Praqmatik dövlət
başçısı, görkəmli siyasətçi
XX yüzilliyin sonlarında Sovet İttifaqının süqutu ərəfəsində Azərbaycanda başlanan milli–azadlıq hərəkatı yeni milli dövlətin yaranması üçün ideal şəratin yüksələn xətti idi. Amma imperiyanın külləri altında Azərbaycanın məhvi üçün dəhşətli planlar hazırlanırdı. 1918–ci ildə bolşeviklər tərəfindən aprel işğalı ilə məhv edilən milli dövlətimizi yenidən yaratmaq ideyası şüur altında yaşayırdı və bu ideyanın gerçəkləşməsinə imkan vermək istəməyən qüvvələr Azərbaycanda milli–azadlıq hərəkatını vətəndaş müharibəsinə çevirmək istəyirdilər. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın o vaxtkı səriştəsiz iqtidarı cəmiyyətin vahid bir məqsəd ətrafında birləşməsinə, ictimai şüurda milli dövlətçiliyin fundamental prinsiplərinin möhkəmləndirilməsinə, dövlətçiliyin inkişafı üçün köklü islahatların aparılmasına qadir deyildilər. Qeyd edək ki, müstəqilliyin ilk illərində təcrübəsiz idarəetmə metodları Azərbaycanda yaranmış böhranın əsas səbəblərindən idi. Bu məqamda həm milli birliyi yarada biləcək, həm ərazilərimizin işğalının qarşısını ala biləcək və ən əsası isə yeni yaranmış milli dövləti beynəlxalq hüququn subyekti edə biləcək mükəmməl siyasi dühaya kəskin ehtiyac var idi. Bu müqəddəs qurtuluş missiyasını dövlətçiliyi, hakimiyyəti idarə etmək ustası olan ulu öndər Heydər Əliyev yerinə yetirmiş oldu.
Xatırladaq ki, hələ milli–azadlıq hərəkatının böyük vüsət aldığı vaxt Naxçıvan sürətli tarixi proseslərin önünə keçmişdi. Hərəkatda rəhbərlikdə yeni liderə böyük ehtiyac var idi. Heydər Əliyevin Naxçıvana gəlməsi və Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi və çoxşaxəli fəaliyyəti Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsində böyük əhəmiyyəti oldu. Onun sədrliyi ilə 1990–cı il noyabrın 17–də keçirilən Naxçıvan parlamentinin sessiyası Muxtar Respublikanın adından “sovet sosialist” sözlərini götürdü və “Ali Məclis” sözü ilə əvəz etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını özünün dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Qərarda deyilirdi: “İlk Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsis edilsin. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi—dövlət gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin”. Eyni zamanda Azərbaycan Demokratik Respublikasının üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycanın dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilməsi haqqında qərar qəbul edildi. Naxçıvan MR Ali Məclisi milli azadlıq hərəkatını boğmaq üçün SSRİ rəhbərliyinin 20 yanvarda Bakıda törətdiyi cinayətə siyasi qiymət verdi. Naxçıvanda keçirilən demokratik tədbirlər bütün Azərbaycan üçün nümunə olmuşdu. Demokratik qüvvələrin tələbi ilə Azərbaycan SSR Sovetinin 1991–ci il fevralın 5–də keçirilən sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq edildi.
Əslində milli liderimiz azərbaycançılıq ideologiyasının təməl prinsiplərini Naxçıvanda yaratmış oldu. Həmin günlərdə bu dahi şəxsiyyətin proqram xarakterli çıxışları gələcək milli dövlətin siyasi–ideoloji fundamentini yaradırdı. O, dünya tarixinin yetirdiyi yeganə xarizmatik liderlərdəndir ki, həm nəzəri, həm də praqmatik dühaya malik idi.
