Böyük Vətən müharibəsinin
iştirakçıları ilə görüş
Mayın 7–də Binəqədi Rayon İcra hakimiyyətində Böyük Vətən müharibəsində qələbənin 68–ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbirdə rayonda yaşayan müharibə iştirakçıları ilə yanaşı həlak olmuşların ailə üzvləri də iştirak edirdi.
İlk öncə Böyük Vətən müharibəsində həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov tədbiri giriş sözü ilə açaraq Böyük Vətən müharibəsi iştirakçılarını qələbə günü münasibəti ilə təbrik etdi. Bu mühəribədə Azərbaycan xalqının qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdiyini diqqətə çatdırdı.
Respublikamızda yaşayan bütün müharibə iştirakçılarının daim diqqət mərkəzində saxlanıldığı qeyd edildi. Bunun bariz nümunəsi kimi ölkə Prezidenti cənab İlham Əliyev 1941–1945–ci illər Böyük Vətən müharibəsində qələbənin 68–ci ildönümü münasibətilə “1941–1945–ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” 23 aprel 2013–cü il tarixli sərəncam imzalamışdır.
Həmin sərəncamla Böyük Vətən müharibəsinin iştirakçılarına 700 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən mühasirəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin müdafiəsinin iştirakçılarına 300 manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.
Tədbirdə Binəqədi rayon Veteranlar Şurasının sədri Telman Hətəmov ölkə Prezidenti İlham Əliyevin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan ətraflı danışdı. Həmçinin bildirdi ki, Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi də onların problemləri ilə daim maraqlanır.
Çıxış edən döyüşçülər keçdikləri şərəfli döyüş yolundan söhbət açdılar.
Tədbirin sonunda 100 nəfər Böyük Vətən müharibəsinin iştirakçısına maddi yardım edildi.
Rayon icra hakimiyyətinin nümayəndələri veteranların problemləri ilə maraqlanıb müvafiq tədbirlər görüləcəyini nəzərə çatdırdılar.
Ramiz Yusifli
Respublika.-2013.-9 may.-S.13.