Böyük insan, yenilməz şəxsiyyət

 

Heydər Əliyev kimi böyük bir şəxsiyyətin fəaliyyəti barədə çox deyilib, çox yazılıb. ümummilli liderimizlə uzun illər xidməti təmasda olmuş, həyata keçirdiyi bir çox tədbirlərdə iştirak etmiş bir insan kimi onun 90 illik yubileyi ərəfəsində bəzi xatirələrimi qələmə almağa ehtiyac duydum.

1953–cü ilin yanvarında SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin (DTN) Azərbaycan dəmiryolu üzrə idarəsinin Culfa stansiyasındakı bölmədə xidmətə başladım və 5 ilə yaxın burada çalışdım. Həmin illərdə və sonrakı dövrdə xidməti vəzifəmlə əlaqədar o böyük insanla müxtəlif görüşlərim olub.

Yaxşı xatirimdədir, 1958–ci ildə Aleksandr Şelepin SSRİ DTK–nın rəhbərliyinə gələndən sonra bu orqanın əməliyyat işlərinin təkmilləşdirilməsi məqsədi ilə məşhur bir əmr imzaladı. Həmin əmrin respublikanın rayon və şəhər orqanlarında müzakirəsi təşkil olundu. Mənim xidmət etdiyim Zəngilan şöbəsi də daxil olmaqla, Cəbrayıl, Füzuli, Beyləqan və İmişli rayon şöbələrinin bütün əməkdaşlarının iştirakı ilə 1959–cu ilin yayında Füzuli şəhərində müşavirə keçirildi.

Müşavirəni keçirmək üçün zonaya respublika DTK–nın əks–kəşfiyyat şöbəsinin rəisi və kollegiya üzvü kimi Heydər Əliyev təhkim olunmuşdu. Müşavirə–seminarın gündəliyində duran məsələnin müzakirəsi ilə yanaşı, Heydər Əliyev öz zəngin xidməti təcrübəsində rast gəldiyi ayrı–ayrı epizodlardan bəhs etdi, həyata keçirdiyi çox maraqlı əməliyyat tədbirləri barədə söhbət açdı, bütövlükdə müşavirəni maraqlı və yaddaqalan bir hadisəyə çevirdi. Mövzu ətrafında söhbəti inkişaf etdirən natiq konkret misallarla izah etdi ki, repressiya illərində dünyagörüşü olmayan, lakin halal zəhmətilə yaşayan insanlar bəzən cinayətkar ünsürlərin təsiri altına düşərək partiya və dövlət əleyhinə düşünülməmiş bir ifadə işlədirlərsə, həmin adamlar ağır cəzaya, ən yaxşı halda isə uzaq Sibirə sürgünə göndərilirdilər. Bundan sonra isə fəaliyyətimizdə yeni ab–havanın gəldiyini söyləyərək hər hansı bır vətəndaşın dövlət, partiya əleyhinə praktiki düşmənçilik fəaliyyəti olmayıbsa, onun kiçik səhvlərini başa salmaqla faydalı əməyə qaytarmaq üçün barəsində profilaktik tədbirlər həyata keçirilməsinin zəruri olduğunu izah etdi, müzakirə olunan əmri DTK–nın fəaliyyətində yeni dövrün başlanması kimi qiymətləndirdi.

Aylar, illər bir–birini əvəz etdikcə Heydər Əlirza oğlu da vəzifə pillələrilə irəliləyirdi. 1963–cü ildə şöbə rəisi vəzifəsindən Azərbaycan DTK sədrinin 1–ci müavini vəzifəsinə təyin olundu. 1967–ci ilin iyununda isə, təxminən 38 ildən sonra ilk dəfə olaraq milli kadr kimi Heydər Əliyev DTK–ya sədr təyin olunmaqla ona general–mayor ali hərbi rütbəsi verildi. Həmin il dekabrın 20–də SSRİ ÜFK–DTK–nın 50 illlik yübileyi qeyd olunurdu. Bu peşə bayramı ilə əlaqədar respublika şəhər və rayon şöbə rəisləri də Bakıya dəvət olunmuşdular. Həmin gün ilk dəfə olaraq Heydər Əliyev DTK–nın kollegiya üzvləri və bizimlə birlikdə xatirə şəkli çəkdirdi.

