Heydər Əliyev və Azərbaycan təhsili
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi təkcə canı və varlığı qədər sevdiyi Azərbaycanda deyil, dünyanın hər guşəsində onu sevənlər tərəfindən fəxarətlə qeyd olunur. Mübaliğəsiz deyə bilərik ki, bizlər o böyük insanı sadəcə doğum və anım günü deyil, hər zaman anır, yada salırıq.Təkcə son 10 ilə nəzər yetirsək, görərik ki, bu müddətdə ehtiram əlaməti olaraq ulu öndərə yüzlərlə müxtəlif sənət çələngi ithaf edilib. Bura geniş həcmli musiqi əsərləri, dillər əzbəri olan mahnılar, şeir və poemalar, sənədli xronikal və geniş həcmli filmlər, rəssamlıq və heykəltəraşlıq əsərləri, fundamental tədqiqatlar, bütün zümrələrdən olan insanlar və gənclərlə keçirdiyi görüşlərdən xatirələr daxildir.
Bu günlər ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycanın dinamik inkişafına həsr olunan elmi konfranslar, seminar– təqdimatların keçirilməsi də geniş xarakter alıb. Bu tədbirlərdə Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, o cümlədən elm və təhsilə göstərdiyi qayğı günün mövzusuna çevrilib. Böyük insanla görüşmək, onun məsləhət və tövsiyələrini eşitmək səadətinə nəsib olanlardan biri də mənəm. Tarixçi–alim kimi ulu öndərin təhsilimizə göstərdiyi qayğını detallı faktlarla oxucuların nəzərinə çatdırmaq istəyirəm.
Heydər Əliyev təkcə ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə deyil, hələ müstəqillikdən 20–25 il əvvəl də Azərbaycan təhsilinin sabahı üçün çox əhəmiyyətli layihələrin icrasına böyük qayğı göstərmişdir. Sanki ulu öndər hələ 60–70–ci illərdə Azərbaycanın bir zaman dövlət müstəqilliyini bərpa edəcəyini hiss etmişdi. O, həm Dövlət Təhlükəsizliyi Komitəsində çalışdığı illərdə, həm də ölkəyə rəhbərlik etdiyi dövrdə milli kadrların yetişdirilməsini, yerli mütəxəssislərin irəli çəkilməsini bir nömrəli məsələ kimi qarşıya qoymuş və hər cür təzyiqdən, təhdiddən çəkinməyərək öz arzularını reallaşdırmağa nail olmuşdur. Nəzərə almaq lazımdır ki, sovet Azərbaycanının ən inkişaf etmiş dövrü məhz 70–80–ci illər hesab olunur. Ulu öndər həmin dövrü belə xarakterizə etmişdir: “Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi–texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. Fikrimi aydınlaşdırmaqdan ötrü bəzi konkret faktları diqqətinizə çatdırmaq istəyirəm. 1970–80–ci illərdə respublikanın ali məktəblərində 100–dən artıq yeni kafedra, 40–dan çox yeni fakültələr açılmış, 100–ə qədər yeni ixtisas üzrə ali təhsilli mütəxəssislərin hazırlığına başlanmışdı. Heydər Əliyevin ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə respublikamızda 6 yeni ali məktəb yaradılmışdı ki, həmin təhsil müəssisələri indi müstəqil Azərbaycanın gələcəyini təmin edəcək yüksək səviyyəli mütəxəssislər hazırlanması işini uğurla davam etdirirlər. Rus dili və Ədəbiyyatı İnstitutu, Xarici Dillər İnstitutu, işğal altında qalan Xankəndi Pedaqoji İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Gəncə Texnologiya İnstitutu və Naxçıvan Pedaqoji İnstitutu ilə yanaşı, 12 texnikum da məhz 1970–82–ci illərdə yaradılmışdır. Heydər Əliyev daim cəmiyyət həyatının bütün sahələrində haqqın, ədalətin bərqərar olmasına, dövlətin yaratdığı imkanlardan bütün insanların bərabər şəkildə istifadə etməsinə çalışmışdır. Bu tendensiyanın nəticəsi idi ki, 1969–82–ci illərdə Azərbaycandan SSRİ–nin və digər ölkələrin ali məktəblərinə göndərilən tələbələrin ümumi sayının 70 faizini fəhlə və kəndli ailələrində böyümüş gənclər təşkil etmişdir. Daha maraqlı məqam isə ondan ibarətdir ki, bu gün qloballaşma prosesinin tərkib hissəsi olaraq gender siyasətinə çox böyük önəm verilir. Heydər Əliyev hələ 70–ci illərdə həmin məsələni gündəmdə saxlamaqla, respublikadan kənarda təhsil almaq üçün göndərilən tələbələr arasında qızların 50 faiz təşkil etməsinə nail olmuşdur. 1980–ci ildə SSRİ–nin 49 şəhərinin 170 ali məktəbində 244 ixtisas üzrə 3500 nəfərdən çox azərbaycanlı tələbə və 100 nəfərdən çox aspirant təhsil alırdı. Həmin illərdə təkcə Moskvanın 42 ali məktəbində 136 ixtisas üzrə 800, Leninqradın 25 ali məktəbində 348 azərbaycanlı gənc oxuyurdu. Ulu öndər hər il başqa şəhərlərə göndərilən gənclərlə şəxsən görüşür, Azərbaycan üçün yüksəkixtisaslı kadr kimi yetişməsinin əhəmiyyətini onlara başa salırdı.
Ulu öndərin 1993–cü ilin yayında siyasi hakimiyyətə qayıtmasından sonra onun təhsilə göstərdiyi qayğının miqyasını ifadə edəcək faktlar və rəqəmlər daha çoxdur. Ulu öndərin uzaqgörənliyi sayəsində hələ 43 il əvvəl ölkəmizdə turizmin inkişaf etdirilməsi məqsədilə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində, daha sonra isə Xankəndidə, Mingəçevirdə, Naxçıvanda ekskursiya büroları və Qəbələdə “Qafqaz” və Xaçmaz rayonunun Nabran bölgəsində “Dostluq” turist bazası yaradılmışdır. 30 il əvvəl—1983–cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul olunmuşdur. Bu kimi faktlar saysız–hesabsızdır.
Düşünürəm ki, ulu öndərin Vətəni, xalqı üçün etdiklərini indiyədək nə yazılan əsərlər, nə də deyilən sözlər tam əks etdirmir. O böyük insan haqqında ən mükəmməl əsər, dəyərli söz, fikir hələ deyilməyib.
Cəfər Cəfərov,
Azərbaycan Turizm İnstitutunun
rektoru, tarix elmləri
doktoru,
professor.
Respublika.-2013.-10 may.-S.13.