Xalqa, dövlətə xidmət
missiyası
Bəşəriyyətin keçdiyi çətin, mürəkkəb, ziddiyyətli tarixi inkişaf yolu və müasir dövrümüzün reallıqları sübut edir ki, tarixin həlledici anlarında bəşəriyyəti dahi şəxsiyyətlər, böyük mütəfəkkirlər, qüdrətli siyasi–hərbi xadimlər ətalət və durğunluqdan, siyasi, iqtisadi, sosial, hərbi, ideoloji və mənəvi böhrandan xilas edərək irəliyə aparmış, cəmiyyətdə möhkəm və davamlı sabitliyə, hərtərəfli inkişafa, tərəqqiyə nail olmuşlar.
Dahilər Günəş kimi bütün bəşəriyyəti işıqlandırır, nura qərq edir. Çünki dahilər bütün bəşəriyyətin övladlarıdır. Böyük mütəfəkkirlər, işıqlı zəka sahibləri yeni kəşfləri, mütərəqqi ideyaları ilə xalqın, millətin şüuruna təkan verir və onu hərəkətə gətirirlər. Məhz qeyri–adi zəka sahiblərinin əldə etdikləri fundamental elmi nəticələr, həyata keçirdikləri böyük işlər cəmiyyətin sürətli inkişafında əvəzsiz rol oynayır. Bu baxımdan, böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil və müasir Azərbaycan dövlətinin banisi və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev xalqımızın tarixinə dahi şəxsiyyət, parlaq və qüdrətli zəka sahibi kimi daxil olmuşdur. Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Ulu Öndərimizin zəngin, çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyətindən danışmaq, bu böyük şəxsiyyətin xalqımız və dövlətimiz qarşısında göstərdiyi müstəsna tarixi xidmətlər haqqında öz fikir və mülahizələrimi bildirmək, təəssüratlarımı bölüşmək, adını anmaq mənim üçün çox xoşdur və bu, bir mənəvi borcdur. Çünki ikinci və üçüncü minilliklərin keçidində taleyin Azərbaycan xalqının bəxtinə məhz Heydər Əliyev kimi böyük, müdrik və təcrübəli rəhbəri, dünya miqyaslı siyasət və dövlət xadimini bəxş etməsi xalqımızın çağdaş dövrdə böyük uğur və nailiyyətlər qazanmasının başlıca şərti, həlledici səbəbi olmuşdur. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın milli maraq və mənafelərini hər şeydən üstün tutan, bu milli maraq və mənafeləri qətiyyətlə qoruyan, müdafiə edən ulu öndər Heydər Əliyev yüksək milli təəssübkeşliklə, vətənpərvərliklə çalışmış və böyük uğurlara nail olmuşdur. Bu mənada xalqımızın vətənpərvər oğlu, ulu öndərimiz Heydər Əliyevin şəxsiyyət kimi gerçək xüsusiyyətlərini, fikir və ideallarını dərindən öyrənmək və onu gənc nəslə yüksək səviyyədə çatdırmaq, öyrətmək bizim üçün mühüm ictimai–siyasi, mənəvi–əxlaqi əhəmiyyət kəsb edən bir məsələdir. Çünki Ulu Öndərimizin şərəfli və mənalı həyat yolu hər birimiz üçün, xüsusilə də gənc nəsil üçün layiqli nümunə, dəyərli örnəkdir.
