Ümummilli lider və
milli səhiyyəmizin inkişafı
Yubileylər geriyə baxıb tarixi dəyərləndirmək,
böyük şəxsiyyətlərin və hadisələrin
dünənimizdə rolunu bugünkü rakursdan qiymətləndirmək
tədbirləridir. Zaman hər şeyi yerbəyer edir, onun
imtahanından alnıaçıq çıxan isə
yalnız əsl dühalar olur. Dahi şəxsiyyət,
böyük insan, Azərbaycan xalqının yaddaşında
qurucu və xilaskar kimi qalan, milli iftixarımız Heydər Əliyev
kimi.
Azərbaycan tarixinin 1960–cı illərin sonundan
başlayaraq XXI əsrə adlayan otuz ildən artıq bir
dövrü görkəmli dövlət xadimi, ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Həm respublikaya birinci dəfə
rəhbərlik etdiyi 1969–1982–ci illərdə, həm
SSRİ–nin ali hakimiyyət orqanlarında təmsil olunduğu
dövrdə, həm də müstəqil Azərbaycanın
Prezidenti kimi fəaliyyətində Heydər Əliyev Vətənimizin
ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının
bütün sahələrində dirçəlişə xidmət
edib, onun tərəqqisi üçün var qüvvəsi ilə
çalışıb. Azərbaycanın ən
çətin günlərində məsuliyyəti öz
üzərinə götürüb, onu bir dövlət kimi
tarixin ağır və sərt sınaqlarından
çıxararaq bugünkü gerçəkliyinin və
işıqlı sabahının möhkəm təməlini
yaradıb.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində
onun Azərbaycanın tarixində, bugünkü
mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif
sahələrindəki rolunu hər sahənin mütəxəssisləri
geniş təhlil edirlər. Maraqlıdır,
onların hər biri hesab edir ki, ulu öndərin ən
çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi,
inkişafına təkan verdiyi məhz bu sahə olub. Sənaye, kənd təsərrüfatı, beynəlxalq
münasibətlər, ədəbiyyat, incəsənət, təhsil
və s.
Müvafiq olaraq tibb işçilərinin də fikrincə,
Heydər Əliyev üçün ən vacib sahə məhz
insanların sağlamlığı, səhiyyənin və
tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar
həkim kadrlarının hazırlanması olub.
Bütün
həyatı boyu öz xalqının xoşbəxtliyi və əmin–amanlığı
naminə yorulmadan çalışan Heydər Əliyev
deyirdi: “Mənim həyat amalım bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi
inkişafına xidmət olub. Bu yolda
bütün gücümü və iradəmi yalnız
müdrik və qədirbilən xalqımdan almışam.
Ən çətin anlarda, ən mürəkkəb
vəziyyətlərdə yalnız və yalnız xalqıma
arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib”. Azərbaycan
xalqına xidmətin ən bariz nümunələrindən
biri kimi, Heydər Əliyevin əhalinin
sağlamlığının mühafizəsinə, millətin
genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə
diqqət və qayğısı, dəyərli töhfələri
sonsuz, bu sahədə fəaliyyəti çoxcəhətli
olmuşdur.
Ümummilli lider hələ Azərbaycana rəhbərliyə
gəlməmişdən xeyli əvvəl onun dəyərlər
sistemində insanların səhhəti millətin sağlam gələcəyini
şərtləndirən amil kimi, əsas yerlərdən
birini tuturdu. Səhiyyə məsələləri ilə
bağlı söhbətlər, müzakirələr,
qayğılar, düşüncələr ulu öndərin
gündəlik həyatının bir parçasına
çevrilmişdi. Səhiyyənin
ağrılı problemləri, zəif nöqtələri ilə
yaxından tanışlığı sonralar Heydər Əliyevin
vəziyyəti düzgün təhlil etməkdə və
situasiyanı kökündən dəyişmək
üçün doğru qərarlar qəbul etməkdə
köməklik göstərmişdi. Tale elə
gətirmişdi ki, ulu öndərin ailəsindəki həkimlər,
xüsusən ömür–gün yoldaşı, görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva da o
dövrdə təbabət qarşısında duran
başlıca problemlər üzərində
düşünür, həlli yollarını
axtarırdı. Onlar insanların
sağlamlığı ilə bağlı ən
ağrılı məsələləri Heydər Əliyevlə
birgə müzakirə edir, tibbi–sosial problemlərdən
mümkün çıxış yollarını arayanda bu
müdrik rəhbərlə məsləhətləşirdilər.
