Şuşa Humanitar Kollecində tədbir

 

Şuşa Humanitar Kolleci indi respublikanın ən qabaqcıl orta ixtisas təhsil ocaqlarından bildirir. Burada ixtisas üzrə tədrisin yüksək səviyyədə aşılanması, gənc kadrların düzgün tərbiyə olunub ixtisaslarının artırılması sahəsində mühüm pedaqoji tədbirlər həyata keçirilir. Kollecdə təkcə tədrisin yüksəldilməsi deyil, eyni zamanda tədbirlərin keçirilməsi sahəsinə də ciddi diqqət yetirilir. Kollecin direktoru Rəsul İsmayılovla söhbətdən aydın oldu ki, kollecdə daim tədrislə müxtəlif məzmunlu tədbir aparılır və bu tədbirlərin tədrislə əlaqələndirilməsi üçün bütün pedaqoji imkanlardan istifadə edilir.

Bu günlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda elmipraktik konfrans keçirilmişdir.

Konfransda Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Şuşa Rayon Təhsil şöbəsinin müdiri, rayon YAP təşkilatının sədri Təvəkkül Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Ə.Hüseynov və başqaları çıxış edərək bu dahi insan haqqında onun dünya siyasəti barədə çıxış etdilər.

Şuşanın işğalı ildönümü ilə əlaqədar da kollecdə geniş tədbir keçirilmişdir.

Tədbiri kollecin direktoru R.İsmayılov açaraq sözü tərbiyə işləri üzrə direktor müavini Könül Hüseynovaya verdi. Könül müəllimə çıxış edərək göstərdi ki, Şuşa çox tarixi qaynaqlara söykənir. 1750–ci ildə Qarabağ xanı Pənahəli xan dövründən gücülü xanlıq olmuşdur. Hələ o dövrdən də Şuşa xarici yağılar tərəfindən həzm olunmurdu. Erməni daşnakları Şuşanı zəbt etmək üçün tarixən bir neçə dəfə cəhd etmişlər. Lakin basılmaz qala olan Şuşa heç bir yağıya baş əyməmişdir. Alınmaz qala ilə əhatə olunmuş Şuşanı bir adı da elə bu məqsədlə Qala olmuşdur. Rusların köməyi ilə Şuşada təxribatlar başladı. Əvvəlcə 1991–ci il dekabrın 11–də Şuşa RPK–nın katibi Gözəlov öldürüldü, 1992–ci il yanvarın 26–da faciəli sonluqla başa çatan “Daşaltı əməliyyatı”, Kərkicahan işğalı, sonra isə 47 nəfərin faciəli həlakı ilə bitən olaylar baş verdi. 1992–ci il yanvar ayının 30–da Şuşada ağır döyüşlər gedirdi. Yenə də Şuşa təslim olmurdu. 1992–ci aprelin 20–də Şuşa 5 istiqamətdən atəşə tutulmuşbunun da nəticəsində həbsxana tərəfdən şəhər müdafiəsi yarılmış və Qaybalı təpələri ələ keçmişdir.

Qeyd etmək lazımdır ki, 23 aprel 1992–ci il tarixdən isə Şuşanın müdafiə halqası artıq daralır. 1992–ci il may ayının 8–də Şuşa artıq xəyanətin qurbanı olur. Bu xəyanət nəticəsində Şuşa düşmən tapdağı altında qaldı.

Şuşanın yuxarı və Aşağı Gövhərağa məscidləri, bünövrəsi qurğuşundan tökülmüş möhtəşəm Hacıqulu, Zöhrabbəyov, Mehmandarov malikanələri, Natəvanın inşa etdirdiyi malikanələr, bağlarbağatlar, Şərqin və Qərbin dəyərli abidələrindən sayılan dəyərli mədəni abidələr, 17 bulaq, 17 məscid, 17 Karvansara, Üzeyir bəyin, Ceyhun bəyin, Nəvvabın, Bülbülün, Xanın, Q.B.Zakirin, M.P.Vaqifin, Gövhər ağanın, Cabbarı, S.Şuşinskinin, F.Şuşinskinin, A.B.Haqverdiyevin və yüzlərlə şuşalı mütəfəkkirlərin ruhu qalıb Şuşada.

20 ildən artıqdır ki, Cıdır düzü, Armudlu bulaq, Turşsu, İsabulağı, Dövlələb, Əjdaha bulaqları, Daşaltı gölü, Bulaqdaş, Qırxpiləkan, nəhayət Azərbaycanımızın gözəllik tacı Şuşa yolumuzu gözləyir.

21 ildir ki, Şuşasız şuşalılar tezliklə doğma vətənlərinə qayıdacağı günlərini səbirsizliklə gözləyirlər. Biz inanırıq ki, hörmətli Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və iradəsi nəticəsində tezlik müqəddəs bayrağımız Şuşada dalğalanacaq.

Tədbirin sonunda Şuşanın tarixindən bəhs edən film nümayiş etdirildi.

 

 

Zabit CAVADOV

 

Respublika.-2013.-8 may.-S.15.