Heydər Əliyev və Azərbaycanda kənd təsərrüfatının inkişafı

 

Ümummilli lider Heydər Əliyev Azərbaycanın bəşəriyyətə verdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyevin hər kəsə nümunə göstərilən həyat yolu qətiyyət, siyasi iradə nümunəsi kimi diqqət çəkir. Tarixi təcrübədən o da məlumdur ki, ümumbəşəri dəyərləri, zəngin dünyagörüşü, həyata baxışı ilə seçilən, dövlətçilik ənənələrini yaşatmağa və inkişaf etdirməyə qadir şəxsiyyətlər olmadan ictimai–iqtisadi həyatda sosial–iqtisadi sıçrayışa nail olmaq mümkün deyildir. Məhz ulu öndər Heydər Əliyev ən çətin və məsuliyyətli dövrdə Azərbaycanın müstəqilliyinin mövcudluğunu yaşatmaq kimi ağır bir missiyanı üzərinə götürdü. Onun fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu öndərin siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa bağlılıq, qurub–yaratmaq əzmi, milli ideyalara sadiqlik ən müqəddəs vəzifə kimi öndə olmuşdur.

Ulu öndərin Azərbaycan tarixində yeri və dövlətçiliyimizin qurulmasında əvəzsiz xidmətləri dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubeliyi haqqında” sərəncamında öz əksini daha dolğun tapmışdir.

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Sərəncamda ictimai–siyasi həyatımızın, iqtisadiyatımızın bütün sahələrində olduğu kimi, aqrar bölmənin inkişafmda da Heydər Əliyevin xidmətlərinə diqqət çəkilir və deyilir: “Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür”.

1969–cu ilin iyulunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublikanın kənd təsərrüfatı sahəsində siyasət kökündən dəyişdi. Azərbaycan KP MK–nın həmin ilin avqust ayında keçirilən plenumunda Heydər Əliyev proqram nitqi ilə çıxış edərək məruzəsində respublikanın ictimai–iqtisadi inkişafının əsas istiqamətlərini əsaslandırmaqla çıxışında kənd təsərrüfatına mühüm yer ayırdı.

Heydər Əliyev pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütünçülük və çayçılıq sahələrində işlərin vəziyyətini hərtərəfli təhlil edib, kənd təsərrüfatının bu sahələrində mövcud nöqsanları və səhvləri göstərmiş, imkanları müəyyən etmiş, kənd təsərrüfatında məhsuldarlığın artırılmasının konkret yollarını təklif etdi. Respublikanın rəhbəri həmin plenumda yüksək məhsuldarlıqlı, xəstəliyə davamlı yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin nailiyyətlərinə, toxumculuq təsərrüfatlarının inkişafına, damazlıq təsərrüfatlarının işinin yaxşılaşdırılmasına və məhsuldar heyvanlar yetişdirilməsi məsələlərinə böyük diqqət yetirmişdir. Aqrar sahədə çalışan alimlərin qarşısında dənli bitkilər, pambıq, tərəvəz, meyvə və başqa məhsulların yetişdirilməsi, becərilməsi ilə əlaqədar mütərəqqi texnologiyaların işlənib hazırlanması və tətbiqi üzrə vəzifələr qoymuşdu.

Məhz Heydər Əliyevin şəxsi nüruzu sayəsində 1970–ci ilin iyulunda Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR–in kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında” qərar qəbul etdi. Bu sənəd respublikada kənd təsərrüfatının sonrakı inkişafı üzrə konkret məsələləri müəyyən edən fəaliyyət proqramı oldu. Tezliklə kənd təsərrüfatının pambıqçılıq, taxılçılıq, üzümçülük, meyvəçilik, çayçılıq və heyvandarlıq kimi sahələrinin sonrakı inkişafı üzrə proqramlar işlənib hazırlandı. Bu proqramlarda ayrı–ayrı regionlarında bitkiçilik və heyvandarlıq sahələri üzrə ixtisaslaşmanın əsası qoyulmuşdu. Suvarılan əkinçiliyin respublikada kənd təsərrüfatının inkişafının əsasını təşkil etdiyini nəzərə alaraq, irriqasiya–meliorasiya qurğuları tikintisinin genişləndirilməsi, onların keyfiyyətinin yaxşılaşdırılması, şoran torpaqların yuyulması üzrə işlərin sürətləndirilməsi əsas vəzifələrdən biri hesab edilirdi. İstehsal proseslərinin kompleks mexanikləşdirilməsi və əməyin təçkilinin təkmilləşdirilməsi üzrə işlər də geniş vüsət almışdı. İttifaq hökuməti yuxarıda göstərilən məsələlərin həllini təmin etmək məqsədilə respublikaya texnika əldə etməsi üçün milyonlarla maliyyə vəsaiti, ehtiyat hissələr, tikinti materialları, mineral gübrələr, bitkilərin xəstəliklərinə və zərərvericilərə qarşı mübarizə üçün kimyəvi preparatlar ayırmışdı.

