TARİXİMİZİN BÖYÜK HİMAYƏDARI

 

Ümummilli liderimiz Heydər Əliyevin unudulmaz xidmətlərindən biri də Azərbaycan xalqının tarixinə, mədəniyyətinə böyük övladlıq məhəbbəti idi. O, yaxşı başa düşürdü ki, hər bir xalqın həqiqi tarixi yalnız arxiv sənədləri əsasında yazıldıqda daha dəqiq, mükəmməl və inandırıcı olur. O, Milli Elmlər Akademiyasında alimlərlə görüşlərinin birində bu barədə demişdi: “Arxiv islərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Böyük zəka sahibi olan Heydər Əliyev hansı sahəyə müraciət etmişsə, orada böyük müvəffəqiyyətlər qazanmışdır. Onun qarşısında fəth edə bilməyəcəyi bir zirvə, öhdəsindən gələ bilməyəcəyi iş yox idi. Çoxları bunun səbəbini bu dahi şəxsiyyətin nadir fitri istedadında görür. Bu, həqiqətən də belədir və təkzibolunmaz faktdır. Ancaq Heydər Əliyevin iş üslubuna yaxından bələd olanlar onun həyatda qazandığı cahanşümul uğurlarının səbəblərini ilahi tərəfindən verilmiş fitri istedadı ilə yanaşı, əməksevərliyində, özünə qarşı hədsiz tələbkarlığında görürlər.

Hər hansı bir məruzəni, çıxışı hazırlamaq üçün o, müxtəlif mənbələrdən nə qədər sənədlər, materiallar toplatdırır və onların üzərində işləyirdi. Bütün bunları zərgər dəqiqliyi ilə fikir süzgəcindən keçirir və irəli sürdüyü hər hansı fikrin məntiqi müqabilində müsahibinə alternativ söz deməyə əl yeri qoymurdu.

Uzun illər bu dahi şəxsiyyətin sənədlərdən istifadə üslubu ilə tanış olan bir adam kimi onun tarixə, arxiv sənədlərinə münasibətilə bağlı bəzi faktlara toxunmaq istərdim. Onlardan biri ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya və soyqırımı tarixinə münasibət məsələsi idi.

“Ermənistan SSR–dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR–in Kür–Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən imzalanmış 1947–ci il 23 dekabr tarixli 4083 saylı və 1948–ci il 10 mart tarixli 754 saylı qərarlar xalqımıza qarşı Sovet hökumətinin qəbul etdiyi ən ədalətsiz aksiya, əsl repressiya siyasəti idi.

Tamamilə gizli saxlanılan həmin qərarları biz 1990–cı ildə keçmiş SSRİ–nin mərkəzi arxivlərindən, çox çətinliklə də olsa, əldə edərək Bakıya gətirmişdik. Bu barədə respublikanın rəhbər partiya və Sovet orqanlarına geniş məlumat vermiş, qəzetlərdə məqalələr dərc etdirmişdik. Təəssüflər olsun ki, ermənilərin xalqımıza qarşı yenidən başladığı ərazi iddiası və azərbaycanlıların Ermənistandan kütləvi surətdə qovulduğu bir vaxtda Sovet hökumətinin xalqımıza qarşı apardığı bu cür ayrı–seçkilik siyasətini əks etdirən sənədlərə yuxarılarda heç bir reaksiya verilmədi.

1997–ci ildə böyük siyasətçi, belə sənədlərin əhəmiyyətini dərindən bilən Prezident Heydər Əliyev bu barədə məlumat əldə etdikdə, bununla yaxından maraqlandı. 1997–ci il may ayının 27–də Azərbaycan Xalq Cümhuriyyətinin 79–cu ildönümünə həsr olunmuş təntənəli iclasda öz nitqinin xeyli hissəsini bu məsələyə həsr etdi. Sovet hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı edilmiş ədalətsizliklərdən bəhs edən Heydər Əliyev öz çıxışında dedi: “Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947–1948–ci illərdə Azərbaycan xalqına qarşı Sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusilə, dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru–düzgün qiymət verə bilməmişik”.

