Zamanın
fövqündə dayanan lider
Yeni
müstəqillik tarixi qısa zaman kəsiyini əhatə etməsinə
baxmayaraq bu müddət ərzində Azərbaycan onilliklərə
bərabər tərəqqi mərhələsini keçməyi
bacarmış, inkişafın özünəməxsus
modelini yaradaraq qazandığı nailiyyətlərin
miqyasını davamlı şəkildə genişləndirmişdir.
Bu modelin əsas xüsusiyyəti təkcə dinamik
sosial–iqtisadi inkişaf yox, eyni zamanda demokratik meyarları, o
cümlədən hüququn aliliyini özündə ehtiva etməsi,
paralel islahatlar amilinə söykənməsi, ictimai–siyasi həyatın
bütün sferalarında sürətli yüksəlişi
uğurla təmin etməsidir. Əldə edilən bu möhtəşəm
müvəffəqiyyətləri şərtləndirən
strategiyanın müəllifi isə təkcə Azərbaycanın
yox, eləcə də dünya tarixinə ən böyük
şəxsiyyətlərdən biri kimi adı yazılan, fəaliyyəti
ilə zamanın fövqündə dayanan, həyatını
mənsub olduğu xalqa təmənnasız xidmətə həsr
edən ümummilli lider Heydər Əliyevdir.
Tarixi
prosesləri yönəltmək məharətinə, cəmiyyətin
maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək
bacarığına malik ulu öndərin böyük
müdrikliklə yaratdığı milli dövlətçiliyin
müasir modeli öz unikallığı ilə fərqlənir,
eyni zamanda Azərbaycanın bütün inkişaf istiqamətlərini
də özündə birləşdirir. Onun dövlət
quruculuğu strategiyası, yaratdığı mükəmməl
siyasi–iqtisadi konsepsiya hələ bundan sonra da Azərbaycanın
tərəqqisinin yüksək dinamizmə əsaslanmasını
təmin edəcək, ölkəmizə yeni böyük
uğurlar qazandıracaq. Çünki tarixin axarını dəyişən
ideya və prinsiplərin daşıyıcısı olan ulu
öndər hadisələrin inkişafını bir neçə
onilliklər boyu əvvəlcədən görmək kimi fitri
bir istedada malik şəxsiyyət kimi prosesləri Azərbaycanın
milli maraqları çərçivəsində cərəyan
etməsinə nail olmuşdur. Birmənalı şəkildə
qəbul olunmuş həqiqətdir ki, modern tərəqqi
yolunda müvəffəqiyyətlə irəliləyən
ölkəmizin əldə etdiyi nailiyyətlər, dünya
birliyində öz layiqli yerini tutması, malik olduğu
potensialdan rifahı naminə layiqincə istifadə etməsi məhz
Heydər Əliyev fenomeni sayəsində mümkün
olmuşdur. Qeyd edilən kontekstdə Azərbaycan xalqı
xoşbəxtdir ki, kifayət qədər mürəkkəb və
ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən
XX əsrdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə
rəhbərlik edərək Azərbaycanı sürətli,
dönməz inkişaf yoluna çıxarmışdır.
Ulu
öndərin öz fəaliyyətində xüsusi diqqət
yetirdiyi başlıca cəhətlərdən biri də
demokratik meyarların daha möhkəm özüllər üzərində
intişar tapması, vətəndaş cəmiyyəti,
hüquqi dövlət quruculuğu ilə bağlı
olmuşdur. Bu istiqamətdə həyata keçrilən tədbirlər
cəmiyyət həyatının bütün sahələrini
əhatə edərək, ölkəmizdə siyasi, iqtisadi və
hüquqi sistemin əsaslı surətdə dəyişməsi
ilə xaratkerizə olunaraq ən müasir dünya
standartlarına uyğunlaşdırılmışdır.
Heydər Əliyevin təşəbbüsü və bilavasitə
rəhbərliyi ilə ölkəmizdə
reallaşdırılan hüquqi islahatlar, qanunvericilikdə edilən
dəyişikliklər, yeni institusional təsisatların
yaradılması Azərbaycanın qarşısında tamamilə
yeni mərhələnin açılmasına rəvac
vermişdir.
Xalqın
təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıtdıqdan sonra ümummilli lider ölkənin hüquq
sistemində mövcud olan boşluğun aradan
qaldırılmasını vacib hesab edərək bununla
bağlı yeni müstəqillik tarixmizə qızıl hərflərlə
yazılan mühüm addım atmışdır.
