Ulu öndər
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
banisi, qurucusu və xilaskarıdır
Müdrik Azərbaycan xalqı bu il öz xilaskarı—ulu öndər Heydər Əliyevin 90 illik yubileyini təntənə ilə qeyd edir.
Bütün ölkə bayram əhval–ruhiyyəsindədir. Çünki bəşər tarixində analoqu olmayan fitri istedadlı böyük tarixi şəxsiyyət və fenomenal yaddaşa malik olan dünya şöhrətli siyasətçi, beynəlxalq aləmdə öz həmkarlarından fərqli olaraq, dünyada gedən ictimai–siyasi prosesləri düzgün qiymətləndirən və baş verə biləcək hadisələri və onların törədə biləcək fəsadlarını əvvəlcədən görə bilən və böyük uzaqgörənliklə bu proseslərin gedişatını öz xalqının xeyrinə yönəltməyi bacaran və acı nəticələr verə biləcək hadisələrin baş vermədən qarşısını alaraq xalqını qoruyan, xilas edən ulu öndər Heydər Əliyev çox ağır və mənalı bir həyat sürmüş, son nəfəsinədək vətəninə və xalqına sədaqətlə xidmət edərək onun sevgi və rəğbətini qazanmış—qəlbinə, şüuruna və təfəkkürünə hakim kəsilərək xalqının qəhrəman oğluna, xilaskarına çevrilmiş, qəlbində öz abidəsini yaradaraq ümummilli lider kimi əbədiləşdirmişdir.
Məhz ona görədir ki, bu gün ulu öndər Heydər Əliyevə olan hörmət və ehtiramın, sevgi və rəğbətin bariz ifadəsi kimi keçirilən tədbirlər bütün ölkəni əhatə edərək bir daha ümumxalq birliyinin təntənəsinə səbəb olmuşdur.
Xalqımızın taleyini düşünərək, tarixi keçmişimizə nəzər salanda, zaman–zaman əzildiyimizi, haqsızlıqlara düçar olduğumuzu və bu gün azad və müstəqil bir dövlətdə yaşadığımızı görəndə istər–istəməz düşünürəm ki, 1923–cü il 10 may günü—elə xalqımızın alın yazısı günü imiş… O gün xalqımızın taleyinə bir günəş doğubmuş… Sonralar o Günəş zaman–zaman Azərbaycanın üzərindən qara buludları yarıb işıq saçacaq, onu işıqlı gələcəyə qovuşduracaqmış!…
O Günəş—ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi və onun xilaskarına çevirdiyi ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevdir.
Müdriklərin dediyinə görə, böyük Yaradan hər əsrdə xalqlar içərisindən yaratdığı insanlardan birini seçib, ona bilik, mənəvi zənginlik, dərin zəka, fitri istedad, qabiliyyət və əzəmət bəxş edir, ona ad və şöhrət qazandırır, ölkənin asayişini və xalqının taleyini ona tapşırır…
Onun dərin təfəkkürü, dünyagörüşü, elmi, biliyi və ağlı sadə insanların dərk edə bilməyəcəyi dərəcədə elə yüksək səviyyədə olur ki, o, sanki bir günəşə bənzəyir!… Xalq onun nuru ilə zülmətdən xilas olur!
Bu deyimlərin məntiqi nəticəsi kimi düşünürəm ki, Allah–Taala ulu öndər Heydər Əliyevi məhz Azərbaycan xalqını düşdüyü bəlalardan xilas etmək üçün hakimiyyətə gətirmiş və bizi xilas etmişdir.
Ümummilli lider Heydər Əliyevin— “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir”—kəlamını oxuyanda bir müdrik el məsəli yada düşür: “Şüurlu oğul neyləyir ata malını, şüursuz oğul neyləyir ata malını”. Çünki şüurlu onsuz da qazanacaq, şüursuz isə olanı da dağıdacaq!
