Müasir strateji inkişaf kursunun müəllifi

 

2013–cü il ölkəmiz üçün diqqətəlayiq hadisələrlə zəngindir. Onlardan ən əlamətdarı isə ulu öndər Heydər Əliyevin 90 illik yubileyidir. Artıq neçə vaxtdır ki, ölkəmizin hər yerində xalqımızın böyük oğlunun bu ildönümünə həsr olunmuş təntənəli tədbirlər keçirilir.

Hər bir azərbaycanlı üçün önəmli olan bu yubiley ərəfəsində ümummilli liderimizin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərinə nəzər yetirməklə, bu böyük şəxsiyyətin irsinə sədaqət və xatirəsinə ehtiramımızı ifadə edirik. Çünki Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı xalqın, dövlətin, cəmiyyətin mənafeyi ilə bağlı olmuşdur. O, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyi uğrunda böyük məhrumiyyətlərə sinə gərərək fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz işlər görmüşdür.

Məhz ölkəyə birinci rəhbərliyi dövründən respublikamızda milli müstəqilliyimiz üçün etibarlı zəmin formalaşdıran, sosial–iqtisadi, institusional, mədəni və mənəvi mühit yaradan ulu öndər bu möhkəm bünövrə üzərində xalqın azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Bu günün zirvəsindən baxdıqda həmin illərdə Heydər Əliyevin xalqının maraqlarından çıxış edən, milliləşdirmə siyasəti aparmaqla ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri indi daha qabarıq görünür. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına və bacarığına malik olan ulu öndər Azərbaycanın müstəqilliyini öncədən görmüş, bu müstəqilliyin dönməzliyini təmin edəcək bünövrənin möhkəm və hərtərəfli olması üçün zəruri olan tədbirləri həyata keçirmişdir.

Ötən əsrin 70–ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında respublikada gerçəkləşdirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial–mədəni həyatın canlandırılmasına və milli–mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırlamışdır. Ümummilli liderimizin ölkəyə rəhbərliyinin birinci dönəmində — 1969–1982–ci illərdə ölkənin milli gəliri 2,5 dəfə, illik orta hesabla 7,2 faiz artmış, ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyəti olan 170–dən çox yeni sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1991–1993–cü illər çox ağır və məsuliyyətli, tarixi əhəmiyyət kəsb edən dövr idi. 1993–cü ildə xalqın istəyi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhv olmaqdan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas etdi. Ulu öndər qısa müddətdə sabitliyi bərpa etdi, cəbhə bölgəsində uzunmüddətli atəşkəsə nail oldu, ölkədə möhkəm və dönməz sabitlik yaratdı, siyasi, iqtisadi və mənəvi böhran aradan qalxdı və iqtisadiyyat sürətlə inkişaf etməyə başladı. Ən əvvəl Azərbaycan ətrafında yaradılmış informasiya blokadası dağıdıldı və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılmağa başladı. Ölkədə özəl sektorun, sahibkarlıq fəaliyyətinin, investisiya mühitinin formalaşması sahəsində böyük addımlar atıldı. Demokratik, hüquqi dövlət quruculuğunda misilsiz xidmətlər göstərildi. Sərbəst bazar iqtisadiyyatı prinsiplərini bərqərar etmək, xalqın rifahını və həyat şəraitini yaxşılaşdırmaq yolunda ardıcıl tədbirlər görülməsinə başlandı.

Müasir Azərbaycanın memarı Heydər Əliyevin yüksək siyasi qabiliyyəti sayəsində Azərbaycan 1993–2003–cü illərdə çox böyük sürətlə inkişaf etməyə başladı. Əgər 1993–cü ildə inflyasiyanın səviyyəsi 1200–1700 faiz idisə, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtdığı dövrdən sonrakı iki il müddətində inflyasiyanın səviyyəsi 10 dəfə aşağı düşmüşdü. 20 sentyabr 1994–cü ildə dünyanın aparıcı dövlətlərinin nüfuzlu neft şirkətlərinin iştirak etdiyi, ölkəmiz üçün həm siyasi, həm də iqtisadi stabilliyin qarantı rolunu oynayacaq, ölkəmizin yeni strateji inkişaf kursunun reallaşmasında həlledici rol oynayacaq “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra da iyirmidən çox neft müqaviləsi imzalanaraq ölkə iqtisadiyyatına bütövlükdə 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulmasına şərait yaradıldı.