Heydər Əliyevin milli siyasət konsepsiyasında əsas məsələlərdən biri təfəkkürdəki, mənəviyyatdakı və mentalitetdəki deformasiyaların qarşısının alınması və sağlam təmələ qaytarılması idi. Nəsilləri Sovet ideoloji stereotiplərdən xilas edərək formalaşdırmaq—Heydər Əliyevin milli siyasət konsepsiyasının məğzini təşkil edirdi. Bu milli siyasət konsepsiyası dəqiq, taraz siyasi oriyentasiyası ilə yanaşı, ictimai–siyasi, sosial–iqtisadi, elmi–mədəni həyatı bütövlükdə əhatə edən kompleks xarakter daşıyırdı.
Rus siyasi yazarı Andrey Konçalovski “Andropovdan Qorbaçova” adlı siyasi məqaləsində çox maraqlı tarixi interpretasiyalar söyləyir. Müəllif yazır ki, Andropov xəstə olarkən imperiyanın yuxarı eşalonunda yekdil fikir belə idi ki, nəhəng dövləti bundan sonra yalnız Heydər Əliyev idarə edə bilər və Andropov buna çalışırdı. Lakin Heydər Əliyev özü çox gözəl bilirdi ki, siyasi kluarlarda olan müəyyən qüvvələr müsəlman Azərbaycanından olan bir siyasətçinin böyük dövlətin başına gətirilməsinə imkan verməz, onsuz da Heydər Əliyevin bundan əvvəl ümumsovet siyasi səhnəsinə gətirilməsi möhtəşəm əhəmiyyətli bir hadisə idi. Düşünürəm ki, Andropovdan sonra Heydər Əliyevin hakimiyyət başına gətirilməsinə imkan verilsəydi, o, dövlətin demokratik əsaslarda reabilitasiyasını başa çatdırar, millətlərin yeni dünya düzənində inkişaf perspektivlərinin yolunu açmış olardı.
Ulu öndərimiz dərin fenomenal bir düha idi. Onun siyasi
müdrikliyinin hər incə nüansını
araşdırdıqca, dərin heyranlıq hissi insanı
çulğayır. Onun hər hansı
taleyüklü siyasi addımlar ərəfəsində tərəddüd
etdiyini qəti olaraq görmək mümkün deyil. Elə buna görə də XX yüzilliyin
sonlarında Azərbaycanın xilaskarlıq missiyası məhz
ona qismət oldu. Onun bütün
ictimai–siyasi, mədəni–iqtisadi fəaliyyəti tarixlə
müasirliyin ən incə nüanslarının
uzlaşmasından yaranan elmi konsepsiya idi. Bu
nəticə böyük liderin dərin elmi təfəkküründən
doğurdu. Elə buna görə də o,
Azərbaycanda elmin milli–mədəni kontekstdə
inkişafına xüsusi diqqət yetirirdi.
1997–ci
ilin 31 yanvarında Azərbaycan Elmlər Akademiyasının 50
illik yubileyi mərasimində dərin məzmunlu nitq söyləyən
böyük strateq Heydər Əliyev özünəməxsus
müdrikliklə milli elmin qarşısında duran fundamental vəzifələrdən
söz açmış, kifayət qədər mürəkkəb
şəraitdə bu sahənin inkişaf strategiyasını,
gələcək hədəflərini
açıqlamışdır. Həmin mərasimdə Heydər
Əliyev ictimai və humanitar elm sahələrində yeni
dövrün tələblərinə uyğun yeniləşmənin,
eləcə də sovetlər birliyi dövründən
qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz
tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini
xüsusi diqqətə çəkmiş, xüsusən də
tarixçiləri Azərbaycanın keçmişi ilə
bağlı həqiqətləri daha obyektiv
araşdırmağa, dövlətçilik maraqları
baxımından bu sahəyə xüsusü həssaslıqla
yanaşmağa çağırmışdır.