Bəli, ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi ən böyük nemət—ümummilli lider Heydər Əliyev və onun yetirməsi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir.
Çünki ulu öndər Heydər Əliyev xalqını xilas etdi və müstəqil Azərbaycan dövləti yaratdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə onu qoruyub saxladı və inkişaf etdirdi. Bu inkişafı bu gün də davam etdirir, müasirləşdirir, sürətli iqtisadi inkişaf dinamikası ilə dünya ictimaiyyətinin diqqət mərkəzində olan bir ölkəyə çevirir. Bəli, bu gün çiçəklənməkdə olan Azərbaycanın paytaxtı Bakı şəhəri gələn qonaqların və turistlərin sevimli şəhərinə çevrilərək onları valeh edir.
Mənalı ömrünü bütün varlığı qədər sevdiyi Azərbaycana və Azərbaycan xalqına həsr edən ulu öndər Heydər Əliyevin titanik fəaaliyyəti göz qabağındadır. Bunları bütün təfərrüatı ilə sadalamaq, söz ilə ifadə etmək, kağız üzərində əks etdirmək qeyri–mümkündür. Çünki buna nə bir ömür, nə vaxt, nə də adi insan təfəkkürü qadir deyildir. Qısaca olaraq onu qeyd etmək istəyirəm ki, bunları azca da olsa anlaya bilmək üçün normal təfəkkürə malik olan bir insanın—ulu öndərin 1969–cu ildən bu günə qədərki fəaliyyətini bir kino lenti kimi gözü qarşısına gətirməsi kifayət edər. Onun bizə məlum olmayan məxfi xidmət orqanlarındakı fəaliyyətini və bu fəaliyyəti zamanı vətənimiz və xalqımız üçün göstərdiyi fədakarlıqlarını, qəhrəmanlıqlarını düşünəndə istər–istəməz “Baharın on yeddi anı” filminin elə onun haqqında çəkildiyini zənn edirsən.
Odur ki, böyük türk oğlu olaraq heyrətamiz dərəcədə təsir gücünə malik olan güclü şəxsiyyət kimi hələ o vaxt nəhəng Sovetlər Birliyinin nüfuzlu rəhbərlərindən biri olaraq qəbul edilməsi və sevilməsi türk dünyasının düşmənlərini qorxuya salmışdı.
Dünyanın idarə olunmasında böyük təsir gücünə malik olan dövlətlərin belə prezidentlərinin seçilməsində həlledici rol oynaya bilən və dünya həqiqətlərini saxtalaşdırmaqda ixtisaslaşan erməni lobbisi, dini düşmənçilik toxumu səpərək müsəlman dünyasının əleyhinə olan bütün qüvvələri səfərbər edib böyük türk oğluna qarşı qoydu!
Nəhayət, 1987–ci ildə qeyri–adi istedada malik olan bir rəhbər kimi dünyada nüfuz qazanmış və milliyyətindən, dilindən, dinindən asılı olmayaraq beynəlxalq aləmdə dünya xalqlarının rəğbətini qazanmış o böyük dahini düşünülmüş plan əsasında qərəzli olaraq vəzifəsindən uzaqlaşdırdılar. 