Hamımıza yaxşı məlumdur ki, neft Azərbaycan xalqının taleyində böyük rol oynayan milli təbii sərvətimizdir. Hələ Sovet dövründə ulu öndər Heydər Əliyev Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişafına xüsusi diqqət yetirirdi. Həmin dövrün statistik göstəricilərinə diqqət yetirəndə isə məlum olur ki, 1960–cı illərdə respublikamızda neft–qaz sənayesinin səmərəliliyi və inkişaf sürəti aşağı düşmüşdü. Belə ki, həmin dövrdə neftin ümumi hasilatı 1,3 milyon ton, qaz hasilatı isə 659 milyon kubmetr azalmışdı. Məhz belə bir çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev böyük enerji, qətiyyət və təşkilatçılıq bacarığı ilə ölkə iqtisadiyyatını, o cümlədən neft–qaz sənayesini yenidən qurmağa başladı. Müdrik rəhbər həmin illəri xatırlayaq belə demişdir: “1969–cu ildə Azərbaycana rəhbərlik edərkən mən 70–80–ci illərdə Azərbaycanın neft sənayesinin inkişafına dair işlər görmüşəm və xeyli müvəffəqiyyətlərə nail olmuşam. Əgər həmin illərdə biz Xəzərdə dərin özüllü neft–qaz yataqlarının istismarı üçün zəruri maddi–texniki bazanı yaratmasaydıq, şübhəsiz ki, indiki nəticələri əldə edə bilməzdik”. Məhz Heydər Əliyevin yürütdüyü konseptual iqtisadi siyasət nəticəsində neft sənayesində geoloji–kəşfiyyat işlərinin səmərəliliyi xeyli artdı, 8 yeni neft yatağı kəşf edildi, neftin sənaye ehtiyatları artımı 3 dəfə, qazın sənaye ehtiyatları artımı isə 2 dəfə çoxaldı, Bakıda nəhəng neftayırma kompleksləri yaradıldı. Eyni zamanda Bakıda İttifaq əhəmiyyətli Dərin Özüllər Zavodu inşa edildi. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ–də neft elminin mərkəzi sayılır, Bakı isə “neft akademiyası” adlandırılırdı. Məmnunluq hissi ilə deyə bilərik ki, neft yataqlarının kəşfiyyatı, qazılması, işlənilməsi, eyni zamanda bu sahədə mütərəqqi texnikanın və texnoloji üsulların tətbiqinə dair bir çox yeniliklər ilk dəfə Azərbaycanda həyata keçirilmişdir.
Bunlarla yanaşı, dahi öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq ötən əsrin 70–80–ci illərində Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istifadəyə verildi. Həmin dövrdə Azərbaycanda hər gün 41 min ton neft, 37 milyon kubmetr qaz çıxarılır, 2200 ton polad tökülür, 69 min metr boru, 4900 avtomobil təkəri, 2700 ton mineral gübrə, 968 məişət kondisioneri, 734 soyuducu istehsal olunur, 540 min metr parça toxunurdu. 1970–1985–ci illərdə xalq təsərrüfatında ümumi mənfəətin 335 faiz (ümumittifaq göstəricisindən 3 dəfə çox) artması respublikamızın sürətli inkişafından xəbər verirdi. Məntiqlə düşündükdə bu tikilmiş zavodlar, elektrik stansiyaları, metro, ikimərtəbəli kəndli evləri, klublar, kinoteatrlar, saraylar, şəhər mikrorayonları, idman kompleksləri, xəstəxanalar, alınmış minik maşınları, qiymətli tibbi avadanlıqlar, dəzgahlar və sairədir.