Yeni milli dövlət quruculuğu mərhələsində
dahi şəxsiyyətin ən böyük uğuru tarixi
şüuru bərpa etməsi oldu. Azərbaycanda müstəqil
dövlət quruculuğu uğurla davam etdirildiyi bir şəraitdə
qarşıda həm də tarixin bərpa olunması, onun
bütövlüyünün təmin olunması kimi məsul
bir vəzifə dururdu. Təsadüfü deyildir ki, ulu
öndər Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin
əbədiliyinin təmin olunması, dövlətçilik
tariximizin müasir mərhələsinin
davamlılığının təmin edilməsi kimi şərəfli
bir vəzifəni yerinə yetirməklə məhdudlaşmayıb
həm də tarixi şüurumuzun bərpa olunması,
dövlətçilik ənənələrinin qədim
köklərinin üzə çıxarılması və
müasir tariximizə qatılması sahəsində də məqsədyönlü
iş aparırdı.
Dövlət
quruculuğu nəzəriyyəsini və praktikasını
mükəmməl bilən Heydər Əliyev ilkin dönəmlərdə
prioritet istiqamətləri inkişaf etdirməyə nail oldu.
Respublikada yüksək iqtisadi inkişaf dinamikasının təmin
olunması, müasir NATO sisteminə uyğun milli ordu bölmələrinin
yaradılması, ən qiymətli milli sərvətimiz olan
dilimizin inkişafı, qorunması və fəaliyyət dairəsinin
genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsi
və s. islahatlar inanılmaz yüksəlişə gətirib
çıxardı. Çünki Heydər Əliyev
böyük strateq idi və onun dühası həyata
keçirdiyi islahatların uğurlu nəticələrinin
real təminatı idi. Mən bu düşüncələrimi
yazarkən ABŞ–ın tanınmış siyasi xadimi, ABŞ
Demokratiya Mərkəzinin prezidenti Aulen Ueynşteynin Heydər Əliyev
haqqında fikirlərini xatırladım: “Azərbaycan Prezidenti
qeyri–adi, dahi şəxsiyyətdir. Onu ən
görkəmli siyasi və dövlət xadimi kimi Corc
Vaşinqtonla müqayisə edirəm. Onların
hər ikisinin tarixi missiyası arasında uyğunluq var”.
Ümummilli liderimiz Heydər Əliyev XX yüzilliyin
ortalarından Azərbaycan dili və mədəniyyətinin
qoruyucusu olmuşdur. Dilimizin inkişafı, qorunması, fəaliyyət
dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə
yetirilməsində ulu öndərin müstəsna rolunu
hamı etiraf edir.
Heydər Əliyevin Azərbaycan dilinin inkişafında
xidmətlərindən danışarkən onun yazı mədəniyyətimiz,
əlifba islahatı və türk dünyasının birləşdirilməsi
sahəsində gördüyü tarixi xidmətlərini
xüsusi qeyd etmək lazımdır. Heydər Əliyevin 9 avqust 2001–ci il tarixdə imzaladığı “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” fərmanı tarixi bir addım idi. XIX–XX əsrlərdə
dəfələrlə latın
qrafikalı əlifbaya keçmək üçün səylər
olsa da real nəticəsi olmamışdır. Latın
qrafikalı əlifbaya keçmək ideyası türk
dünyasında xüsusi bir mərhələdir. Bu
ideyanın yaranması, reallaşması, tətbiqi Azərbaycanla,
onun görkəmli şəxsiyyətlərindən sayılan
M.F.Axundov, H.B.Zərdabi, C.Məmmədquluzadə, S.M.Qənizadə,
N.Nərimanov, Ü.Hacıbəyov, B.Çobanzadə, Ə.Hüseynzadə,
S.Ağamalıoğlu və başqaları ilə
bağlı olmuşdur. Milli ruhlu bu ziyalılar Azərbaycan
xalqının tərəqqisi, maarifə, elmə yiyələnməsi
yolunda latın qrafikalı əlifbanın
tarixi rolunu dərk etmişlər. O dövrün
reallığı bu ideyanın həyata keçməsinə
həmişə mane olmuşdur. 1926–cı ildə Bakı
şəhərində keçirilən I Türkoloji qurultay
türkdilli ölkələrdə latın
qrfikalı əlifbaya keçməyi tövsiyə etdi. Qurultayın tövsiyəsini ilk reallaşdıran
ölkə Azərbaycan oldu. Lakin 30–cu illərin
repressiyası Azərbaycan xalqına çox böyük zərbələr
vurdu. Bunlardan biri də latın
qrafikalı əlifbanın ləğvi idi. Sovet
strategiyasının şovinist siyasəti nəticəsində
əlifbamız kiril qrafikalı əlifba ilə dəyişdirildi.