40 gün keçməmiş qondarma Dağlıq Qarabağ problemini ortaya atdılar. Vəzifəsindən uzaqlaşdırılan Heydər Əliyev bir lider kimi yenə də yüksəkdə dayanırdı, ondan yenə də qorxurdular. Odur ki, sui–qəsdlər hazırlayır, onu cismən məhv etməyə çalışırdılar. Məlumdur ki, şəxsiyyətlər üzərində araşdırmalar və təhqiqatlar aparan müvafiq institutları olan böyük dövlətlərin rəhbərləri çox gözəl bilirdilər ki, vətənini və xalqını öz canından, doğma balasından artıq sevən dahi şəxsiyyət Heydər Əliyev üçün ən ağır zərbə—onun xalqını əzmək, müstəqilliyini əlindən almaqdır! Odur ki, bundan məlumatlı olan əks qüvvələr çirkin niyyətlərinə nail ola bilsinlər deyə, ilk növbədə o böyük şəxsiyyəti mənən əzməli və ya aradan götürməli idilər… Odur ki, təqiblər, təzyiqlər davam edir, killerlər isə öz işində idilər…
Onun hakimiyyətdə olmamasından istifadə edərək erməni katalikosunun məkrli əməllərindən və qərbin dəstəyindən ilham alan sovet rəhbərliyi başda Qorbaçov olmaqla Azərbaycanın çörəyini yeyən və nefti ilə güclənən sovet ordusunun əli ilə 1990–cı ildə dinc əhaliyə qarşı dəhşətli 20 Yanvar qırğınlarını törətdilər. Dəhşətli 20 Yanvar faciəsinin səhərisi günü yataqda xəstə olan ulu öndər Heydər Əliyev heç bir terrordan, təqib və təzyiqlərdən qorxmayaraq tək–tənha, gənc oğlu cənab İlham Əliyevlə çiyin–çiyinə, ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir, mətbuat konfransı keçirir. Azərbaycan xalqının haqq səsini ilk dəfə olaraq dünya ictimaiyyətinə çatdırır və Qorbaçovun bu əməliyyata birbaşa rəhbərlik etdiyini, cinayətkar olduğunu çəkinmədən bəyan edir. Bütün bunlara baxmayaraq, Heydər Əliyevi öz iradəsindən döndərə bilmirlər və o, xəstəliyinə belə güc gələrək xalqının müdafiəsi naminə ayağa qalxır!… Vətənə qayıdır.
Azərbaycan xalqı öz böyük oğlunu bağrına basaraq onu qorudu və yaşatdı. O da öz növbəsində xalqının dayağı oldu!
Ulu öndərimiz Heydər Əliyev dağılmış SSRİ zəncirindən ayrılmış bir qızıl xəzinəsi kimi Azərbaycanı əhatəyə almış və pay–püşk eləməyə hazırlaşmış məlum qüvvələrdən azad edərək onu qorudu, müstəqilliyini əldə etdi, xalqını firavan yaşatmaq üçün böyük əzmlə quruculuq işlərinə başladı…
Söz yox ki, düşmən qüvvələr yatmır, öz məkrli əməllərində davamlı idilər…
Demokratiya pərdəsi altında fəaliyyət göstərən bu qüvvələr ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi “Əsrin müqaviləsi” kimi siyasi əhəmiyyətli Dövlət Proqramına—bütün dünyanı valeh edən neft strategiyasına qarşı çıxsalar da, ona mane ola bilmədilər. Ulu öndər müəllifi olduğu və dünya siyasətçilərinin əfsanə adlandırdığı Bakı–Tbilisi–Ceyhan neft boru kəmərini dünya qarşısında qəhrəmanlıq edərək həqiqətə çevirdi. Beynəlxalq İpək Yolunu bərpa etdi və öz təşəbbüskarlığı ilə mərkəzi ofisin Bakıda yerləşdirilməsinə nail oldu.
Bütün əks qüvvələrin çarpışmalarına və təkidlərinə baxmayaraq, rəhbəri ulu öndər Heydər Əliyev olan Azərbaycanı müharibəyə sürükləyə bilmədilər. Ulu öndər atəşkəs elan edərək dinc, azad və müstəqil Azərbaycan Respublikasını yaratdı, Avropa və Qərb dəyərlərinə inteqrasiya etdirərək onu müasirləşdirdi!