Ulu öndərin Azərbaycanda hakimiyyətə ilk gəlişi
zahiri təmtəraqla, gəlişigözəl sözlərlə
pərdələnmiş durğunluq dövrünə təsadüf
etmişdi. Cəmiyyətin hər sahəsində olduğu kimi,
səhiyyədə də əvvəlki dövrlərdə əldə
edilən uğurlar hələ ətalətlə öz nəticələrini
göstərirdi. Bununla belə, diqqətli
müşahidəçi vəziyyətin heç də
yaxşı olmadığını, səhiyyənin
maddi–texniki bazası cəhətdən isə hətta
acınacaqlı olduğunu görərdi. İmmunlaşdırma,
bir sıra infeksion xəstəliklər, o cümlədən vərəm,
malyariya, difteriya, poliomielit, məxmərək və s.
narkomaniya, ana və uşaq sağlamlığı, kadr
çatışmazlığı və mövcud kadrların
səviyyəsi—bunlar Azərbaycan səhiyyəsində öz
həllini gözləyən problemlərin yalnız bir hissəsi
idi.
Məhz elə buna görə də 1969–cu ilin avqustunda
keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin
inkişaf sürətini prinsipcə dəyişmək
qarşıya vəzifə kimi qoyulmuşdu. Respublikanın yeni rəhbərinin
bu sahədə tərəqqiyə nail olmaq əzmi
özünü çox qısa bir müddətdə göstərdi.
Azərbaycanda hər sahədə vəziyyəti
yaxşılaşdırmaq üçün var qüvvə ilə
çalışmağa başlayan Heydər Əliyevin əsas
fəaliyyət istiqamətlərindən biri də məhz səhiyyə
oldu.
Hər işdə problemin kökünü müəyyənləşdirmək
və onun həlli yolunu tapmaq həm ən mürəkkəb
məsələ, həm də uğurun təməlidir. Heydər Əliyev
də əhalinin sağlamlığının qorunması sahəsində
problemlərin həllinə səhiyyənin qanunvericilik
bazasının möhkəmləndirilməsindən
başladı. 1969–cu ilin dekabrında Azərbaycan
Respublikası Ali Sovetinin VII Sessiyası onun təşəbbüsü
ilə məhz həmin gələcək nailiyyətlərin
bünövrəsində dayanan “Sağlamlıq Məcəlləsi”
adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin
gələcək inkişaf istiqamətlərini müəyyən
etməklə, qarşıdan gələn illər
üçün həm də bu sahədə fəaliyyət
planı oldu və səhiyyənin inkişafına əsaslı
təkan verdi.
O
dövrdə səhiyyənin tərəqqisinə zəmin
yaradan daha bir addım ölkədə korrupsiya ilə
mübarizə sahəsində, o cümlədən səhiyyə
idarəetməsindəki neqativ halların
qarşısının alınmasında qazanılan
uğurlar oldu. Heydər Əliyevin respublikada
korrupsiya və digər neqativ hallarla mübarizəsi ölkə
səhiyyəsinə də müsbət təsir etdi. Cəmiyyətimizin
sağlamlaşdırılması ayrı–ayrı insanların
sağlamlığına gedən yolun təminatçısına
çevrildi.
Heydər Əliyevin səhiyyənin inkişafı
üzrə tədbirlər kompleksinin əsas məqamlarından
biri mövcud səhiyyə ocaqlarının
abadlaşdırılması, yeni tibb müəssisələrinin
tikilməsi idi. 1970–ci illərdə bir sıra bölgələrdə
tibb müəssisələri yararsız binalarda yerləşirdi.
1970–1980–ci illərdə respublikada bir çox
mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı
1970–1975–ci illərdə 150–dən 185–ə çatdı.
Yeni istifadəyə verilən səhiyyə
müəssisələri arasında Uroloji Kliniki Xəstəxana,
neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri
kimi tibb ocaqları var idi. Elmi–Tədqiqat
Oftalmologiya və Elmi–Tədqiqat Onkologiya institutları
üçün yeni binalar da o zaman tikilməyə
başladı.