Üzərindən neçə onilliklər keçdi, tarix
öz ədalətli hökmünü verdi.
Azərbaycan Müstəqil respublikaya
çevrildi, Heydər Əliyev kimi dünya şöhrətli
siyasətçi, qəlbində türkçülük, azərbaycançılıq
məşəli yanan dahi bir lider Azərbaycan dövlətinə
yenidən rəhbərlik etdi. Heydər Əliyev
şəxsi nüfuzundan istifadə edərək Azərbaycan
xalqını və onun dilinin adını əbədiləşdirdi.
Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi
və latın qrafikalı əlifbaya
keçmək haqqında dəyərli, tarixi fərman
imzaladı. Bu fərman Azərbaycan dilinin tətbiqi və latın qrafikalı əlifbanın geniş
işlədilməsi üçün dövlətin təminatı
idi.
Heydər Əliyevin uzaqgörənliyi, məsələnin
vaxtında həllinə qərar verməsi təkcə Azərbaycanda
deyil, ümumiyyətlə, bütün türk
dünyasında sevinclə qarşılandı. Buna görə
Heydər Əliyev Türkiyədə “2001–ci ilin müdrik
dövlət adamı” seçildi. Türk
dünyasında türkçülük ideyasının
mübariz təbliğatçısı, Azərbaycanda gedən
prosesləri yaxından izləyən qazax
yazıçısı Oljas Süleymenov respublikamızda dil
sahəsində başlanmış bu inkişafı belə
qiymətləndirmişdir: “Latın əlifbasına keçmək
böyük cəsarət, qətiyyət, siyasi iradə tələb
edirdi. Heydər Əliyevdə bütün bu
keyfiyyətlər, habelə zəngin siyasi təcrübə,
kəskin tənqid və tarixi prosesləri istiqamətləndirə
bilmək istedadı vardır. Bu tarixi bir qərardır”.
Dahi liderimiz Azərbaycan mədəniyyətini yüksəltmək
və qorumaq üçün ən inanılmaz qərarları
qəbul etməkdən belə heç zaman çəkinməmişdir. Heydər Əliyev
zamanlar arasındakı əlaqənin qırılmaması
üçün zəruri olanı edirdi. O, Hüseyn
Cavidi öz xalqına qaytardı. Görkəmli dövlət
xadimi, 1986–cı ildə SSRİ–nin Suriyada fövqəladə
və səlahiyyətli səfiri olmuş Aleksandr Dzasoxov
öz xatirələrində yazır ki, Heydər Əliyev o
zaman böyük Azərbaycan şairi və filosofu İmadəddin
Nəsiminin nəşini Hələb şəhərindən
öz vətəninə gətirmək üçün gərgin
diplomatik əmək sərf etdi. 1973–cü ildə
dahi şairin 600 illik yubileyi təntənəli surətdə
qeyd olundu. Nəsiminin adı bütün ərəb
dünyasında da məşhurdur. Onun əsərləri
onlarla dilə tərcümə olunub, onun poetik əsərləri
və fəlsəfi ideyaları indiki ruhani aləmdə də
aktualdır. Həmin vaxt Heydər Əliyevin
təşəbbüsü ilə SSRİ
Yazıçılar İttifaqının katibi A.Keşkovun rəhbərliyi
altında Suriyanın paytaxtı Dəməşqə
nümayəndə heyəti göndərildi. Lakin Suriya hakimiyyəti Nəsiminin nəşinin
köçürülməsinə razılıq vermədi.