Böyük məmnuniyyət hissi ilə qeyd etməliyəm ki, Heydər Əliyevin Respublika DTK–nın rəhbərliyində olduğu müddətdə keçirdiyi kollegiya iclasları, müşavirələr və digər tədbirlərin hamısı maraqlı və yaddaqalan idi. Verdiyi tövsiyələr, məsləhətlər hamımız üçün ibrət dərsi və böyük məktəb idi. Ulu öndərin 1969–cu il fevralın 2–də keçirdiyi geniş kollegiya iclası barədə xüsuslilə danışmaq istərdim. Həmin iclasa mən də Zəngilan şöbəsinin rəisi kimi dəvət olunmuşdum. Tədbir DTK–nın Dzerjinski adına klubunda keçirilirdi. Moskvadan da gələn vardı.

İclas ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuşdu. DTK–nın sədri, general–mayor Heydər Əliyevin məruzəsi maraqla dinlənildi. Həmişə olduğu kimi, hesabat məruzəsində ətraflı təhlillə yanaşı, çatışmazlıqların tənqidinə də geniş yer verilmişdi. Mən də başqa rayon şöbə rəisləri kimi, tənqid olunacağımı istisna etmirdim. Amma gözləmədiyim halda sədr məruzəsində bir neçə rayonla yanaşı, Zəngilan şöbəsinin də ötənilki işini yüksək qiymətləndirdi, 2–ci əks–kəşfiyyat şöbəsinin rəisi polkovnik Ə.Xalıqovu, mərkəzi aparatdan soyadını unutduğum bir nəfər rəhbər işçini və təvazökarlıqdan uzaq olsa da məni həmkarlarımıza nümunə göstərdi.

DTK sədrinin məruzəsindən sonra çıxış edən hər iki natiq— sədrin kadrlar üzrə müavini polkovnik H.Səmədov və xarici kəşfiyyat şöbəsinin rəisi polkovnik İ.Hüseynov da öz çıxışlarında Zəngilan şöbəsinin hesabat dövründəki işini müsbət qiymətləndirdilər.

Kollegiyanın işi bütün gün ərzində davam etdi. İclasın sonunda sədr rayonlardan gəlmiş rəislərdən qəbula düşmək arzusunda olanları axşam saat 19.00–dan sonra qəbul edəcəyini elan etdi. Mən də bu fürsətdən istifadə edərək qəbula yazıldım. Axşam qəbulda olarkən general H.Əliyev yaxşı xidmətə görə mənə bir daha təşəkkürünü bildirdi. Mən də öz növbəmdə, sadə əməyimə yüksək qiymət verdiyinə görə ona minnətdarlıq etdim. Sonra isə qəbula gəlməyimin səbəbləri barədə məruzə etdim. İlk növbədə şöbənin maşınının köhnə olduğunu bildirdim. Dərhal təsərrüfat şöbəsinin rəisinə zəng edərək yeni alınmış maşınlardan birinin Zəngilana ayrılması barədə göstəriş verdi. İkinci xahişim şöbəyə inzibati və yaşayış binasının tikintisi üçün podratçı təşkilatın müəyyənləşdirilməsi ilə bağlı idi. Hökumət telefonu ilə Kənd Tikinti naziri Tofiq Əhmədova zəng etdi və nazir həmin binaları qısa müddətdə tikəcəklərinə söz verdi. Üçüncü xahişim isə bir sıra obyektiv və subyektiv səbəblər üzündən respublikanın başqa bir rayonuna dəyişilməyimlə əlaqədar idi. Bu məqamda sədrin 1–ci müavini polkovnik Krasilnikov sədrin otağına daxil oldu. Heydər Əlirza oğlu özünə xas təbəssümlə üzünü Krasilnikova tutdu:

— Gəl, Vitali Sergeyeviç, yaxşı vaxtında gəlmisən. Bu Bəxtiyar Süleymanovun dediklərində, qaldırdığı məsələlərdə məntiq tapa bilmirəm. Maşın istədi verdim. Zəngilanda inzibati və yaşayış binası tikmək istəyir. Podratçı təşkilat tapmağı xahiş etdi və mən də Kənd Tikinti Nazirliyindən xahiş elədim, o da yaxın vaxtlarda tikəcəyinə söz verdi. Üçüncü xahişi isə Zəngilandan başqa rayona dəyişilməkdir. Bəxtiyarın bu məntiqsizliyinə siz necə baxırsınız?