Müasir səhiyyə müəssisələri
müvafiq yüksək səviyyəli kadr potensialının
olmasını da tələb edirdi. Həkimlərin və
orta tibb işçilərinin
çatışmazlığını aradan qaldırmaq
üçün Heydər Əliyevin təşəbbüsü
ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və
tibb məktəblərinə tələbə qəbulu
artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən
gələn abituriyentlər üçün güzəştlər
tətbiq edildi. Bununla da rayonların səhiyyə
müəssisələrində kadr
çatışmazlığı tədricən aradan
qalxmağa başladı.
Tibbi kadrların kəmiyyət artımı ilə
yanaşı, onların keyfiyyəti də böyük əhəmiyyət
daşıyırdı. Səhiyyənin inkişafında əsas
amillərdən biri olan kadrların təkmilləşməsi
sahəsində bir–biri ilə qarşılıqlı surətdə
bağlı olan iki məsələ—səhiyyə müəssisələrində
çalışacaq yüksək ixtisaslı tibb
personalının və təbabət sahəsində elmi tədqiqatlar
aparacaq gənc alimlərin hazırlığı
qarşıda vəzifə kimi dururdu. Bu məqsədlə
həm Bakıda ali təhsilin keyfiyyətinin yüksəldilməsinə,
həm SSRİ–nin qabaqcıl tibb təhsili müəssisələrində
həkim kadrlarının hazırlığına, həm də
tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin
İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini
davam etdirməsinə böyük əhəmiyyət verilirdi.
Məhz Heydər Əliyevin təşəbbüsü
ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar
aparan, dissertasiyalar müdafiə edən həmin insanlar
sonralar tibb elmimizin fəxri kimi, səhiyyəmizin
inkişafına dəyərli töhfələr verdilər.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində
respublikada həkim kadrlarının və təbabət alimlərinin
hazırlığı yüksək vüsət aldı, yeni
elmi mərkəzlər açıldı, təbabət
üzrə elmi–tədqiqat institutlarının fəaliyyəti
canlandırıldı, ölkədə tibb elminin müxtəlif
istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Fizioloq və
patofizioloqların (1970, 1981), uroloqların (1972),
nevropatoloqların (1974), oftalmoloqların (1977), hematoloq və
transfuzioloqların (1978), tibbi bioloqların (1979),
nefroloqların (1980), mikrobioloq, epidemioloq və
parazitoloqların (1982) və digər sahə mütəxəssislərinin
Bakıda keçirilən qurultay və konfransları yüksək
hazırlıqlı tibbi kadrların imkanlarını və
qabiliyyətlərini səfərbər etmək məqsədi
daşıyırdı. Ümumittifaq tədbirlərin
respublikamızın paytaxtında keçirilməsinin
elmi–praktik əhəmiyyəti ilə yanaşı, həm də
siyasi mənası var idi. Bakı
İttifaq miqyaslı elmi mərkəzə, tibb alimlərinin ənənəvi
görüş yerinə çevrilmişdi.
Heydər Əliyevin səhiyyə sahəsinə diqqəti
və onun inkişafı üçün gördüyü
işlər Azərbaycanı tezliklə tək ümumittifaq
miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl
mövqelərə çıxardı. Belə ki, 1970–ci ildə
Ümumdünya Səhiyyə Təşkilatının
regionlararası seminarının, 2 il sonra
isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz
Bakıda keçirilməsi respublikamızın bu sahədə
artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu
cür tədbirlərə ev sahibliyi etməsi
artıq ənənəvi hal almışdı.
Ulu
öndər əhalinin sağlamlıq durumu üçün
çox böyük əhəmiyyət daşıyan və o
dövrdə çox aktual problem olan Bakı, Gəncə və
Sumqayıt şəhərlərinin sanitar–gigiyena vəziyyəti,
Xəzərin və digər su hövzələrinin sanitar
durumu, müxtəlif sənaye sahələrində
çalışan işçilərin əmək şəraiti,
peşə patologiyaları və sənaye toksikologiyası məsələlərinə,
həmçinin yoluxucu xəstəliklərlə, alkoqolizm və
narkomaniya ilə mübarizə, onların profilaktikası, dərman
çatışmazlığı probleminin həlli kimi sahələrə
böyük diqqət ayırırdı. O dövrdə məhz
respublika rəhbərliyinin səyləri, gördüyü tədbirlər
sayəsində Azərbaycanda peşə xəstəlikləri
25 faiz azalmışdı.