Bu məsələlər barədə geniş təhlil verən Prezident Heydər Əliyev həmin nitqini belə yekunlaşdırdı: “Biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988–ci ildə Ermənistan Azərbaycana artıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar”.

Bax, bu idi böyük siyasətçi Heydər Əliyevin hadisələrə verdiyi analitik qiymət, onlardan nəticə çıxararaq, lazımi tədbirlər görmək bacarığı. Məhz bu nitqdən sonra məsələyə münasibət kökündən dəyişildi. Elə həmin il dekabrın 18–də Heydər Əliyev “1948–1953–cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi–etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı.

Bu fərmanda həm çar Rusiyası və həm də Sovet hakimiyyəti illərində Qafqazda xalqımıza qarşı törədilmiş ədalətsizliyə siyasi qiymət verilirdi. Fərmanda oxuyuruq: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ–mərhələ gerçəkləşdirilən belə qeyri–insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi–etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi–mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir”.

Fərmanda erməni şovinist dairələrinin və keçmiş SSRİ rəhbərliyinin xalqımıza qarşı cinayətkar siyasəti ilə yanaşı, o illərdə Azərbaycanın rəhbərlərinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da kəskin tənqid olunurdu.

1998–ci il martın 26–da Prezident Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərman da əvvəlki sənədin davamı olmaqla yanaşı, orada irəli sürülmüş məsələləri daha dərindən təhlil və ətraflı əks etdirirdi.

Bu fərmanlar ölkəmizdə xalqımıza qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasəti tarixləri ilə bağlı məsələlərin öyrənilməsinə bir stimul yaratdı və istiqamət verdi.

Ümummilli liderimiz Heydər Əliyevin arxivlərlə əlaqədar həyata keçirdiyi mühüm tədbirlərdən biri də xalqımızın milli oyanışı tarixində çox gərəkli olan cəmi 23 ay fəaliyyət göstərmiş və xalqımızın milli azadlıq tarixində əvəzsiz rolu olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. 1998–ci il yanvarın 30–da “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyini keçirmək haqqında” Prezident fərmanı imzalandı. Xalqımız müstəqillik əldə etdikdən sonra Arxiv İdarəsi və dövlət arxivlərinin əməkdaşları tərəfindən uzun illərburjua–mülkədar Müsavat rejimi” adı altında gizli saxlanılan və demək olar ki, istifadəsi qadağan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə müxtəlif fəaliyyət sahələrinə aid yaranmış sənədlər nəşr üçün hazırlanmışdı. Uzun müddət müxtəlif yuxarı təşkilatlara etdiyimiz müraciətlərə baxmayaraq, bu sənədləri nəşr etdirə bilmirdik. Fərman elan edildikdən sonra hazırladığımız məcmuələr barəsində biz Prezident Aparatı humanitar siyasət şöbəsinə məlumat verdik. Həmin sənədlər barədə cənab Prezidentə məlumat çatdırıldıqda və o, bu materialları əyani şəkildə gördükdə məcmuələrin nəşrinin yubiley proqramına daxil edilməsi və nəfis şəkildə çap olunması barədə göstəriş verdi. Nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünə aid ümumi həcmi 300 müəllif vərəqindən çox olan altı adda və yeddi cilddə sənədlər məcmuəsi nəşr olundu. Bunlar “Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin protokolları və stenoqrafik hesabatları (iki cild Azərbaycan dilində və bir cild rus dilində), “Azərbaycan Xalq Cümhuriyyətinin qanunvericilik aktları”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu” və “Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyskinin həyat və fəaliyyəti”nə aid sənəd və materiallardır.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənmək üçün tədqiqatçıların sərəncamına verilmiş əvəzsiz mənbə olan bu sənəd məcmuələri ümummilli liderimizin Azərbaycan Xalq Cümhuriyyəti tarixinə və onun xadimlərinə qoyduğu ilk və ən möhtəşəm abidədir. İkinci əyani abidəni isə o, 2003–cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə verdiyi fərmanla müəyyən etmişdi.