Krasilnikov da eyni təbəssümlə cavab verdi:

— Heydər Əliyeviç, son qərar sizinki olacaq. Necə məsləhətdir, elə də olsun.

Mənim üçün son dərəcə yaddaqalan bu xoş əhval–ruhiyyəli, səmimi söhbətdən sonra onların söhbətlərinə mane olmamaq üçün durub çıxmaq istəyəndə Heydər Əliyev məni saxladı və dedi:

— Get, ilin axırına kimi sənin başqa yerə dəyişilməyin haqqında bir fikrə gələrik…

Beləliklə mən onlarla xudahafizləşib kabinetdən çıxdım.

Həmin il iyulun 12–14–də xarici kəşfiyyat şöbəsinin iki əməkdaşı Zəngilanda ezamiyyətdə idi. Birlikdə onların həyata keçirməli olduqları tədbiri icra etdik və ayın 14–də axşam sərnişin qatarı ilə Bakıya qayıtdıq. Bizi qarşılayan maşının sürücüsü Mixaylov gülə–gülə dedi:

— Xəbəriniz var, Heydər Əliyeviç getdi.

Bizim üçün çox gözlənilməz olan bu xəbəri dəqiqləşdirmək üçün — “Hara getdi?” — deyə soruşduq:

— Dünən, 14 iyulda, Mərkəzi Komitənin plenumunda Heydər Əliyeviç Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1–ci katibi seçildi.

Əlbəttə, bu şad xəbər bizim üçün hər nə qədər gözlənilməz olsa da təəccüb qarışıq sevinclə qarşıladıq. Beləliklə, həmin gün mərkəzi aparatda, demək olar ki, bütün kabinetlərdə söhbət əsasən Heydər Əliyevin respublika rəhbərliyinə seçilməsindən gedirdi və hamı bunu böyük hadisə kimi qiymətləndirərək sevincini bölüşürdü.

1970–ci ilin yazında SSRİ Ali Sovetinə deputatlığa namizədliyi irəli sürülmüş DTK–nın sədri Vitali Krasilnikov Zəngilana gəldi. Məqsəd Qubadlı seçki dairəsinə daxil olan Zəngilan, Qubadlı və Laçın seçiciləri ilə onun seçkiqabağı görüşü idi. Hər üç rayonda keçirilən görüşlərdə deputatlığa namizədi müşayiət edirdim. Görüşlər çox yüksək səviyyədə keçirdi. Sədr Qubadlı və Laçın səfərlərindən sonra yenə də Zəngilana qayıtdı. Həmin vaxt, yuxarıda göstərdiyim kimi, tikilən inzibati və yaşayış binasının son tamamlama işləri aparılırdı. O, işlərin gedişindən razı qalaraq, şöbəyə gəldi və məndən — Nə xahişin var, nə köməklik edə bilərəm? — soruşdu. Fürsətdən istifadə edərək 1969–cu il fevralın 2–də Heydər Əliyevin qəbulunda olarkən başqa rayona dəyişilmək barədə mənə verdiyi sözü Krasilnikova xatırlatdım. O da öz növbəsində qaldırdığım məsələnin həmin ilin sonuna qədər müsbət həll olunacağına söz verdi. Nəhayət, Mingəçevir rayonlararası şöbəyə rəis təsdiq olunmaq üçün Mərkəzi Komitənn noyabrın 12–də keçiriləcək bürosuna dəvət olundum. Qəbul olunmuş qaydaya görə, günün birinci yarısı təsdiq olunacaq kadrlar MK–nın birinci katibi Heydər Əliyev tərəfindən qəbul edilir, söhbətdən sonra isə büronun təsdiqinə dəvət olunurdular. Mənimlə söhbət aparanda uzun illər tabeçiliyində olduğum kadrı kimi, söhbətimiz uzun çəkmədi. İlk növbədə Zəngilan əhalisinin güzəranı, rayon zəhmətkeşlərinin məşğuliyyəti ilə və ümumiyyətlə rayondakı vəziyyətlə maraqlandı. Sonra isə Zəngilanın əməliyyat şəraitin bütün dəqiqliyi ilə şərh edərək yerləşdiyi coğrafi mövqeyə görə strateji əhəmiyyətini qeyd etdi. Sonra isə ötən illərdə, hələ onun DTK–ya sədrlik etdiyi vaxtlarda Zəngilandan dəyişilməyim barədə ona müraciətlərimi xatırladı. Söhbət əsnasında yeni gedəcəyim Mingəçevir şəhər şöbəsinin xidmət dairəsinə daxil olan şəhər və rayonların iqtisadi, siyasi, əhalinin etnik qruplarının çox olması və nəhayət bəzi rayonların kriminagen durumlarına aydınlıq gətirdi. Söhbətinin sonunda məni, xidmət ərazisi ən böyük olan şəhər şöbəsinə göndərilməyim münasibətilə təbrik etdi, göstərilən etimadı doğruldacağıma əminliyini bildirdi. Beləliklə, mən 1971–ci ilin yanvarında Mingəçevir şöbəsini qəbul etdim.