Mən xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 70–80–ci illərdə ölkə həyatının ümumi yüksəlişi fonunda elm və təhsilə göstərdiyi böyük qayğı və diqqətə xüsusi toxunmaq istəyirəm. Ulu Öndər təhsil sahəsinə diqqət yetirərkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyət və dövlətin inkişafına xidmət etməli olduğunu xüsusi vurğulayırdı. O, biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi və əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin qurulmasına yönəltməyi ən vacib vəzifələrdən biri hesab edirdi. Mübaliğəsiz deyə bilərik ki, ümummilli liderimizin təhsillə bağlı nitq və çıxışlarındakı hər hansı bir istiqamət üzrə konkret fikri məqsədli mahiyyət daşıyaraq zaman ötdükcə məzmun etibarilə daha da zənginləşir və konseptual xarakter daşıyan müddəalara çevrilir. Ulu öndərin bu müdrik və uzaqgörən təhsil siyasəti nəticəsində keçən əsrin 70–80–ci illəri, sözün həqiqi mənasında, Azərbaycan təhsilinin intibah dövrü oldu. Belə ki, həmin dövrdə Azərbaycanın şəhər, kənd və qəsəbələrində 275 yeni məktəbəqədər tərbiyə müəssisəsi, 700–ə qədər isə yeni məktəb binası tikilib istifadəyə verilmişdi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda 1970–1982–ci illərdə 5 yeni ali təhsil müəssisəsi yaradılmış, ali məktəb tələbələrin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdı. Qeyd etdiklərimlə bərabər, ulu öndər Heydər Əliyev respublikamızın siyasi rəhbərliyinə ilk gəlişindən dərhal sonra onun tapşırığı və bilavasitə nəzarəti ilə 70–ci illərin əvvəllərindən başlayaraq istedadlı və perspektivli tələbələrin, gənc tədqiqatçıların oxumaq, həmçinin öz elmi səviyyə və dərəcələrini artırmaq üçün kütləvi surətdə Moskvanın, Leninqradın (indiki Sankt–Peterburqun), Kiyevin, Novosibirskinin, Minskin və SSRİ–nin digər nüfuzlu universitet və elmi–tədqiqat institutlarına ezam olunmaları həyata keçirilirdi. Ötən əsrin 80–ci illərinin əvvəllərində hər il 1000–1400 nəfər azərbaycanlı gənc respublikamızdan kənarda ali təhsil almağa göndərilirdi. Halbuki 1969–cu il üçün həmin rəqəm cəmi 47 idi. Məhz ulu öndərin şəxsi təşəbbüsü ilə 1970–1980–ci illərdə keçmiş SSRİ–nin 50–dən artıq böyük şəhərinin 170–dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80–dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250–dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdır. Bir riyaziyyatçı kimi, təmsil etdiyim elm sahəsinin ölkəmizdə böyük təşəkkül tapmasını və Azərbaycanın bu sahədə sayılıb–seçilən mərkəzlərdən birinə çevrilməsini də həmin müdrik siyasətin parlaq nəticəsi kimi dəyərləndirirəm. Onu da qeyd edim ki, hər il bu məqsədlə göndərilən gəncləri qəbul edən ulu öndər qüdrətli, qayğıkeş və tələbkar bir ata kimi onları ürəkləndirir, böyük məsuliyyətlərini–istedadları, mədəniyyətləri, davranışları ilə qürbətdə xalqımızı təmsil edəcəklərini anladır və xalqımızın, millətimizin gələcəyi naminə bütün bacarıqlarını sərf edərək İttifaqın aparıcı alimlərindən müasir elmin sirlərini dərindən öyrənməyi tövsiyə edirdi. Bu baxımdan, mən ulu öndərin 1975–ci il avqust ayının 28–də keçmiş Sovetlər Birliyinin nüfuzlu ali təhsil müəssisələrinə təhsil almağa göndərilən tələbələrlə görüşündə söylədiyi aşağıdakı müdrik fikirləri qeyd etmək istəyirəm: “Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi–texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis, həqiqətən, yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq və vərdişin bünövrəsi möhkəm olmalıdır”. Qətiyyətlə deyə bilərik ki, ulu öndərimizin həmin uzaqgörən fikirləri qloballaşan dünyamızın müasir tələbləri və yanaşmaları ilə çox həmahəng səslənir.
