Azərbaycan beynəlxalq əhəmiyyətli
forumların keçirildiyi ölkədir
Bu mənada Bakıda keçirilən Dünya İqtisadi Forumu da ölkəmizin təbliği baxımından çox əhəmiyyətli oldu. Forum Azərbaycanın təkcə iqtisadi və enerji təhlükəsizliyi potensialının təbliği üçün geniş imkanlar açmaq baxımından deyil, həmçinin qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, bu, Azərbaycanda gedən proseslər və Xəzərin enerji ehtiyatlarının hasilatı, nəqli ilə bağlı iştirakçıların daha da yaxından məlumatlandırılması baxımından da çox önəmli oldu. Dövlət başçısı müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında özəl sektorun payının sıfır faiz olduğunu, lakin bu gün bu rəqəmin 85 faizə çatdığını dedi: “Bu, bazar iqtisadiyyatına yönələn islahatların yaxşı göstəricisidir. Başqa sözlə, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. Hazırda Azərbaycanda qeyri–enerji sektorunda tikinti, yüksək texnologiyalar, kənd təsərrüfatı, neft–kimya sahələrində geniş imkanlar açılır”.
Azərbaycanın iqtisadiyyatında, iqtisadi inkişafı sahəsində son on ildə çox böyük nailiyyətlər əldə olunub. Azərbaycanı örnək göstərməklə iqtisadi inkişaf və tərəqqi mövzusunda müzakirələr və fikir mübadiləsi aparılması üçün kifayət qədər əsaslar vardır. Dünyada bir nömrəli tədbir hesab edilən Davos Forumunun Bakıda keçirilməsi də bu fikirləri təsdiqləyir. Belə bir qərarın qəbul edilməsi, hər şeydən əvvəl, Azərbaycanın iqtisadi inkişafının və ölkəmizin inkişaf modelinin etiraf olunması kimi dəyərləndirilir. Məlumat üçün bildirək ki, forumun keçirilməsində məqsəd Cənubi Qafqaz və Orta Asiya regionlarında uzunmüddətli təşəbbüslərə start vermək, regional iqtisadi inteqrasiyaya nail olmaq, bu regionların nadir imkanlarını aşkar etmək idi.
Azərbaycanda son illər ərzində çox böyük iqtisadi artım göstəricilərinin olduğunu, bunun ölkənin müstəsna təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkünlüyünü vurğulayan Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvab bildirib ki, region ölkələrinin heç biri potensialı təkbaşına reallaşdıra bilməz. Uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Yəni bu uğur yalnız təbii resurslardan asılı deyildir: “Azərbaycanın nadir coğrafi mövqeyi, yüksək təhsil almış işçi qüvvəsi vardır. Buradakı sağlam mühit, ümumiyyətlə, birgə iş və əməkdaşlıq çərçivəsində çox uğurlar əldə oluna bilər. Avropa qitəsinə, yaxud Asiya regionuna baxsaq, görərik ki, iqtisadi, sosial sahələrdə uğurlar əldə etmək üçün mütləq etibar və uzunmüddətli əməkdaşlıq şəraitində birgə səylər göstərilməlidir. Məhz buna görə də Dünya İqtisadi Forumu çox nadir bir format yaradır”.
Belə ki, forumda müzakirə olunan mövzulardan biri də regional əməkdaşlıq və inteqrasiya oldu. Xatırladaq ki, 1994–1995–ci illərdən başlayaraq Azərbaycanda həyata keçirilən layihələr təkcə ölkəmizin inkişafına deyil, həm də geniş regional əməkdaşlığa böyük imkanlar açır. Azərbaycan Xəzər dənizinin karbohidrogen ehtiyatlarından istifadə etmək üçün xarici sərmayələrin yatırılmasına çox yaxşı şərait yaratmışdır. Azərbaycan Xəzər dənizindən Qara dənizə və Aralıq dənizinə nəqliyyat dəhlizi yaradan ilk ölkədir.