Azərbaycan SSR DTK–nın yerli orqanları içərisində, istər xidmət ərazisinə daxil olan rayon və şəhərlərin çoxluğuna, istərsə də mövcud əməliyyat şəraitinin mürəkkəbliyinə görə, ikinci sayılan Mingəçevir şöbəsində işlədiyim dövrdə cənab Heydər Əliyevlə görüşlərimiz daha intensiv olurdu. Belə ki, o, ildə bir neçə dəfə respublikanın Şirvan və Qarabağ bölgəsi rayonlarına səfərlər edərdi. Bunun üçün Bakıdan xüsusi qatarla xidmət ərazimizə daxil olan Yevlağa gələrdi. Oradan özü seçdiyi rayona, başqa rəhbər işçiləri isə əsasən pambıqçılıq və kənd təsərrüfatının digər sahələrinin vəziyyəti ilə taniş olmaq üçün ətraf rayonlara göndərərdi. Bütün müşahidələr işgüzar olduğu qədər də çox prinsipial və tənqidi ruhda keçirilən zona müşavirəsində ətraflı müzakirə edilərdi.

Əlbətdə, mən və DTK–da uzun illər xidmətdə olan həmkarlarım Heydər Əliyevin necə fitri təşkilatçılıq və idarəetmə məharətinə malik olduğunu yaxşı bilirdik. Ancaq etiraf edim ki, onun respublika rəhbərliyinə gəldiyi vaxtdan keçən qısa müddət ərzində xalq təsərrüfatının bütün sahələrini, o cümlədən kənd təsərrüfatını bütün incəliklərinə qədər öyrənə biləcəyini təsəvvürümüzə belə gətirə bilməzdik. Bölgələrdə olarkən apardığı təşkilatçılıq işləri, hər bir sahənin rəhbər və mütəxəssisləri ilə peşəkar söhbətləri, yüksək tələbkarlığı və bütün bunların məntiqi nəticəsi kimi qazanılan yüksək nəticələr yaxşı mənada heyrətləndirirdi. Bəli, Azərbaycan rəhbərliyinə fövqəladə bacarıqlı, təsərrüfat və ictimai–sosial həyatın bütün incəliklərinə vaqif, hərtərəfli biliyə malik, peşəkar və fərdi keyfiyyətlərinə görə unikal bir şəxsiyyət gəlmişdi.

Onun yaddaqalan səfərləri çox idi. Onlardan 1979–cu ilin yanvarında Dağlıq Qarabağ Muxtar Vilayətinə, həmin ilin sentyabrında isə Bərdə rayonuna olan səfərlər barədə təəssüratımı bölüşmək istərdim.

1979–cu il yanvarın 11–də DTK sədrinin birinci müavini general–mayor Ziya Yusifzadə telefonla Heydər Əliyevin Yevlağa gəlib oradan da Xankəndinə səfər edəcəyi ilə bağlı müvafiq göstərişlər verdi, səfərin məqsədi barədə məlumatlandırdı.