1975–ci ilin iyulunda Sov.İKP MK və SSRİ Nazirlər Soveti “Azərbaycan SSR–də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” yeni, ikinci bir qərar qəbul etdi.

Bu illərdə kənd təsərrüfatı istehsalında fəth edilmiş yüksək zirvələr perspektivdə həmin sahənin daha dinamik inkişafı üçün etibarlı bünövrə yaratmışdı. 1981–1985–ci illərdə kəndin iqtisadi və sosial inkişafı, xalqın maddi–rifahının daha da yaxşılaşdırılması üçün geniş və nəhayətsiz üfüqlər açılırdı. Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun orta illik həcmini 15–17 faiz, ictimai təsərrüfatda əmək məhsuldarlığını 10–15 faiz artırmaq nəzərdə tutulurdu. 1981–ci ildə kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1975–ci ildəkindən bir dəfə yarım çox planlaşdırılmışdı. Aqrar–sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirilir, bu işdə yeni istiqamətlər müəyyənləşdirilirdi. On birinci beşillikdə kənd təsərrüfatının inkişafına əsaslı vəsaitin həcmini 1.3 dəfə artırmaq, 80 min hektar yeni suvarılan torpaq sahəsi istifadəyə vermək, 90 min hektar sahənin meliorasiya vəziyyətini yaxşılaşdırmaq, 230 min hektar sahədə mövcud suvarma sistemini yenidən qurmaq, 135 min hektar otlaq sahəsinə su çəkilməsi planlaşdırılmışdı.

1981–1985–ci illərdə sahənin ümumi məhsulu 1966–1970–ci illərin orta göstəricilərinə nisbətən 2,5 dəfə artdı, taxılçılıqda istehsal 1,7 dəfə artaraq 1240 min ton, tərəvəzçilikdə 2,4 dəfə artaraq 891 min ton, pambıqçılıqda 2,2 dəfə artaraq 707 min ton, tütünçülükdə 2,7 dəfə artaraq 57 min ton, çayçılqda 3,2 dəfə artaraq 29 min ton, meyvəçilikdə 3,8 dəfə artaraq 318 min ton, üzümçülükdə 7,9 dəfə artaraq 1826,2 min ton oldu. Bu, həm də kənd təsərrüfatında böyük dönüş, yararlı torpaq sahələrinin sabit qalması şəraitində onlardan daha səmərəli istifadə edilməsi əsasında baş verirdi. Kənd təsərrüfatının bütün sahələrində olan irəliləyişlər Azərbaycan kəndinin sosial–iqtisadi simasını kökündən dəyişdirdi, ölkə bütövlükdə aqrar–sənaye respublikasına çevrildi.

1981–ci ildə respublikanın kənd əməkçiləri bütün əvvəlki illərin rekord nailiyyətlərini artırmışdır. İlk dəfə olaraq 1150,8 min ton taxıl, 831,2 min ton pambıq, 1 milyon 707,3 min ton üzüm, 849,5 min ton tərəvəz, 96,4 min ton bostan məhsulları, 25,5 min ton yaşıl çay yarpağı, 147,1 min ton mal–qara və quş əti, 835,9 min ton süd, 772,1 milyon ədəd yumurta və 11,3 min ton yun tədarük edilmişdi. 1981–ci ildə kənd təsərrüfatı üçün yararlı sahələrin hər 100 hektarı hesabı ilə ümumi məhsul alınması 1975–ci ildəkinə nisbətən 1,6 dəfədən çox, 1969–cu ildəkinə nisbətən isə 2,5 dəfə artmışdı.

1971–ci ilin əvvəllərində kolxoz və sovxozlarda istehsalın rentabelliyi 2 faizdən çox deyildi. 1975–ci ildə rentabellik kolxozlarda 21 faizə, sovxozlarda 24 faizə çatmışdı. 1981–ci ildə bu rəqəm müvafiq olaraq 38 və 35 faiz olmuşdur. On il ərzində rentabellik 18–19 dəfə artmışdır.

1976–1980–ci illərdə kolxoz və sovxozların xalis gəliri 1 milyard 959 milyon manata çatmış və 1971–1975–ci illərə nisbətən 2,2 dəfə, 1965–1970–ci illərə nisbətən isə 5,2 dəfə artmışdır.

