Gül bayramı həm də bir yarışdır

 

İnsanın özü ilə yaranıb güllər–çiçəklər. Ulu Tanrı bu dünyanı qurub yaradanda bəndələri üçün bu bənzərsiz, incə, gözəl varlıqları da ərməğan etmişdi. Zaman ötdükcə, insan şüuru inkişaf etdikcə, o, bu təbii nemətlərin təkcə gözəllik, ruhu oxşamaq üçün yaradılmadığını da dərk edərək güllərdən, çiçəklərdən başqa məqsədlər üçün istifadə etməyə başlamışdı. Onun dərman vasitəsi kimi faydasını da, ətriyyat kimi istifadəsini də insan özü kəşf etmişdi.

Gül—məhəbbət, sevgi rəmzidir. Bəlkə də elə ona görədir ki, dünyaya gəlişindən ta gedişinədək güllə qarşılanıb, güllə də yola salınır insan. Maraqlıdır bəlkə də hədiyyələr içində, yeganədir ki, onu bağışlayan da, bağışlanan da eyni dərəcədə sevinir. Çünki gül olan yerdə həmişə ovqata bir yenilik, bir təzəlik gəlir…

Xətai rayonunun Ukrayna dairəsindəki Heydər Əliyev parkı müxtəlif tədbirlərin keçirilməsi üçün ən gözəl məkana çevrilib. Burada teztez çal–çağır, qələbəlik olur. Mayın ilk həftəsini isə rayonun sakinləri daha səbirsizliklə gözləyirlər. Ənənəvi gül bayramını heç kəs qaçırmaq istəmir. Budəfəki bayram tədbiri də möhtəşəmliyi ilə diqqəti cəlb edirdi. İlk öncə, onu deyək ki, cəmi bir neçə saat çəkib qəlblərə, gönüllərə dünya boyda sevinc bəxş edən, kimlərəsə asan görünən bu bayramın təşkilinə rayon rəhbərliyi səviyyəsində ciddi hazırlıq gedir. Müxtəlif qurumlar işə cəlb edilir. Təbii ki, ən böyük yük təlim–tərbiyə müəssisələrinin üzərinə düşür. Hər kəs öz fantaziyasını işə salır, axı seyrçini təəccübləndirmək elə də asan deyil. Gül bayramı həm də bir yarışdır, özləri gülə–çiçəyə dönüb maraqlı kompozisiyaların iştirakçısı olan fidanlar rayon mərhələsində qalib olub respublika mərhələsinə vəsiqə qazanmaq üçün bir–birilə yarışa girir. Güllərin də bəhsi başlayır: mən qərənfil, mən qızılgül, mən də yanaqları xallı laləyəm…

Bayram tədbiri rayon rəhbərliyinin gəliş ilə daha da canlandı. Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi gül bayramının iştirakçılarını salamladıqdan sonra rayon məktəblilərinin, bağça sakinlərinin nümayiş etdirdikləri kompozisiyalarla tanışlıq başladı.

Heydər Əliyev Liseyinin müəllim və şagirdlərinin təbii güllərdən hazırladıqları “Heydər Əliyev–90″, “Azərbaycan” pannoları elə uzaqdan diqqəti cəlb edirdi. Humanitar fənlər təmayüllü lisey, 29, 59, 204 saylı tam orta məktəblərin şagirdlərinin Vətənə həsr etdikləri rəsmlər, ulu öndərin tikmə və güllərdən hazırlanmış portretləri onların bu tədbirə ciddi, həm də böyük ehtiramla hazırlaşdıqlarından xəbər verirdi.

Tədbirin ən kiçik iştirakçıları, 255 saylı körpələr eviuşaq bağçasının balacalarının ətrafında dövrə vurub oturduqları “Kənd evi” kompozisiyası hər kəsdə xoş ovqat oyadırdı. Gül bayramında daha geniş tərkibdə iştirak edən təhsil müəssisələrindən biri də 245 saylı orta məktəb idi. Təbii güllərdən hazırlanmış “Heydər Əliyev” portreti, “Üç alovbuta kompozisiyası maraqla qarşılandı. Ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş, Vətən, sülh, qəhrəmanlıq mövzusunda işlənmiş rəsm əsərlərinin müəllifləri arasında ən çox fərqlənənlər isə Fərəcli Hüseyn, Hümarə Həsənova, Tural İsmayılzadə, Zəhra Məmmədli, Aysel Şərifova, Nərgiz Babayeva oldu. Məktəbin direktoru Vüsalə Məcidova bu maraqlı işlərin hazırlanmasında məktəbin Uşaq Birliyinin sədri Aynur Abdullayevanın, psixoloq Xavər Rzayevanın, kitabxana müdiri Sona Əlizadənin, təsviri–sənət müəllimi İrina Qamazovanın böyük əməyi olduğunu dedi.

Elə digər tərbiyə müəssisələrinin gül bayramında nümayiş etdirdikləri təbii güllərdən hazırlanmış kompozisiya, rəsm əsərləri, əl işləri tədbir iştirakçılarında unudulmaz təəssürat yaradır, milli geyimli balaca rəqqasların bir–birindən maraqlı rəqsləri isə bayrama daha xoş ovqat qatırdı.

Xətai rayonu idmançılarının ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə təşkil etdikləri C.Naxçıvanski adına hərbi məktəbin önündən başlayan yürüşü də Heydər Əliyev parkında başa çatdı. Böyük ölçüdə üçrəngli bayrağımızla meydana daxil olan yürüş iştirakçıları gurultulu alqışlarla qarşılandılar.

Məişətimizə, həyatımıza artıq geniş şəkildə daxil olan daha bir ənənəvi gül bayramı başa çatdı. İnanırıq ki, o günün xoş təəssüratı hər bir iştirakçını uzun zaman tərk etməyəcəkdir!..

 

 

Zümrüd Qurbanqızı

        

        Respublika.-2013.-8 may.-S.15.