Beləliklə, yanvarın 12–də səhər tezdən Z.Yusifzadə, DİN–ni müavini Vısoçenko, mən və Yevlax şəhər partiya komitəsinin 1–ci katibi E.Tağıyev xüsusi qatarla gələn AKP MK–nın birinci katibi Heydər Əliyevi qarşıladıq. Bir neçə dəqiqə çəkən söhbətdən sonra Xankəndiyə yola düşdük.

Həmin gün tək Xankəndinin yox, Muxtar Vilayətin başqa rayonlarının nümayəndələrinin də iştirakı ilə böyük izdiham şəraitində Ağdam–Xankəndi dəmir yolu sahəsinin təntənəli açılışı tədbiri həyata keçirildi.

Respublika rəhbəri alqışlarla qarşılanan nitq söylədi. Bildirdi ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki bütün idarə və müəssisələri, eləcə də mülki əhali indiyədək yüklərini Ağdam, Yevlax və Horadiz dəmir yol stansiyalarından daşıyırdılar. Bundan sonra isə heç bir əziyyət çəkmədən həmin yükləri öz qapılarında— Xankəndində alacaqlar. Eyni zamanda bildirdi ki, buranın əhalisi bu gündən başlayaraq Bakı–Xankəndi və geri marşrutu ilə işləyən sərnişin qatarlarından rahat istifadə edəcəkdir. Bu qatara qoşulan əlavə Xankəndi–Moskva sərnişin vaqonlarında bu marşrutda yerləşən bütün şəhərlərə, heç bir qatar dəyişmədən gedib–gələ biləcəklər. Rəmzi qırmızı lent kəsildi və ilk qatar Xankəndi stansiyasına daxil oldu. Mərasim bitəndən sonra minlərlə iştirakçı bir nəfər kimi Heydər Əliyevi maşına kimi müşayiət etməyə axışdı. Yerli ermənilər az qala onu maşını ilə birlikdə çiyinlərində aparmaq istəyirdilər. Tədbirdən sonra vilayət partiya və Sovet orqanları rəhbərləri ilə birlikdə Heydər Əliyevi Şuşa şəhərinə müşayiət etdik.

Şuşa RPK–nın 1–ci katibi Əhəd Kərimov respublika rəhbərinə rayonda görülmüş və görüləcək işlər barədə qısa məlumat verdikdən sonra şəhərin görməli yerlərinə baxmağa dəvət etdi. Ulu öndər Şuşa Mədəniyyət evinin qarşısında ayaq saxlayaraq DQMV və şəhər partiya–sovet rəhbərləri ilə təxminən yarım saata kimi söhbət etdi, şəhərin abadlaşdırılması, bəzi tikinti işləri, o cümlədən görkəmli Azərbaycan şairi M.P.Vaqifin məqbərəsilə bağlı tapşırıqlar verdi.

Ancaq nə etməli ki, xeyirxah niyyətlə tikilmiş dəmir yolunun açılışında sevincdən timsahsayağı göz yaşı tökən ermənilər bütün bu deyilənləri çox tez unutdular. Bir neçə ildən sonra Dağlıq Qarabağ ətrafında başlanan məlum münaqişənin ilk günlərindən Xankəndinin küçələrində mitinqə toplaşaraq “Miatsum” deyə bağırmağa, bölücülük toxumu səpməyə başladılar. Artıq Azərbaycanın bu bölgəsində yaşayan əhaliyə, dövlət müəssisə və təşkilatlarına daşınan ərzaq, tikinti materialları və digər həyat üçün zəruri yüklərin arasında gizlədilmiş külli miqdarda silah və sursat aşkar edilirdi. Söz yox ki, bu təhlükəli “yüklər” torpağında yaşadıqları və çörəyini yedikləri azərbaycanlılara qarşı istifadə etmək üçün idi…

