Ümummilli liderin hüquqi baxışlarının Azərbaycan Respublikasının Konstitusiyasında təzahürü

 

Dövlət və hüququn ictimai–iqtisadi quruluşa xas olan bir formasından digərinə keçid mahiyyətinə görə olduqca mürəkkəb, çoxtərəfli, dövlət və hüquqda, həmçinin ictimai–siyasi həyatda baş verən kifayət qədər ziddiyyətli prosesdir. Bu prosesin mərkəzində dayanıb və bir qayda olaraq prosesə böyük təsir göstərən dövlət bir–biri ilə qarşılıqlı əlaqədə olan və bir–birini tamamlayan iki qrup kompleks vəzifəni həll edir. Bu vəzifələrdən bir qrupu dövlət mexanizminin — onun mahiyyətinin, məzmununun, formasının, fəaliyyət metodunun, strukturunun yenidən qurulması ilə əlaqədardır. Digər qrup vəzifələr cəmiyyətin dəyişdirilməsinə, iqtisadiyyatda islahatlar, xarici və daxili siyasətin yeni istiqamətlərinin müəyyən edilməsi, yeni rəsmi idealogiyanın yaradılması ilə bağlıdır.

Keçid dövründə dövlətin fəaliyyətinin əsas istiqamətləri qarşıda duran vəzifələrin xarakter və növündən birbaşa asılıdır. Dövlətin fəaliyyətinin əsas istiqamətlərinin məzmunu və həll etdiyi vəzifələr konkret cəmiyyətin inkişafının tarixi təcrübəsi, konkret ölkənin iqtisadiyyatının inkişaf səviyyəsi, cəmiyyətdə formalaşmış münasibətlərin xarakter və növü ilə şərtlənir.

Dövlətin qarşısında yeni maliyyə sisteminin yaradılması zəruriliyi, ölkənin təhlükəsizliyinin təmini, hüquq sisteminin köklü dəyişikliyi kimi xüsusi vəzifələr durur. Dövlət bu dövrdə həyata keçirilən iqtisadi və sosial–siyasi islahatların dinamizmini, cəmiyyət daxilində və dövlətdə stabilliyi təmin etməklə yanaşı, həyatın bütün sahələrində tam müstəqilliyini qorumalı və xarici təsirlərdən qeyri–asılılığı təmin etməlidir.

Keçid dövründə dövlət və cəmiyyətdə əvvəllər heç vaxt olmayan inamsızlıq və tərəddüdlər baş verdiyinə, mərkəzdənqaçma qüvvələri gücləndiyinə, dağıdıcı proseslər sürətlə inkişaf etdiyinə görə dövlətin dağılması və cəmiyyətin süqutu ehtimalı dəfələrlə artır. Odur ki, həmin mərhələdə dövlət yalnız yenidənqurma fəaliyyətinə deyil, həm də mühafizə funksiyasına önəm verməli, özünü, iqtisadiyyatı və cəmiyyəti süqut etməkdən qorumalıdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ölkənin ağır keçid dövrünə təsadüf etdi. Tarix üçün son dərəcədə qısa olan bir müddətdə keçid dövrünün səmt küləklərinin hakimiyyətə gətirdiyi, dövlət idarəçiliyi sahəsində təcrübəsi olmayan insanların ölkəni böhrandan çıxarmaq üçün rəhbərliyə dəvət etdikləri ulu öndərin qarşısında çətin — müstəqilliyin qorunub saxlanılması, erməni təcavüzünün dayandırılması, vətəndaş müharibəsinin qarşısının alınması, ərazi bütövlüyünün təmini, cinayətkarlıqla mübarizə, dağılmış iqtisadiyyat və maliyyə sisteminin bərpası, sabitliyin təmini, hüquq sistemində dəyişikliklərin həyata keçirilməsi, yeni qurulan demokratik dövlətin hüquqi əsaslarının yaradılması kimi vəzifələr dururdu. Dövlətin hüquqi əsaslarının yaradılması müstəqil, demokratik Azərbaycan dövlətinin konstitusiyasının hazırlanıb qəbul edilməsi ilə birbaşa bağlı idi.

Ulu öndər konstitusiya komissiyasının ilk iclaslarında komissiyanın sədri kimi Azərbaycanın əvvəlki konstitusiyalarının təhlilini verərək yeni qurulan müstəqil Azərbaycan Respublikasının konstitusiyasının qəbul edilməsinin zəruriliyini əsaslandırmış, konstitusiyada ifadəsini tapmasını vacib hesab etdiyi əsas məqamları komissiya üzvlərinin nəzərinə çatdırmışdı: “İndi biz müstəqil Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin ilk konstitusiyasını qəbul edirik. Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Ulu öndər konstitusiyanın demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu proseslərini və bunu təmin etmək üçün bütün şərtləri, müddəaları özündə əks etdirməli olmasını ümumi şəkildə qeyd etməklə kifayətlənməyib, həmin məfumların nəyi ifadə etməsini sadə, anlaşıqlı dildə izah edirdi: “Demokratiya prinsipləri geniş məfhumdur. Əgər bu, bir tərəfdən insanların, vətəndaşların hüquqlarının təmin edilməsi prinsipləridirsə, ikinci tərəfdən dövlətçiliyin qurulmasını, dövlət quruculuğu prosesinin aparılmasını, inkişaf etdirilməsini və Azərbaycanda həm dövlətin, həm xalqın, həm də hər bir vətəndaşın hüquqlarının qorunmasına təminat verə bilən dövlətin qurulub yaranmasını təmin edən prinsiplər olmalıdır.

Konstitusiya gərək elə bir konstitusiya olsun ki, bir tərəfdən insanların hüquqlarını qorusun, insan azadlıqlarını, demokratiyanı təmin etsin, siyasi plüralizmi təmin etsin, mətbuat, söz, din, dil azadlığını təmin etsin, ikinci tərəfdən isə dövləti, cəmiyyəti idarə etmək üçün təsisatların yaranmasını təmin etsin”.

Müstəqil Azərbaycan dövlətinin konstitusiyasında ifadəsini tapan bir çox müddəalar, əslində Ulu öndərin ideya və baxışlarının, hüquqi düşüncələrinin, uğrunda mübarizə apardığı, xalqının xoşbəxt gələcəyini gördüyü amalların hüquq normalarında təcəssümü idi.

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan konstitusiya bir sıra xüsusiyyətləri ilə səciyyələnirdi.

Əvvəla, Konstitusiya xalqın iradəsini əks etdirməklə xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olmasını hüquqi cəhətdən rəsmiləşdirdi.