Görülən işlərin həcminə və mahiyyətinə görə zaman etibarilə hər günü bir ilə bərabər olan Heydər Əliyev fəaliyyətinin çalarlarını sadalamaqla, sözlə ifadə etməklə qurtarmaq qeyri–mümkündür. O, kompyuter sürəti ilə çalışmış, illəri günlərə çevirmiş, xalqımızın bir millət kimi formalaşmasında, dövlətçiliyimizin yenidən qurulub yaradılmasında adi insan təfəkkürünə sığmayan dərəcədə böyük işlər görmüş, xalqımızın XX əsrdən sonrakı taleyini artıq həll etmişdir…
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi olmaqla nəinki Azərbaycan, türk, müsəlman dünyasına, hətta belə beynəlxalq aləmdə sülhsevər xalqlar dünyasına nur saçan, Azərbaycandan doğulan bir günəşdir!!!
“Azərbaycana məhəbbət, xalqıma məhəbbət
mənim qanımdadır, beynimdədir, bütün
varlığımdadır! Heç kəs,
heç bir qüvvə bu məhəbbəti məndən ala
bilməz!”—deyən və o ülvi hisslərlə yaşayan
dahi şəxsiyyət Heydər Əliyev xalqımızın
görən gözü, düşünən beyni,
danışan dili, döyünən ürəyidir!…
Poetik dildə desək:
Mələklər qoynunda imdada çatan,
Xalqın nicat yolun xalqa anladan,
Müqəddəs
bu yolda təkcə can atan
İlahi
qüvvədir Heydər Əliyev!
Bəşər
tarixində yeri görünən,
Xalq ilə
ağlayıb, xalq ilə gülən,
Birgə
nəfəs alıb, birgə döyünən,
Vuran
ürəyidir Heydər Əliyev!
Millətin
şərəfin, adın ucaldan,
İmzasın
əbədi tarixə atan,
Düşdüyü
bəladan çıxış yol tapan,
Düşünən
beynidir Heydər Əliyev!
Haqqın,
ədalətin keşiyin çəkən,
Xalqın
düşməninin gözünü tökən,
Siyasi
meydanda hər sözü keçən,
Danışan
dilidir Heydər Əliyev!
Vətən,
xalq yolunda canını verən,
Həyatda
mənalı bir ömür sürən,
Hər
bir addımında uzağı görən,
Xalqının
gözüdür Heydər Əliyev!
Qılıncın
qənimi, qələmin qulu,
Haqqın dərgahında uludur, ulu.
Sevdiyi Vətəndir,
həm Allah yolu,
Sönməz,
əbədidir Heydər Əliyev!
Həsən
deyər, haqq sözünü elinən,
Sevgi zor
edilməz xalqa gücünən
Dünyada
hər yerdən görünə bilən,
Əlçatmaz
zirvədir Heydər Əliyev!
Beş
yüz il bundan əvvəl yağı düşmənlər
tərəfindən parçalanmış Azərbaycanı
birləşdirən və müstəqilliyini bütün
dünyaya qəbul etdirən Şeyx Heydər oğlu Şah
İsmayıl Xətaidən sonra yenə də
parçalanmış, tayfalara bölünmüş, vətəndaş
müharibəsi içində can verən, son nəfəsini
dərən, əhatəsində olduğu hegemon dövlətlər
tərəfindən bölünüb, pay–püşk
olunmağa hazırlanmış Azərbaycana bədənə
ruh daxil olan kimi daxil olan, iradəsi
sındırılmış, torpaqları satılmış,
işğal edilmiş bu yorğun xalqı ölüm–dirim
savaşına qaldıran, bütün gücü və iradəsi
ilə dünyaya qarşı dayanıb Azərbaycan
xalqının haqqını, mənəviyyatını,
özünü özünə qaytaran, Azərbaycan
xalqını öz taleyinin, öz tarixinin, öz dövlətinin,
torpaqlarının, yerüstü, yeraltı sərvətlərinin
sahibi edən, Azərbaycanı dünya dövlətləri
sırasına öz adı, öz tarixi, öz bayrağı
ilə salan, tarix–diyarşünaslıq muzeyləri yaradaraq,
xalqın özünü özünə tanıdan,
keçmişi ilə gələcəyini birləşdirən
bugünki tarixini yazan, bütünlükdə Azərbaycan
xalqını və dövlətini yox olmaqdan xilas edən,
müstəqil Azərbaycan dövləti yaradan ulu öndər
Heydər Əliyev xalqımızın qəlbində əbədi
yaşayacaqdır!