Xalqımız yaxşı xatırlayır ki, ulu öndər Heydər Əliyevin respublika rəhbərliyində olduğu ilk 10 il müddətində ittifaqda heç bir respublikanın əldə edə bilmədiyi nailiyyətlərə nail olmuşduq. Ona görə də Azərbaycanın xalq təsərrüfatının bütün sahələrində, o cümlədən sənaye, neft sənayesi, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük, taxılçılıq, baramaçılıq, maldarlıq, emal müəssisələrinin inkişafı sahəsində respublika tarixində misli görünməmiş nailiyyətlərə görə SSRİ Ali Sovetinin fərmanı ilə o, Sosialist Əməyi Qəhrəmanı kimi ölkənin ən yüksək mükafatına layıq görülmüşdü. Həmin mükafat 1979–cu il sentyabrın əvvəllərində Moskvada Siyasi Büronun bütün üzv və üzvlüyə namizədləri, ölkənin digər rəhbərlərinin iştirakı ilə təntənəli mürasimdə ona təqdim olunmuşdu. Bütün bunları biz mərkəzi və respublika televiziyası ilə izləmişdik. Mən həmin günlərdə məzuniyyətdə olduğum üçün Bakıdakı mənzilimdə idim. Sentyabrın 9–da respublika DTK–nın sədr müavini general–mayor Bahadır Hüseynov mənə zəng vurdu. – Nə ilə məşğulsan? —sualına, mən onun özü tərəfindən ayrılmış iki ədəd putyovka ilə Moskvaaltı “Kratovo” sanatoriyasına getmək üçün sabah, yəni ayın 10–da Moskvaya uçmağa hazırlaşdığımı bildirdim. Bahadır müəllim təklif etdi ki, Moskvaya uçuşumu 2–3 günlüyə təxirə salım. Belə ki, Heydər Əliyev Moskvadan yenicə qayıdıb, ayın 10–da isə Yevlax və Bərdə rayonlarında olmalıdır. Buna görə də ertəsi gün xüsusi qatarla rayona gələcək respublika rəhbərini qarşılayıb səfər zamanı müşayiət etmək üçün onunla birlikdə həmin gün axşam Yevlağa getməli olduğumuzu bildirdi. Elə də etdik. Sentyabrın 10–da Bərdə və Yevlax rayonlarının birinci katibləri Rüstəm Səfərəliyev, Elman Tağıyev, Daxili İşlər naziri general C.Vəliyey və Bakıdan gəlmiş digər rəhbər işçilər, elm və mədəniyyət xadimləri ilə birlikdə həmin qatarı qarşıladıq. Vağzalqabağı meydançada qısa müddət ərzində əziz qonaqla görüş, onun yüksək dövlət mükafatı alması münasibəti ilə təbrikdən sonra birbaşa Bərdə rayonuna yollandıq. “Moskva” kolxozunun iqamətgahı qarşısında böyük izdiham vardı. 1500 nəfərdən artıq əhali döşündə Qızıl Ulduz parlayan respublika rəhbərini gurultulu alqışlarla və təbriklə qarşıladı.

“Kommunizm” kolxozunda adı yenicə dillər əzbəri olmağa başlamış gənc mexanizator Tərlan Musayevanın sahəsinə gəldik. Ölkə kommunistlərinin başçısı bu qızla mehribancasına görüşdü, başına sığal çəkdi, işlərini soruşdu və sonra: — Buyur, maşınını işə sal, düş yola, — dedi.

Tərlan xanım ox kimi sıçrayaraq sükan arxasına keçdi, ağ örpəyə bürünmüş dənizi xatırladan pambıq tarlası ilə irəli şütüdü. Ucu–bucağı görunməyən tarlanın o biri başına çatana qədər o, bir dəfə bunkerini “ağ qızılla” doldurub onu müşayiət edən yük maşınına boşaltdı. Hamımız Tərlan xanımın qayıdıb gəlməsini gözləyərkən, sükutu xalq şairi Nəbi Xəzri pozdu. O, Heydər Əliyevin icazəsi ilə yenicə yazdığı və ona həsr etdiyi “Qəhrəmanlıq nəğməsi” şeirini oxudu:

Şeirin yaratdığı xoş ovqat ortalığı tərk etməmiş Tərlan xanım “mavi gəmi”sinin bunkerini ikinci dəfə pambıqla doldurub qayıtdı. Heydər Əliyev bu utancaq qızı öz doğma balası kimi bağrına basaraq əməyinə yüksək qiymət verdi, gələcək işində və şəxsi həyatında uğurlar dilədi.