Xalqımızın özünün çoxəsrlik dövlətçilik
ənənələrini davam etdirərək ədalətin,
azadlığın və təhlükəsizliyin bərqərar
edilməsi naminə ümumxalq səsverməsi — referendum yolu
ilə 1995–ci il noyabrın 12–də ilk milli
Konstitusiyasını qəbul etməsi ictimai–siyasi,
sosial–iqtisadi proseslərin inkişaf axarının dayaq
nöqtəsi olmuşdur. Bilavasitə ulu öndərin rəhbərliyi
altında hazırlanan Konstitusiya milli hüquq sisteminə
mühüm yeniliklər gətirmişdir.
Məhz Konstitusiyada təsbit edilmiş prinsiplər çərçivəsində ölkəmizdə həyata keçirilmiş məhkəmə–hüquq islahatları bu sahədə mühüm dəyişikliklərin yaşanması ilə xarakterizə edilmiş, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə bərqərar olmasını şərtləndirmişdir. İlk növbədə ona görə ki, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun müasir tendensiyalarından çıxış edir, vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılmasını özündə əks etdirir. Bütün bunlar siyasi və hüquq sistemində möhkəm özülün yaradılması işində mühüm addım olmuş, ictimai–siyasi, iqtisadi və mədəni həyatdakı inkişafa özünəməxsus yeni bir stimul vermişdir. Müxtəlif hüquq sahələri üçün əsas baza və istiqamətverici akt olan Konstitusiya mövcud qanunvericiliyə vahid istiqamət verməklə onun ümumi sistem kimi formalaşmasına şərait yaradır. Eyni zamanda bu ali sənəd ölkənin hüquq sisteminin əsasını təşkil edərək hüquq institutları və normativ aktlar vasitəsilə ictimai münasibətlərin hüquqi tənzimlənməsinin əsaslarını da yaradır. Bütün bunlar ulu öndərin şah əsərlərindən sayılan Konstitusiyanın ölkənin bütün həyatında, o cümlədən hüquq sferasında hansı böyük əhəmiyyətə malik olduğunu aydın təsəvvür etməyə imkan verir.
Konstitusiyanın qəbulu, digər qanunvericilik aktları, ulu öndər tərəfindən verilən fərman və sərəcanmlar respublikanın prokurorluq orqanlarında da müsbət istiqamətdə mühüm dəyişikliklərlə, sürətli inkişafa xidmət edən islahatlarla xaratkerizə edilmişdir. Xüsusən də Məhkəmələr və hakimlər haqqında, “Konstitusiya məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Polis haqqında”, “Əməliyyat–axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Cinayət, Cinayət–Prosessual, Cəzaların icrası, Mülki, Mülki–Prosessual, İnzibati Xətalar məcəllələri və bir sıra mühüm normativ–hüquqi aktlar ölkəmizdə prokurorluğun yeri və rolunun müəyyən edilməsində müstəsna əhəmiyyət kəsb etmişdir.
Eyni zamanda ümummilli liderin digər strukturlar kimi prokurorluğa xüsusi diqqət və qayğısı da sözügedən sferada sürətli inkişafa rəvac verən başlıca amillərdən birinə çevrilmişdir. Prokurorluq orqanlarının işini yüksək qiymətləndirən ulu öndər deyirdi: “Mən hesab edirəm ki, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir. Buna görə də biz 1995–ci ildə qəbul etdiyimiz ilk Konstitusiyada prokurorluğun yerini, səlahiyyətlərini və vəzifəsini müəyyən etmişik.
Biz Azərbaycanda dövlət müstəqilliyini inkişaf etdirərək hüquqi, demokratik, dünyəvi dövlət quraraq respublikamızın dövlət orqanlarını, o cümlədən hüquq–mühafizə orqanlarını Azərbaycanın milli mənafelərinə uyğun olaraq təşkil edir və onların vəzifələrini, səlahiyyətlirini də ölkəmizin milli mənafelərini müdafiə etmək nöqteyi–nəzərindən müəyyənləşdiririk. Belə bir dövrdə Azərbaycan Prokurorluğu Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək ölkəmizin dövlətçiliyinin qorunmasına və möhkəmlənməsinə xidmət etməlidir, qanunun aliliyini təmin etməli və qanunun aliliyinə riayət etməlidir, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində durmalıdır. Bütün bunlar hamısı Konstitusiyada öz əksini tapıbdır”.