Heydər Əliyev əhalinin sağlamlığı ilə
bağlı daha bir məsələyə—profilaktika və
sağlamlaşdırıcı tədbirlərə, kurort
müalicəsinin təşkilinə də böyük əhəmiyyət
verirdi. Xalqımızın müdrik oğlunun respublikaya rəhbər
seçiləndən sonra müzakirəyə
çıxardığı ilk mövzulardan biri Naftalan,
İstisu və Abşeron sanatoriyalarında tibbi xidmətin
yaxşılaşdırılması, eləcə də
çağırış yaşlı gənclər
arasında müalicə–sağlamlaşdırıcı
işin səviyyəsinin artırılması olmuşdu.
Həmin illərdə əhalinin kütləvi
surətdə dispanser qeydiyyatına alınmasına, sahə həkimlərinin
işinin fəallaşdırılmasına, ana və
uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin
artırılmasına ayrılan diqqət də xəstəliklərin
qarşısının alınmasına, vaxtında
aşkarlanaraq müalicə edilməsinə yönəldilmişdi.
Bu sırada Heydər Əliyevin təşəbbüsü
və tövsiyəsi ilə yüksək səviyyədə
təşkil olunmuş, səhiyyə işçilərinin
yaddaşında silinməz iz qoymuş, respublikanın
hüdudlarından çox–çox uzaqlarda da əks–səda
doğurmuş bir tədbiri—sahə həkimlərinin respublika
qurultayını (1982) xüsusi vurğulamaq istərdim. Heydər Əliyevin
şəxsən iştirak etdiyi bu toplantıda səslənən
fikirlər, qaldırılan məsələlər əsasında
“Əhalinin sağlamlığının qorunmasına dair əlavə
tədbirlər haqqında” qərar qəbul edildi və
uğurla həyata keçirilməyə başladı.
Həmin
toplantıdakı çıxışında sahə həkimlərinin
qarşılaşdığı problemlərə toxunan Heydər
Əliyev tibb işçisi adına ləkə
gətirən səhlənkarlıq, Hippokrat andına xilaf
çıxmaq kimi əməllər üzərində ətraflı
dayandı və eyni zamanda səhiyyənin namuslu
işçilərinin xidmətlərini yüksək dəyərləndirdi:
“Sahə həkimlərini insanlarla bir çox tellər
bağlayır. Həkimin qəlbinin hərarəti
ilə isinən, onun peşə ustalığı ilə
tamamlanan bu tellərdə xidməti borc ilə şəxsi səmimiyyət
və diqqəti bir–birindən ayırmaq
qeyri–mümkündür”.
Bu fikirlər ulu öndərin Moskvaya—İttifaq səviyyəli
yüksək vəzifəyə getməsi ərəfəsində
respublika səhiyyəsini əmanət qoyub getdiyi azərbaycanlı
həkimlərə tapşırığı oldu. SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyev
bundan sonra tək Azərbaycanın deyil, bütün sovetlər
birliyinin səhiyyəsinə, həmçinin iqtisadiyyatın
bir sıra ən mürəkkəb və məsul sahələrinə
rəhbərlik edəcəkdi.
Ulu öndərin fəaliyyətinin Moskva dövrü də
səhiyyənin inkişafı baxımından çox əhəmiyyətli
idi. Heydər
Əliyevin tibb elmində, tibb sənayesində və
bütövlükdə səhiyyə sistemində elmi–texniki tərəqqinin
sürətləndirilməsi, Azərbaycan təcrübəsinə
əsaslanaraq SSRİ əhalisinin kütləvi
dispanserizasiyası və səhiyyə sistemində iqtisadi
islahatlar keçirilməsi təşəbbüsü ilə
çıxış etməsi onun qlobal düşüncə
tərzindən, hər bir problemi köklü surətdə həll
etmək bacarığından xəbər verirdi. Onun bu
yanaşma tərzi 1985–ci ildə Moskvada bir
çıxışındakı sözlərində öz əskini
tapır: “Təbabət insan biliklərinin və əməli
fəaliyyətinin bütün başqa sahələrindən
daha artıq dərəcədə ümumbəşəri
xarakter daşıyır”.