Heç vaxt özünü xalqdan ayırmayan, daim xalqına, onun gücünə və qüdrətinə arxalanan ulu öndər xalqın iradəsi ilə və xalqa xidmət etmək üçün hakimiyyətə gəlməsini təkrar–təkrar qeyd edir, — həyatının son dəqiqəsinədək xalqına xidmət edəcəyini və ömrünün sonrakı illərini də xalqına bəxş etdiyini bildirirdi. “Azadlıq, müstəqillik ideyası bizim, xalqımızın ideyasıdır…Öz müstəqilliyini möhkəmləndirmək və onu bu müstəqillikdən məhrum etmək üçün indən belə heç kimə imkan verməmək — Azərbaycan xalqının iradəsidir”, — deyən ulu öndərin kəlamları bir vaxtlar Amerika Birləşmiş Ştatlarının prezidenti A. Linkolnun söylədiyi və indi demokratik dövlətin devizi kimi qəbul edilən “…xalqın idarəçiliyi, xalqın iradəsi və xalq naminə görülən işlər heç vaxt yer üzündən silinməyəcəkdir” ifadəsi ilə həmahənglik təşkil edir. Məhz bu baxımdan Konstitusiyanın birinci fəslinin xalq hakimiyyətinə həsr olunması və 1–ci maddədə “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” ifadəsinin əks olunması həm Azərbaycan xalqının, həm də bu xalqın ümummilli lideri statusunu qazanmış Heydər Əliyevin iradəsinin ifadəsi kimi qəbul olunmalıdır. Ümummilli lider konstitusiya layihəsindən bəhs edərkən göstərirdi ki, layihənin “əsas məzmunu ondan ibarətdir ki, o, xalqın iradəsini ifadə edir, Azərbaycanın dövlət quruluşunun təsirlərini, hüquqi əsaslarını yaradır, Azərbaycanda dövlətin idarəetmə prinsiplərini əks etdirir, dövlət ilə xalq arasında olan münasibətləri əks etdirir və müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır. Onun bütün maddələri xalqın iradəsini ifadə edir. Hakimiyyətin mənbəyi xalqdır — bu əsas anlayış burada bariz şəkildə öz əksini tapıbdır”.

Ulu öndər hesab edirdi ki, yeni yaranan konstitusiya müstəqil Azərbaycan Respublikasının Konstitusiyası olması və Azərbaycan xalqının iradəsini ifadə etməsinə görə əvvəlki bütün konstitusiyalardan fərqlənir və tarixi əhəmiyyət kəsb edir.

“Dövlət xalqsız ola bilməz. Xalq isə ayrı–ayrı insanlardan, vətəndaşlardan ibarətdir… Azərbaycan xalqı vahid xalqdır. Azərbaycanın dövlət siyasəti azərbaycançılıq əsasında qurulubdur. Biz hamımız, hansı bölgədən olmağımızdan asılı olmayaraq, azərbaycanlı kimi on illərlə, yüz illərlə belə böyümüşük. Heç vaxt deməmişik bunun kökü nədir” – deyən ulu öndər Heydər Əliyevin fikirləri Konstitusiyanın 5–ci maddəsində aşağıdakı kimi ifadəsini tapmışdır: “Azərbaycan xalqı vahiddir. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir”.

İkincisi, konstitusiya vasitəsi ilə dövlət və ictimai quruluşun yeni hüquqi bazası — konstitusiya əsasları yaradıldı.

Konstitusiyanın dövlətin əsaslarını müəyyən edən fəslinin birinci (Konstitusiyanın 7–ci) maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar respublika olması ifadəsi əksini tapdı. Müstəqil Azərbaycan dövlətinin demokratik dövlət quruculuğu yolu ilə inkişafa, nailiyyətə qovuşacağını ulu öndər hələ sovet hakimiyyətinin süquta uğradığı ilk illərdən müəyyən etmişdi: “Azərbaycanın demokratiya yolu ilə getməsi üçün ilk addımları mən atdım. Azərbaycanda hörmətli adam olduğuma görə Kommunist Partiyasının və Sovet İttifaqının dağılması haqqında mənim çıxışlarım insanları inandırırdı. Mən o vaxtdan Azərbaycanı demokratik, müstəqil dövlət görmək istəyirəm”.

Müstəqilliyi xalq, dövlət üçün ən ülvi dəyər hesab edən ulu öndər göstərirdi: “…bizim xalqımızın tarixində, ölkəmizin tarixində dövlət müstəqilliyini əldə etmək kimi bir nailiyyət olmayıbdır. İndiyə qədər hər bir azərbaycanlı üçün bu qədər böyük xoşbəxtlik — dövlət müstəqilliyi kimi böyük bir xoşbəxtlik olmayıbdır”. Ulu öndərin müstəqilliyə bu cür dəyər verməsi müstəqilliyi demokratik dövlət quruculuğunun ilkin şərti hesab etməsi ilə bağlı idi. Təbii ki, müstəqil olmayan, daxili və xarici siyasətini müstəqil müəyyən edə bilməyən dövlətdə demokratiyanın bərqərar olması, insanların dövlətin idarəçiliyində birbaşa iştirakı, ictimai–siyasi həyatın vacib məsələlərini xalqın iradəsi, fikir müxtəlifliyinin nəzərə alınması əsasında həll edilməsi mümkün deyildir.

Ümummilli lider Heydər Əliyev ilk növbədə respublikamızın müstəqil bir dövlət kimi hansı siyasi, ictimai, iqtisadi sistem üzrə gedəcəyinin mühüm əhəmiyyətini vurğulayaraq qeyd edirdi: “Yolumuz demokratiya yoludur, biz demokratiya yolundan dönməməliyik. Bizim yolumuz siyasi plüralizm yoludur, biz bu yoldan dönməməliyik. Biz Azərbaycanda çoxpartiyalı sistem, çoxpartiyalı cəmiyyət üçün şərait yaratmalıyıq. Əmin olun ki, mən bu mövqeyimdən dönməyəcəyəm. Azərbaycanda insan azadlığı, təşəbbüs azadlığı, din azadlığı, dil azadlığı, sahibkarlıq azadlığı — bütün azadlıqlar təmin olunub. İnsan hüquqları, insan haqları qorunmalıdır. Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının hüquqlarını qorumağı əsas vəzifələrindən biri hesab etməlidir. Azərbaycan keçmiş kommunist rejiminə, sosialist sisteminə, keçmiş iqtisadi–siyasi sistemə qayıtmamalıdır”. Ulu öndər eyni zamanda demokratik prinsiplərin bərqərar edilməsini dövlətin bütün vəzifəli şəxslərinin, dövlət orqanlarının və dövlətin əsas vəzifəsi hesab edirdi: “Azərbaycan bundan sonra öz dövlətini demokratik prinsiplər əsasında qurmalıdır və dövlət orqanları cəmiyyətdə demokratik prinsiplərin bərqərar olması üçün təminat yaratmalıdırlar… Azərbaycan Respublikası bundan sonra bütün demokratik prinsiplərə sadiq qalacaq, onların həyata keçirilməsini təmin edəcəkdir və hamımız birlikdə Azərbaycanı böyük bir demokratik respublika kimi dünya demokratiyasına uyğun səviyyəyə çatdıraraq dünya mədəniyyətinə, dünya ictimaiyyətinə tanıtdıra biləcəyik… Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir və heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyət göstərməsinə şərait yaranmalıdır və siyasi plüralizm hökm sürməlidir. Hürriyyət insan üçün ən əsas şərtlərdən biridir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq — mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır”.