O öz
xeyirxah əməlləri ilə bu gün də yaşayır!… Nə qədər ki Azərbaycan xalqı
yaşayır, Heydər Əliyev də yaşayacaqdır!
Nə qədər ki Heydər Əliyev ideyaları
yaşayır, Azərbaycan da müstəqil olaraq
çiçək açacaqdır.
Heydər
Əliyev ideyalarının yaşaması müstəqil Azərbaycan
dövlətinin yaşaması deməkdir!
Müstəqil
Azərbaycan dövlətinin xoşbəxt gələcəyi
yalnız və yalnız Heydər Əliyev siyasi kursunun təntənəsi
ilə bağlıdır!
Qardaş türk xalqının böyük oğlu
Süleyman Dəmirəlin təbirincə desək, “O sanki bir
paydır göydən düşüb”. Heydər Əliyev
Azərbaycan xalqının nicatı üçün bir
şansdır—vətəni və xalqı yolunda canını
sipərə çevirən qeyrətli oğuldur.
Bəli,
o, Allah–Taalanın bizə bəxş etdiyi ən böyük
paydır…
Heydər Əliyev böyüklüyünü dərk
etməyən bir kimsənin vətən, xalq sevgisindən
danışmağı absurddur. Ona görə ki, bəşər
tarixində önəmli yeri və böyük xidmətləri
olan Heydər Əliyev qədər Azərbaycanı və Azərbaycan
xalqını sevən ikinci bir insan təsəvvür etmirəm.
Ədalət sahibi olan o dahi insan sözün əsl
mənasında vətənə, xalqa məhəbbət, ailəyə,
övlada sevgi, insanlığa, dostluğa sədaqət rəmzi
idi. Zaman keçdikcə o, bizə daha da
yaxınlaşır, doğmalaşır, unudulmaz olur, onun fəaliyyətini,
gördüyü işlərini, nitqini, nitq mədəniyyətini
xatırladıqca, ona qarşı sevgi və rəğbət
hissi təkrar–təkrar baş qaldırır, onun dahiliyi
göz önündə canlanır…
O bir Allah
vergisidir!… Həyatda elə bir hadisə, elə
bir məsələ, elmin elə bir sahəsi yox idi ki, ondan
söhbət açarkən həmin sahənin mütəxəssisindən
o yüksəkdə dayanmasın!
Azərbaycanın
ən yeni tarixinin yaradıcısı Heydər Əliyev kimi
dahini, onun adi insan təfəkkürünə sığmayan
titanik fəaliyyətinin mahiyyətini, analoqu olmayan
ictimai–siyasi yaradıcılığının nə kimi
mühüm əhəmiyyət kəsb etdiyini gələcək
nəsillər, eləcə də bütün dünya zaman
ötdükcə, daha düzgün qiymətləndirəcəklər!…
Haqq, ədalət,
əmin–amanlıq, qəhrəmanlıq rəmzi olan və bəşəri
dəyərləri özündə birləşdirən o
böyük insan üçün milliyyətindən, dinindən,
dilindən və tutduğu mövqedən asılı olmayaraq
yalnız bir amil var idi—insan amili… Vətəninə, xalqına
sadiq olan və insanlığa xas olan bütün mənəvi
dəyərləri özündə yaşadan bəşəri
insan! Odur ki, o cür insanlara həmişə səmimi olan ulu
öndər xarici ölkələrə səfərləri
zamanı ünsiyyətdə olduğu bütün insanlar tərəfindən
böyük sevgi və rəğbətlə
qarşılanmış, qəlblərinə hakim kəsilərək,
xoş xatirələrlə yadda qalmışdır…
Dünyada
gedən bütün ictimai–siyasi prosesləri düzgün qiymətləndirən,
baş verə biləcək hadisələri əvvəlcədən
duyan və böyük uzaqgörənliklə bunları
öz fəaliyyəti ilə əlaqələndirməyi və
zərərsizləşdirərək xalqını
qorumağı bacaran Heydər Əliyev kimi lideri olan Azərbaycan
xalqı qibtə ediləcək dərəcədə xoşbəxtdir!