Azərbaycanlı gənclərin xaricdə təhsili sahəsindəki bu uzaqgörən siyasəti müasir dövrümüzdə Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Belə ki, “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5 min nəfər azərbaycanlı gəncin xaricdə ölkəmiz üçün vacib olan ixtisaslar üzrə təhsil alması nəzərdə tutulur. Hazırda xaricdə ali təhsil alan azərbaycanlı gənclərin sayı 1204 nəfərə çatıb, 322 nəfər isə təhsilini başa vuraraq Azərbaycana qayıdıb. Mən təhsil sahəsi ilə bağlı vacib bir məqama da toxunmaq istəyirəm. Məlum olduğu kimi, Azərbaycan ali təhsil sahəsində Boloniya prosesinə rəsmi olaraq 2005–ci ilin may ayında qoşulmuşdur. Ulu öndər Heydər Əliyev bundan 6 il öncə, Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının 1999–cu ilin martında keçirilmiş iclasındakı yekun nitqində Boloniya Bəyannaməsində təsbit olunmuş əsas məqsədlərin mahiyyətini belə ifadə etmişdi: “Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər, gərək, dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin”. Əslində, ulu öndər Heydər Əliyev Boloniya prosesi haqqında bu uzaqgörən və dəqiq açıqlaması ilə Azərbaycanın ali təhsil sahəsi qarşısında dayanan ən mühüm vəzifəni, strateji xətti müəyyən etmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə milli hərbi kadrların yetişdirilməsinə də xüsusi diqqət yetirirdi. Bunu faktlar da birmənalı şəkildə təsdiqləyir: təkcə 1982–ci ildə keçmiş Sovetlər Birliyinin ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi. Cəmşid Naxıçvanski adına Hərbi Liseyin yaradılması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli lider Heydər Əliyev yuxarıda qeyd etdiyim sahələrlə yanaşı, xalqımızın ictimai–siyasi və mədəni–mənəvi həyatının yüksəlişinə də xüsusi diqqət yetirirdi. Ulu öndər keçən əsrin 60–cı illərinin sonları, 70–ci illərinin əvvəllərində xalqımızın ümumi yüksəlişi və inkişafı fonunda Azərbaycan tarixinin problemlərinin yenidən işlənilməsinə nail oldu. Heydər Əliyev, sözün gerçək mənasında, millətini sevən idi, lakin onun bu millətçilik hissləri milli özünəqapanmadan çox–çox uzaq idi. Xalqımızın böyük oğlu, məşhur yazıçı, tanınmış maarifçi, görkəmli ictimai–siyasi xadim Nəriman Nərimanovun 100 illik yubileyinin təntənəli qeyd edilməsi, Bakıda və Ulyanovskda əzəmətli heykəllərinin qoyulması, eyni zamanda Bakıda və Tbilisidə ev–muzeylərinin açılması, həmçinin böyük mütəfəkkir, görkəmli şair və dramaturq Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilərək Naxçıvanda dəfni, məqbərəsinin inşa edilməsi də Heydər Əliyevin xalqımız, millətimiz qarşısında göstərdiyi böyük tarixi xidmətləri sırasında mühüm yer tutur. “İncəsənət mənim bütün həyatımdan keçmişdir” – deyən ulu öndər həm də sənət adamlarının, yaradıcı insanların böyük qayğıkeşi və hamisi idi.
Böyük vətənpərvər Heydər Əliyev həm də müstəqil milli dövlətimizin gerçək simvolu idi. Ulu öndərimiz ötən əsrin sonlarında xalqımızın milli müstəqillik arzusunun həyata keçirilməsini təmin etdi. Xalqımızın milli–azadlıq mübarizəsini ideya–siyasi cəhətdən istiqamətləndirən ulu öndər Heydər Əliyev 1993–cü ildə respublikamızda yenidən hakimiyyətə qayıtdıqdan sonra öz müdrik siyasəti, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın formal, nominal müstəqilliyini faktiki, hüquqi müstəqilliyə çevirdi, müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında tanıtdı, Azərbaycanı nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü etdi.
Tarixi təcrübə göstərir ki, bütün milli, siyasi, ideoloji və mənəvi azadlıqların kökündə iqtisadi azadlıq dayanır. Müdrik siyasi xadim Heydər Əliyev deyirdi: “Güclü iqtisadiyyat güclü dövlət, güclü ordu deməkdir”. Ulu öndər müstəqil Azərbaycanın iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi üçün səmərəli fəaliyyət proqramı gerçəkləşdirdi, böyük uzaqgörənliklə müəyyənləşdirdiyi yeni milli neft strategiyasına uyğun olaraq 1994–cü il sentyabrın 20–də Bakıda dünyanın 15 ölkəsinin 33 ən iri və nüfuzlu şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması suveren Azərbaycana böyük iqtisadi və siyasi dividendlər gətirdi. Xalqımızın milli maraqlarını əsas götürməklə imzalanan “Əsrin müqaviləsi” ölkə iqtisadiyyatının dirçəldilməsini, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qovuşmasını, həmçinin xalqımızın sosial rifah halının yüksəlməsini təmin etməklə yanaşı, həm də Azərbaycanın dünyadakı coğrafi–strateji mövqeyini və beynəlxalq siyasətdəki rolunu xeyli gücləndirdi. “Əsrin müqaviləsi”nin bu böyük əhəmiyyətini nəzərdə tutan ulu öndər Heydər Əliyev demişdir: “1994–cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin, təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir. Mən bu gün tam qətiyyətlə demək istəyirəm ki, XXI əsrdə Xəzər dənizi neft–qaz sahəsində dünyanın ən zəngin mərkəzlərindən biri olacaqdır”.