Heydər Əliyevin prokurorluq orqanlarına yüksək diqqət və qayğısınının daha bir real təzahürü onun 17 iyul 1998–ci il tarixli sərəncamına əsasən hər il oktyabr ayının 1–i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd olunması oldu. Bu, prokurorluq orqanlarına dövlət qayğısının ifadəsi, eyni zamanda, sözügedən sahədə fəaliyyət göstərənlərin əməyinə yüksək dəyərin verilməsinin faktiki göstəricisi idi. Eyni zamanda ulu öndər vaxtaşırı prokurorluq işçiləri ilə görüşür, onlara tapşırıq və tövsiyyələrini verirdi. 26 aprel 2000–ci il tarixdə respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirədəki məruzəsində ulu öndər qeyd edirdi ki, dövlətçilik prinsipi, qanunun aliliyi hamı üçün hər şeydən üstün olmalıdır
Bununla yanaşı, daha səmərəli nəticələrə nail olunması üçün prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməsi Heydər Əliyevin prokurorluq orqanlarına böyük etimadının göstəricisi idi. Göstərilən xüsusda 2002–ci il sentyabrın 19–da qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında referendum aktı ayrıca qeyd olunmalıdır. Bununla prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, belə vəziyyət prokurorluğun hüquq sistemində rolunu daha da yüksəltmişdir.
Ölkədə hüquq sisteminin zamanın çağrışlarına adekvat qaydada müasirləşdirilməsi, məhkəmə–hüquq islahatlarının davam etdirilməsi, vətəndaşların prokurorluq orqanlarına müraciət imkanlarının asanlaşdırılması dahi rəhbərin zəngin irsinin davamçılarının ən böyük nümayəndəsi olan Prezident İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Hüquqi islahatlar çərçivəsində Prezident İlham Əliyev Respublika Prokurorluğunun da fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunması, müasir standartlara və müvafiq beynəlxalq konvensiyaların tələbələrinə cavab verməsi məqsədilə də mühüm addımlar atmış, taleyüklü qərarlar qəbul etmişdir. Eyni zamanda prokurorluq orqanlarının fəaliyyətini də özündə ehtiva edən bir sıra mühüm qanunvericilik aktları qəbul olunmuşdur. Bunlara paralel olaraq dövlət quruculuğu sahəsində davam etdirilən islahatlar və ölkəmizin cinayət hüquq sisteminin inkişafı demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasını və müasir dövrün tələblərinə uyğun işinin keyfiyyətcə yeni səviyyədə qurulması zəruri tələblərdən birinə çevrilmişdi. Bu tələbin ödənilməsi, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorlarının formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi–texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyev 27 sentyabr 2008–ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009–2011–ci illər üçün Dövlət Proqramını təsdiq etmişdir.
Azərbaycan Prokurorluğunun fəaliyyətinin daha təkmil hala gəlməsinə imkan verən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq–mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi–texniki nailiyyətlərdən geniş istifadə olunması ilə nəticələnmişdir. Həmçinin bu, prokurorluq orqanlarında mərkəzləşdirilmiş informasiya–kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi–texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır. Nəticə etibarı ilə görülmüş çoxsaylı işlər, həyata keçirilmiş tədbirlər vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəlməsinə gətirib çıxarmışdır. Bir məqamı da qeyd etmək lazım gəlir ki, Dövlət Proqramının icrası ilə əlaqədar olaraq prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinin təmin edilməsi məqsədilə həyata keçirilmiş struktur islahatları nəticəsində Baş Prokurorluqda bir sıra yeni qurumlar yaradılmışdır. Bunlar isə öz növbəsində prokurorluq ornqanlarının işinin daha səmərəli təşkil olunması ilə nəticələnmiş, cəmiyyətdə bu strukturlara inam və etimadın daha da yüksəlməsi ilə xarakterizə olunmuşdur. Həmçinin, prokukrorluq orqanlarının fəaliyyətinin daha da yaxışılaşdırılması məqsədilə onların maddi–texniki bazasının müasir standartlara müvafiq olaraq hazırlanması, yeni inzibati binalarla, zəruri informasiya texnologiyaları ilə təmin olunması, digər bu qəbildən olan məsələlər də müsbət istiiqamətdə fəaliyyətə ciddi təsir göstərir.
Bu gün fəaliyyətini müasir dövrün tələblərinə və qabaqcıl standartlarına uyğun quran prokurorluq orqanları hüquq sisteminin inkişafında mühüm rol oynamaqda, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində çox vacib funksiya yerinə yetirməkdə, ən əsası isə dövlət başçısının, xalqın etimadını layiqincə doğrultmaqdadır.
Ramiz Nəbiyev,
Bakı Şəhər
Prokurorluğunun prokurorluqda
istintaqa nəzarət şöbəsinin
rəisi,
baş ədliyyə müşaviri.
Respublika.-2013.-8 may.-S.12.