Dövlətin mövcudluğunun maddi əsasını onun müəyyən əraziyə malik olması təşkil edir. Ərazi toxunulmazlığı və bütövlüyü dövlətin mövcudluğunun təbii və zəruri şərtidir. Ərazi bütövlüyü prinsipi dövlətin ərazi aliliyinə əsaslanan dövlət suverenliyindən irəli gəlir, dövlətin öz ərazisi üzərində hökmranlığını təmin edir. Konstitusiya müəyyən edir ki, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz, vahid, toxunulmaz və bölünməzdir. Dövlət sərhədləri xalqın iradəsinə zidd olaraq dəyişdirilə bilməz.

Ulu öndər Konstitusiyada Azərbaycan Respublikasının ərazi bütövlüyünün, respublikamızın bölünməzliyinin, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyinin ifadəsini tapmasına da önəm verirdi: “Bu konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir”.

Dövlətin əsasları ilə bilavasitə bağlı olan dövlət dili, silahlı qüvvələr, dövlətin rəmzləri ilə əlaqədar məsələlərə Ulu öndər önəm verirdi.

Azərbaycan Respublikasının Konstitusiyasının 21–ci maddəsi dövlət dilinin Azərbaycan dili olmasını təsbit etdi. Ulu öndər Azərbaycan dili məsələsini təkcə dil məsələsi deyil, azərbayçanşılıq məsələsi kimi dəyərləndirirdi: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı–ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunlar hamısı biri–biri ilə bağlıdır. Ona görə bu beş ildə Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, azərbaycançılıq məsələsidir”.

Konstitusiya müəyyən etdi ki, Azərbaycan dövləti öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə silahlı qüvvələr və digər silahlı birləşmələr yarada bilər. Ulu öndər öz növbəsində ordunun yaradılmasını, dövlətin təhlükəsizliyinin təminini ən əsas vəzifə kimi dəyərləndirir, bunu müqəddəs borc, müstəqilliyin əsas şərtlərindən biri hesab edirdi: “Ordu quruculuğu, ordu yaratmaq hər birimizin müqəddəs borcudur. Biz bunu bilməliyik. Xüsusən müstəqillik haqqında həddindən artıq düşünən, müstəqillik arzusunda olan adamlar bilməlidirlər ki, güclü ordusuz müstəqillik ola bilməz. Ordunu yaratmaq, onu həqiqi orduya, torpaqlarımızı etibarlı müdafiə edə bilən qüdrətli orduya çevirmək bizim müqəddəs borcumuzdur. Ola bilər çörəyimiz də olmasın, yeməyimiz də olmasın. Ola bilər ac qalaq, ola bilər paltarımız da olmasın, amma gərək ordumuz olsun…Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. Bizim güclü ordumuz olmalıdır. Güclü ordu ona görə lazımdır ki, biz sülh danışıqlarını cəsarətlə apara bilək. Qüdrətli ordumuz olmalıdır ki, biz ərazimizin təhlükəsizliyini daim qoruya bilək, öz torpaqlarımızı, ölkəmizi müdafiə edək. Bizim qüdrətli, möhkəm ordumuz olmalıdır, ona görə ki, müstəqil Azərbaycan dövləti daim qüdrətli olsun”.

Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətin əsasları” fəslində dövlətin rəmzləri kimi Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himninə yer ayrılmışdır. Ulu öndər Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir… Hansı ölkəyə gediriksə–gedək, Azərbaycan bayrağının o ölkədə asılması həm Azərbaycanın orada təmsil olunmasını göstərir, həm də bizim ölkəmizi tanıdır, eyni zamanda bizdə böyük iftixar hissi doğurur.

Bu bizim müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa dövlətə olan məhəbbətə bərabər olsun.

Azərbaycanın gerbini təbliğ etmək lazımdır. Azərbaycanın gerbi bayraq ilə bərabər, bizim dövlət müstəqilliyimizi təmsil edən atributdur. Azərbaycanın gözəl himni var…Hər ölkənin himni özünə görə əzizdir.. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu təbiidir… Himn çalınan vaxt insanlar sözlərini oxumalıdırlar. Bunlar da insanlarda vətənpərvərlik hissinin daha da möhkəmlənməsinə kömək edir. Eyni zamanda bu ona görə vacibdir ki, himnimizə xüsusi hörmətin təzahürüdür”. Hazırda Azərbaycan bayrağının dünyada ən uca qüllədən dalğalanması, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə, idman yarışlarında Azərbaycanın Dövlət himninin səslənməsi beynəlxalq aləmdə Azərbaycan dövlətinin tutduğu mövqeyi, qazandığı uğurlara görə Azərbaycan xalqına hörmətin təzahürü kimi qiymətləndirilməlidir.

Üçüncüsü, konstitusiya cəmiyyətdə iqtisadi münasibətlərin yeni sisteminin yaradılması üçün hüquqi əsasları müəyyən etdi.

Azad bazar iqtisadiyyatına keçid zamanı iqtisadiyyatın dövlət bölməsinin azalması, bazar infrastrukturunun, müxtəlif mülkiyyət formalarının yaranması onlar arasında qarşılıqlı əlaqələrin tənzimlənməsi, sosial, iqtisadi münasibətlərin yeni qanunverici və digər prosedurlarının hazırlanması zəruriliyini meydana çıxardı. Bunlar əslində kifayət qədər çətin və ağrılı proseslər olmaqla dövlət idarəçiliyində qətiyyət tələb edirdi. Məhz böyük dövlət xadimi Heydər Əliyevin demokratik yol ilə irəliləməkdə əzmkarlığı, ardıcıl, dönməz, məqsədyönlü addımlar atması dövlət idarəçiliyində, demokratik dövlətin hüquqi əsaslarının yaradılmasında və Azərbaycan dövlətinin bu yol ilə inamla irəliləməsində uğurların əldə olunmasına səbəb oldu.

