BÖYÜK SİYASƏTÇİ
Ümummilli liderimiz Heydər Əliyevin canından artıq sevdiyi vətəni qarşısında göstərdiyi misilsiz xidmətlər, cahanşümul əməllər hər bir Azərbaycan vətəndaşının qəlbində möhtəşəm abidə ucaltmışdır. Bu nadir tarixi simanın şüurlu ömrünün hər bir anı doğma vətəninə və xalqına, onun yüksəlişinə və tərəqqisinə xidmətə sərf edilib. Tarixə müraciət etsək, öz xalqının həyatında xüsusi rol oynayan liderlərin adlarının bu gün də o xalqlar tərəfindən yaşadıldığının şahidi olarıq. Bəzən fərqləndirərək deyirlər ki, kimsə Şərq aləmində, kimsə Qərbdə sevilən liderdir. Heydər Əliyev şəxsiyyətini bu baxımdan xarakterizə etmək istəsək deyəcəyik ki, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onu eyni məhəbbətlə həm şərqlilər, həm də qərblilər sevirdilər. Çünki bu fenomenal şəxsiyyət həm Şərq, həm Qərb, başqa sözlə, planetar düşüncə tərzinə malik idi.
Heydər Əliyev müdrikliyi yalnız bir şəxsiyyətin fərdi qabiliyyətinin nəticəsi deyildi, bütövlükdə xalqın tarixi iradəsinin ifadəsi idi. Heydər Əliyev təkcə tarixin, taleyin seçimi deyildi, o, həm də müdrik Azərbaycan xalqının seçimi idi. Bu gün onun müxtəlif xalqların seçimləri olan C.Vaşinqtonla, Şarl de Qolla, Mustafa Kamal Atatürklə müqayisə edilməsi təsadüfı deyil. Aydındır ki, öz xalqının lideri səviyyəsinə hər bir şəxs ucala bilməz. Buna o şəxslər nail olur ki, onlar xalqa xas olan ən ali keyfiyyətlərə malik olmalı, onun bütün ideal xüsusiyyətlərini özündə ehtiva etməlidir.
Heydər Əliyevi xalqın lideri səviyyəsinə qaldıran ikinci əsas keyfiyyət onun intellektual potensialının hüdudsuz, elm və təfəkkür səviyyəsi baxımından əlçatmaz olması idi. O, həm dövlət rəhbərlərinə xas olan yüksək idarəçilik keyfiyyətləri ilə, həm də tariximizə, milli adət və ənənələrimizə dərindən bələd olması ilə seçilirdi. Heydər Əliyev tarixin nadir şəxsiyyətlərindən biri kimi həyatın hər sahəsindən saatlarla sinədən, bədahətən danışmağa və auditoriyanı inandırmağa qadir bir insan idi.
Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Bu xidmət bütün sahələri əhatə edir. Azərbaycanın istər sovetlər dövründə,istər müstəqillik illərində, istərsə də bu gün onsuz keçirdiyimiz illərdə qazandığı bütün uğurlarda biz Heydər Əliyevin xəttini, əməllərinin izlərini görürük. Bu xidmətlər sırasında ən önəmlilərdən biri, şübhəsiz, ulu öndərimizin bizlərə azərbaycançılıq ətrafında dünyanın ayrı–ayrı ərazilərinə paylanmış soydaşlarımızı birləşdirmək uğrunda göstərdiyi fədakar fəaliyyətdir. İlk növbədə biz bu fəaliyyətdə planlılıq, məqsədlilik və məqsədə doğru addım–addım düşünülmüş əməli işlər görürük. Biz bu fəaliyyətin ilkin hazırlıq mərhələsini 1969–1982–ci illərdə, daha sonra isə 1982–1987–ci illərdə ulu öndərimizin SSRİ Nazirlər Kabineti sədrinin I müavini işləyərkən hiss edirik. Lakin şübhəsiz, bu istiqamətdə köklü fəaliyyəti Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev 1993–cü ilin 15 iyununda Azərbaycanın siyasi rəhbərliyinə ikinci dəfə gəlişindən sonakı rəhbərlik dövründə gördük. Ulu öndər hakimiyyətə gəlişinin elə ilk günlərindən başlayaraq, ölkə daxilində əvvəlki səriştəsiz rəhbərlərin apardığı ağılsız siyasət nəticəsində yaranmış xaos, anarxiya, özbaşınalıq, ən əsası, qruplara bölünmə, parçalanma hallarının aradan qaldırılması, soydaşlarımızın bir araya gələrək ümumi düşmənə qarşı bir mövqedən çıxış etmək vəziyyətinə gətirilməsi istiqamətində ustalıqla aparılan fəaliyyətinin şahidi olduq. Qısa müddətdə ölkəni bürüyən bu anormallıqların qarşısının alınaraq, hadisələrin məcrasına salınması, qanunsuzluqların aradan qaldırılması, insanların sabaha olan inamının qaytarılması istiqamətində məqsədyönlü işlər vəziyyəti normallaşdırdı, ölkədaxıli həyat nizamlanan, tənzim olunan formaya salındı. Belə bir məqamda vətəndaş həmrəyliyinin bərqərar olunmasının necə vacib olduğu hamı üçün aydın idi. Buna ümummilli liderimiz Heydər Əliyev çox böyük diqqət və əhəmiyyət yetirdi. Müdrik şəxsiyyət ölkə prezidenti kimi Azərbaycanın demokratik və hüquqi cəmiyyət quruculuğu yolunda irəliləməsi üçün insan hüquqlarının qorunmasını, çoxpartiyalılıq prinsiplərinin bərqərar edilməsini özünün başlıca fəaliyyət istiqamətləri kimi qarşıya qoydu. Məhz elə aparılan bütün bu işlərin nəticəsində 2001–ci ildə Azərbaycan Avropa Şurası kimi mötəbər, nüfuzlu bir quruma üzvlüyə qəbul olundu. Bununla da ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artdığı bir daha təsdiqləndi. Bu uğurlar bu gün də artmaqdadır.
Ümummilli liderimizin öz xalqı və milləti qarşısında göstərdiyi ən mühüm xidmətlərdən biri də bilavasitə onun təşəbbüsü ilə 2001–ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsidir. Bununla da dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diasporların təşkilatlanmasına, birgə fəaliyyət göstərməsinə şərait yaradıldı. Məhz bu qurultaydan sonra Azərbaycan diasporu daha da mətinləşərək, öz fəaliyyətini gücləndirdi.
Ümummilli lider Heydər Əliyev bütün rəsmi və qeyri–rəsmi strukturların diqqətini bu istiqamətə yönəldərək demişdir: “2001–ci ilin noyabrında Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi, 2002–ci ilin iyulunda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, soydaşlarımızın birliyinin və həmrəyliyinin güclənməsi istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verməkdədir. Hazırda bütün azəbaycanlıların vahid amal və ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin gücləndirilməsi dövlət səviyyəsinə qaldırılmış, bütün rəsmi və qeyri–rəsmi strukturların diqqəti bu istiqamətə yönəlmişdir. Məmnunluqla qeyd edirəm ki, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onların arasında birlik və həmrəylik intensiv və məqsədyönlü şəkildə gedir”.
