verilmişdir. Yeni yolların və
körpülərin açılış mərasimlərində
möhtərəm Prezident cənab İlham Əliyevin şəxsən
iştirak etməsi dövlətimizin
başçısının bu sahəyə xüsusi diqqət
və qayğısının, yol
inşaatçılarının və
istismarçılarının zəhmətinə verdiyi
yüksək dəyərin bariz ifadəsidir.
Ulu
öndərimiz Heydər Əliyev deyirdi: “Yol iqtisadi
inkişafın əsas amillərindən biridir. Əgər müasir infrastruktur, yol olmasa, iqtisadiyyat
inkişaf edə bilməz”. Bu gün Azərbaycan
dövləti və onun qətiyyətli rəhbəri
respublikada yolların inkişafı ilə bağlı məsələlərin
həllinə daim böyük önəm verir. Bu gün ölkəmizin təkcə avtomobil
yollarında görülmüş işlərə və
sürətlə həyata keçirilən tikinti–quruculuq
işlərinin həcminə və miqyasına nəzər
yetirməklə Azərbaycan dövlətinin durmadan artan
iqtisadi qüdrətini bütün möhtəşəmliyi
ilə göz önünə gətirmək
mümkündür. Dünya birliyini heyran qoyan,
dostlarımızı sevindirən, düşmənlərimizi
məyus edən bu misilsiz tərəqqiyə bizi ulu öndər
Heydər Əliyevin dühası ilə işıqlanan,
nurlanan milli birlik və inkişaf yolu
çatdırmışdır. Bu yolda bizi
bitib–tükənməyən uğurlar, nailiyyətlər
gözləyir.
Cavid QURBANOV
Respublika.-2013.-8 may.-S.11.