Heydər Əliyevin xahişi ilə SSRİ–nin
Suriyada o zamankı səfiri yenidən bu ölkənin rəhbərliyinə
müraciət etsə də, onların bu dəfəki kəskin
mövqeyi bu tarixi mərasimin reallaşmasına imkan vermədi.
Böyük insanın bu şərəfli fəaliyyəti ilə
tanış olduqca onun milli qeyrətinə
və təəssübünə heyran qalmamaq olmur.
Bütün ideologiyalar kimi azərbaycançılığın
da heç zaman dəyişməyən metafizikası
vardır. Bununla belə o da inkişaf edən, müasirləşən,
dövrün müxtəlif miqyaslı konyuktur təzyiqləri
ilə hesablaşan bir ideologiyadır. Azərbaycan
xalqının ümummilli lideri öz tarixi fəaliyyətində
azərbaycançılıq ideologiyasının dəyişməyən
metafizikasından çıxış etməklə, ona əsaslanmaqla
yanaşı, həyata keçirilmə iyerarxiyasına,
metodlarına da xüsusi önəm vermişdir.
Beləliklə, yüzillər boyu mənəvi–mədəni
(etnoqrafik), onillər boyu siyasi mübarizə həyatı
yaşamış bir ideologiya qalib gələrək öz
tarixinin yeni epoxasına daxil oldu.
Ümummilli liderin bir tarixi xidməti həmin missiyanı
reallaşdırmaq idisə, ikinci missiyası da azərbaycançılıq
ideologiyası qarşısında yeni perspektivlər,
üfüqlər açması oldu.
Ümummilli liderin yaratdığı azərbaycançılıq
ideologiyası, ən başlıcası nəhəng bir
missiyanın —dünya azərbaycanlılarının təşkilatlanmasının,
birliyinin məramına çevrildi. Heydər Əliyev
müdrikcəsinə bilirdi ki, hər bir dövlətin milli
maraqlarının dünyanın istənilən nöqtəsində
layiqincə qorunması üçün həmin ölkənin
güclü ideoloji bazası və bu fundament üzərində
dayanan diasporu olmalıdır. Azərbaycanın
bir əsrdən çox çar Rusiyasının tərkibində
qalması xalqımızın bütövlüyünü təsdiqləyən
ideologiyanın, milli mənlik şüurunun, hətta
maraqlarının formalaşmasına mənfi təsir göstərmişdi.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın
sivil bir dövlətə çevrilməsi,
qarşısında duran problemlərin həll olunması,
qanunun aliliyinin təsbit olunduğu demokratik, hüquqi və
dünyəvi dövlət kimi inkişaf etməsi
üçün bütün dünya ölkələrindəki
soydaşlarımızın həmrəyliyinə nail olmaq kimi
çətin bir missiyanı üzərinə
götürmüşdü. Məhz Heydər Əliyevin məhsuldar
fəaliyyəti, qayğısı və böyük diqqəti
sayəsində xaricdə yaşayan soydaşlarımız Azərbaycanm
milli maraqları uğrunda daha əzmlə fəaliyyət
göstərməyə başlamış, doğma vətənləri
ilə əlaqələrini möhkəmləndirmiş,
ölkəmizin dövlət quruculuğu prosesində
yaxından iştirak etməyə və burada gördükləri
real həqiqətləri bütün dünyaya yaymağa
başlamışlar. Xaricdə yaşayan
soydaşlarımız arasında milli birlik ideyalarının
gücləndirilməsi məsələsi dünya azərbaycanlılarının
2001–ci il noyabr ayının 9–10–da Bakıda
keçirilmiş birinci qurultayında da ümummilli lider Heydər
Əliyevin diqqət mərkəzində olmuşdur. Qurultayda geniş nitq söyləyən ulu öndər
Heydər Əliyev bütün azərbaycanlılar
üçün proqram vəzifələr müəyyənləşdirmişdi.
Elçin ZAMANOV,
Naxçıvan Dövlət
Universitetinin elmi katibi,
tarix üzrə fəlsəfə doktoru.
Respublika.-2013.-9 may.-S.9.