Yuxarıda qeyd edildiyi kimi, yalnız intensiv amillər, yəni kənd təsərrüfatı bitkilərinin və mal–qaranm məhsuldarlığının yüksəldilməsi kənd təsərrüfatının sürətli inkişafı üçün həlledici şərt olmuşdur.

Lakin Sovet idarəetmə sisteminin və təsərrüfatçılığın yenidən qurulması sahəsində ötən əsrin 80–ci illərindən başlanmış işlərin respublika iqtisadiyyatına mənfi təsiri olmuşdur. Buna görə də ölkənin həll olunmamış iqtisadi və sosial problemləri getdikcə artırdı. İqtisadiyyatda durğunluq, istehsal əlaqələrinin dağılması, ticarətdə çatışmazlığın, cəmiyyətdə özbaşınalığın baş alıb getməsi, Qorbaçovun alkoqolizmin kökünün kəsilməsinə yönəldilmiş “islahatları” ölkəyə çox baha başa gəldi. Bu “islahatlar” nəticəsində SSRİ ərazisində, ən əsası Azərbaycanda ucsuz–bucaqsız üzüm plantasiyaları qırıldı.

1990–cı illərin əvvəllərində aqrar sahə iqtisadiyyatının göstəricilərinin təhlili göstərir ki, aqrar sahənin demək olar bütün istiqamətləri öz imkanlarından aşağı səviyyədə işləyir və bu da kənd təsərrüfatını iqtisadi depressiyaya gətirib çıxardı. Bunlarla yanaşı, bütün kənd təsərrüfatı bitkilərininin məhsuldarlığı aşağı düşmüşdü, əmək məhsuldarlığı kəskin azalmışdı.

1993–cü ilin iyununda xalqın təkidli tələbindən sonra dünyamiqyaslı görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə vəziyyəti əhəmiyyətli şəkildə dəyişdirdi. O, ilk növbədə vətəndaş müharibəsi təhlükəsini və erməni silahlı qüvvələri tərəfindən hərbi təcavüzü dayandırmağa nail oldu. Bunun nəticəsində respublikada iqtisadiyyatın böhrandan çıxarılması və daha sonra onun stabilləşdirilməsi üçün sabitlik yarandı. Bu ərəfədə yeni dövlətkonsepsiyası hazırlandı, qarşıya qoyulan mühüm siyasi və iqtisadi məsələləri nəzərə alaraq həmin konsepsiyanın həyata keçirilməsi tələb olundu.

Respublikanın kənd təsərrüfatını böhran vəziyyətindən çıxarmaq üçün mövcud olan böyük istehsal və iqtisadi potensialdan səmərəli istifadə edilməli, kənd təsərrüfatının spesifik xüsusiyyətlərini nəzərə almaqla iqtisadi mexanizm təkmilləşdirilməli idi. Bunun üçün aqrar bölmənin bazar münasibətlərinə keçilməsi əsas istiqamət götürülməklə, köklü islahatların həyata keçirilməsi, müxtəlif təsərrüfat formalarının təşkili və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, çevik qiymət, vergi və kredit siyasəti yeridilməsi, əkinçilik və heyvandarlığın dünya təcrübəsinin nailiyyətləri və elmi əsaslarla inkişaf etdirilməsi, idarəetmədə iqtisadi amillərə üstünlük verilməsi vacib idi.

Respublikamızda aqrar islahatların hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsinda ümummilli lider Heydər Əliyev misilsiz xidmət göstərmiş və əslində, o, bu mühüm dövlət, siyasi və iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı olmuşdur.

Məhz aqrar bölmədə istehsalın mövcud vəziyyəti, sosial–iqtisadi şəraitin spesifikliyi, milli və tarixi xüsusiyyətlər, adət və ənənələr nəzərə alınaraq iqtisadi islahatları həyata keçirməklə bazar iqtisadiyyatına keçməyin əsas istiqamətləri müəyyənləşdirilmişdir. Hələ 1992–ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda respublikada ilk dəfə olaraq ictimai təsərrüfatlarda islahata başlanılmış və yeni özəl təsərrüfat qurumları yaradılmışdı. Bu təcrübə sonralar, 1993–cü ildə respublikada aqrar islahatların aparılmasına hazırlıq dövründə nümunə rolunu oynadı və müxtəlif bölgələrdə kəndlilərin birləşdiyi kəndli (fermer) təsərrüfatlarının yaradılması ilə nəticələndi.