Ulu öndər Heydər Əliyev, sözün həqiqi mənasında, milli təəssübkeşimiz idi. Humanist, ədalətli, müdrik, sadə, qayğıkeş, xeyirxah, eyni zamanda iradəli, prinsipial, cəsarətli və qətiyyətli bir insan olan Heydər Əliyev milli–mənəvi dəyərlərimizə dərindən bağlı idi. Böyük qürur hissi ilə ən mötəbər kürsüdən “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyən Heydər Əliyev, sözün gerçək mənasında, ən böyük azərbaycanlı idi. Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyev azərbaycançılığı belə səciyyələndirmişdir: “Azərbaycançılıq öz mili mənsubiyyətini qoruyub saxlamaq, milli–mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər insanın inkişafının təmin olunması deməkdir”.
Xalqımızın dilinə, zəngin mədəni irsinə, yüksək milli–mənəvi dəyərlərinə böyük qayğı və diqqət göstərilməsi də Heydər Əliyevin həyat və fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Hələ 1978–ci ildə Ulu Öndərin qətiyyət və fədakarlığı sayəsində Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya salınmışdı. O, Azərbaycan dilinə olan böyük məhəbbətini, sonsuz ehtiramını müstəqil ölkəmizə rəhbərlik etdiyi dövrlərdə daha yüksək səviyyədə göstərmişdir. Ulu Öndər 18 iyun 2001–ci il tarixdə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman, 4 iyul 2001–ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” sərəncam, 9 avqust 2001–ci il tarixdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilməsi haqqında” sərəncam, 2 yanvar 2003–cü il tarixdə isə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərman imzalamışdır.
Ulu öndər Heydər Əliyev yenidən respublikamızda rəhbərliyə qayıtdıqdan sonra, həmişə olduğu kimi, elmə, təhsilə böyük qayğı və diqqət göstərmişdir. Ümumiyyətlə, müdrik rəhbərimizin 30 ildən artıq davam edən ictimai–siyasi fəaliyyətində elmə, təhsilə qayğı və diqqət daim mühüm yer tutmuşdur. Belə ki, ulu öndər yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra ilk görüşlərindən birini 1993–cü il sentyabrın 21–də Azərbaycan Milli Elmlər Akademiyasında keçirmişdi. 1997–ci il yanvarın 31–də ulu öndər Heydər Əliyev AMEA–nın rəhbərliyini və bir qrup aparıcı alimi qəbul etmiş, onlarla elm sahəsində islahatların aparılmasının vacibliyi barədə ətraflı söhbət etmişdi. Bütün bunlar isə təbii ki, ümummilli lider Heydər Əliyevin alimlərimizə bəslədiyi böyük hörmətin, hədsiz qayğı və diqqətin nümunəsi kimi izah edilir.
Həmin dövrdə təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi və təhsilin milli tərəqqimizin əsas amilinə çevrilməsi üçün ölkəmizdə geniş islahatlar proqramı işlənib hazırlandı. “Təhsil millətin gələcəyidir!” deyən ulu öndər Heydər Əliyev 1998–ci ilin martında “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında” sərəncam imzaladı. Hərtərəfli müzakirələrdən sonra 1999–cu ilin iyununda “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı” təkmilləşdirilmiş variantda təsdiq edildi.
