Heydər Əliyev böyük humanizm, möhkəm və nümunəvi ailə başçısı rəmzidir

 

Ölkəmizin bugünkü sabit və dayanıqlı inkişafının təməlində məhz ulu öndərin ideyaları durur. Onun müəyyən etdiyi strateji istiqamətlər hələ uzun illər müstəqilliyimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması işinə xidmət edəcəkdir. Ümummilli lider Heydər Əliyevin taleyi, əslində, bir insanın ömür yolu deyil, bu, Azərbaycanın şanlı tarixidir, qurtuluş, inkişaf, milli tərəqqi salnaməsidir! Dünyanın ən böyük azərbaycanlısı deyirdi: “Nə qədər ki Azərbaycan var, Mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”

Heydər Əliyev 1990–cı ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991–ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990–cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991–1993–cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992–ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

Heydər Əliyev Azərbaycanı faciələrdən, parçalanmadan, fəlakətdən və dövlət müstəqilliyini itirməkdən xilas etdi. 15 iyun Azərbaycan xalqının tarixində çox önəmli yerlərdən birini tutur. Ötən əsrin 90–cı illərinin əvvəllərində Azərbaycan öz milli müstəqilliyinə nail olsa da, müstəqilliyimizin qorunub saxlanması üçün ciddi problemlər meydana gəlmişdi. Azərbaycan parçalanmaq, vətəndaş müharibəsi ərəfəsində idi. Ermənistanın isə Azərbaycana qarşı təcavüzü geniş miqyas almışdı. Ölkədə iqtisadi, siyasi və digər sahələrdə ciddi böhran Azərbaycan xalqını çətin vəziyyətə salmışdı.

Son dərəcə çətin durumda Azərbaycan xalqı müdriklik göstərərək Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün ciddi və fəal mübarizəyə başladı. Onun sözlərinə görə, həmin vaxt parlamentdə Heydər Əliyevin hakimiyyətə qayıtmasına qarşı ciddi müqavimət var idi.

1993–cü il iyunun 15–də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ümummilli lider qanunun aliliyinin, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, xalqın hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur.

Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdışı ölkə müstəqilliyinin qorunub saxlanılması, Azərbaycanın dünya birliyinə inteqrasiyası, ümumilikdə xalqın həyat səviyyəsinin yüksəldilməsi demək idi. Bununla da ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin inkişafı üçün geniş imkanlar yaranmışdı. Ulu öndər ən çətin məqamlarda da qadın məsələlərini diqqətdə saxlayır, onların problemlərinin həllinə lazımi köməklik göstərirdi.

Azərbaycanda dövlət quruculuğu məsələsində Heydər Əliyev zəkası, təcrübəsi öz bəhrəsini verməyə başladı. Dövlət rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev dövlət quruculuğu prosesini demokratik prinsiplər əsasında qurdu. O, Azərbaycanı müstəqil, demokratik, hüquqi, dünyəvi vətəndaş cəmiyyətinə və qanunların aliliyinə əsaslanan qüdrətli bir dövlətə çevirmək üçün yorulmadan, gərgin fəaliyyətə başladı. Hər sahədə mövcud problemlərin həllinə dövlət qayğısı hiss olundu. Qadın problemlərinin həllinə isə dövlət səviyyəsində diqqət yetirilməyə başlandı.

1993–cü il oktyabrın 3–də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998–ci il oktyabrın 11–də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Heydər Əliyev bir çox dövlət orden və medallarına, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin Fəxri doktoru seçilmişdir.

Deyirlər, zaman ən böyük hakimdir. Çünki tarixi ədalətlə dəyərləndirən, hər addımın dəqiq qiymətini verən odur. Bunu Azərbaycanın keçib gəldiyi tarixi yola nəzər salanda bir daha aydın hiss edirik. Bu baxımdan müstəqil Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev dühasının, Heydər Əliyev zirvəsinin ucalığı bir daha sübut edir ki, ulu öndər zamanı qabaqlayan böyük bir Vətəndaş, Şəxsiyyət və Dahidir.