Ümumiyyətlə, 1993–2003–cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən dünya azərbaycanlılarının həmrəyliyinə nail olunması istiqamətində aparılan işləri təhlil etsək, deyə bilərik ki, o, bu işləri çox böyük məsuliyyətlə, sistemli və ardıcıl siyasət yeritməklə həyata keçirmişdir. Onun tərəfindən diaspor və lobbi quruculuğu istiqamətində aparılan işlər bu ümumi siyasətin tərkib hissəsi kimi çox əhəmiyyətli idi. Bu tarixi şəxsiyyətin ən böyük üstünlüyü isə o idi ki, özü həyatı boyu azərbaycanlı adını uca tutmuş, bununla qürur hissi keçirmiş, başqalarına da bu hissi aşılamağa çalışmışdır. Bu dahi şəxsiyyət ömrünün ən mənalı illərini ölkədə həmrəyliyin və bütövlüyün qorunub saxlanmasına həsr etmişdir. Birmənalı şəkildə deyə bilərik ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində təkcə müstəqil Azərbaycanın dövlət quruculuğunu möhkəmləndirməsinə, onun beynəlxalq imicinin, dünya dövlətləri arasında nüfuzunun yüksəlməsinə nail olmadı, eyni zamanda o, bütün dünya azərbaycanlılarının milli birliyinin yaradılmasına da əvəzsiz töhfə verdi. Bu işdə təşkilatlanmaya onun verdiyi stimul isə, şübhəsiz, xüsusi əhəmiyyət kəsb edir. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan diasporunun yaratdığı 200–dən artıq birlik, cəmiyyət və assosiasiyalar dediklərimizə əyani sübutdur.
Ümummilli liderimiz Heydər Əliyev təkcə dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsinə, onların milli həmrəyliyinin yaradılmasına nail olmadı, eyni zamanda həyata keçirdiyi işlərlə, xeyirxah əməllərlə onların vahid lideri səviyyəsinə ucaldı. Bu gün yaşadığımız anlar, izlədiyimiz və şahidi olduğumuz hadisə və proseslər göstərir ki, sağlığında dünya azərbaycanlılarının həqiqi lideri səviyyəsinə yüksəlmiş ümummilli lider Heydər Əliyevin ideyaları, əsasını qoyduğu işlər bu gün də yaşamaqdadır. Ulu öndərin çox böyük dəqiqliklə işləyib hazırladığı strategiya 2003–cü ilin oktyabrından başlayaraq onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003–cü il prezident seçkilərinə hazırlıq ərəfəsində keçirdiyi görüşlərdə Azərbaycan seçicilərinə ” Heydər Əliyev siyasətini, Azərbaycanın ümummilli liderinin yolunu davam etdirəcəyini qətiyyətlə bildirən Azərbaycanın yeni liderinin Prezident kimi fəaliyyətə başladığı ilk gündən bu vədə məsuliyyətlə əməl etməsini görürük.
Azərbaycan Prezidenti İlham Əliyev öz rəhbərlik və idarəetmə praktikasında ulu öndərin xəttinə, təcrübəsinə üstünlük verir, daim ona sədaqətini nümayiş etdirir. Bu xətt isə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkənin beynəlxalq aləmdə nüfuzunun durmadan artırılması, ərazi bütövlüyünün bərpası, ölkənin iqtisadi durumunun yüksəldilməsi, yoxsulluğun azaldılması, əhalinin rifahının yaxşılaşdırılması, dünya birliyinə, o cümlədən Avropaya inteqrasiya, ölkədə demokratik dəyərlərin qərarlaşmasının dərinləşdirilməsi, sabitlik və vətəndaş həmrəyliyinin yaradılması və sair kimi ümumxalq mənafeli məsələlərdir.
Bütün işlər bir daha göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev öz müdrik müəllimi, xalqımızın tarixinə qurucu, xilaskar, şəxsiyyət kimi daxil olan Heydər Əliyevin başladığı işləri qətiyyətlə və uğurla, dövlətçiliyimizin tərəqqisi naminə əzmlə davam etdirir. Bu isə o deməkdir ki, ulu öndər Heydər Əliyev ideyaları bu gün də yaşayır və əbədi yaşayacaqdır.
Abdulla MEHRABOV,
Təhsil Problemləri İnstitutunun
direktoru,
texnika elmləri doktoru,
professor,
respublikanın əməkdar müəllimi.
Respublika.-2013.-9 may S.7.