Siyasətdə varislik hamı tərəfindən qəbul edilən və normal sayılan gerçəkliklərdən biridir. Xalqı və dövləti inkişafın, tərəqqinin zirvəsinə aparan yolun uğurlu olması siyasətdə davamçılığın vacibliyini ön plana çıxarır. Digər tərəfdən, dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və nəticəni düzgün qiymətləndirirlər. Böyük və qüdrətli siyasi xadim Heydər Əliyev Azərbaycanın müstəqil bir dövlət kimi əbədi yaşamasını təmin etmək üçün yetişdirdiyi və potensialına bələd olduğu cənab İlham Əliyevə inamını ifadə etdi və xalqımız da bu müdrik şəxsiyyətin inamına etibarla yanaşdı. Cənab İlham Əliyev də ulu öndərimizin xalqımız və dövlətimizlə bağlı ideallarına sadiqlik nümayiş etdirərək müstəqil dövlətimizi daha da gücləndirdi və inkişaf etdirdi. Xalqımızın rifah halının yüksəlməsi üçün məqsədyönlü əməli fəaliyyət proqramı həyata keçirdi və bu gün də həmin proqramı çox uğurla həyata keçirməkdə davam edir. Cənab Prezidentimizin uzaqgörən və tərəqqipərvər siyasəti Azərbaycanı ictimai–siyasi sabitliyin qorunması və dinamik iqtisadi inkişaf baxımından regionun lider dövlətinə və əsas söz sahibinə çevirmişdir.
Azərbaycanın dövlət büdcəsi Gürcüstanın dövlət büdcəsindən 5 dəfə, Ermənistanın dövlət büdcəsindən isə 10 dəfə çoxdur. Son 10 ildə uğurla həyata keçirilən sosial–iqtisadi siyasət nəticəsində respublikamızda 1 milyon 300 mindən çox yeni iş yeri açılmışdır. Bu illərdə respublikamızda ümumi daxili məhsul 3 dəfə artmışdır. Hazırda Azərbaycan 46 milyard dollardan çox valyuta ehtiyatlarına malikdir. Azərbaycanda davamlı və sabit real iqtisadiyyatın yaradılması üçün ciddi addımlar atılır, ölkəmizin iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf edir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində respublikamızda qeyri–neft sektorunun – kənd təsərrüfatının, rabitə və informasiya texnologiyalarının, turizmin və digər sahələrin də inkişafında sanballı uğurlar əldə edilir. Dövlət başçısı İlham Əliyevin bu il yanvar ayının 16–da imzaladığı müvafiq sərəncamla 2013–cü il ölkəmizdə “informasiya–kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Bu il fevral ayının 8–də Azərbaycanın ilk telekommunikasiya peykinin uğurla orbitə buraxılması mühüm tarixi hadisə olmaqla yanaşı, xalqımızın, dövlətimizin böyük uğuru, nailiyyətidir. Belə ki, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması iqtisadiyyatımızın şaxələndirilmiş şəkildə inkişaf etməsində, ölkəmizin informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsində, həmçinin kosmik sənayenin inkişafında müstəsna rol oynayacaqdır. Dövlət başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi, MDB məkanında ilk olaraq keçid dövrünü uğurla başa vurmuş Azərbaycan yaxın gələcəkdə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmağı öz başlıca hədəfi seçib. Hamımız inanırıq ki, uğurla həyata keçirilən müdrik siyasi kurs, elmi cəhətdən mükəmməl əsaslandırılmış və həyatımızın bütün sahələrinin əhatə edən çoxsaylı dövlət proqramları Azərbaycanın bu hədəfə yetişməsini təmin edəcəkdir.
Paralel olaraq ölkəmizin beynəlxalq siyasi nüfuzu yüksələn xətlə artır. Azərbaycan 2011–ci il oktyabr ayının 24–də dünyanın 155 ölkəsinin böyük etimadı və güclü siyasi dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri–daimi üzvü seçilmiş, 2012–ci ilin may ayında isə bu quruma uğurla sədrlik etmişdir. Bu, müstəqil Azərbaycanın qazandığı ən böyük, ən ciddi siyasi–diplomatik uğurudur.