Heydər Əliyev SSRİ miqyasında səhiyyə sahəsinə
rəhbərlik etdiyi müddətdə də Azərbaycanda əhalinin
sağlamlığının qorunması üçün
çox işlər görmüşdü. Respublikamızın
Xəzər dənizi sahillərində İttifaq əhəmiyyətli
kurort zonasının yaradılması, sənaye müəssisələrində
peşə xəstəliklərinin profilaktikası ilə
bağlı tədbirlər, ümumittifaq miqyaslı bəzi
toplantıların Bakıda keçirilməsi bu qəbildən
idi.
T ale elə gətirdi ki, ulu öndərin Azərbaycanda
ikinci dəfə hakimiyyətə gəlişi də Vətənimiz
və səhiyyəmiz üçün çətin bir məqama
təsadüf etdi. Xalqımızın 1980–ci illərin
sonu—1990–cı illərin əvvəllərində müstəqillik
uğrunda mübarizəsi, SSRİ–nin dağılması və
bununla bağlı iqtisadi tənəzzül səhiyyəmiz
üçün də izsiz ötüşməmişdi.
Üstəlik, müharibə, Ermənistanın
etnik təmizləmə siyasəti və ərazilərimizin
işğalı ilə bağlı 1 milyon qaçqın və
məcburi köçkün ordusunun olması yenicə
istiqlaliyyət qazanan və hələ iqtisadi cəhətdən
möhkəmlənməmiş bir ölkədə səhiyyəni
prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi.
Bununla belə, Heydər Əliyevin xüsusi diqqət və
qayğısı sayəsində müstəqillik
dövründə ölkəmizdə səhiyyənin
inkişafı və əhalinin sağlamlığının
qorunması sahəsində əhəmiyyətli nailiyyətlər
əldə etmək mümkün oldu. Onun bilavasitə rəhbərliyi
ilə ölkənin səhiyyə sistemində ardıcıl
və məqsədyönlü işlər görüldü,
islahatlar aparıldı. Bu işdə ilk
növbədə səhiyyənin hüquqi–normativ
bazasının təkmilləşdirilməsi və dünya
standartları səviyyəsinə qaldırılması daim
diqqət mərkəzində saxlanılırdı. Həmin
məqsədlə ölkəmizdə səhiyyənin
qanunvericilik bazasını gücləndirən bir sıra
qanunlar, o cümlədən “Əhalinin
sağlamlığının qorunması haqqında”, “Qan və
onun komponentlərinin donorluğu haqqında”, “İnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (AİDS) yayılmasının
qarşısının alınması haqqında”, “Əczaçılıq
fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya)
toxumalarının transplantasiyası haqqında”, “Tibbi
sığorta haqqında” və s. qanunlar işlənib
hazırlandı və Milli Məclis tərəfindən qəbul
edildi. Azərbaycan ərazisində QİÇS
və vərəm xəstəliklərinin
yayılmasının qarşısını almaq
üçün milli proqramlar işlənib hazırlandı.
Heydər Əliyevin Azərbaycan səhiyyəsi
qarşısındakı xidmətlərindən
danışarkən səhiyyə islahatları
proqramının hazırlanması və icrasını
xüsusi qeyd etmək lazımdır. Ölkə
başçısının “Səhiyyə sahəsində
islahatlar üzrə Dövlət Komissiyasının
yaradılması barədə” 13 mart 1998–ci il
tarixli sərəncamı səhiyyənin bütün sahələrini
əhatə edən islahatların daha geniş miqyasda və
sürətlə aparılması üçün şərait
yaratdı.
Ümummilli liderin səhiyyə siyasətinin prioritet
istiqamətlərindən biri də keçid dövründə
bu sahədə mütərəqqi dəyişiklərin
aparılması və yeni səhiyyə sisteminin qurulması
idi. Məhz bu məqsədlə 1994–cü ildə Azərbaycanla
BMT–nin Uşaq Fondu arasında Əməkdaşlıq
Proqramı imzalandı. Həmin sənədə
uyğun olaraq uşaq ölümünün digər bölgələrə
nisbətən yüksək, sağlamlıq göstəricilərinin
isə aşağı səviyyədə olduğu Quba
rayonunda islahatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində
Masallı, Lənkəran, Cəlilabad və Salyan rayonlarında
da böyük uğurlar əldə olundu.