Bazar iqtisadiyyatına sürətli keçidi şərtləndirən islahatlar aparıldı, MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aparılan aqrar islahatlar nəticəsində torpaq həqiqi sahibinə, kəndlilərə təmənnasız olaraq paylandı. Geniş özəlləşdirilmə prosesi nəticəsində yerli sahibkarlar təbəqəsinin meydana gəlməsinə şərait yaradıldı.

1995–ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bu əsas Qanunda bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı.

Ümummilli lider Heydər Əliyev çox çətin, mübarizə və qələbələrlə dolu bir ömür yaşadı. Ən əsası tarixin onun üzərinə qoyduğu şərəfli missiyanı — Azərbaycanı parçalanmaq və bir dövlət kimi məhv olmaqdan qurtararaq müstəqilliyinin qorunub saxlanılması və əbədiliyə çevrilməsi vəzifəsini yerinə yetirdi. Xalqımızın yaddaşına Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrü stabillik, inkişaf, sülh və çiçəklənmə dövrü kimi əbədi həkk olundu.

Ulu öndərin ölkəmizin inkişafı naminə ən uğurlu addımlarından biri isə heç şübhəsiz, onun müəyyən etdiyi yolun bu gün də uğurla davam etdirilməsinin təmin olunmasıdır. Dövlətçilik ənənələrində böyük əhəmiyyəti olan siyasi varislik məsələsini də diqqətdə saxlayan ümummilli liderimiz “Mən ona özüm qədər inanıram”, — deməklə bu ağır, məsuliyyətli və şərəfli missiyanı İlham Əliyevə etibar etdiyini bildirmişdir. Hazırda ulu öndərin siyasi kursu möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin əsasını qoyduğu müstəqil Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır.

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, — deyən Prezident İlham Əliyev isə ötən dövrdə bu vədə sadiqliyini əməli işi ilə sübuta yetirmişdir. Ölkəmizdə ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə edilmiş, makroiqtisadi göstəricilərin artımında yüksək nəticələrə nail olunmuş, iqtisadi potensialın formalaşmasında həlledici rol oynayan sahibkarlığın inkişafında əhəmiyyətli uğurlar qazanılmış, əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının artırılması, hərtərəfli inkişaf və beynəlxalq iqtisadi sistemə inteqrasiya istiqamətində mühüm addımlar atılmışdır.

Bu gün ulu öndər Heydər Əliyevin ideyaları və siyasi kursunu uğurla həyata keçirən möhtərəm Prezident İlham Əliyevin yüksək intellekti və işgüzarlığı sayəsində Azərbaycan bütün sahələrdə sürətli inkişaf tempi nümayiş etdirir. Artıq dünya ekspertləri də dövlətimizin nailiyyətlərini böyük maraqla izləyirlər. Əlbəttə bütün bunlar düzgün siyasi, iqtisadi təhlil və eyni zamanda yüksək iradə, böyük zəhmət sayəsində yaranan prosesdir. Neçə ildir ki, dünyada iqtisadi böhran davam etməkdədir. Həmişə nümunə göstərilən Avropa ölkələri böhran içindədir, qitədə işsizlər ordusu yaranmışdır. Bu, dünya dövlətlərinə də təsir edir. Çünki bütün ölkələr bir sistem şəklində, qarşılıqlı əlaqələr formasında fəaliyyət göstərir. Lakin Azərbaycan davamlı tərəqqi edir və bütün bu böhran illərində öz sürətli inkişaf tempini qoruyub saxlamışdır.

Hazırda Azərbaycanda həyata keçirilən infrastruktur layihələr xalqımızın firavanlığının artımının təmin edilməsinə xidmət edir. Ölkənin sosial–iqtisadi inkişafı sahəsindəki uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Bu gün dünyada dövlət büdcəsi, hərbi xərcləri və valyuta ehtiyatlarını qısa müddətdə dəfələrlə artıran Azərbaycan kimi ikinci bir dövlət tapmaq çətindir. Ölkəmizin bütün istiqamətlərdə — dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, elm, təhsil, müdafiə sənayesi, idman və digər sahələrdə əldə etdiyi yüksək nailiyyətlər göz qarşısındadır. Azərbaycan hazırda makroiqtisadi sabitliyin və dayanıqlılığın yüksək səviyyəsinə görə ölkələrin iyirmiliyinə, BMT–nin təsnifatına əsasən, ümumi daxili məhsul istehsalının həcminə görə “Yuxarı inkişaf etmiş ölkələr” qrupuna daxildir. Respublikamızda adambaşına düşən ümumi daxili məhsul 7000 ABŞ dollarını ötmüşdür. 2008–2009–cu illərdə dünya maliyyə–iqtisadi böhranının ən şiddətli dövründə belə Azərbaycan iqtisadiyyatı 9 faiz, qeyri–neft sektoru isə 9,7 faiz artmışdır.