Dünənimizlə sabahımızı qovuşduran bu
günümüzün mahiyyətini kəsb edən Heydər Əliyev
siyasi kursunun—dövlətçilik və idarəçilik məktəbinin
metodologiyasının sirlərinin bir inteqral kimi
açılması, öyrənilməsi və Şah
İsmayıl Xətaidən bugünə qədərki
dövrümüzlə müqayisə edilməsi gələcək
nəsillərin maariflənməsi üçün zəruridir.
Onda görərik ki, bəşər tarixində bir–birinə
zidd olan iki müxtəlif ictimai–siyasi quruluşun, birinin tənəzzülü—digərinin
tərəqqisi ilə müşaiyət olunan siyasi proseslər
fırtınasının dalğasında uğurlar qazanan Heydər
Əliyev siyasəti və idarəçiliyi dövləti
idarəetmə sistemində ən optimal variant olaraq yeni bir kəşfdir.
Məhz buna görədir ki, tarixin sınaqlarından həmişə
qalib çıxan, fitri istedadlı dahi şəxsiyyət
Heydər Əliyev öz siyasi gedişləri və idarəçilik
manevrləri ilə dünyanı həmişə heyrətdə
qoymuşdur.
Odur ki,
ulu öndər Heydər Əliyevin necə bir fenomen şəxsiyyət
olduğunun dərk edilməsi istiqamətində fəaliyyət
göstərməkdən zövq alır, təsəlli
tapıram… Təsəlli tapıram ki, onun
ideyaları yaşayır və mən ona xidmət edirəm.
Ümummilli lider Heydər Əliyevin amallarının
yaşaması mənim ən böyük arzumdur.
Ulu öndərimizin vətən hissi ilə döyünən
o böyük ürəyində kök salan, sonsuz arzuları
silsiləsindən duyduğum bəzi məqamların məzmununu
rəssam Adil Rüstəmovun əsərlərində əks
etdirilməsinə nail olmuş, həmin əsərlərin
yaranmasında bir ideya müəllifi kimi çıxış
etmişəm.
Mənim üçün sevindirici hal o idi ki, bu
əsərlərin hər biri ulu öndərimizin özü
tərəfindən razılıqla qəbul edilmişdir.
Buna görə də mən özümü
çox xoşbəxt sanmış və sevinmişəm.
Bu gün də sevinirəm. Sevinirəm ona
görə ki, o böyük şəxsiyyəti az da olsa qane edə və sevindirə bilmişəm.
Hərçənd ki, hamıya və bütün ictimaiyyətə
bəllidir ki, dünya malında
gözü olmayan o dahi şəxsiyyəti hər hansı bir
işdə tam razı salmaq, qane etmək asan məsələ
deyildir. Çünki elmin bütün sahələrindən
başı çıxan, təbiətin bütün sirlərinə
bələd olan və alimlə–alim, fəhlə ilə fəhlə,
musiqiçi ilə musiqiçi, həkimlə–həkim,
müləllimlə–müəllim, rəssamla–rəssam kimi
danışan, bir sözlə, hər bir insanla onun öz
dilində danışmağı bacaran və
uşaqla–uşaq, böyüklə–böyük olan, fitri
yaddaşa və dərin təfəkkürə malik olan O,
qeyri–adi, təkrarolunmaz, sadə olduğu qədər də
ciddi olan bir insanı tam qane etmək, adi insan təfəkkürü
ilə qeyri–mümkündür!