Hələ 1994–cü il martın 4–də Prezident sarayında keçirilən müşavirədə Heydər Əliyev demişdir: “Bildiyiniz kimi, respublikamız ağır iqtisadi–sosial böhran içərisindədir. Respublikanın iqtisadiyyatının və sosial həyatının bütün sahələrini bürüyən bu böhran, təəssüf ki, ilbəil dərinləşir, ölkənin həyatına onun mənfi təsiri güclənir. Mən respublikanın bu vəziyyətdə olması barədə öz fikirlərimi dəfələrlə demişəm, təkrara ehtiyac yoxdur. Ancaq qısaca bir də qeyd etmək istəyirəm ki, respublikanın böhran vəziyyətində, müharibə şəraitində olması müstəqil Azərbaycanı həddindən ziyadə vəziyyətə salmışdır. bunlar hamısı əhalinin həyat tərzinə mənfi təsir edir və ümumiyyətlə, respublikanın bu günü və gələcəyi üçün çox böyük çətinliklər yaradır. Ancaq eyni zamanda xalqımız, ictimaiyyət bilməlidir ki, Azərbaycanın daxili imkanları çox böyükdür, böhran vəziyyətindən çıxmaq üçün mümkünatlar var. Biz imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq.

Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri kimi aqrar sahənin mövcud problemləri ilə dərindən məşhul olmağa başlayaraq yaranmış şəraitdə sahənin böhrandan çıxarılması yolunun ancaq köklü aqrar islahatların aparılmasında olduğunu bir daha müəyyən etdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müdrik və uzaqgörənliklə sanballı qərarlar qəbul etdi. İslahatı aparmaq üçün Azərbaycan Respublikası Prezidentinin 2 mart 1995–ci il tarixli fərmanı ilə Dövlət Aqrar İslahatı Komissiyası yaradıldı. Komissiyanın tərkibinə nazirlik, komitə, şirkət rəhbərləri və alimlər daxil edilmişdi. Komissiyanın 25 mart 1995–ci il tarixli ikinci iclasında Naxçıvan Muxtar Respublikası Aqrar İslahatı Komissiyasının, rayon və yerli aqrar islahatı komissiyalarının əsasnamələrini, dövlət mülkiyyətində saxlanılan və bələdiyyə mülkiyyətinə verilən obyektlərin siyahısını, islahat qanunlarının tətbiqi üçün təlimatları, tövsiyələri və digər sənədləri təsdiq etmişdir.

Kənddə inqilabi dəyişikliklərin başlanmasına start verən bu qərarlardan birinciləri 1995–ci il fevralın 18–də qəbul edilmiş “Sovxoz və kolxozların islahatı haqqında” və “Aqrar islahatının əsasları haqqında” qanunlardır. Bir il sonra “Torpaq islahatı haqqında” Qanun da qəbul olundu. Bu, postsovet məkanında ilk qətiyyətli aksiya idi və bu aksiyanın fəlsəfəsini Heydər Əliyev özü hamıdan yaxşı ifadə etmişdi: “Kənddə aqrar islahatlar aparmaq xətti götürmək, torpağı və mülkiyyəti əzəl sahiblərinə, torpaqda yaşayanlara və işləyənlərə qaytarmaq”.

“Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 mart 1999–cu il tarixli fərmanı aqrar sahədə sahibkarlığın inkişafına böyük təkan vermişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergillərdən beş il müddətinə azad edildi və onlara neft məhsullarının pərakəndə satışında güzəştlər verildi. Sonradan Azərbaycan Respublikasının 28 noyabr 2003–cü il tarixli qanunu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin müddəti 2009–cu ilədək, Azərbaycan Respublikasının 25 noyabr 2008–ci il tarixli qanunu ilə isə 1 yanvar 2014–cü ilədək uzadılmışdır.

Ümumiyyətlə, indiyədək aqrar sahədə islahatların aparılmasına və onun daha da dərinləşdirilməsinə, mülkiyyət münasibətlərinin və sahibkarlığın formalaşdırılmasına dair Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin 100–dən çox fərman və sərəncamı, Milli Məclisin qanunları və digər normativ–hüquqi sənədlər qəbul olunmuşdur.

Əgər 1992–1995–ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalının həcmi orta hesabla aşağı düşürdüsə, artıq 1996–ci ildən başlayaraq (1997–ci il istisna olmaqla) bu göstərici ilbəil artmağa başlamış, 1999–2001–ci illərdə uyğun olaraq 7,0; 12,1; 11,1 faiz artmışdır.