Ulu öndər 19 noyabr 1993–cü il tarixdə keçirilən ümumrespublika müşavirəsində iqtisadi sahədəki problemlərlə əlaqədar qeyd edirdi: “Respublikamız ağır iqtisadi böhran vəziyyətindədir. Ölkədə gedən müharibə iqtisadiyyatın vəziyyətinə də ciddi təsir göstərir. Bütün bunlar isə bir sıra ciddi, əsaslı tədbirlər görülməsini tələb edir. Çalışmalıyıq ki, bu tədbirlər iqtisadiyyatda böhran prosesinin qarşısını alsın, iqtisadi potensialdan səmərəli istifadə olunmasına lazımi şərait yaratsın… İqtisadi sahədə yeni qanunlar qəbul edilməli, qəbul edilmiş qanunlar bugünkü tələblərə uyğun deyildirsə, onlara yenidən baxılmalıdır…Əsas məsələlərdən biri özəlləşdirmədir. Bu, asan proses deyildir. Bu işdə risk etmək lazımdır. Bunsuz bir şeyə nail ola bilmərik…Şübhəsiz ki, özəlləşdirmə mərhələ–mərhələ getməlidir”.

Ulu öndər iqtisadi sahədə dəyişiklikləri, cəmiyyətdə iqtisadi münasibətlərin yeni sisteminin yaradılmasını demokratik dövlət quruculuğu ilə əlaqələndirirdi: “Demokratiyanın təmin edilməsi üçün onun iqtisadi əsası bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatının özü demokratiyanın bir hissəsidir…biz bir iqtisadi sistemdən başqa iqtisadi sistemə, bazar iqtisadiyyatına, yeni iqtisadi qurumlara keçirik. Mülkiyyət formaları dəyişir. Bunların da hamısı əzab–əziyyətli, çətin proseslərdir. Bu prosesləri keçmək bizim taleyimizə düşübdür. Ancaq bilin ki, biz bu çətin yollardan keçəcəyik. İşıqlı gələcəyə, — geniş yola çıxacağıq. Azərbaycan iqtisadiyyatı yüksək səviyyəyə qalxacaqdır. Amma ona gəlib çatmaq üçün biz bu əzab–əziyyətli yolu keçməliyik”.

Cəmiyyətdə iqtisadi münasibətlərin yeni sisteminin hüquqi əsaslarının yaradılması ilk növbədə konstitusiyada mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti növündə olmasının, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığı və dövlət tərəfindən müdafiə olunmasının elan edilməsində ifadəsini tapdı. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstrünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiya həmçinin elan edirdi ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Ulu öndərin müdrikliyi, əzmkarlığı sayəsində keçid dövrünün digər ağır problemlərinin həlli ilə yanaşı, iqtisadi sahədə irəliləyişlərə nail olundu. Sonralar o qeyd edirdi: “Biz birinci növbədə, mülkiyyətin özəlləşdirilməsini təmin etdik. Kənd təsərrüfatında torpaq islahatı keçirdik. Torpağı onun sahibinə, kəndlilərə payladıq. Özəlləşdirmə, torpaq islahatı, xarici ticarətin, ümumiyyətlə ticarətin liberallaşdırılması, xarici investisiyaların cəlb olunması — bunlar hamısı qısa bir zamanda Azərbaycanın iqtisadiyyatının ardıcıl surətdə inkişaf etməsinə şərait yaratdı”.

Hazırda Azərbaycan Respublikası möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında iqtisadi uğurlara imza atır. Ölkə iqtisadiyyatının günü–gündən inkişafı Azərbaycan Respublikasını beynəlxalq səviyyədə iqtisadi cəhətdən tanınan ölkələr sırasına çıxarmış, ölkəmiz xarici ölkələrə sərmayələr yatıran donor ölkələr arasında yerini möhkəmlətməkdədir.

Dördüncüsü, Konstitusiyada dövlət və ictimai–siyasi həyatın təşkili və fəaliyyətinin yeni prinsipləri ifadəsini tapdı.

Hər şeydən əvvəl Konstitusiyada hakimiyyətin bölgüsü prinsipinin ifadəsini tapması dövlət hakimiyyətinin həyata keçirilməsinin mütərəqqi prinsipi kimi nəzərdən keçirilməlidir. Konstitusiya müəyyən etdi ki;

Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

— qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

—icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

— məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

Hakimiyyətlərin bölünməsi prinsipinin əsas mahiyyəti ondadır ki, dövlət hakimiyyəti bir əldə, yaxud hakimiyyətin ayrı–ayrı qolunda — qanunverici, icra, məhkəmə — cəmləşməməli, əksinə həmin hakimiyyət qolları arasında tarazlaşdırılmış şəkildə bölünməlidir. Bu cür bölgü isə zəruri olduqda hakimiyyətin ayrı–ayrı qollarının bir–birini çəkindirib saxlamasına şərait yaradır. Bununla bağlı ulu öndər qeyd edirdi: “Hakimiyyətin təşkil olunması Konstitusiyada hakimiyyətin səlahiyyət bölgüləri əsasında nəzərdə tutulubdur: qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hakimiyyəti. Bu prinsip XVIII əsrdə fransız filosofları Jan Jak Russo, Monteskye, Didro və digərləri tərəfindən sübut olunub, əsrlərin sınağından keçib, dünyanın demokratiya sahəsində inkişaf etmiş ölkələrində hökm sürür və biz də bu prinsipi demokratik hüquqi dövlət yaratmaq üçün və respublikamızda demokratiyanı inkişaf etdirmək üçün, vətəndaşların, insanların hüquqlarını qoruyub təmin etmək üçün əsas götürmüşük. Konstitusiyamızda bu prinsip əsasında hakimiyyət bölgüsü tam demokratik olaraq öz əksini tapıbdır və bizim də vəzifəmiz, borcumuz konstitusiyaya riayət etmək və konstitusiyanın müddəaları əsasında hakimiyyətin təşkilini bundan sonra da təmin etməkdən ibarət olacaqdır”.

