Şərəfli döyüş yolu

 

Müharibə!.. O, harada baş verirsə versin insanlara yalnız bədbəxtlik gətirir, lap sonu kiminsə qələbəsilə başa çatsa da. Müharibə ölüm, dağıntı, fəlakətdir, neçə–neçə gənc ömrün sonu anaların, bacıların göz yaşıdır. 72 il öncə başlayan II Dünya müharibəsi öz dağıntı və tərəfatına görə hərb tarixinin ən dəhşətli müharibələrindən biridir. Bu gün elə bir ailə yoxdur ki, o dəhşətli illərin ağrı–acısını yaşamasın. Sovet xalqları dünyanı lərzəyə gətirən faşizmlə mübarizədə böyük itkilər vermişdi. Tarixə Böyük Vətən müharibəsi kimi yazılmış bu savaş dünyaya ağalıq etmək iddiasında olan Hitlerin ədalətsiz, amansız döyüşünə qarşı çevrilmişdi

Böyük Vətən müharibəsi azərbaycanlıları da sınağa çəkdi. Müharibənin başlandığı ilk günlərdən əli silah tutan hər kəs cəbhəyə yollandı… Şərəfli döyüş yolu keçmiş Abbas İbrahim oğlu Məmmədov bu gün ömrünün bəyaz çağını yaşayır. Mənalı, şəfərli ömür yolunun yaddaqalan məqamlarını teztez xatırlayır, xatirələrin işığında gənclik, yeniyetməlik illərinə dönür. Döyüş səhnələrini, itirdiyi dostlarını yada salır. Bəzən sevinir, bəzən də kədərlənir.

Döyüş yolu Vladiqafqazdan başlamışdı, sonralar Mozdok, Nalçik və digər şəhərlərin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, göstərdiyi şücaətə görə ordenmedallarla təltif olunmuşdu.

Keçmiş döyüşçü Abbas Məmmədov o günləri xatırlayaraq deyir: “Məni 402–ci Azərbaycan atıcı diviziyasına qəbul etdilər, sonra həmin diviziyanın 839–cu alayında, 38–ci briqadanın 88–ci və 134– alaylarında, daha sonra isə 90–cı əlahiddə atıcı alayında döyüşdüm. Müharibənin ilk günlərində qeyri–bərabər döyüşlər gedirdi, düşmən güclü idi, hər gün irləliləyirdi, lakin sovet döyüşçüləri də mətinlik nümayiş etdirirdi. Bizim Azərbaycan diviziyaları düşmən həmlələrini mərdliklə dəf edir, itki versə də onu geri oturdurdu”.

Abbas Məmmədov əvvəl bölmə, sonara isə tağım komandiri kimi həlledici döyüş əməliyyatlarında iştirak edir, komandanlığın hər bir tapşırığını mərdliklə yerinə yetirirdi. Qafqazın müdafiəsi uğrunda döyüşlər qeyri–bərabər olsa da sovet ordusunun üstünlüyü ilə nəticələnmişdi. Təpədən–dırnağadək silahlanmış düşmənlə mübarizədə texnika baxımından qatqat zəif olan diviziya böyük itkilər versə də öz mövqeyini qoruyub saxladı, bu dönüş həm də Hitlerin Bakını ələ keçirmək planını altüst etdi. O qanlı–qadalı günləri xatırladıqca bu nurani insanın hiss–həyəcanı artır, səsi titrəyir, kövrəlirdi: Biz çox gənc idik, böyük arzularımız vardı, müharibə hamımızı qəfil yaxlanmışdı. Yoldaşlarımın çoxu cəbhəyə könüllü yazılmışdı, tək bircə arzumuz Vətəni, torpaqlarımızı düşməndən azad etmək idi, ölüm bizi qorxutmurdu. Ağır döyüşlərdə bir–birimizə dayaq olurduq, sıralarımız seyrəldikcə, yoldaşlarımızı itirdikcə qısas hissi daha da artırdı, mübarizəmizi gücləndirirdik. Apardığımız mübarizə hədər getmədi, dünya faşizm bəlasından xilas oldu”.

Müharibə qələbə ilə başa çatandan sonra Abbas Məmmədov yarımçıq qalmış arzularını gerçəkləşdirmək barədə düşünürdü. Təhsilini davam etdirmək, bir sənət sahibi olmaq, xalqına xidmət etmək istəyirdi. Elə bu istəklə də o, sənədlərini Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə verir və 1952–ci ildə oranı fərqlənmə diplomu ilə bitirib hüquq–mühafizə orqanlarında işə başlayır. Uzun illər bu sahədə çalışır, 1986–cı ildə təqaüdə çıxır.

Böyük Vətən müharibəsi sovet xalqlarının faşizm, Hitler Almaniyası üzərində qələbəsi kimi tarixə və yaddaşlara yazıldı. Bu qələbədə Azərbaycanın, onun övladlarının daha çox payı vardı. Cəbhəyə lazım olan yanacağın çox hissəsini məhz Bakı neftçiləri verirdi. Abbas Məmmədov müharibədə qələbə üçün lazım olan amillərlərdən də söz açdı: “Əgər döyüşçüdə vətənpərvərlik hissi yoxdursa ən güclü texnika belə qələbəni təmin edə bilməz. O zaman müxtəlif xalqların, ayrı–ayrı dinlərin nümayəndələrini bir hiss birləşdirirdi: vətənpərvərlik. Sovet ordusunda bu hiss çox güclü idi. Biz hamımız o zaman vətənimiz olan SSRİ–ni müdafiə üçün canımızı verməyə hazır idik. Bu gün bizimdoğma torpaqlarımızda müharibə gedir, atəşkəs olsa da yenə qurbanlar veririk. Müharibənin qanunları belədir. Biz gənclərimizi qələbəyə ruhlandırmalıyıq və bu işdə sıraları getdikcə azalan müharibə veteranlarının köməyindən istifadə olunmalıdır. Keçmiş döyüşçü kimi erməni faşizmi üzərində qələbəyə inanıram”.

Abbas Məmmədovun inamı isə əbəs deyildir, çünki bilir ki, mübarizələrin ən şərəflisi Vətən uğrunda savaşdır. İndi hər bir azərbaycanlı bu tarixi günü səbirsizliklə gözləyir.

 

 

Zümrüd ABDULLAYEVA

 

Respublika.-2013.-9 may.-S.11.