2003–2012–ci illərdə ümumdaxili məhsulun orta illik artımı 13 faiz, qeyri–neft sektorunda 10,6 faiz təşkil etmiş, ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri –neft sektoru 2,3 dəfə artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19, strateji valyuta ehtiyatları 29, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri 6,9, orta aylıq əmək haqları 6,3, pensiyanın orta məbləği 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə olunan dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın “yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir. 2003–cü ildən bəri İKT sahəsində dünya üzrə illik artım orta hesabla cəmi 10 faiz olduğu halda ölkəmizdə orta illik artım sürəti 30–32 faiz səviyyəsinə çatmışdır.

Dünya İqtisadi Forumunun “İnformasiya Texnologiyalarının İnkişafı 2013″ (Global İnformation Technology Report 2013″) adlı hesabatında 144 ölkəni əhatə edən “Şəbəkə hazırlığı indeksi” reytinqində Azərbaycan, Qazaxıstan və Rusiya Federasiyası kimi dövlətlərlə birgə MDB–də İKT sahəsində ən inkişaf etmiş ölkə hesab olunmuşdur.

Azərbaycanın valyuta ehtiyatlarının son illərdə 48 milyard dollar səviyyəsinə çatması maliyyə–iqtisadi dayanıqlılığın başlıca göstəricilərindən biri kimi qəbul edilir. Dünyada mürəkkəb iqtisadi və siyasi mənzərənin yarandığı bir dövrdə Azərbaycan öz inkişaf tempini qoruyub saxlamışdır.

İndi vətənimizin ərazisi başdan–başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələr də Azərbaycan insanının firavan həyat tərzinin təmin olunması məqsədinə xidmət edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son illərdə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişmişdir. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.

Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda sahibkarlığın daha da sürətli inkişafı üçün çox əlverişli mühit yaranmışdır. Ölkə başçısı birmənalı şəkildə bildirmişdir ki, sahibkarlar dövlətimizin əsas dayaqlarından biridir və İcra orqanları sahibkarlara kömək etməlidirlər. Bütün bunların nəticəsidir ki, Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi artıq aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir–birini tamamlayan iqtisadi islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaratmışdır. Azərbaycan artıq 2009–cu ildən iqtisadi sahədə keçid dövrünü başa vurmuş, ölkəmizdə yeni tipli iqtisadiyyat, yeni bazar münasibətləri tam formalaşmışdır. Regionların sosial–iqtisadi inkişafına dair birinci Dövlət Proqramı uğurla icra olunmuş, habelə ikinci Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələr isə uğurla reallaşdırılmaqdadır.

Ümummilli liderimiz ölkəyə rəhbərlik etdiyi dövrdə dövlət quruculuğu prosesi sistemli xarakter daşımış və ölkəmizdə o dövrədək mövcud olmayan bir sıra yeni institusional strukturlar bərqərar olmuşdur. Belə sahələrdən biri də dövlət satınalmaları sferasıdır. Bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkəmizdə iqtisadiyyatın əsas şərtləndiricilərindən biri olan dövlətin bazarda iştirakı, iqtisadiyyatımız üçün vacib olan azad və ədalətli rəqabət prinsipləri əsasında fəaliyyətinin təşkili iqtisadiyyatda bazar münasibətlərinin təşəkkül tapmasına öz töhfəsini vermişdir. Belə ki, dövlət satınalmaları sisteminin yaranması da ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyev 7 aprel 1997–ci il tarixli “Tender haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” 570 saylı fərmanı ilə ölkəmizdə dövlət satınalmları sisteminin əsasını qoymuşdur. Satınalmalar üzrə Dövlət Agentliyi də ulu öndərimizin 1997–ci il 16 may tarixli 583 nömrəli fərmanına əsasən dövlət satınalmaları sahəsində dövlət siyasətini həyata keçirmək məqsədi ilə yaradılmışdır.

