Kənd Təsərrüfatı Nazirliyində yubiley tədbiri

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ölkəmizin hər yerində, bütün idarə və müəssisələrdə təntənəli və geniş şəkildə qeyd olunur. Kənd Təsərrüfatı Nazirliyində də ulu öndərin yubileyi münasibətilə konfrans keçirilmişdir.

Tədbir öncəsi nazir İsmət Abasov və nazirliyin kollektivi, qurum rəhbərləri, bu sahədə çalışan alimlər, mütəxəssislər ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, ətrafına gül–çiçək dəstələri düzmüşlər.

Sonra tədbir Hökumət evinin akt zalında davam etdirilmişdir. Konfransı giriş sözü ilə kənd təsərrüfatı naziri İsmət Abasov açmışdır. O, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycana birinci və ikinci dönəmdə rəhbərliyi zamanı kənd təsərrüfatının inkişafında misilsiz xidmətlərindən danışmışdır.

Natiq Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamının böyük tarixi əhəmiyyət daşıdığını və burada ulu öndərin həyat və fəaliyyətinə dolğun qiymət verildiyini qeyd etmişdir.

Nazir İsmət Abasov qeyd etmişdir ki, Heydər Əliyev 1969–cu ildə Azərbaycana rəhbərliyə gələndə iqtisadiyyatın digər sahələri kimi, kənd təsərrüfatı da durğun vəziyyətdə idi. Məhz onun səyi nəticəsində Sov. İKP MK və SSRİ Nazirlər Soveti 70–ci illərdə dalbadal iki dəfə Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək barədə qərar qəbul etdi.

Heydər Əliyevin səyləri nəticəsində 1966–1970–ci illərin orta göstəricisinə nisbətən 1981–1985–ci illərdə kənd təsərrüfatının ümumi məhsulu 2,5 dəfə atdı. O cümlədən bu göstərici taxılçılıqda 1,7 dəfə, tərəvəzçilikdə 2,4 dəfə, pambıqçılıqda 2,2 dəfə, meyvəçilikdə 3,8 dəfə artıq idi.

İsmət Abasov ulu öndərin müstəsna xidmətlərindən biri olan torpaq islahatlarından və bu islahatların uğurlarından söhbət açmışdır.

Natiq əminliklə birdirmişdir ki, bu gün ulu öndərin başladığı işlər onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Nazir müavini İlham Quliyev, vaxtilə Heydər Əliyevin rəhbərliyi altında çalışmış, bir neçə rayonda katib olmuş, indi isə nazirlikdə şöbə müdiri işləyən Çingiz Fərəcov və başqaları tədbirdə çıxış etmişlər.

Tədbirdə İsmət Abasovun “Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatları” kitabının təqdimatı olmuşdur. Kitab ümummilli liderin 90 illiyinə həsr edilmişdir.

 

 

Nəriman Cavadov

 

Respublika.-2013.-8 may.-S.13.