Konstitusiyada vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında, o cümlədən dövlətin idarə olunmasında iştirak hüququ öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası vətəndaşları dövlətin idarə olunmasında iştirak etmək hüququnu bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilərlər.

Ulu öndər qeyd edirdi ki, Konstitusiyada Azərbaycanın həm dövlət quruculuğu, həm respublikamızın iqtisadiyyatının qurulmasının əsas prinsipləri, hakimiyyətin bölgüsü: qanunvericilik, icra hakimiyyəti, məhkəmə hakimiyyətinin səlahiyyətləri və onların müstəqilliyi, qarşılıqlı fəaliyyəti öz əksini tapıbdır. Onlar hamısı birlikdə ahəngdar fəaliyyət göstərməlidir.

Beşincisi, konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təsbitinə və təminatına mühüm yer verilmişdir.

Müasir dövrün diqqət mərkəzində olan aktual problemlərdən biri də insan hüquq və azadlıqlarıdır. İnsan hüquqları dünyanın müxtəlif regionlarında bu və ya digər sivilizasiyanın xarakterini müəyyən edən mədəniyyət, din, ictimai dünyagörüş, əxlaqa müvafiq yaranır və inkişaf edir.

Hüquqi dövləti səciyyələndirən cəhətlərdən biri də hüququn aliliyinin tanınması, insan hüquq və azadlıqlarına hörmətdir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etməklə insan hüquqlarına hörmət yolunu seçməsini bəyan etdi.

Azərbaycan Respublikasının 2001–ci ilin yanvar ayının 25–də Avropa Şurasına daxil olmaqla və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaqla demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azalıqların təmininə sadiqliyini bir daha ifadə etdi.

Müstəqilliyin ilk illəri Azərbaycan Respublikasının universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən tədbirlərin bir hissəsini də milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsinə xidmət edən mexanizmlərin yaradılması və yenidən qurulması, məhkəmələrin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması, məhkəmə sisteminin müasirləşdirilməsi təşkil edir.

İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsini təmin etmək üçün Konstitusiya həmin vəzifənin həyata keçirilməsinin müxtəlif üsul və vasitələri də daxil olmaqla təminat sistemini nəzərdə tutur. İlk növbədə onu qeyd etmək lazımdır ki, insan və vətəndaş hüquq və azadlıqlarının dövlət təminatı yalnız demokratik siyasi və hüquqi rejimin mövcud olduğu şəraitdə mümkündür. İnsan və vətəndaş hüquq və azadlıqları tarixən demokratiyanın inkişafı ilə əlaqədar yaranmış və yalnız demokratik cəmiyyətdə həyata keçirilə bilər.

Konstitusiyanın 7–ci maddəsinə əsasən Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyavi, unitar respublika elan edilməsi insan və vətəndaş hüquq və azadlıqlarının dövlət təminatının mühüm şərtidir. Demokratik hüquqi dövlətdə insan hüquqlarının tanınması, hüququn aliliyi, hakimiyyətin bölgüsü insan hüquq və azadlıqlarının dəqiq fəaliyyət göstərən dövlət təminatının vahid sisteminin yaradılması ilə müşayiət olunmalıdır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi hər kəsin qanunla qadağan olunmayan bütün üsul və vasitələrlə müdafiə olunmaq üçün müstəqil fəaliyyət göstərməsini istisna etmir. Bu cür yanaşma insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq üçün geniş imkanlar açır.

İnsan hüquq və azadlıqlarının təmininin demokratik dövlətin əsas vəzifələrindən biri hesab edən ulu öndər qeyd edirdi: “İnsan, vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasına konstitusiyanın çox hissəsi, demək olar ki, üçdə bir hissəsi həsr olunubdur. Bu da təbiidir. Biz keçmişdən, totalitar sistemdən yeni bir sistemə keçirik. Biz demokratiyanı inkişaf etdirməliyik, xalqımızı demokratiya yolu ilə aparmalıyıq, insanların hüquqlarının qorunmasının hər yerdə, hər sahədə təmin olunması üçün əsaslar yaratmalıyıq. Bütün bu əsasları da yeni qəbul olunmuş konstitusiya verir və bütün təminatları biz konstitusiyanın maddələrindən almışıq… Bu da onu sübut edir ki, bu konstitusiya Azərbaycan vətəndaşlarının azad, sərbəst yaşaması üçün bütün şəraitləri yaradan bir konstitusiyadır”.

Altıncısı, konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının elan edilməsi ilə yanaşı, onların məhdudlaşdırılması, həmçinin vətəndaşların vəzifələri də ifadəsini tapdı.

Azərbaycan Respublikasında qəbul edilmiş qanunlar ölkənin Konstitusiyasında, həmçinin beynəlxalq müqavilələrdə ifadəsini tapmış insan və vətəndaş hüquq və azadlıqlarını aradan qaldırmamalı və məhdudlaşdırmamalıdır. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının hər hansı bir qanunla məhdudlaşdırılmasına yalnız buna Konstitusiya normalarının icazə verdiyi hallarda yol verilə bilər. Əgər Konstitusiyada həmin hüquq və azadlığın məhdudlaşdırılması nəzərdə tutulmamışdırsa, heç bir qanun həmin hüququn məhdudlaşdırmasını nəzərdə tuta bilməz.

Hər bir hüquqi, demokratik dövlətdə müəyyən məhdudiyyətlərin olması zəruridir. Onlarsız cəmiyyətdə ictimai qaydanın təmin olunması, cəmiyyətin bütün üzvlərinin əsas hüquq və azadlıqlarına hörmətin təmin edilməsi mümkün deyildir. İnsan və vətəndaş hüquq və azadlıqlarının müəyyən hissəsinə mütləq və qeyri–məhdud hüquq kimi baxıla bilməz. Hər bir fərd müəyyən cəmiyyətdə yaşayır və müəyyən kollektivdə fəaliyyət göstərir üzvlərinin müəyyən qaydalara riayət etmədiyi, hər hansı vəzifə daşımadığı normal fəaliyyət göstərən cəmiyyəti təsəvvürə gətirmək mümkün deyildir. İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunla nəzərdə tutulan müəyyən məhdudiyyətləri ümumi rifah, hər şeydən əvvəl, şəxsiyyətin hüquqlarının təmini, cəmiyyət və dövlətin normal inkişafı üçün zəruridir.