Beləliklə, Heydər Əliyevin Bərdə rayonu ərazisində 14 saatdan artıq çəkən gərgin və demək olar ki, istirahətsiz iş günü başa çatdı. Həmin gün biz onu Bakıya yola salmaq üçün Yevlağa gələndə səhər qarşıladığımız kimi gümrah olduğunu, heç bir yorğunluq hiss etmədiyini gördük. Çünki adəti üzrə, xüsusilə kənd yerlərində zəhmət adamları ilə iş başında görüşməkdən o, həmişə böyük zövq alırdı. Sadə insanlarla bu cür səmimi görüşlər ona yorğunluq deyil, əksinə, gümrahlıq gətirirdi.

Bir dəfə Heydər Əliyevlə bağlı çox monumental kitabların müəllifi olan Elmira xanım Axundova ilə söhbətimizdə soruşdu ki, deyilənə görə, Heydər Əliyevdə çox güclü yumor hissi vardı, müşahidə etməmisinizmi? Onda mən iştirakçısı olduğum bu hadisəni danışdım.

DTO–nın yarım əsrlik yubileyi 1970–ci ilin aprel günlərində qeyd olundu. Azərbaycan çekistlərinin peşə bayramının rəsmi hissəsi lazımi səviyyədə qeyd olundu. Ertəsi günü respublika rəhbəri Heydər Əliyevin adından 100 nəfərlik ziyafət təşkil olunmuşdu. Dəvətlilərdən 50 nəfəri respublikanın partiya, hökumət və parlamentinin rəhbər işçiləri, nazirlər və Bakı hərbi qarnizonunun yüksək rütbəli komandanları, 50 nəfəri isə DTK mərkəzi aparatının rəhbər işçiləri və rayon şöbələri rəisləri idi. Tədbir Bakının Dağüstü parkındakı “Drujba” restoranında keçiriləcəkdi. Deyilən vaxtda hamımız toplaşmışdıq.

Bir azdan MK–nın birinci katibi Heydər Əliyev də gəldi, bütün qonaqlarla əl verib görüşdü və bayram münasibətilə hamını təbrik etdi. Sonra isə qonaqlar restorana dəvət olundular. Hamı öz yerini tutandan sonra Heydər Əliyev yanında əyləşmiş Nazirlər Sovetinin sədri Əli İbrahimova müraciətlə:

— Əli İsmayloviç, kimi gözləyirik? Ziyafəti açın, çekistlərimizi təbrik edin ki, camaat işə başlasın.

Ə.İbrahimov hamıya “xoşgəldin” eləyib təklif etdi ki, bugünkü məclisi idarə etməyi ömrünün böyük bir hissəsini bu orqanlarda ləyaqətlə xidmət etmiş, sıravi əməkdaşlıqdan general rütbəsinə qədər yol keçmiş, MK–nın birinci katibi Heydər Əliyeviçdən xahiş edək.

Heydər Əliyev incə bir yumorla:

— Xeyr, Əli İsmayloviç, ziyafətin pulunu kim ödəyəcəksə, məclisə rəhbərliyi də o etməlidir.

Əli İbrahimov da dərhal “çıxış yolu” tapdı:

— Heydər Əliyeviç, and içirəm ki, bu ziyafətin pulunun ödənilməsi barədə sərəncama mən yox, birinci müavinim İsmayıl Əliyeviç qol çəkib, — deyərək uzun illər Neft–Kimya İnstitunun rektoru işləmiş akademik İsmayıl İbrahimovu göstərdi.

Heydər Əliyev zarafatının “duzunu” bir az da artırdı:

— Siz deyən sərəncama kimin qol çəkməsinin nə mənə, nə də başqa yoldaşlara aidiyyəti yoxdur. Məclisi sizin ikinizdən biriniz idarə etməlisiniz.