Daha sonra 2001–ci ildə “Dövlət satınalmaları haqqında” Qanunun qüvvəyə minməsi ilə 1997–ci ilin “Tender haqqında” Qanunu qüvvədən düşmüşdür. Qəbul edilmiş yeni Qanun dövlət satınalmalarına dair “UNCITRALL” beynəlxalq model qanununa əsaslanır. Ölkəmizdə dövlət satınalmaları sisteminin forması seçilərkən qeyri–mərkəzləşdirilmiş dövlət satınalmaları sistemi üzərində dayanılmışdır ki, bununla da öz növbəsində ölkədə kiçik və orta sahibkarlığın, həmçinin regionların inkişafı imkanlarının genişləndirilməsi məqsədləri əsas götürülmüşdür. Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında istənilən rezident və qeyri–rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi, dövlət mənsubiyyətindən asılı olmayaraq, iddiaçı kimi iştirak edə bilərlər. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət satınalmaları sistemi indi də uğurla fəaliyyət göstərməkdədir. Hazırda dövlət satınalmalarının təkmilləşdirilməsinin başlıca istiqaməti kimi elektron dövlət satınalmaları sistemi yaradılır. Agentlik elektron dövlət satınalmalarının tətbiqini ardıcıl 4 mərhələdə: tender elanlarının vahid veb–portalda dərc olunmasının təmin edilməsi, şərtlər toplusunun elektron formatda rəsmi internet səhifəsindən əldə olunması, tender təkliflərinin elektron formatda təqdim edilməsi və ən sonda tenderin nəticələrinin elektron qiymətləndirilməsi mərhələlərində həyata keçirilməsini nəzərdə tutmuşdur. Agentlik birinci mərhələnin tətbiqi üzrə tədbirləri yekunlaşdırmışdır.

Möhtərəm Prezident İlham Əliyevin 17 mart 2010–cu il tarixli 240 saylı fərmanı ilə “Dövlət satınalmaları haqqında” Qanuna dövlət satınalmalarının rəsmi internet səhifəsinin yaradılması, elan və bildirişlərin bu səhifədə yerləşdirilməsi məsələlərini nəzərdə tutan müddəalar əlavə olunmuşdur. Hazırda elektron dövlət satınalmalarının növbəti mərhələlərinin ölkəmizdə reallaşdırılması üçün təşkilati və hüquqi sahələrdə müvafiq tədbirlər görülməkdədir. Dövlət başçısı tərəfindən 2013–cü ilin ölkəmiz üçün İnformasiya–Kommunikasiya Texnologiyaları ili elan edilməsi elektron dövlət satınalmalarının növbəti mərhələlərinin tətbiqi sahəsində gələcəyə nikbin baxmağa əsas yaradır.

Dövlət satınalmalarının təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə uyğunlaşdırılması üçün Agentlik tərəfindən bir çox tədbirlər həyata keçirilir. Bura həm satınalan təşkilatlara dövlət satınalmaları sahəsində müxtəlif mövzular üzrə qabaqcıl dünya təcrübəsinə dair təlimlərin təşkili, həm satınalma qanunvericiliyinin təkmilləşdirilməsi, həm də dövlət satınalmaları sahəsində dövlət siyasətini həyata keçirən Agentliyin əməkdaşlarının qabaqcıl dünya təcrübəsinin ( ABŞ, Avropa, Rusiya və Cənub–Şərqi Asiya ölkələri) mənimsənilməsi üçün təlim səfərlərinin həyata keçirməsi daxildir. Bu tədbirlər zamanı ölkələrin dövlət satınalmalarının keçdiyi inkişaf yolu, qanunvericilik, institusional sistem, tənzimləmə, monitorinq və dəyərləndirmə sistemlərindəki təcrübə haqqında məlumatlar alınmış, dövlət satınalmalarında elektron satınalmaların mümkün rolu haqqında, satınalmalar sahəsində maarifləndirmə, planlaşdırma, kadr hazırlığı ilə bağlı işlərin həyata keçirilməsi sahəsində təcrübə mübadilələri həyata keçirilmişdir.

Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri də regionların, hər bir rayonun, şəhər və kəndin inkişafıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası müddətində bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlamış, əsaslı quruculuq və abadlıq işlərinə start verilmişdir. Regionlarda həyata keçirilmiş dövlət satınalmalarının məbləği yarım milyard manatı ötmüşdür. Buraya nazirlik, idarə və müəssisələrin mərkəzi təşkilatları tərəfindən regionlarda həyata keçiriləcək iri infrastruktur layihələri ilə bağlı dövlət satınalmalarını da əlavə etsək, bütövlükdə regionların çiçəklənməsində, həmçinin Azərbaycandakı özəl şirkətlərin güc və təcrübə baxımından inkişafında dövlət satınalmalarının rolunun miqyası barədə daha aydın təsəvvür yaranar.

Möhtərəm Prezidentin təsdiq etdiyi proqramlar sosial sahədə qarşıda duran problemlərin də həllində mühüm rol oynayır. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bütün bu tədbirlər kompleks inkişafa, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial–mədəni obyektlərin yaradılmasına, yeni iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur.

Bu gün qazandığımız bütün uğurlar Azərbaycanın istər iqtisadi, istərsə də siyasi baxımdan qüdrətlənməsinin göstəricisidir. Azərbaycanın dinamik inkişafı dünyanın geosiyasi proseslərində fəal iştirakına, BMT–nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına töhfələr verməsinə şərait yaratmışdır.

Respublikamızın iqtisadi baxımdan güclənməsi, dünya birliyində öz yeri olan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Həyata keçirilən Dövlət proqramlarının konkret nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın vaxtilə əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır. Bütün bunlar sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə müsbət təsir göstərir.

Dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni zamanda yerli şirkətlərin böyüməsi, imkanlarının artırılması və onlar üçün gözəl şəraitin yaradılması, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar, başqa güzəştlər, ölkəmizdə güclü infrastruktur layihələrinin icrası, sosial obyektlərin yaradılması, digər tərəfdən, xarici investorlar üçün də əlverişli şərait formalaşdırılması Azərbaycanın gələcək illərdə də uğurlu inkişafını təmin edəcəkdir.

Müdrik dövlət rəhbərinin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının əsas tərkib hissələrindən biri olan iqtisadi sferada həyata keçirdiyi siyasətin mühüm cəhətləri hər zaman sosialyönümlülük amilinin ön plana çəkilməsi, yoxsulluq probleminin birdəfəlik həllinə nail olmaq üçün əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi və beləliklə insanların layiqli həyat tərzinin təmin edilməsidir.

Ulu öndərin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək, onun ideyalarını həyata keçirmək məqsədilə yaradılmış Heydər Əliyev Fondu da bu işlərlə paralel olaraq elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə vacib layihələr gerçəkləşdirir. Fond bu layihələrin icrası sayəsində Azərbaycanın sosial–iqtisadi inkişafı, ölkəmizin xaricdə təbliği istiqamətində çox uğurlu addımlar atmışdır. Möhtərəm Prezident İlham Əliyevin uğurlu siyasi kursu və Azərbaycanın birinci xanımı, millət vəkili, UNESCO və İSESCO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fondun fəaliyyəti nəticəsində ölkəmiz artıq dinlər və mədəniyyətlərarası dialoqun layiqli ünvanı, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün əlverişli məkan kimi tanınır.

Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan Şərq və Qərb mədəniyyətləri arasında dünyanın önəmli mərkəzlərindən birinə çevrilmişdir. Ulu öndərin Azərbaycanı çiçəklənməyə doğru aparan ideyaları sürətlə gerçəkliyə çevrilməkdə, qüdrətli iqtisadiyyat, qüdrətli ordu, yüksək intellekt və mədəniyyətə söykənən uğurlu gələcəyin bünövrəsi qurulmaqdadır. İndi ümummilli liderin 90 illik yubileyini qeyd etdiyimiz günlərdə güclü iradəyə malik, inkişafa doğru əzmlə irəliləyən xalqımız ulu öndərin xatirəsini böyük ehtiramla yad edərək ölkəmizin bu qısa müddətdə əldə etdiyi nailiyyətlərdən qürur duymaqdadır. Eyni zamanda doğma Azərbaycanımızın gündən–günə güclənməsi və cənab Prezident İlham Əliyevin dönmədən həyata keçirdiyi inkişaf strategiyasının davamlı uğurları da ulu öndər Heydər Əliyev siyasi irsinin məntiqi nəticəsidir.

 

 

İskəndər ÇƏNDİRLİ,

AR Satınalmalar üzrə

Dövlət Agentliyinin direktoru.

 

Respublika.-2013.-10 may.-S.12.