Aqrar islahatların 1995–2003–cü illəri əhatə edən birinci mərhələsində kənd əhalisində torpaq və əmlaka sabitlik hissi artmış, əhalidə mülkiyyətçilik psixologiyası, insanların sərbəst fəaliyyətə, yaradıcılığa meyli güclənmişdir. Aqrar sektorda yeni istehsal münasibətləri formalaşdırılmış, bazar iqtisadiyyatı prinsiplərinə uyğun bazar iqtisadiyyatı elementləri gücləndirilmiş, müasir texnika və texnologiyalar şəbəkəsi genişləndirilmişdir. Məhsul vahidinə çəkilən xərclərin azaldılmasına, qənaətə meyl artmış, israfçılığa qarşı şəxsi nəzarət gücləndirilmişdir. Kənd təsərrüfatında torpaq və əmlakdan səmərəli istifadəyə imkanlar artmış, iqtisadi tənəzzülün qarşısı alınmış, istehsalın dinamik inkişafına zəmin yaradılmışdır. Dünya standartlarının tələblərinə uyğun məhsul istehsalı və daxili bazarın qorunması üçün meyillər artmış, respublikanın təbii iqlim şəraitinə, kənd təsərrüfatının spesifik xüsusiyyətlərinə, adət, ənənə və vərdişlərinə uyğun ixtisaslaşmağa meyillər formalaşmağa başlamışdır. Fərdi marağın ölkənin ümumi marağı ilə əlaqələndirilməsinin təmin edilməsinə şərait formalaşmış, idarəetmə funksiyaları təkmilləşdirilmişdir.

Heydər Əliyevin hakimiyyətdə olduğu 1993–2003–cü illərdə aqrar sahə ilə bağlı 50–dən artıq normativ–hüquqi sənəd qəbul edilmiş, çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Bu sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, kənd təsərrüfatı məhsullarının artırılmasını təmin etmiş, kənddə sahibkarlığın inkişafına təkan verilmişdir, nəticədə ölkədə xüsusilə çörək problemi həll edilmişdir.

Taxıl istehsalı ilbəil artmış, Azərbaycan aqrar sahədə, buğda və heyvandarlıq məhsulları istisna olmaqla, idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.

Bu tədbirlərin nəticəsində ölkənin aqrar–sənaye kompleksinin inkişafında keyfiyyətcə və məzmunca yeni bir mərhələnin təməli qoyuldu. 1995–ci ildən etibarən respublikada 1970 ictimai təsərrüfatda, həmçinin emal və aqroservis müəssisələrində islahat aparıldı, 3,4 milyon nəfərə və ya 872,0 min ailənin xüsusi mülkiyyətinə 1,4 milyon hektar torpaq, 830,0 min nəfərə isə əmlak payı verildi.

Ölkədə genişmiqyaslı tədbirlərin həyata keçirilməsində əsas məqsədlərdən, təxirəsalınmaz tədbirlərdən biri ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin 2 mart 2001–ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” qəbul olundu.

Proqramda əsas məqsəd ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşməsini, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasını həyata keçirmək olmuşdur. Bu proqram Azərbaycan Respublikasının ilk ərzaq təhlükəsizliyi proqramı olmaqla hökumətin ərzaq təhlükəsizliyi sahəsində öhdəlik və məqsədlərini əhatə etmiş və dövlətin maliyyə öhdəlikləri, habelə büdcə imkanları çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ərzaq təhlükəsizliyi proqramı ilk növbədə yoxsulluğun azaldılmasını, insanların ərzaqla təminatını və ərzaq məhsullarından səmərəli istifadə edilməsini nəzərdə tutmuşdur.

Bu gün Azərbaycan Heydər Əliyevin müəyyən etdiyi yolla dönmədən irəliləyir. Bunu 2003–cü il oktyabr ayının 15–də xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilmiş cənab İlham Əliyevin qətiyyətlə atdığı addımlar sübut edir. O, hələ yenicə formalaşmış Nazirlər Kabinetinin birinci iclasında Heydər Əliyev tərəfindən başlanmış aqrar siyasəti, yeni iqtisadi münasibətləri və sahibkarlığı inkişaf etdirməyi, aqrar islahatların ikinci mərhələsinə keçməyi, əhalinin maddi rifahının yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuşdur.

Cənab İlham Əliyevin 24 noyabr 2003–cü ildə “Azərbaycan Respublikasında sosial–iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”kı sərəncamında, 11 fevral 2004–cü ildə “Azərbaycan Respublikası regionlarının sosial–iqtisadi inkişafı Dövlət Proqramının (2004–2008–ci illər) təsdiq edilməsi haqqında”kı fərmanda, 23 oktyabr 2004–cü il tarixli “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” və “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” imzaladığı sərəncamlarda Azərbaycan kəndinin dirçəlişi üçün bir çox tədbirlər kompleksi öz əksini tapmışdır.