Respublikanın rəhbəri ilə hökumət başçısı arasındakı bu cür yaddaqalan, ürəkaçan dialoqdan sonra ziyafəti akademik İsmayıl İbrahimov apardı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaranmış xoş ovqat məclisin sonuna kimi davam etdi. Belə bir böyük insan, şəxsiyyət idi Heydər Əliyev.

Mingəçevir şəhərində 10 ildən artıq işlədikdən sonra 1981–ci ilin yanvarından DTK–nın mərkəzi aparatında hərbi xidmətimi davam etdirdim. 1987–ci ildə isə istefaya çıxdım. Heydər Əliyev ikinci dəfə respublika rəhbərliyinə qayıdanda mən artıq istefada idim. Bu müddət ərzində onunla xidməti təmas və görüşlərim, demək olar ki, olmayıb. Ancaq həyat ona görə maraqlıdır ki, xoş sürprizlərsiz ötüşmür.

1995–ci il avqustun ortalarında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Bəkir Bəxtiyarovdan avqustun 24–də keçiriləcək tədbirdə iştirak etmək üçün dəvət aldım. Bir neçə nəfərlə yığışıb getdik.

Tədbir öncəsi Bəkir müəllim bizi kabinetində qəbul etdi. Tədbirin təfərrüatını açıqlamasa da, şəhər rəhbərliyi, veteranlar, ictimaiyyət və ziyalıların birgə istəyi ilə hazırlandığını bildirdi. Sonra böyük iclas zalına dəvət olunduq. Burada şəhərin idarə, təşkilat, sənaye müəssisələrinin rəhbərləri, ziyalılar və mənə daha yaxın olan müharibə və əmək veteranları toplaşmışdı. Burada hər şey əyan oldu. Demə, qədirbilən mingəçevirlilər mənim 70 illik yubileyimi qeyd etmək üçün dəvət edibmişlər. Başçının müavini M.Hacıyev haqqımda çıxış etdi. Sonra vaxtilə Mingəçevirdə rəhbər vəzifələrdə işləmiş insanlar, şəhər hüquq–mühafizə orqanlarının rəhbərləri və mənimlə Bakıdan gəlmiş həmkarlarım ürək sözlərini söylədilər. Prezident yanında Xüsusi İdarənin rəisi polkovnik Elman Qəmbərov mənim 70 illik yubileyim və “Mingəçevirin fəxri vətandaşı” adını almağım münasibətilə ölkə başçısı Heydər Əliyevin təbriklərini çatdırdı. Deməli, ulu öndər öz kadrını unutmamışdı. Həmin gün mənə elə bil bütün dünyanı bağışladılar.

Prezident Heydər Əliyevin ömrünün 25 ildən artığını həsr etdiyi Respublika Dövlət Təhlükəsizlik orqanlarının şəxsi heyəti və veteranları ilə 1997–ci ildə, MTN–nın inzibati binasında, təntənəli şəraitdə, həm də sonuncu görüşü əlamətdar hadisə kimi yaddaşımızda əbədi yaşayacaqdır.

Heydər Əliyev 20 mart 1997–ci il tarixli sərəncamı ilə martın 28–ni MTN işçilərinin peşə bayramı günü kimi təsis etdi. Həmin əlamətdar günlə bağlı Prezidentin çekistlərlə görüşü də planlaşdırılmışdı. Sonradan məlum oldu ki, onun iş qrafiki gərgin olduğu üçün görüş bir qədər ertələnir. Nəhayət, düz üç ay sonra, 1997–ci il iyunun 28–də ölkə prezidentinin iştirakı ilə həmin peşə bayramı MTN–nin inzibati binasının böyük iclas zalında baş tutdu. Bu mərasimdə prezident Heydər Əliyev çox geniş olduğu qədər də, maraqlı nitq söylədi.

MTN–nin inzibati binasında bayram əhval–ruhiyyəsi şəraitində respublika rəhbəri və Ali Baş Komandan Heydər Əliyevlə bu bizim son görüşümüz oldu.

 

 

Bəxtiyar SÜLEYMANLI,

Milli Təhlükəsizlik Orqanları

veteranı, Azərbaycan

Jurnalistlər Birliyinin üzvü.

 

Respublika.-2013.-10 may.-S.15.