Leytenantın cəbhə xatirələri

 

Böyük Vətən müharibəsi veteranı, rəşadətli döyüş yolu keçən, cəbhədəki şücaətinə görə sinəsini ordenmedallar bəzəyən 90 yaşlı Bayram Həsənovla qələbə günü ərəfəsində Bakının N.Vəzirov küçəsindəki bağ–bağatlı, gül–çiçəuli həyət evində görüşdük. Xalqımızın ləyaqət və qəhrəmanlıq simvoluna çevrilən, adı müharibə tarixinə qızıl hərflərlə yazılan Bayram kişi yaşıllıqlar qoynunda nəticələri—Zərif, İnci, İbrahim, Fəxrəddin, Elvin və Səbinənin əhatəsində idi. Babaları gah onları nağıllar dünyasına aparır, gah da Qərbi Azərbaycanın Vedibasar bölgəsində keçirdiyi günlərdən xoş xatirələr danışırdı…

Biz 1988–ci ildə Qərbi Azərbaycandan, atababa torpaqları olan Vedibasardan erməni daşnakları tərəfindən zorla qovulmuş bu el ağsaqqalı, dağ vüqarlı, geniş qəlbli insanla köhnə tanışlar kimi görüşdük.

Aynabəndli evdə özümüz üçün xudmani bir yer seçdik. Kəklikotu çayı içə–içə qələbə günü ərəfəsində səngərdən–səngərə atılaraq düşmənin üstünə qızılquş tək şığıyan, ən çətin məqamlarda düşmənin başına od ələyən Bayram Həsənovun mənalı, nəsillərə nümunə olan ömür kitabını vərəqlədik…

İllərin sınaqlarından uğurla çıxmış Bayram kişi yarım əsrdən çox olan bir dövrün hadisələrini, müharibənin ağrılı–acılı illərini kövrələ–kövrələ yada salır, xəyal onu Mozdoka, Ukraynanın şəhər və kəndləri uğrunda gedən qanlı döyüşlərə, odlu səngərlərə aparıb çıxarırdı.

Sevastopol uğrunda ağır döyüşlər gedirdi. Atəş səsləri dağ–daşı lərzəyə salmışdı. Azərbaycanlı döyüşçü Bayram Həsənov və digər 5 nəfər komandanlıq tərəfindən bir neçə kilometr aralıda mövqe tutmuş almanlar istiqamətində kəşfiyyata göndərilmişdi. Qaranlıq gecə idi. Şaxta adamı bıçaq kimi kəsirdi. Bayramonun döyüşçü yoldaşları sıx meşəliyə çatanda irəlidə alman əsgərlərinin asta danışıqları eşidilirdi. Düşmən duyuq düşə bilərdi. Bayramgil xeyli gözləməli oldu. Sürünə–sürənə irəliləyib frislərə yaxınlaşdılar. Üç nəfər düşmən əsgəri artıq şirin yuxuya dalmışdı. Belə fürsəti əldən vermək olmazdı. Əsgərlərimiz bir–birinə işarə edib qəflətən almanların üzərinə atıldılar.

Cəsur döyüşçü kimi tanınan Bayram Həsənovun “ovuna” düşən alman zabiti qoldan qüvvətli olsa da gözlərini açanda artıq iş–işdən keçmişdi. Səhərə yaxın Bayram öz əsgər yoldaşları ilə ələ keçirdikləri “dilləri” komandanlığa təhvil verdilər. Onlardan birinin çantasından tapılan sənədlərdən çox şey bəlli oldu. Özləri isə çox şeyi açıb danışdılar. Kəşfiyyatdan əliboş qayıtmadıqlarına görə Bayram Həsənov və onun digər döyüşçü yoldaşları medal və tərifnaməyə layiq görüldülər. Hətta vedili Bayram haqqında cəbhə qəzetində maraqlı yazı verildi.

Bu ilin iyul ayında Bayram kişinin ömrünün 90–cı baharı tamam olur. Yerişinə–duruşuna, qamətinə baxanda ona bu yaşı vermək olmaz. İllərin sınağından uğurla çıxmış Vətənimizin ləyaqətli, şərəfli övladı Bayram Mikayıl oğlu Həsənov 1924– ildə Vedibasarın Çəmən kəndində dünyaya göz açmış, 1942–ci ildə orta təhsilini başa vurmuşsonra isə silaha sarılaraq Vətənin müdafiəsinə yollanmışdır.

Yeringöyün alışıb yandığı bir vaxtda sıravi Bayram Həsənov cəbhədə müxtəlif döyüş əməliyyatlarının hazırlanıb keçirilməsində cəsurluq, qəhrəmanlıq göstərdi. Heç vaxt sayıqlığını itirmədi, hər dəfə düşmənin “dərsini verəndə” rahat nəfəs aldı, “ürəyindən tikan çıxdı”.