Ölkə Prezidenti tərəfindən aqrar sahəyə göstərilən çoxşaxəli dəstəyin nəticəsi olaraq 2012–ci ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərdə olduğu kimi öz dinamik inkişafını davam etdirmış və kənd təsərrüfatında ümumi məhsul istehsalı 5 milyard 120 milyon manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən təxminən 6,0 faiz artmışdır. 2802,2 min ton dənli bitki məhsulları istehsal edilmiş, məhsul istehsalı 2011–ci ilə nisbətən 343,8 min ton və ya 14 faiz artmış, o cümlədən 1847,4 min ton buğda istehsal olunmuşdur. Buğdanın istehsalı keçən ilin müvafıq dövrünə nisbətən 206,4 min ton artmış, hər hektarın məhsuldarlığı 1,8 sentner artaraq 26,9 sentnerə çatmışdır.

Eyni zamanda əsas növ məhsulların da istehsalı artmışdır. 2012–ci ildə 968,5 min ton kartof, 1216,2 min ton tərəvəz, 810 min ton meyvə və giləmeyvə, 150,9 min ton üzüm istehsal edilmiş və 2011–ci ilə nisbətən kartof istehsalı 3,2 faiz, meyvə və giləmeyvə istehsalı 5,8 faiz, üzüm istehsalı 10,2 faiz artmışdır. 2011–ci ilə nisbətən iribuynuzlu mal–qaranın baş sayı 30,8 min baş artaraq 2 milyon 713 min başa, davarların sayı isə 105,9 min baş artaraq 8 milyon 665 min başa çatmışdır.

Heyvandarlıq məhsullarının istehsalı da dinamik olaraq artmışdır. 2012–ci ildə kəsilmiş çəkidə 285,6 min ton ət, 1720 min ton süd, 1226,7 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal edilmişdir. 2011–ci ilə nisbətən ət istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz, yumurta istehsalı 21,7 faiz və yun istehsalı 1,8 faiz artmışdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində 2012–ci ildə lizinqə götürülmüş və icarəyə verilmiş texnika və avadanlıqlardan istifadəyə görə sahibkarlar tərəfindən “Aqrolizinq” ASC–yə 28,05 milyon manat vəsait köçürülmüş və həmin vəsait yenidən texnikaların alınması üçün təkrar istifadə edilmişdir.

2012–ci ildə 21,0 milyon manatlıq kənd təsərrüfatı texnikaları, 31,77 milyon manatlıq texnoloji avadanlıqlar, 12,9 milyon manatlıq mineral gübrələr, 10,54 milyon manatlıq damazlıq heyvanlar alınmış və 10 milyon manata isə 10 rayon aqroservis filialının maddi–texniki bazası yaradılmışdır.

Heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması üçün 2012–ci ildə “Aqrolizinq” ASC tərəfındən respublikaya 3020 baş cins damazlıq düyə gətirilərək fıziki və hüquqi şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Həmin damazlıq inəklərdən ildə orta hesabla 4 – 5 min kiloqramdan çox süd sağılmış, onların məhsuldarlığı yerli cinslərə nisbətən 3,0–3,5 dəfə artıq olmuşdur. Damazlıq mal–qaranın baş sayının artımı və cins tərkibinin yaxşılaşdırılması ölkədə ət və süd istehsalının artmasına imkan vermişdir.

Ölkədə yeni texnologiya əsasında iri südçülük kompleksləri yaradılır. Ağcəbədi rayonundaki “Aqat–aqro”, Şəki rayonundakı “Şəki–aqroindastris”, Qusar rayonundakı “Şahdah”, Qəbələ rayonundakı “Aqrokompleks”, “Qəbələ” və heyvandarlıq südçülük kompleksləri. Salyan rayonundakı “Hacı Camalxan” təsərrüfatının hər birində 800–2 hesabla 2–4 min ton süd istehsal olunur.

Respublikada sənaye quşçuluğu intensiv inkişaf yolundadır. Keçən il 7 yeni quşçuluq kompleksi istifadəyə verilmişdir. Sahibkarlığa kömək Milli Fondu tərəfindən quşçuluğun intensiv inkişaf etdirilməsinə son 2 ildə 70 milyon manat vəsait ayrılmışdır. Sənaye quşçuluğunda keçən il 62300 ton quş əti, 441 milyon ədəd yumurta, o cümlədən 60 milyon ədəd damazlıq yumurta istehsal olunmuşdur.