İnsan hüquq və azadlıqların məhdudlaşdırılmasına yalnız müəyyən şərtlərə əməl edildikdə yol verilə bilər. Əvvəla, məhdudiyyət qanunla nəzərdə tutulmalıdır. Burada “qanun” ifadəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri də əhatə edir. İkincisi, məhdudiyyət hüquq və azadlıqların əsas məzmununa hörməti qorumalıdır. Bu tələbin məqsədi — əsas hüququn ləğv edilməsinə səbəb ola bilən hədsiz məhdudiyyətə yol verilməməsini nəzərdə tutur. Üçüncüsü, hər bir məhdudiyyət proporsionallıq prinsipinə müvafiq olmalıdır. Hüquq və azadlıqların həyata keçirilməsinin məhdudlaşdırılmasına münasibətdə proporsionallıq prinsipi hər hansı məhdudiyyətin onun qarşısında qoyulan məqsəddən irəli getməməsini bildirir. Başqa sözlə, daha ciddi məhdudiyyət tədbirinə yalnız yumşaq tədbirlər səmərəli olmadıqda yol verilə bilər. Dördüncüsü, məhdudiyyət zəruri olmalıdır. Zərurət şərtləri o deməkdir ki, hər hansı məhdudiyyətə yol verilməsi üçün konkret ictimai problem kimi obyektiv səbəblər mövcud olmalıdır. Bu şərt hüquq və azadlıqların özbaşına məhdudlaşdırılması imkanını istisna etməyə yönəlmişdir. Beşincisi, məhdudiyyət yalnız qanuni məqsədlə qoyula bilər. Məhdudiyyətin qoyulması başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi və ya ümumi mənafeyə xidmət etməlidir.

Vətəndaş və dövlət Azərbaycan Respublikasında qarşılıqlı hüquq, vəzifə və məsuliyyətlə biri–biri ilə əlaqədədirlər. İnsan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə onların müdaifəsini təmin etməklə dövlət ölkənin müdafiəsi və dövlətin təhlükəsizliyinin təmini məqsədilə qanunla hüquq və azadlıqları məhdudlaşdıra və konstitusiya quruluşunun əsas dəyərlərinə zərər vuran qəsdən törədilmiş əməllərə görə cinayət məsuliyyəti də nəzərdə tuta bilər. Eyni zamanda ayrı–ayrı fərdlərin özlərinin konstitusiya hüquq və azadlaqlarını hüquqauyğun surətdə həyata keçirməsi dövtən suverenliyinə qəsd edən əməl kimi qiymətləndirilə bilməz və onun üçün əlverişsiz hüquqi nəticələrə səbəb olmamalıdır.

İnsana öz hüquqlarını müstəqil müdafiə etməkdə geniş seçim imkanı verilir. Lakin onun hərəkətləri cəmiyyətdə müəyyən edilmiş qanunlara zidd olmamalıdır: ictimai qaydanı pozmaq olmaz, hüquq–mühafizə orqanları və digər müəssisələrin işinə dağıdıcı təsir göstərmək, insanların həyat və sağlamlığı üçün qorxu törədən şərait yaratmaq yolverilməzdir.

Ulu öndər qeyd edirdi: “Konstitusiya insan, vətəndaş hüquqlarının, azadlıqlarının təminatı ilə əlaqədar vətəndaşların qarşısında duran böyük vəzifələri də ətraflı əks etdiribdir. Hər bir vətəndaşın hüququ var, o hüquqlar qorunmalıdır… Ancaq hər bir vətəndaşın vətəndaşlıq vəzifəsi var, borcu var. Vətən qarşısında borcu var, vəzifəsi var. Bunlar da konstitusiyada öz əksini tapıbdır”.

Yeddincisi, konstitusiyada məhkəmə hakimiyyətinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ifadəsini tapdı.

Azərbaycan Respublikası Konstitusiyasının 7–ci maddəsinin 3–cü hissəsinə müvafiq olaraq məhkəmə hakimiyyəti hakimiyyətin qollarından biridir. Ona görə də məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin bir qolu kimi gerçəkliyə həqiqi təsir göstərmək imkanı olmadan mövcud ola bilməz.

Ulu öndər demokratik dövlət quruculuğu prosesini ölkədə məhkəmə hüquq islahatlarının həyata keçirilməsi ilə əlaqələndirirdi: “Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq–mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir”. Ulu öndərin ideyaları əsasında məhkəmə–hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar məhkəmə hakimiyyətinin müstəqilliyinin və insan hüquqlarının təmininə, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasına, məhkəmə qərarlarının müasir dövrün tələblərinə cavab verən səviyyədə olmasına, həmin qərarların vaxtında icrasına, vətəndaşların məhkəmələrə inamının artmasına səbəb olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasında məhkəmə hakimiyyətinin və onun daşıyıcıları kimi hakimlərin statusunun əhəmiyyətli dərəcədə yüksəldilməsi üçün müvafiq qanunvericilik bazası formalaşdırılmış, məhkəmə hakimiyyətinin səmərəli işinə zəmin yaratmaq məqsədilə təminatlar nəzərdə tutulmuşdur.

Məlumdur ki, müstəqil məhkəmə hakimiyyəti olmadan ədalətli cəmiyyət yaratmaq mümkün deyildir. Məhkəmə hakimiyyətinin vəziyyəti cəmiyyəti xarakterizə edən cəhətlərdən biridir. Məhkəmə hakimiyyətinin vəziyyətini müəyyən etməyin əsas meyarı fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün məhkəmə müdafiəsinin əlçatan olması, istifadə edilən prosedurların ədalətliliyi və hakimlərin qərəzsizliyidir.

Azərbaycan Respublikası Konstitusiyasının 125–ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Bu isə ona dəlalət edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi dövlət hakimiyyətinin müstəqil orqanı kimi məhkəmələrin əsas konstitusiya funksiyasıdır.

Demokratik hüquqi dövlət quruculuğu ictimai həyatın digər sahələrində olduğu kimi, məhkəmə–hüquq sistemində islahatların həyata keçirilməsini tələb edirdi.

Məhkəmələrin müstəqilliyinin, qərəzsizliyinin, ədalət mühakiməsinə hər kəsin müraciət etmək imkanının, mübahisələrə qanunamüvafiq qaydada baxılmasının və vaxtında həllinin təmin edilməsi məhkəmə islahatlarının keçirilməsinin əsas məqsədini təşkil edir. Ümummilli liderin məhkəmə–hüquq islahatları sahəsində həyata keçirdiyi dövlət siyasəti Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti formalaşdırılmasının və demokratik prinsiplərə əsaslanan məhkəmələrin yaradılmasının əsasını qoydu.