1995–ci ilin sentyabrında Pekində keçirilən IV Ümumdünya Qadınlar Konfransına Azərbaycanda dövlət səviyyəsində ciddi hazırlıq gedirdi. O zamanlar respublikada qadın problemi ilə məşğul olan dövlət qurumu yox idi. Buna görə də Heydər Əliyev “Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Çox xoş idi ki, Pekin Konfransına hazırlıq dövründə təşkil olunan bütün mədəni–kütləvi tədbirlərdə ümummilli liderimiz özü iştirak edirdi. Bu, dövlətin və hökumətin qadın problemlərinə diqqət və qayğısının əyani sübutudur. Ulu öndər dövlətçiliyin möhkəmləndirilməsində, iqtisadi, ictimai və siyasi həyatda qadınların fəallığının artdığını nəzərə alıb 1998–ci il yanvarın 14–də imzaladığı “Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında”, 6 mart 2000–ci ildə isə “Azərbaycan Respublikasında Dövlət Qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanları ilə qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyası yaradılmasının əsasını qoydu. Sərəncamlar və digər rəsmi sənədlərdə qadınların hüquqlarının müdafiəsi təmin olundu, onun həyata keçirdiyi siyasi islahatlar nəticəsində respublikamızda demokratiya, siyasi plüralizm, söz və vicdan azadlığı bərqərar oldu.

Xalqın ləyaqətli oğlu, müdrik siyasətçi, dünya şöhrətli lider Heydər Əliyevin: “Qadın çox ülvi varlıqdır. Ona hörmət hər bir insanın yüksək mənəvi borcudur. Mən məmnuniyyət hissi ilə deyə bilərəm ki, bizim ölkəmizdə – Azərbaycanda qadına hörmət günü–gündən artır və insanlar qadının həyatda, cəmiyyətdə rolunun əhəmiyyətini daha da dərindən dərk edə bilirlər” fikri Azərbaycan qadınına verdiyi yüksək qiymətin bariz nümunəsidir.

Qətiyyətlə demək olar ki, Heydər Əliyevin uzaqgörənliyi və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası dərinləşmiş, ictimai həyatın bütün sahələrinin: idarəetmənin, elmin, texnikanın, texnoloji sistemlərin, rabitə vasitələrinin, informasiya texnologiyalarının inkişafında ciddi irəliləyişlər yaranmışdır.

Müstəqilliyin ilk illərində ağır müharibə şəraiti və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan bir çox Qərb ölkələrindən daha əvvəl BMT–nin “Qadınlara qarşı ayrı–seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyalara qoşulmuşdur. Bu, Heydər Əliyevin müdrik siyasətinin nəticəsi idi. Azərbaycan Respublikası həmin konvensiyalara üzvlüklə bağlı vaxtaşırı BMT–yə hesabat təqdim edir. Hesabatların beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilməsi ümummilli liderin parlaq ideyalarının həyata keçirilməsinin əyani sübutudur.

Heydər Əliyev siyasi kursunun uğurlu davamının nəticəsidir ki, bir çox beynəlxalq əhəmiyyətli layihələrin müəllifi olan Azərbaycan bu gün bölgədə aparıcı dövlətə çevrilmişdir. Ölkəmizin əldə etdiyi təcrübə bir sıra dövlətlərdə lazımınca dəyərləndirilir. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçirdiyi ardıcıl tədbirlər ailənin müdafiəsini və ona dövlət qayğısını təmin edirdi. Ulu öndər deyirdi: “Ailə, xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır”.

Xalqımızın düşüncəsi bundan ibarətdir ki, Azərbaycanın müasir tarixi və onun gələcək perspektivləri bilavasitə ümummilli lider Heydər Əliyevin adı, onun müəyyənləşdirdiyi siyasət və inkişaf konsepsiyası ilə əlaqədardır. Heydər Əliyev böyük bir epoxadır. Ancaq düşünürük ki, Heydər Əliyev epoxası yalnız tarix deyil, daha çox gələcəkdir, Azərbaycanın və xalqımızın gələcək taleyi və perspektivlərini müəyyənləşdirən qüdrətli amildir.

Hər bir şəxsiyyətin meyarı onun xalqın tarixində oynadığı rol ilə nə dərəcədə müəyyən olunursa, o qədər də dövlətin gələcək taleyinə təsir göstərmək imkanları ilə müəyyənləşmiş olur.

Heydər Əliyevin adı Azərbaycanın tarixinə görkəmli ictimai–siyasi xadim, müstəqil dövlətimizin yaradıcısı, uzaqgörən siyasətçi, vətənpərvər və qayğıkeş bir rəhbər kimi yazıldı. O, ölkəyə başçılıq etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşmışdır. Ümummilli lider öz gücünə, qüvvəsinə nə qədər inansa, arxayın olsa, ömrünü siyasətə həsr etsə də, ailəsinin mənəvi durumu, övladlarının tərbiyəsi həmişə diqqətində idi. Xalqımızın milli dəyərlərini, adət–ənənələrimizi yüksək qiymətləndirən böyük siyasətçi şəxsi həyatı ilə də hamıya örnək oldu.