2012–ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşqul olan fıziki və hüquqi şəxslərə 15,0 milyon manat kreditlər verilmişdir. Verilən kreditlərin 8,0 milyon manatı dövlət büdcəsinin vəsaiti hesabına, 7,0 milyon manatı isə qaytarılan vəsaitlər hesabına olmuşdur.

Beynəlxalq layihələr üzrə aqrar sahənin inkişafına 2012–ci ildə 19,0 milyon ABŞ dolları yönəldilmişdir.

Ölkədə toxumçuluq sahəsində əsaslı dönüş yaranmış, 2012–ci ildə ölkənin taxıl toxumuna olan tələbatı tam ödənilmiş, 198,3 min ton kondisiyalı taxıl toxumu istehsal edilmişdir. Toxumun 191,1 min tonu (96,4 faizi) özəl qurumlar tərəfındən istehsal edilmişdir.

İri özəl taxılçılıq təsərrüfatının yaradılması barədə respublika Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqla əlaqədar dövlət torpaq fondu hesabına Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində müvafiq olaraq 3300 hektar və 1500 hektar qış otlaq sahəsində və eyni zamanda Şəki rayonunun inzibati ərazisində 5560,1 hektar qış otlaq sahəsinin təyinatının dəyişdirilərək iri özəl taxılçılıq təsərrüfatının yaradılması qərara alınmış və bu işlə əlaqədar əlavə tədbirlər həyata keçirilir.

Aqrar sektorda fasiləsiz dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, intensiv metodlara və müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, əsasən bitkiçilik və emal məhsullarının ixracının artırılması, aqrar sektorda modernləşmənin həyata keçirilməsi dövlət başçısının daim diqqətindədir.

Respublikamızda qəbul olunmuş Dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlərin əməli surətdə icra olunması ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin etmişdir.

2004–2012–ci illər ərzində ölkə başçısı tərəfindən imzalanmış çoxsaylı fərman və sərəncamların icrası kənd təsərrüfatı və emal sənayesinin dinamik inkişafını təmin etmişdir.

2013–cü ilin 1–ci rübündə kənd təsərrüfatında ümumi məhsul istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artmış, o cümlədən artım bitkiçilikdə 6,5 faiz və heyvandarlıqda isə 4,3 faiz təşkil etmişdir.

Hazırda ötən ilin payızında dən məqsədi ilə əkilmiş 997 min 402 hektar payızlıq taxıl, o cümlədən 690 min 455 hektar buğda əkinlərinə aqrotexniki qulluq işləri, xüsusilə, suvarma, alaqlara qarşı mübarizə və azotla yemləmə gübrəsi verilməsi davam etdirilir. Müşahidələrimiz göstərir ki, payızlıq taxıl əkinlərinin vəziyyəti qənaətbəxşdir.

Cari ilin yekununa cəmi 2 milyon 970 min ton dənlilər, o cümlədən 1 milyon 940 min ton buğda istehsal ediləcəyi gözlənilir. Bu da ötən ilə cəmi dənlilər üzrə 6,0 faiz, buğda üzrə 5,0 faiz artıqdır.

Bölgələrimizdə yazlıq bitkilərin də səpininə başlanmışdır. Cari ildə cəmi 385 min hektar sahədə yazlıq bitkilər əkilməsi gözlənilir ki, bu da ötən ildəkindən (377,4 min hektar) 2 faiz çox deməkdir.

Artıq 2013–cü il aprelin 1–i vəziyyətinə 112 min hektardan artıq sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,1 faiz yüksəkdir. Səpin davam etdirilir.

Cari ildə yaz–tarla işlərinin mütəşəkkil keçirilməsi üçün həmişə olduğu kimi, qərargah və qaynar telefon xətti yaradılmışdır. Kənd təsərrüfatı texnikasının, o cümlədən taxılbiçən kombaynların boş dayanmaların qarşısının alınması üçün səyyar texniki xidmət və səyyar yanacaqdoldurma avtomaşınları hazırlıq səviyyəsinə gətirilmiş, lazım gəldiyi təqdirdə kombaynların dislokasiyası əməliyyatı keçiriləcəkdir.

Əhalinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi üçün toxumçuluq və tingçiliyin inkişafı, qabaqcıl aqrotexniki tədbirlərin, o cümlədən müasir tələblərə cavab verən səpin, becərmə və suvarma texnologiyalarının tətbiqi və heyvandarlığın intensiv inkişafının təşkili nazirliyin qarşısında duran prioritet vəzifələrdəndir.