Azərbaycan Avropaya və dünya birliyinə uğurla inteqrasiya olunmaqda davam edir, xalqımızın dünya xalqları ilə siyasi, iqtisadi və mədəni əlaqələri genişlənir. Ölkəmiz artıq regional mərkəzdən qlobal mərkəzə çevrilib. Son illər Azərbaycan möhtəşəm beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirir. Bu baxımdan “Eurovision–2012″ beynəlxalq musiqi yarışmasını və İkinci Bakı Beynəlxalq Humanitar Forumunu xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda Azərbaycanın 2015–ci ildə ilk dəfə olaraq keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcəyinə inanırıq. Çünki artıq bu sahədə qazanılmış müsbət təcrübə və bütövlükdə ölkə rəhbərliyinin həyata keçirdiyi uzaqgörən siyasi kurs belə deməyə tam əsas verir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin zəngin iqtisadi potensialının intellekt potensialına çevrilməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Elm və təhsilin inkişafına dövlət səviyyəsində xüsusi qayğı və diqqət göstərilir və bu da öz növbəsində bu sahənin hərtərəfli inkişafını təmin edir. Şöhrətli elm və təhsil ocağına çevrilmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) son 40 ildə qazandığı böyük uğurlar da ümummilli liderimiz Heydər Əliyevin və eləcə də Ulu Öndərimizin ideyalarının layiqli davamçısı, dövlət başçımız cənab İlham Əliyevin bütövlükdə elm və təhsilə göstərdiyi böyük qayğı və diqqət sayəsində əldə edilmişdir. Ulu öndərimiz Heydər Əliyev 5 dəfə ADPU–ya gəlmiş, universiteti dövrün ən yüksək mükafatlarından olan “Qırmızı Əmək Bayrağı Ordeni” ilə təltif etmiş, professor–müəllim heyətini və tələbələri mükafatlandırmış, kollektivə dəyərli tövsiyə və məsləhətlər vermişdir. Ulu Öndərimizin “Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, universitet xalq maarifi üçün yüksəkixtisaslı kadrlar bazasına çevrilmişdir” sözü universitetin sonrakı fəaliyyətinə yeni ruh və impuls vermişdir.
Təhsilin, maddi dəyərlərin intellekt kapitalına çevrilməsinin vacibliyini önə çəkən ölkə Prezidenti cənab İlham Əliyev respublikamızın digər ali təhsil müəssisələri kimi, ADPU–ya da xüsusi qayğı və diqqət göstərir. Böyük razılıq hissi ilə demək istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 aprel 2012–ci il tarixli sərəncamları ilə ADPU–nun 38 nəfər əməkdaşı ölkəmizdə təhsilin inkişafındakı xidmətlərinə görə və universitetin 90 illik yubileyi münasibətilə müxtəlif yüksək dövlət mükafatları ilə təltif edilmişlər. Bütövlükdə isə son 7 ildə universitetimizin 90–dan çox əməkdaşı ölkə Prezidentinin müvafiq sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülmüşlər. ADPU–nun kollektivi bunu möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, o cümlədən ali pedaqoji təhsilə böyük qayğı və diqqətinin yüksək təzahürü kimi qiymətləndirir və mən bir daha dövlət başçımıza şəxsən öz adımdan və universitetin kollektivi adından öz dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsil, səhiyyə, mədəniyyət, incəsənət və həyatımızın digər sahələrinə göstərdiyi yüksək qayğı və diqqət hər birimizdə böyük razılıq hissi doğurur və xalqımız onun bu fəaliyyətini çox yüksək qiymətləndirir.
Bir faktı da qeyd etmək istəyirəm ki, bütün respublikamızda olduğu kimi, ADPU–da da ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir. Bu baxımdan, Ulu Öndərin bu böyük və əlamətdar yubileyi münasibətilə ADPU–nun Qərb Universiteti ilə birlikdə “Ekoloji problemlər və ekoloji təhsil” mövzusunda keçirdiyi Respublika Elmi Konfransını, həmçinin universitetin bütün fakültələrinin keçirdikləri elmi konfransları, ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının universitetimizdə keçirilən seçim turunu, habelə müəllim və tələbələrimiz arasında idmanın 4 növü üzrə keçirilmiş spartakiadanı xüsusi qeyd etmək istəyirəm. Bu tədbirlərlə yanaşı, Ulu Öndərin 90 illik yubleyi münasibətilə universitetin “Pedaqoji Universitet Xəbərləri” jurnalının və “Gənc müəllim” qəzetinin xüsusi buraxılışları çap edilmiş, həmçinin respublika mətbuatında professor–müəllimlərin çoxlu sayda məqalələri dərc olunmuşdur.