M üstəqilliyin ilk illərində səhiyyənin
maliyyələşdirilməsi, daha dəqiq desək, ona
lazımi səviyyədə maliyyə vəsaiti ayırmaq
imkanının olmaması ən çox narahatlıq
doğuran problemlərdən biri idi. Məhz buna görə
də Heydər Əliyev həm səhiyyəyə əlavə
vəsait cəlb etmək, həm də bazar iqtisadiyyatına
keçid dövrünü yaşayan ölkəmizdə səhiyyəni
bir fəaliyyət növü kimi liberallaşdırmaq
üçün özəl səhiyyə sisteminin tətbiqinə
şərait yaratdı. Onun bilavasitə
göstərişlərinə əsasən bu istiqamətdə
hüquqi–normativ baza olan “Özəl tibb fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edildi. Ulu öndərin ölkəmizdə səhiyyə
sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində
ən mühüm xidmətlərindən biri olan özəl
səhiyyə sisteminin tətbiqi həm də tibb
işçilərinin maddi rifah halının
yaxşılaşması üçün imkanlar
açdı—xüsusi mülkiyyətdə olan tibb müəssisələrində
10 min nəfərədək işçi, o cümlədən
2500 həkim və 4000 orta tibb işçisi işlə təmin
edildi. Özəl və dövlət tibb müəssisələri
arasında rəqabət yaranması sayəsində əhaliyə
göstərilən tibbi xidmətin səviyyəsi yüksəldi,
bu isə səhiyyəmizin gələcək inkişafı
üçün təkan oldu.
Ümummilli
lider Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
öz doğma yurdunu tərk etməyə məcbur olmuş
qaçqın və məcburi köçkünlərin tibbi
təminatı ilə bağlı problemlərin həllini də
daim diqqət mərkəzində saxlayır, onlara lazımi
tibbi xidmətin göstərilməsi ilə əlaqədar
göstərişlər verir, bu məsələləri
ölkəmizdə fəaliyyət göstərən beynəlxalq
humanitar təşkilatların nümayəndələrinin
iştirakı ilə müzakirə edirdi. Vətənimizin
ərazi bütövlüyü uğrunda şəhid
olanların ailələri də daim onun nəzər–diqqətində
idi. Heydər Əliyevin tövsiyəsinə uyğun
olaraq, 1994–cü ildən etibarən şəhid ailələri
Azərbaycanın bütün bölgələrində tibb
müəssisələrinin himayəsinə
götürüldü, hər ailədən bir nəfərə
18 yaşına çatana qədər hər ay orta aylıq əmək
haqqı məbləğində müavinət verildi.
Heydər
Əliyevin prezidentliyi dövründə səhiyyəmizin
maddi–texniki bazasının gücləndirilməsi istiqamətində
də xeyli iş görüldü, o cümlədən bir
sıra tibb müəssisələrində təmir–tikinti
işləri aparıldı, bəzi səhiyyə ocaqları
yeni avadanlıq və cihazlarla təchiz edildi. O illərdə
bu sahədə ən diqqətəlayiq hadisələr—Azərbaycan
Tibb Universitetinin yeni korpusunun istifadəyə verilməsi və
müasir dünya standartlarına cavab verən Mərkəzi
Klinik Xəstəxananın açılışı isə
ümummilli liderin Azərbaycan xalqının
sağlamlığına göstərdiyi qayğının ən
parlaq təcəssümü oldu.
Beləliklə, tərəddüd etmədən deyə
bilərik ki, ölkəmizin ictimai həyatının
bütün sahələrində olduğu kimi, səhiyyə
sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata
keçirilən islahatlar, inkişaf və tərəqqi Heydər
Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin
inkişafı yolunda ümummilli liderin xalqının hər
bir nümayəndəsinin gələcəyini
düşünərək gördüyü işlər
öz dəyəri, böyüklüyü ilə əvəzsizdir.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə
sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Dövlət başçısı ümummilli
lider Heydər Əliyevin başlıca həyat prinsipi olan
xalqa, millətə xidmət və sədaqət
amalını yaşadır. Məhz onun rəhbərliyi
altında Heydər Əliyev siyasəti, gələcəyə
istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə
irəliləyir və Azərbaycanın uğurlarının əsasını
təşkil edir.