Ulu öndər qanunvericilik sahəsində aparılan işin vacibliyini məhz ölkədə demokratik hüquqi dövlət quruculuğu ilə əsaslandırırdı: “Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin də əsasını təşkil edən qanunlardır… Ölkəmizdə qəbul edilən qanunlar Avropa Şurası ekspertlərinin bilavasitə iştirakı ilə hazırlanır. Hüquq islahatları nəticəsində hər bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır… Demokratiya hərc–mərclik, özbaşınalıq deyil, əksinə, qayda–qanunun daha etibarlı qorunması, ona hamının əməl etməsi deməkdir”.

“Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Vəkillik və vəkillik fəaliyyəti haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında”, “Məhkəmə və hüquq — mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları məhkəmə islahatları sahəsində islahatların hüquqi bazasını yaratmaqla hazırda müstəqil məhkəmə sisteminin uğurlu fəaliyyətinə xidmət edir.

Məhkəmə–hüquq sistemində aparılmış islahatlar ilkin olaraq özünü birinci, apelyasiya və kassasiya instansiyaları kimi fəaliyyət göstərən üçpilləli məhkəmə sisteminin yaradılmasında təzahür etdirdi. Bu vətəndaşlara birinci instansiya məhkəməsi qərarlarının apelyasiya qaydasında yenidən mübahisələndirmək, həmçinin kassasiya instansiyası məhkəməsində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüququ normalarının düzgün tətbiq edilib–edilməməsini yoxlamaq imkanı yaratdı. Beləliklə, ölkəmizdə məhkəmə sistemi beynəlxalq səviyyədə sınaqdan çıxmış üçpilləli məhkəmə sistemlərinə uyğunlaşdırıldı. Son nəticədə məhkəmədə işlərin düzgün, hərtərəfli və obyektiv həllinə nail olunması, məhkəmə qərarlarının qətiliyi, müstəqilliyi və onlara hörmət edilməsi, məhkəmə sisteminə etimadın artması üçün zəmin yarandı.

Məhkəmələr tərəfindən hər kəsin ədalətli məhkəmə baxışına olan hüququnun təmin edilməsi məhkəmə–hüquq islahatlarının bir istiqamətini təşkil edir. Məhkəmə hakimiyyətinin səmərəliliyi müəyyən edilmiş prosedurun ədalətliliyi şəraitində mümkündür. Ədalətli məhkəmə baxışı hüququ Azərbaycan Respublikasının 25 yanvar 2001–ci il tarixdə qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6–cı maddəsində ifadəsini tapmışdır.

Ədalətli məhkəmə baxışı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı həmçinin qərəzsizlik və obyektivliklə də bağlıdır.

Məhkəmələrdə işlərə obyektiv baxılması məhkəmənin işə münasibətdə qabaqcadan müəyyənləşdirilmiş mövqeyinin olmamasında, işin hallarını gerçəkliyə tam uyğun surətdə müəyyən edilməsi və qiymətləndirilməsində öz ifadəsini tapır. Bu isə məhkəmədən iş barədə qabaqcadan müəyyən fikirdə olmamağı, məcmudan qoparılmış ayrı–ayrı fakt və sübutlara deyil, onların məcmusuna istinad etməyi tələb edir.

Məhkəmələrin işlərə qərəzsiz baxması onda öz ifadəsini tapır ki, hakimin baxdığı iş üzrə ədalət mühakiməsini həyata keçirməkdən başqa heç bir marağı olmur.

Ədalət mühakiməsi yalnız o vaxt həqiqi ədalət mühakiməsi hesab oluna bilər ki, o özünün mahiyyəti etibarı ilə ədalətlilik tələblərinə cavab versin və hüquqların səmərəli bərpasını təmin etsin.

Ədalətli məhkəmə baxışı beynəlxalq müqavilələrdə və ya konstitusiya prinsipi ilə nə qədər çox müdafiə və mühafizə olunsa da, son nəticədə yalnız hakimlik işinin keyfiyyəti ədalətliliyin məhkəmələrin fəaliyyətində real kök salmasına rəvac verəcək.

Ulu öndərin ideyaları əsasında məhkəmə–hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar məhkəmə hakimiyyətinin müstəqilliyinin və insan hüquqlarının təmininə, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasına, məhkəmə qəraralarının müasir dövrün tələblərinə cavab verən səviyyədə olmasına, həmin qərarların vaxtında icrasına, vətəndaşların məhkəmələrə inamının artmasına səbəb olmuşdur.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, məhkəmələrin fəaliyyəti üçün yüksək standartlara cavab verən şəraitin yaradılması, hakimlərin onlara qarşı irəli sürülən tələblərə cavab verməsi məqsədilə məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə–Hüquq Şurası səmərəli fəaliyyət göstərir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasında hakimlərin şəffaf və obyektiv seçiminin müstəsna rolu vardır. Avropa Şurası ilə birgə aparılmış iş nəticəsində hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir.

Ulu öndər Heydər Əliyev ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin müstəqilliyinin təmin olunmasına xüsusi önəm verir, məhkəmələrin fəaliyyətinə müdaxilə edilməsini yolverilməz hesab edir, məhkəmənin qərarının yalnız məhkəmə tərəfindən dəyişdirilə biləcəyini qeyd edirdi.

Məhkəməyə müraciətin əlçatan olması, əhalinin müraciətinin asanlaşdırılması məqsədilə regionlarda apellyasiya və ağır cinayətlər məhkəmələrinin, həmçinin ölkə ərazisində yeni inzibati məhkəmələrin yaradılması məhkəmə–hüquq islahatlarının davamlılığına və bu sahədə ulu öndərin ideyalarının həyata keçirilməsinin təmininə dəlalət edir.