Ömür–gün yoldaşı Zərifə xanımla bərabər öz şəxsi nümunəsində əsl Azərbaycan ailəsinin mövcudluğunu nümayiş etdirdi. Bir ata kimi övladlarının təhsil uğurları onu dərindən maraqlandırır, davranışlarını, maraq dairələrini nəzarətdə saxlayırdı. Ulu öndər üçün gənc nəslin tərbiyəsində əsas olan milli dəyərlərə bağlılıq və mənəvi zənginlik idi. O, çıxışlarında, xalqın nümayəndələri ilə görüşlərində də bu fikri tez–tez vurğulayır, ailələri müqəddəs dəyərlərə, milli mədəniyyətimizə hörmət bəsləməyə çağırırdı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Cəmiyyəti yaşadan və onun varlığını sübut edən ailə meyarlarına ulu öndərin öz münasibəti, öz yanaşması var idi. Heydər Əliyev həm də öz ailəsinə göstərdiyi qayğı və diqqətlə seçilmiş, milli–mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir.

Zaman keçdikcə xalqımız üçün daha da yaxın, daha da doğma bir insana çevrilən Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrinin yazılmasında, bu müstəqilliyin qorunmasında və möhkəmləndirilməsində, Azərbaycan xalqının yüksək intellektual və işgüzar səviyyəli bir millət kimi formalaşmasında, dünya xalqları sırasında öz layiqli yerini tutmasında əvəzsiz xidmətləri heç vaxt unudulmayacaqdır. Onun cəmiyyətin idarə olunmasında, insanlar arasında münasibətlərin formalaşmasında, möhkəm ailə prinsiplərinin yaranmasında və həyata keçirilməsində göstərdiyi nümunə də daim öyrəniləcək və tətbiq ediləcəkdir.

Heydər Əliyev Azərbaycanın suverenlik və müstəqillik rəmzi olmaqla yanaşı, böyük humanizmin, möhkəm və nümunəvi ailə başçısının simvoludur. Heydər Əliyev üçün ailə təkcə bir neçə nəfərin birgə yaşayışı deyil, cəmiyyəti yaşadan özəkdir, onun bir parçasıdır və bütövlükdə ölkənin, millətin həyatını və yaşayışını təmin edən bir vasitədir. O, ailəni eyni zamanda millətin və xalqın mənəvi sərvətlərinin, adət–ənənələrinin, dilinin, dininin, mədəniyyətinin, bir sözlə, varlığının təcəssümü hesab edirdi.

Heydər Əliyev Azərbaycanın milli–mənəvi dəyərlərini uca tutmağı hər bir ailənin, hər bir ailə başçısının əsas vəzifələrindən biri hesab edir, bunu Azərbaycan xalqının əbədiyaşarlığı üçün mühüm şərt, zəruri amil sayaraq bildirirdi.

Ulu öndər tarixən formalaşmış Azərbaycan ailəsinin yaşam tərzini, davranış prinsiplərini, ailədaxili münasibətlərdə böyük hörmət və etimada əsaslanan ailə iyerarxiyasını, həmçinin böyüyə və kiçiyə olan ehtiramı qoruyub saxlamağı vacib sayırdı. O, hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda–qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü özünün real yerini bilməli, öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Onun əsas prinsipi cəmiyyətdəki bütün ziddiyyətləri sülh və dialoq yolu ilə həll etmək idi.

Ulu öndərin həyat yolundan bəhs edən sənədli filmlərdən, müxtəlif kitablardan onun ailəyə nə qədər bağlı bir insan olduğunu görməmək mümkün deyildir. Xüsusilə onun ömür–gün yoldaşı Zərifə xanım Əliyeva haqqında xatirələrini və söhbətlərini dinlədikcə, bu zaman gözlərində gilələnən göz yaşlarını gördükcə, böyük və müqəddəs bir məhəbbətin, son dərəcə nəcib insani münasibətin şahidi olursan. Heydər Əliyev üçün ailə cəmiyyətin əsas dayağı, eyni zamanda böyük ideallarla yaşayan insanların boy atdığı, tərbiyə aldığı və vətəninə xidmət üçün böyüdülüb boya–başa çatdırıldığı bir ocaq idi.