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev bəşər
tarixində analoqu olmayan elə bir qeyri–adi şəxsiyyətdir
ki, onun istirahəti—elə işləməyində idi!…
Dərindən
təhlil edəndə görürsən ki, bəşər
tarixində Heydər Əliyevə qədərki bütün
tarixi şəxsiyyətlərdə olan keyfiyyətlər Heydər
Əliyevdə də var. Lakin Heydər Əliyevdə olan elə
xüsusi keyfiyyətlər var ki, o xüsusiyyətlər ona qədərki
tarixi şəxsiyyətlərin heç birində olmayıb.
Elə tək onu qeyd etmək kifayət edər ki, O,
fitri istedadı və fenomenal yaddaşı ilə
dünyanı heyran qoymuşdur.
O, həyata
atıldığı ilk andan hər nə görmüş,
hər nə oxumuşdursa—hamısı sanki kompyuter
yaddaşı kimi beynində həkk olunmuşdur. Bu istedad, onunla rastlaşan bütün insanlarda təəccüb
doğurmuşdur, heyrətə gətirmişdir. Saatlarla nitq söyləyər, bir dilçi, ədəbiyyatşünas
kimi heç bir qrammatik səhvə və fikir təkrarlığına
yol vermədən heç bir yazıya, sənədə
istinad etmədən bütün tarixi faktları, hadisələri,
statistik rəqəmləri belə dəqiqliyi ilə söyləyərdi.
Bəli, buna hamı heyran qalmışdı.
Bu gün də heyrətlə
xatırlayırlar. Öz yüksək
intellektual və mədəni səviyyəsi ilə tənqidlərində
belə heç bir təhqirə yol verməzdi. Odur ki,
düşmən qüvvələrin nümayəndələri
belə onun qarşısında özünü tərbiyəli
aparırdı! Müxtəlif xalqlar
qarşısında çıxışlar edərkən bir
dildən başqa dilə keçəndə də nöqtəsinə,
vergülünə qədər eyni dəqiqliklə
çıxış edərdi. Və
çıxış edə–edə də onun gözündən
heç nə yayınmırdı, xüsusi xidmət
orqanlarının Ali rütbəli zabiti kimi, peşəkarcasına
hər şeyi görür və vaxtında reaksiya verirdi.
Ulu öndərin apardığı müdrik və
uzaqgörən siyasətinin, gördüyü qlobal işlərin
və titanik zəhmətinin sayəsində bu gün Azərbaycan
müstəqil olaraq özü–özünü idarə edir və
müstəqil siyasət aparır. Lakin bunun əksinə
olaraq Ermənistan Respublikası idarə olunur və müstəqil
deyildir.
Bütöv
bir millətə bərabər qüvvə olan ulu öndər
Heydər Əliyev dünyaya qarşı tək dayanaraq hadisələri
qabaqlayıb, Dağlıq Qarabağ probleminin
çözülməsini hər an
gündəmə gətirirdi. Lakin həmişə
də şər qüvvələrin təsirindən bu
problemin həlli hər cür bəhanələrlə təxirə
salınır, gecikdirilirdi.
Belə ki, ulu öndərin Dağlıq Qarabağ
uğrunda apardığı mübarizə Lissabon Sammitində
öz kulminasiya nöqtəsinə çatdı. Hamıya
yaxşı məlumdur ki, Ermənistandan başqa bütün
dövlətlərin dəstəyinə nail oldu. Belə bir vəziyyətdə Ermənistan prezidenti
Ter–Petrosyana və onun arxasında duran qüvvəllərə
“hə” deməkdən başqa ikinci bir çıxış
yolu qalmadı. Vəziyyətin Azərbaycanın
xeyrinə belə dəyişməsini görən Ermənistan
yeganə çıxış yolunu idarə olunduqları
xarici qüvvələrin diktəsi ilə öz prezidentləri
Ter–Petrosyanın istefaya göndərilməsində
gördü.