Azərbaycan dövləti insanların
sağlamlığını prioritet məsələ kimi daim
diqqət mərkəzində saxlayır. Əlamətdardır
ki, son 10 ildə ölkə büdcəsində səhiyyə
xərcləri 11 dəfədən çox
artmışdır. Azərbaycanda
müasir tibb avadanlığı və cihazlarla təchiz
olunmuş 500–dən çox səhiyyə müəssisəsi
əhalinin istifadəsinə verilmişdir. Maddi–texniki bazası gücləndirilən tibb müəssisələri
indi bir sıra hallarda dünyanın qabaqcıl səhiyyə
ocaqlarından geri qalmır, bəzən isə hətta
onları üstələyir. Məhz elə buna görə
də Prezident İlham Əliyev ölkə səhiyyəsinin
inkişafının qiymət verərkən demişdi: “Azərbaycanda
səhiyyə sistemində aparılan islahatlar, görülən
işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan
standartlarından da danışa bilərik”.
Səhiyyənin ən aktual problemləri üzrə qəbul
edilmiş dövlət proqramlarının icrası əhalinin
sağlamlığının mühafizəsi ilə əlaqədar
çox mühüm vəzifələri uğurla yerinə
yetirməyə imkan yaradır. Heydər Əliyevin
tibb kadrları üzrə siyasətinin davamı olaraq bu
gün yüksək ixtisaslı kadr hazırlığına
çox böyük önəm verilir. Tibb
təhsilində rezidenturanın tətbiqi, tibb işçilərinin
sertifikasiyası və mərkəzləşmiş imtahanla
işə qəbulu da məhz buna xidmət edir. İndi yüzlərlə azərbaycanlı həkim
həm xarici ölkələrin klinikalarında, həm də
Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin
keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər.
Dövlət başçısının səhiyyəmizə
diqqət və qayğısı, Azərbaycan xalqının
sağlamlığının qorunması yolunda
atdığı mühüm addımlar, ümumiyyətlə,
ölkədə həyata keçirilən
sosialyönümlü siyasət ulu öndərin bu istiqamətdə
müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin
parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir
olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri,
tibb işçilərinin təkmilləşməsinə
verilən diqqət, gündən–günə
yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər
Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin
səhhətinin qorunmasına, gələcək nəsillərin
sağlamlığına verdiyi əhəmiyyətin
sübutudur.
A zərbaycan səhiyyəsinin bugünkü
inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq
aləmdə də qəbul edilir. Ölkəmiz 2005–ci
ildən etibarən ardıcıl olaraq Ümumdünya Səhiyyə
Təşkilatının və onun Avropa Regional Bürosunun rəhbər
orqanlarında təmsil olunur. ÜST Avropa
Regional Komitəsinin 61–ci Sessiyasının 2011–ci ildə məhz
Bakıda keçirilməsi də əslində o demək idi
ki, Azərbaycan dövlətinin əhalinin
sağlamlığına göstərdiyi qayğı beynəlxalq
aləmdə də qiymətləndirilir. Bakının
çox böyük uğurla ev sahibliyi
etdiyi ən mötəbər siyasi, iqtisadi, elmi, mədəni
tədbirlər kimi, səhiyyə sahəsində də
keçirilən beynəlxalq tədbirlər həm Azərbaycanın
dünyada nüfuzunun yüksəlməsindən xəbər
verir, həm də özlüyündə ona xidmət edir.
“Mən istəyirəm ki, hər bir insan yaxşı
yaşasın, hər bir insanın maddi imkanları artsın,
uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər
yaxşı məktəblərdə dərs desinlər. Həkimlər
gözəl xəstəxanalarda işləsinlər və
insanlarımız da sağlam olsunlar”,—deyən Prezident
İlham Əliyev bu istəklərini gerçəkləşdirmək
üçün vaxtını, qüvvəsini və səylərini
əsirgəmir. Azərbaycan Prezidentinin səhiyyə
sahəsində siyasətini daim dəstəkləyən səhiyyə
işçiləri onun müvəffəqiyyətlə həyata
keçirilməsi üçün əzmlə
çalışır, ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi yolla inamla
addımlayırlar.
Oqtay ŞİRƏLİYEV,
Azərbaycan
Respublikasının səhiyyə naziri.
Respublika.-2013.-9 may.-S.3.