Ümummilli liderimiz Heydər Əliyev ümumxalq və dövlət əhəmiyyəti olan hər hansı bir tədbirin həyata keçirilməsi ilə bağlı məsələləri çox ciddi və əsaslı şəkildə hazırlatdırırdı. Bunun üçün, ilk növbədə onu əsaslandıran sənəd və materiallarla tanış olurdu. Bu işdə arxivlərdə həmin məsələ ilə bağlı sənəd və materialların toplanılmasına xüsusi fikir verirdi. O, arxivlərimizdən tez–tez belə sənəd və məlumatları tələb edirdi. Bununla kifayətlənməyən cənab Prezident həmin məsələlər barədə ayrıca olaraq arxivdən də arayış, habelə göstərilən faktları təsdiq edən sənəd və materialların surətlərini də istəyirdi. İki faktı xüsusilə qeyd etmək istəyərdim. Onlardan biri Səməd Vurğunun 90 illiyi münasibətilə keçirilən təntənəli iclası ilə, ikincisi isə, müstəqil Azərbaycanın ilk Konstitusiyasında dil məsələsinə aid maddə ilə bağlı idi.

Artıq Respublika sarayından Səməd Vurğunun 90 illiyi ilə əlaqədar təntənəli iclas televiziya vasitəsilə canlı yayımla translyasiya olunurdu. Ulu öndər də orada iştirak edirdi. Bu vaxt arxivə zəng etdilər ki, təcili olaraq Azərbaycanın xalq şairi fəxri adının nə vaxt və hansı fərmanla təsis olunduğunu tapıb Prezidentin çıxışı üçün bizə məlumat verin. Məlumdur ki, Azərbaycanda xalq şairi adı ilk dəfə Səməd Vurğuna verilmişdi. Bunu cənab Prezident də gözəl bilirdi. Lakin daha dəqiqliyi sevən Prezident həmin adın təsis edildiyi vaxtı bir daha dəqiqləşdirirdi. Həmin məlumat tezliklə tapılaraq lazımi şəxslərə çatdırıldı və Heydər Əliyevin nitqində bu fakt öz əksini tapdı.

Başqa bir fakt. Ümumxalq müzakirəsi üçün dərc olunmuş müstəqil Azərbaycanın Konstitusiyasının layihəsi geniş müzakirə olunurdu. Burada daha çox mübahisəyə səbəb olan məsələlərdən biri də Azərbaycanın dövlət dili məsələsi, daha doğrusu, Konstitusiyada türk dili, yaxud Azərbaycan dili yazılması məsələsi idi. Prezidentin göstərişi ilə bizə bildirdilər ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründən SSRİ–nin süqutuna qədər Azərbaycanda dövlət dili haqqında qanunvericilikdə təsbit olunmuş arxivlərdəki, hüquqi sənədlər barədə (qanun, fərman, dekret, qərar və s.) təcili arayış hazırlayın və oradakı faktlara aid sənəd və materialları da birlikdə təqdim edin. Biz sənəd və materialları hazırladıq, vaxt darlığına görə arayışı isə başa çatdıra bilmədik. Nəticədə yarımçıq arayış seçilmiş sənədlərlə birlikdə Prezidentə təqdim edilmiş və o, təxminən yarım saat müddətində bu materiallarla tanış olmuşdu. Sonra isə göstəriş vermişdi ki, həmin məsələ ilə bağlı Prezident Aparatında keçirilən müzakirədə Arxiv İdarəsinin rəisi şəxsən məlumat versin. Möhtərəm Prezidentimiz Heydər Əliyevin sədrlik etdiyi və çox gərgin mübahisə şəraitində keçən iclasda bu barədə məlumat verərkən, doğrusu, mən təəc–cübümü gizlədə bilmirdim. Bu qədər müxtəlif xarakterli sənədlərlə tanış olan Prezident oradakı fikir ardıcıllığını necə də dəqiqliklə tuta bilmişdi. Mən haradasa, nəyisə yaddan çıxaran kimi, o, dərhal istiqamət verirdi. Sonralar qəzetlərdə dərc edilmiş həmin iclasın stenoqrafik hesabatı ilə diqqətlə tanış olarkən bir daha ümummilli liderimizin yaddaşına, müxtəlif illərə aid bu qədər sənədlərdən nəticə çıxarmaq bacarığına valeh oldum. Məhz bu müzakirənin nəticəsi olaraq Konstitusiyada Azərbaycan dili dövlət dili statusunu qazandı.