Sinəsini ordenmedallar bəzəyən keçmiş döyüşçü cəbhədə “Qafqaz qartalı” kimi tanınan B.Həsənov Mozdokdan Sevastopoladək döyüş yolu keçmiş, hər qarış torpaq uğrunda qeyrətlə, mərdliklə vuruşmuşdur. O, 77–ci Qırmızı bayraqlı Sevastopol atıcı diviziyasının 324– alayında tağım komandiri kimi mətin Sovet əsgərləri ilə birlikdə uğurlu döyüş əməliyyatları keçirmiş, Hitlerin qaniçən ordusuna sarsıdıcı zərbələr endirmişdir.

Ağır döyüşlərin birində sədaqətli dostu Pənah Əliyevin sinəsinin düşmən gülləsinə tuş gəlməsi Bayram Həsənovu çox sarsıtdı, elə bil dünya başına hərləndi. Vedinin Koroğlu, Babək qeyrətli şahin oğlu belə bir çətin anda düşmənin üstünə şığıdı. Onlarca alman əsgərini avtomat gülləsi ilə yerə sərdi və susuzluqdan cadarcadar olmuş dodaqlarından bir pıçıltı qopdu: “Mənə də Kərbəlayi İsmayılın, Abbasqulu bəy Şadlinskinin yerlisi deyərlər…” Tale elə gətirdi ki, bu ağır döyüşdə Bayramın özü də yaralandı.

Huşunu itirdi, gözlərini açanda özünü tibb məntəqəsində, xalatlıların əhatəsində gördü. 28 gün Qroznıda hərbi hospitalda müalicə olundu, səhhəti yaxşılaşdıqdan sonra yenidən cəbhəyə qayıtdı, ağır döyüşlərdə almanlara zərbələr endirdi.

Bayram cəbhədə mətin, qorxmaz döyüşçü kimi tanındı. Komandanlıq tərəfindən 4 aylıq kursa göndərildi. Kursu müvəffəqiyyətlə başa vuraraq kiçik leytenant rütbəsi aldı. Bu, onun ölümdirim savaşında olan məsuliyyətini daha da artırdı. Bacarıqlı zabit kimi əsgərlərimizin düşünən beynivuran əli oldu. Tağım komandiri olduğu müddətdə Bayram Həsənov həmişə döyüş əməliyyatlarının önündə getdi. Sabunkor dağında onun göstərdiyi şücaət dillərə düşdü.

1944– ildə Ukrayna cəbhəsinin əsgərləri almanları məğlubiyyətə uğratdı, onları geri çəkilməyə məcbur etdi. Bu ağır döyüş əməliyyatında Bayram qarın nahiyəsindən, hər iki ayağından yaralandı. LvovdaKurskda müalicə olunduqdan sonra 1944– ilin sentyabr ayında cəbhədən tərxis olundu.

Müharibə illərində göstərdiyi şücaətə, şanlı döyüş yoluna görə Bayram Həsənov 1–ci dərəcəli Böyük Vətən müharibəsi ordeninə, Qafqazın müdafiəsi uğrunda”, “Almaniya üzərində qələbə” və digər ordenmedallara layiq görülmüşdür.

Müharibədən sonra dinc quruculuq dövründə leytenant Bayram Həsənov ayrı–ayrı illərdə Qarabağlar rayon Komsomol Komitəsinin birinci katibi, Partiya Komitəsinin ikinci katibi, əmanət bankının müdiri və digər rəhbər vəzifələrdə çalışmışdır.

Bayram Həsənovun 20 nəvə–nəticəsi vardır. Babaları onların hər birini canından çox istəyir. Ad günlərində əl qaldırıb süzür, belə məclislər el ağsaqqalının, keçmiş döyüşçünün ömrünə ömür calayır…

90 yaşlı müharibə veteranı ilə söhbətimizin sonunda onun qəlbindən süzülüb gələn sözlər bu oldu:

Bu gün 90 yaşlı veteran kimi qəlbim iftixar hissi ilə döyünür. Ulu öndərimiz, dahi şəxsiyyət, müharibə iştirakçılarına həmişə qayğı və diqqət göstərən Heydər Əliyevin anadan olmasının 90–cı ildönümündə iştirak etmək mənə də nəsib oldu. Mən 1993– ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevlə olan görüşlərimizi yaxşı xatırlayıram…

 

 

Qədir ASLAN

 

Respublika.-2013.-9 may.-S.11.