Beləliklə də yeni problemlər yaratdılar; yeni
prezident seçkiləri, yeni sənədləşmələr,
yeni sövdələşmələr, yeni görüşlər
və sair kimi vaxt aparmalarla yenə də problemin
çözülməsinin vaxtının uzadılmasına
nail oldular.
Problemin çözülməsinə bütün vasitələrlə
mane olmağa çalışdılar. Lakin
bütün bunlara baxmayaraq ulu öndər bu dəfə də
Qarabağ probleminin həlli məsələsini İstanbul
Sammitində parlament səviyyəsində qaldırdı.
Burada da problemin ədalətli həllinin artıq baş
tutacağından qorxuya düşən əks qüvvələr
ulu öndər Heydər Əliyevin dünyada yeni siyasi təfəkkürün
formalaşması istiqamətindəki apardığı sivil
mübarizəsi qarşısında aciz qaldıqlarını
büruzə verərək xüsusi xidmət
orqanlarının əli ilə misli görünməmiş
terrora əl atdılar—Ermənistanın parlamentini iclas gedə–gedə
gülləbarana tutdular.
Əslində
bu—dahi Heydər Əliyev siyasətinin beynəlxalq aləmdə
məğlubedilməzliyinin dünya miqyasındakı təntənəsi
idi!
Bu proseslərdə yaxından iştirak edən və
onun layiqli davamçısı kimi ölkə Prezidenti cənab
İlham Əliyev bu kursu daha da inkişaf etdirdi, dərinləşdirdi
və bütün sahələrə şamil etdi.
Bəli,
bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev
Azərbaycanın ictimai, iqtisadi, siyasi və mədəni həyatında
inqilabi dönüş yaradaraq böyük nailiyyətlər əldə
etmiş, xalqının etimadını doğrultmuşdur!
Azərbaycanı
və Azərbaycan xalqını sevən hər bir vətənpərvər
insan bugünkü firavanlığa, əmin–amanlığa,
davamlı ictimai–siyasi sabitliyə, ölkəmizin getdikcə
beynəlxalq aləmdəki nüfuzunun artmasına və
xalqımızın rifah halının, həyat səviyyəsinin
durmadan yaxşılaşmasına görə ulu öndərimiz
Heydər Əliyevə və onun siyasi kursunu ləyaqətlə
davam etdirən möhtərəm cənab Prezidentimiz İlham Əliyevə
borcludur!…
O dahi
şəxsiyyət haqqında yazılanları, deyilənləri
bütün mətbuatdan izləyən bir insan kimi qeyd etmək
istəyirəm ki, adi yazarlardan tutmuş akademiklərə qədər
nə qədər yazsalar da, nə qədər yazsaq da, hələ
də Heydər Əliyev dahiliyini olduğu kimi tam ifadə edə
bilməmişik və bilməyəcəyik də. Çünki hər bir kəs öz
düşüncə tərzi və təfəkkür dairəsi
daxilində görür və yazır. Bütün
bunlar isə, obrazlı desək, təbiətin çərçivəyə
salınmış kiçik bir hissəsinə bənzəyir
ki, bu da, söz yox ki, təbiəti tam təsvir etmir…
Geri
çəkildikcə dağın əzəməti,
böyüklüyü aydın göründüyü kimi,
zaman etibarilə biz ulu öndərdən uzaqlaşdıqca
onun böyüklüyü daha dolğun və düzgün dərk
ediləcək, ona qarşı yaranan sevgi, rəğbət dəryası
öz məcrasını aşaraq okeanlara qovuşacaqdır…
Bu gün
ulu öndərin ayağı dəyən yerləri ziyarətgaha
çevirən, qədirbilən, müdrik xalqımız onu
böyük rəğbətlə sevmiş, sevir və sevəcəkdir!
Həsən Şirinov,
Bakı şəhəri Baş Polis
İdarəsinin rəis
müavini, polis general–mayoru
Respublika.-2013.-10 may.-S.11.