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində məhkəmələrin Vahid İnformasiya İnfrastrukturu strategiyası hazırlanmışdır. Strategiya ölkədə fəaliyyət göstərən bütün müxtəlif instansiyalı məhkəmələri, məhkəmə özünüidarə orqanları və Ədliyyə Nazirliyi üçün əlverişli olan qarşılıqlı əlaqəli kommunikasiya sistemlərinin, avtomatlaşdırma vasitələri komplekslərinin, informasiya resurslarının yaradılmasını əhatə edir. Bu texnoloji sistem qanunvericiliyə dair məlumat bankına, məhkəmə təcrübəsinin, xüsusilə hüququn yeni və inkişaf edən sahələrində ümumiləşdirmə materiallarına çevik çıxışı təmin etməklə, analitik tədqiqatların imkanlarını artırır, məhkəmə kargüzarlığının unifikasiyasına, məhkəmə sənədlərinin icrasının yüksək keyfiyyətini təmin etməyə imkan yaradır. Bundan əlavə, qanunvericilik aktlarına çıxışın əldə olunmasının yalnız hakimlər, prokurorlar, vəkillər və digər hüquqşünaslar üçün deyil, həmçinin vətəndaşlar üçün zəruriliyi nəzərə alınaraq, bütün əhalinin bazaya pulsuz çıxışına imkan yaradılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsində də bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Tərəflərin, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılması üçün müasir texniki vasitələrdən istifadə olunur, Ali Məhkəmənin xüsusi internet səhifəsində işlərə baxılması vaxtı barədə məlumatlar verilir. Ali Məhkəmənin qərarları bütünlüklə internet səhifəsində dərc olunur. Ali Məhkəmədə elektron sənəd dövriyyəsi tətbiq olunmuş, iclasların video yazısı aparılır, iclas zallarında tərcümə xidmətini təmin edən sistem fəaliyyət göstərir. Ali Məhkəmədə yaradılmış kommunikasiya sistemi müxtəlif idarələrlə video–konfransların keçirilməsinə imkan yaradır.

Məhkəməyə müraciətin əlçatan olması, əhalinin müraciətinin asanlaşdırılması məqsədilə Ali Məhkəmədə internet portal fəaliyyət göstərir. İnternet portalda məhkəmədə baxılan işlər, çıxarılan qərarlar, qəbul günləri və sair barədə məlumatlar öz əksini tapır.

Səkkizincisi, konstitusiyada onun birbaşa hüquqi qüvvəsi və beynəlxalq hüquq normalarının qanunvericilik sistemində yeri müəyyən edildi.

Azərbaycan Respublikasının Konstitusiyasının 147–ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir.

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Dünya birliyinin vahidliyi, dövlətlərin qarşılıqlı asılılığının möhkəmlənməsi sosial–iqtisadi və siyasi–hüquqi sistemlərin biri–birinə təsir etmək imkanında olmasını tələb edir. Dövlətlərarası münasibətlərin hüquqi tənzimləyicisi kimi beynəlxalq hüququn hazırkı mövqeyi dövlətləri beynəlxalq hüquq normalarınının hüquq sistemlərinə inplementasiyasının təmini üçün yeni qayda və mexanizmlər yaratmaq, beynəlxalq öhdəliklərin yerinə yetirilməsinin üzərində nəzarəti həyata keçirmək zərurəti qarşısında qoyur.

Beynəlxalq hüquq normalarının hüquq tətbiqedici orqanları tərəfindən tətbiq edilməsinin zəruriliyi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında” 30 mart 2006–cı il tarixli qərarında göstərilir ki, “beynəlxalq hüququn səmərəliliyi, beynəlxalq müqavilələrin müddəalarının həyata keçirilməsi və beynəlxalq öhdəliklərə əməl olunması dövlət daxilində həyata keçirilən təşkilati və hüquqi tədbirlərdən asılıdır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla ayrı–ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. Respublikamızda müqavilələr icra olunmalıdır prinsipinə müvafiq olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prosesi davam etməkdədir. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsidir. Ölkəmizdə həyata keçirilən məhkəmə–hüquq islahatları uğurla davam etdirilməkdə, məhkəmələr tərəfindən beynəlxalq hüquq normaları tətbiq olunmaqdadır”.

Ulu öndər beynəlxalq müqavilələrə qoşulmağın, həmçinin insan hüquqları sahəsində beynəlxalq standartlara riayət edilməsinin zəruriliyinin demokratik yol ilə irəliyə gedən dövlət üçün əhəmiyyətli hesab edir və Avropa dəyərləri ilə milli dəyərləri birləşdirən cəhətləri axtarıb tapmağı və onlara söykənməyi vacib hesab edirdi: “Azərbaycanın Konstitusiyası beynəlxalq hüququn üstünlüyünə təminat verir. Biz indiyədək Avropa Şurasının 15 konvensiyasına qoşulmuşuq… Bu, ilk növbədə insan hüquqlarına dair Avropa Konvensiyasına və onun protokollarına aiddir.Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər içərisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə — vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışmalıyıq”.

Təbii ki, bir məqalə çərçivəsində ulu öndərin Azərbaycan Respublikası Konstitusiyasının hazırlanması və qəbul edilməsi sahəsində xidmətlərini tam əhatə etmək, onun ideyalarının konstitusiyada ifadəsini tam işıqlandırmaq mümkün deyildir. Lakin danılmaz həqiqətdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında təzahürünü tapan ideya, fəlsəfi və hüquqi baxışları uzun illər ərzində Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına xidmət edəcək, xalqın azad, firavan yaşamasına, Azərbaycan dövlətinin dünya birliyində layiqli yerini tutmasına zəmin yaradacaqdır. Xalqın işıqlı gələcəyi isə bu ideya və baxışların həyata keçirilməsindən asılıdır. Bunun üçün yenə ulu öndərin tövsiyələrinə istinad etmək, onlara söykənmək, orada ifadəsini tapanlara riayət etmək lazımdır: “Hər bir şeyi itirmək olar… insan gərək mənəviyyatını itirməsin, bütün çətinliklərin qarşısını alsın, onların qarşısında əyilməsin, sınmasın. Öz iradəsi ilə yaşasın, böyüsün, cəmiyyətə fayda versin.

Həyatın mənası təkcə insanın bu həyatda yaşaması deyildir… Nə qədər çox, firavan, zəngin yaşasa da, …insan həyatın mənasını bunda görürsə, təbiidir ki, o, zəngin deyil, mənəviyyatca kasıbdır. Həyatın mənası ondan ibarətdir ki, …həyat fəaliyyətinə başlayan insan cəmiyyətə, millətə, ölkəsinə, vətəninə layiqli xidmət etsin, fayda versin”.

Ulu öndərin keçdiyi ömür yolu söylədiklərinin real həyatdakı təcəssümü idi. Azərbaycanın hər bir vətəndaşının, o cümlədən məhkəmə hakimiyyətini həyata keçirən şəxslərin vəzifəsi isə ümummilli lider Heydər Əliyevin ideya və baxışlarının işıq saldığı yol ilə getmək, cəmiyyətə, xalqa, vətəninə xidmət etmək, fayda verməkdən ibarətdir.

 

 

Ramiz Rzayev,

Azərbaycan Respublikası

Ali Məhkəməsinin sədri.

 

Respublika.-2013.-10 may.-S.8;10.