Hazırda Azərbaycan, Gürcüstan və Türkiyə arasında çəkilən dəmir yolu xətti yaxın zamanlarda Avropanı Asiya ilə birləşdirəcəkdir. Buna da böyük önəm verildiyini vurğulayan cənab İlham Əliyev bildirib ki, bu layihənin həyata keçirilməsində nəinki maliyyə resurslarımızla, o cümlədən öhdəliklərimiz və siyasi iradəmizlə əsas rollardan birini oynayırıq: “Əlbəttə ki, hökumətimizə gəldikdə, enerji amili artıq əsas prioritet deyildir. Lakin enerji potensialımız regionun, xüsusən də Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynayır və oynayacaqdır. İki il öncə, biz Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu, hazırda həyata keçirilir. Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP–Trans–Anadolu boru kəməri layihəsi oldu. İdeya Azərbaycan tərəfindən verilmiş, Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızın güclü dəstəyini almışdır. Azərbaycan bu layihənin həyata keçirilməsi üçün əsas maliyyə öhdəliyini öz üzərinə götürmüşdür və ən azı 100 il xidmət edəcək boru kəmərinin çəkilişinə başlamışdır. Çünki Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn onilliklər ərzində mühüm rol oynaya bilər. Əlbəttə ki, regional əməkdaşlıq yalnız siyasi baxımdan sabit və inkişaf edən ölkələrlə baş tuta bilər”.
Həqiqətən də, Azərbaycanın dünya birliyində örnək və nümunə ola biləcək iqtisadi modelinin ayrı–ayrı aspektləri vardır. Ölkəmizin son 10 ildə heyranedici inkişafa nail olduğunu söyləyən Türkiyənin “Ekovitrin” jurnalının əməkdaşı Hakan Özata bildirib ki, Azərbaycanın gündən–günə güclənən iqtsadiyyatı bir çox dünya ölkələri üçün örnəkdir.
Son illərdə sürətlə inkişaf edən Azərbaycanın dünya iqtisadiyyatındakı mühüm rolu göz qabağındadır. Ölkədə ümumi daxili məhsulun və sənaye istehsalının həcmi artmışdır, yoxsulluq və işsizlik problemi aradan qalxır. Bu isə Azərbaycanda davamlı iqtisadi inkişafın bariz göstəricisidir,—Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey Kostin bildirib ki, Azərbaycan neftdən əldə olunan gəlirləri çox ağıllı və səmərəli istifadə edir, iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm tədbirlər görür. Son 10 ildə Azərbaycan çox böyük artıma nail olmuşdur və ölkənin iqtisadi inkişafının nəticələri heyrətedicidir. Bütün bu nailiyyətlərə görə mən Prezident İlham Əliyevi təbrik edirəm. Çünki bu uğurlar məhz onun müdrik siyasətinin sayəsində əldə olunmuşdur.
Forumda dünyanın müxtəlif ölkələrinin hökumət rəhbərləri, vətəndaş cəmiyyəti təsisatları, qlobal və regional biznes liderləri daxil olmaqla 200–dən artıq nümayəndənin iştirakı ilə sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ–mədən, maliyyə, telekommunikasiya sahələri ilə bağlı məsələlərin kompleks müzakirəsi ekspertlər tərəfindən çox yüksək dəyərləndirilir. Sözsüz ki, Bakıda yüksək səviyyədə keçən Dünya İqtisadi Forumu bu regionun tərəqqisinə və çiçəklənməsinə konkret töhfələr verəcəkdir. Forumda səsləndirilən əsas ideyanın regional əməkdaşlığı necə təşviq etməklə bağlı olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, regional əməkdaşlıq islahatlara sərmayə qoymaq imkanı yaradır. Bunun nəticəsində iqtisadiyyatımız dəyişir, davamlı inkişafımız üçün əsaslar yaranır: “Bazar iqtisadiyyatı, güclü siyasi sistem, sabitlik, sərmayələr, insan kapitalına investisiyalar və davamlı inkişaf vacibdir. Hazırda biz davamlı inkişaf haqqında çox danışırıq. Biz dəyişikliklər haqqında söhbət açırıq. Hesab edirəm ki, Azərbaycan bunun necə baş verməsinin nümunəsi ola bilər. Nəticələr göz qabağındadır. Bəli, gələcəkdə görüləcək işlər çoxdur. Biz islahatlara, siyasi təsisatların inkişafına, hüquqi çərçivəyə, qanunun aliliyinə daha çox diqqət yetirməliyik.
Dünyadakı dostlarımızı, dünyada bir nömrəli forum hesab edilən, siyasətçiləri, dünya liderlərini, biznes elitanı bir araya gətirən Dünya İqtisadi Forumunun dəstəyi ilə biz böyük nailiyyətlər əldə edə bilərik”.
Şükür Əlizadə
Respublika.-2013.-9 may.-S.1;13.