İdmanın böyük himayədarı

 

Bakı Biznes Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90–cı ildönümünə həsr olunmuş “İdmanın böyük himayədarı” kitabının təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan idmançılarının iştirakı ilə keçirilmiş tədbiri Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili, professor Ağacan Abiyev açmış və dünya şöhrətli siyasətçi Heydər Əliyevin idmançılara göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır.

“İdmanın böyük himayədarı” kitabının ideya rəhbəri, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının dünya Olimpiya oyunlarında, beynəlxalq yarışlarda uğur qazanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açmışdır.

Natiq xüsusilə vurğulamışdır ki, Heydər Əliyev ideyalarının layiqli davamçısı, ölkə Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi altında idmançılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırmış və ölkəmiz bütün dünyada idman ölkəsi kimi tanınmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Olimpiya çempionu Namiq Abdullayev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitseprezidenti Xəzər İsayev, Təhsil İdman Mərkəzinin direktoru Cəfər Hümbətov, veteran idmançı Yaşar Məmmədov və başqaları çıxış etmiş və hər dəfə Heydər Əliyev idmançılarımızla görüşərkən bu böyük, dahi şəxsiyyətdən ata qayğısı gördüklərini vurğulamışlar.

Tədbir iştirakçılarına nəfis tərtibatda çap olunmuş “İdmanın böyük himayədarı” kitabı hədiyyə edilmişdir.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.-2013.-9 may.-S.13.