Ümummilli lider qurub yaratdığı Azərbaycanın müstəqillik illərində milli–mənəvi dəyərlərimizin möhkəm qorunub saxlanmasına və zənginləşməsinə, cəmiyyətdə qadının, ananın nüfuzunun daha da yüksəlməsinə böyük diqqət yetirir, Azərbaycan dövlətinin daha da möhkəmlənməsində və yenidən qurulmasında qadınların daha fəal rol oynamasını və öz töhfəsini verməsini alqışlayır, hər vasitə ilə buna yardımçı olurdu. Onun hər il qadınlar günü münasibətilə keçirdiyi tədbirlər, müxtəlif görüşlərdə, beynəlxalq simpoziumlarda, konfranslarda etdiyi çıxışlar həmişə böyük diqqətlə dinlənilir və Azərbaycan xalqı, o cümlədən qadınlar tərəfindən çox yüksək hörmətlə qarşılanırdı. O, hər bir çıxışında Azərbaycan qadınının bütün nəcib keyfiyyətlərini qeyd və onun cəmiyyətdəki mövqeyini daha da artırmağı tövsiyə edirdi.

Heydər Əliyev bilirdi ki, Azərbaycan qadını ailənin aparıcı qüvvəsidir və onun sözü böyük təsir gücünə malikdir. O, qadınlara üzünü tutaraq deyirdi: “Siz Azərbaycanın ictimai–siyasi həyatının fəal iştirakçılarısınız. Arzu edirəm ki, bundan sonra da belə fəal olasınız və bilin ki, mən də öz tərəfimdən bütün imkanları yaratmağa hazıram. Bir arzum da var. Çalışın öz intizamlılığınızı, dözümlülüyünüzü və sədaqətliliyinizi kişilərə də öyrədəsiniz.

Məlumdur ki, cəmiyyətdə qadının təsiri çox böyükdür. Doğrudur, ola bilər, hakimiyyət orqanlarında istədiyiniz yeri tutmamısınız, amma cəmiyyətdə qadının təsiri böyükdür. Qadının sözü də kəsərlidir, təsirlidir. Məlumdur ki, kişilərin çoxu da qadınların təsiri altındadır. Ona görə, çalışın, təbliğ edin ki, kişilər sizdən nümunə götürsünlər. Sizin kimi fədakar, cəfakeş və sizin kimi sədaqətli olsunlar”.

Xalqımız böyük tarixi şəxsiyyətin, ulu öndər Heydər Əliyevin 90 illik yubileyini böyük təntənə ilə qeyd edir. Heydər Əliyevi görmək xoşbəxtliyi nəsib olan hər bir insan onun haqqında ürək sözlərini deməyi özünə borc bilir. Xüsusilə Heydər Əliyevin Azərbaycan qadını və Azərbaycan ailəsi ilə bağlı arzu və istəkləri onun ardıcıllarının, o cümlədən övladlarının fəaliyyətində davam edir və reallaşır. Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb–seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, respublikanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.

Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqının qarşısında bütün xidmətlərini ən ümumiləşmiş şəkildə ifadə etmək üçün uğurlu məfhumlardan biri məhz “Dahi Azərbaycanlı” ifadəsi ola bilər. Azərbaycanın gücünü, qüdrətini, möhtəşəmliyini bu sözdən daha yaxşı ifadə etmək mümkün deyil. Azərbaycanın Heydər Əliyevin müəyyənləşdirdiyi konsepsiya əsasında bundan sonra da böyük inkişaf mərhələsi yaşayacağını da bu ifadələrdən yaxşı əks etdirmək mümkün deyil.

Böyük qürur və iftixar hissi ilə deyə bilərik ki, xalqımızın əbədi lideri Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir.

Ümummilli lider Heydər Əliyevin böyük qürur hissi ilə dediyi “Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri onun bu torpağa, bu Vətənə, xalqımıza nə qədər bağlı, sədaqətli olduğunu göstərir.

Ulu öndər Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətlər hər zaman yetişmir. Belə şəxsiyyətlər öz xalqlarının həyatının böhranlı və ağır dövrlərində tarix səhnəsinə çıxıb daşıdıqları missiyanı həyata keçirirlər. Bütün mənalı ömrünü xalqa xidmətə həsr edən ümummilli lider Heydər Əliyevin böyüklüyünü və əzəmətini biz zaman keçdikcə daha dərindən dərk edirik.

Heydər Əliyev dünyanın ən böyük azərbaycanlısı adına layiq olan, bu adı şərəflə daşıyan yeganə azərbaycanlıdır.

Bu gün də Azərbaycan xalqının taleyi etibarlı əllərdədir. Ölkəni ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev uğurla idarə edir. İlham Əliyev yeni əsrin lideri kimi ölkənin demokratik qüvvələrini öz ətrafında toplayıb irəli aparan böyük bir siyasi rəhbərdir.

 

 

HİCRAN HÜSEYNOVA

 

Respublika.-2013.-10 may.-S.9.