Ümummilli liderimizin sənədlərə münasibəti, onlara böyük əhəmiyyət verməsi faktı ilə bir daha 1999–cu ilin iyulunda Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30 illiyi münasibətilə İdman–Konsert Kompleksində təşkil olunmuş sərgidə rast gəldim. Bu illərdə əldə edilmiş müvəffəqiyyətləri əks etdirmək üçün hər respublika təşkilatına iki stend ayrılmışdı. O cümlədən Arxiv İdarəsinə də. Kompleksdə stendlər həddindən çox idi. Bizi əvvəlcədən xəbərdar etmişdilər ki, öz stendləriniz barədə Prezidentə yarım, ən çoxu isə bir dəqiqə müddətində qısa məlumat verərsiniz. Əksər stendlər qarşısında ötəri keçən cənab prezident Arxiv İdarəsinin stendi qarşısında 6–7 dəqiqə dayandı. Burada göstərilən sənədlərlə maraqlandı. Stenddəki materiallar arasında başqa sənədlərlə yanaşı, 1983–cü ildə Moskvada Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə işləyərkən SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin yeni rəisinin təyini zamanı onu kollektivə təqdim edərkən Heydər Əliyevin çıxışının mətnini də qoymuşduq. Bu onun diqqətindən yayınmadı. Həmin çıxışı görən kimi orada baş verənləri yada saldı. SSRİ–nin arxiv orqanları üçün qısa bir vaxtda xeyli köməklik göstərdiyini qeyd etdi. Bu məsələ ilə bağlı onu qeyd edim ki, həmin təqdimatdan sonra Azərbaycandan Moskvaya, Baş Arxiv İdarəsinə yolu düşən hər bir şəxslə söhbət zamanı (o cümlədən mənim özümlə də) ilk növbədə Heydər Əliyevin fenomenal biliyə, geniş erudisiyaya malik dövlət xadimi olmasını qeyd edirdilər. Danışıqlarından belə hiss olunurdu ki, onlar Heydər Əliyevdən də o dövrün siyasi və dövlət rəhbərlərinə xas olan çıxış gözləyirmişlər. Yəni o, ya yazılmış hazır mətni üzündən oxuyacaq, yaxud da partiya rəhbərlərinə məxsus partiya adından ümumi pafoslu cümlələrlə danışacaqdır. Heydər Əliyev isə bunların əksinə olaraq heç bir hazır mətndən istifadə etmədən, yığıncaqdakıların dili ilə desək, “arxiv işi haqqında nöqsanlarını da göstərməklə onlara ağıllı–başlı dərs keçmişdi”.

Mərhum prezidentlə təxminən iki saat davam edən son təkbətək görüşüm 2002–ci il dekabr ayının 2–də onun “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” fərmanı imzaladığı gün olub. İki saat ərzində bu böyük şəxsiyyətin tövsiyələrini dinləmək, xalqımızın tarixinə, arxivlərinə münasibətini öz dilindən eşitmək mənim həyatımın ən yaddaqalan dəqiqələri idi. Bu görüş və orada onun imzaladığı fərmanın xalqımızın mənəvi sərvəti olan arxivlərə ümummilli liderimizin son töhfəsi və tövsiyələri olduğunu o vaxt adam heç ağlına da gətirə bilməzdi. Bu fərmanla Arxiv İdarəsinin statusunu artıran ümummilli lider arxivlər üçün lazım olan hər şeyi edəcəyinə və bütün şəraiti yaradacağına söz verdi. Əcəl bunları onun özünün yerinə yetirməsinə aman verməsə də, biz əminik ki, ümummilli liderimiz öz işlərini davam etdirəcək elə bir şəxsiyyət hazırlayıb ki, o, həmin ideyaları müvəffəqiyyətlə həyata keçirəcək. Biz hamımız öz qüvvələrimizi bir daha ümummilli liderimizin ideyalarının həyata keçirilməsinə səfərbər etməliyik.

 

 

Ataxan PAŞAYEV,

Azərbaycan Respııblikası Milli

Arxiv İdarəsinin rəisi.

 

Respublika.-2013.-10 may.-S.14.