“2008–2015–ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün hər hektar sahədən yüksək məhsuldarlıq əldə edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsini vacib məsələlərdən biri sayırıq.

“Dövlət və özəl toxumçuluq təsərrüfatlarının inkişafı”da ön plana çəkilmiş və indiyədək 370 özəl toxumçuluq və tingçilik təsərrüfatları yaradılmışdır ki, bunlar da təsərrüfat subyektlərinin yüksək kondisiyalı toxumlara olan tələbatını tam təmin edirlər.

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıqda son illər naxırın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər məhsul istehsalına öz müsbət təsirini göstərmişdir. Belə ki, cari ilin 3 ayında keçən ilin müvafıq dövrünə nisbətən qaramalın baş sayı 1,8 faiz, qoyun və keçilərin baş sayı 1,7 faiz, ət istehsalı (diri çəkidə) 2,5 faiz, süd istehsalı 2,9 faiz artmış, 2475 ton ət, 27,5 min ton süd çox istehsal edilmişdir.

Heyvandarlığın intensiv inkişaf etdirilməsində xüsusi rol oynayan damazlıq işi ildən–ilə genişləndirilmişdir. Hazırda süni mayalama mərkəzi fəaliyyət göstərir və indiyədək 500 nəfər süni mayalama texniki hazırlanmış və onlar müvafiq avadanlıq və cihazlarla, nəqliyyat vasitələri ilə təmin edilmişlər. Süni mayalanma üsulu ilə alınan inəklərin hər birindən ildə orta hesabla 3000–3500 kiloqram süd sağılır. Lakin tamamilə süni mayalama tətbiq olunmuş Şəkinin “Aqroindastris” heyvandarlıq kompleksində hər inəkdən ötən il orta hesabla 6 min kiloqram süd sağılmışdır.

Heyvandarlıq məhsullarının istehsalının artırılmasında onların saxlama şəraitinin və yemləndirilməsinin yaxşılaşdırılması ilə yanaşı, heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə bağlı xaricdən gətirilən cins mal–qaranın əhəmiyyətli rolu olmuşdur. 1 aprel 2013–cü ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən respublikaya 6216 baş cins damazlıq düyələr gətirilmiş, təsdiq edilmiş qaydalara müvafiq olaraq hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq yolu ilə satılmışdır. Hazırda bu heyvanların sayı 11 min başa çatmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 11 fevral 2013–cü il tarixli 2713 nömrəli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan “Aqrolizinq” ASC–yə ayrılmış 10,0 milyon manatın 800,0 min manatı Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulmuş, qalan 9,2 milyon manat və cəmiyyətə təkrar istifadədən daxil olmuş 2,0 milyon manat, cəmisi 11,2 milyon manat dəyərində Holştin–friz ətlik istiqamətli və Şarole ətlik–südlük istiqamətli, Simmental cinsli damazlıq heyvanların alınması üçün Səhmdar Cəmiyyət tərəfindən satınalmalar proseduru həyata keçirilir.

“Azərbaycan Respublikası regonlarının 2009–2013–ci illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqram”ının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda, bu il yanvarın 15–də Nazirlər Kabinetinin 2012–ci ilin sosial–iqtisadi inkişafının yekunlarına və 2013–cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, habelə aprelin 14–də Nazirlər Kabinetinin bu ilin birinci rübünun sosial–iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında, regionlara səfəri zamanı etdiyi çıxışlarda dövlət başçısı həmişə aqrar bölməni prioritet sahə kimi, onun qarşısında duran vəzifələri, o cümlədən daxili bazarın rəqabətqabiliyyəyli məhsullarla təmin edilməsini, iqtisadiyyatın artması ilə bağlı bu məhsulların xarici bazarlara çıxışının sürətləndirilməsini, ixrac edilən məhsulların nomenklaturasının artırılmasını, fermerlərin elektron qeydiyyatının aparılmasını, bitkiçilikdə və heyvandarlıqda intensiv metodların tətbiqini, aqrar sahə üzrə orta texniki peşə müəssisələrinin yaradılması məsələsinə baxılmasını bir daha önə çəkmişdir.

Dövlətimizin dəstəyinə söykənən bu aqrar bölmədə çalışan fermerlər, alimlər, mütəxəssislər, sahənin çoxminli kollektivi bundan sonra da ölkədə ərzaq bolluğunun təmin edilməsinə öz layiqli töhfələrini verəcəklər.

 

 

İsmət Abasov,

Azərbaycan Respublikasının Kənd

Təsərrüfatı naziri.

 

Respublika.-2013.-10 may.-S.5.