ADPU–da həmçinin xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş müxtəlif tədbirlər, o cümlədən ümumuniversitet elmi seminarı keçirilmiş, bu böyük alimin həyat və yaradıcılığını əks etdirən sərgi təşkil edilmiş, tələbələr üçün mühazirə və məruzələr oxunmuş, əməkdaşlarımızın “Pedaqoji Universitet Xəbərləri” jurnalında və “Gənc müəllim” qəzetində, eləcə də ölkə mətbuatında Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə məqalələri dərc olunmuşdur. Aprelin 30–da isə universitetdə respublikamızın görkəmli ziyalılarının iştirakı ilə akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr edilmiş toplantı keçirilmişdir. Tədbirdən öncə universitet tələbələrinin ümummili lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr edilmiş yaradıcılıq sərgisi nümayiş etdirilmişdir.
Qeyd etdiklərimdən başqa, mayın 3–4–də ADPU ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Türkiyənin Hacəttəpə Universiteti və Qafqaz Universiteti ilə birlikdə “Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda III beynəlxalq elmi konfrans keçirmişdir. Mayın 10–da isə ADPU Sumqayıt Dövlət Universiteti və Qərb Universiteti ilə birlikdə “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” mövzusunda respublika elmi konfransı keçirəcəkdir. Həmin gün ADPU–nun bütün fakültələrində ilk dərs saatları Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunacaqdır.
Qürur hissi ilə demək istəyirəm ki, modernləşməyə doğru uğurlu kurs götürmüş Azərbaycanda həyatımızın bütün sahələrində hərtərəfli tərəqqi, inkişaf müşahidə olunur. Dövlət başçımız İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan yaxın gələcəkdə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmağı öz başlıca hədəfi seçib. Bütün bu böyük uğurlara, nailiyyətlərə isə, şübhəsiz ki, ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik kursu və bu kursun möhtərəm Prezidentimiz İlham Əliyevin böyük uğurla davam etdirməsi nəticəsində nail olunmuşdur.
Böyük fransız maarifçisi və mütəfəkkiri Jan Jak Russonun belə bir müdrik ifadəsi var: “İnsanın fəzilətinin ictimaiyyət tərəfindən etiraf olunması onun üçün ən yüksək mükafatdır”. Bu mükafatı ulu öndərimiz Heydər Əliyev onun böyüklüyünü, dahiliyini, vətənpərvərliyini, millətsevərliyini çox yüksək qiymətləndirən qədirbilən xalqımızdan almışdır.
May ayının 10–da ulu öndər Heydər Əliyevin anadan olmasının 90–cı ildönümü tamam olur. Heydər Əliyev seçdiyi yola, ideyalara bütün varlığı ilə inanan, bu ideyaların həyata keçməsi üçün əzmlə, qətiyyətlə, fədakarlıqla mübarizə aparan, həyatı boyu yararlı və dəyərli işlər görən və bununla da adilikdən ayrılan, cismani yoxluğundan sonra da ürəklərdə, beyinlərdə yaşayan qüdrətli bir şəxsiyyətdir. Xalqımızın, millətimizin fədaisi olmuş Heydər Əliyev bu gün cismən bizim aramızda olmasa da, ruhən, mənən həmişə bizimlədir. Ulu Öndərimizin xatirəsi bizim üçün çox əziz və unudulmazdır. Nə qədər müstəqil Azərbaycan xalqı, Azərbaycan dövləti var, Heydər Əliyev adı da yaşayacaqdır! Milli olduğu qədər də dünyəvi olan Heydər Əliyev öz şərəfli adı, genişmiqyaslı quruculuq fəaliyyəti, böyük tarixi əməlləri, mütərəqqi fikir və idealları ilə xalqımızın və eləcə də bütün bəşəriyyətin yaddaşına əbədi köçmüşdür.
Yusif Məmmədov,
ADPU–nun rektoru,
AMEA–nın müxbir üzvü,
əməkdar elm xadimi, professor.
Republika.-2013.-9 may.-S.4.