Xalqın ulu öndərə sevgisi tükənməzdir

 

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev böyük uzaqgörənliklə: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam. Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”, – dedi və xalqımız qarşısında göstərdiyi möhtəşəm xidmətlərinə görə tarixdə əbədi yaşamaq haqqı qazandı. O, sözün əsl mənasında Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi.

Heydər Əliyev müasir Azərbaycanın yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. O, 34 illik rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, onun siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı. Vətənimizin ən ağır vaxtlarında, ən çətin məqamlarında belə onu təklənməyə, dağılmağa qoymadı.

Azərbaycan xalqı fəxr edə bilər ki, onun layiqli övladı Heydər Əliyev uca zirvəni hələ sağlığında ikən fəth etmişdi. Zəkası, zəngin həyat və idarəçilik təcrübəsi, hədsiz çalışqanlığı sayəsində layiqli nüfuz qazanan Heydər Əliyevin adı beynəlxalq birlikdə sayılıb seçilən qəbul edilən və dərin ehtiram bəslənilən siyasətçilərin sırasında çəkilir. Ulu öndər böyük siyasətçi, görkəmli dövlət xadimi kimi səciyyələndirən əsas cəhət isə milliliyi, xalqına qəlbən bağlı olmasıdır.

Ötən əsrin 60–cı illərindən etibarən Heydər Əliyev şəxsiyyəti xalqımızın tarixi taleyinə günəş timsallı ilahi bir nur kimi doğdu. Azərbaycan həmin illərdə keçmiş Sovet İttifaqının iqtisadi cəhətdən geridə qalmış, ağır sosial şəraitə və geriliyə düçar olmuş bir əyaləti sayılırdı. Respublikaya rəhbərlik edən şəxslər milli mənafeləri dövrün siyasi–ideoloji tələbləri ilə heç cür əlaqələndirə bilmir, xalqın güzaranının yaxşılaşdırılmasına təşəbbüs göstərmirdilər. Həmin dövrdə sərt və ciddi rejimli təşkilat olan dövlət təhlükəsizliyi orqanlarının sıralarında Heydər Əliyev kimi vətənpərvər, millət təəssübü çəkən, analitik təfəkkürə və parlaq zəkaya malik bir rəhbərin əsl sərkərdənin yetişdiyindən respublikanın sadə vətəndaşları xəbərsiz idilər. Adi zəhmətkeş bir ailədən çıxmış azərbaycanlı gəncin bu orqanlarda vəzifə pillələri ilə irəliləməsi, general rütbəsinə yüksəlməsi təsəvvürə gəlməyəcək dərəcədə çətin iş idi. Bu dahi şəxsiyyətin böyük və mənalı ömrünü göz önündə canlandırdıqca bir daha əmin olursan ki, Heydər Əliyev Tanrının seçdiyi və sevdiyi, qeyri–adi istedad bəxş etdiyi nadir insanlardandır. Heç təsadüfi deyildir ki, bu gün ulu öndərimiz, dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyevin adı bəşər tarixinin yaddaşında əbədi iz qoymuş fatehlərlə bir sırada çəkilir.

1969–cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi Azərbaycanın taleyində və tarixində dönüş nöqtəsi oldu. Onun təşəbbüsü ilə xalqımızın mənəvi–əxlaqi dəyərlərə söykənən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi milli ruhun və özünüdərkin oyanışını sürətləndirdi. Heydər Əliyev milli qürur hissinin güclənməsini, milli şüurun yüksəlməsini sosial–iqtisadi və mədəni həyatın bütün sahələrində sürətli inkişafın təkanverici qüvvəsi kimi görürdü, bu qüvvəni böyük bir cəsarətlə hərəkətə gətirməyi bacardı. Tarixi hadisələrin sonrakı gedişi də sübut etdi ki, məhz Heydər Əliyevin respublika rəhbəri kimi 1969–1982–ci illərdə gördüyü işlər gələcəkdə milli dövlətçilik ideyalarının hərəkətverici qüvvəyə çevrilməsi və cəmiyyətin bir ideya ətrafında səfərbər olması üçün münbit zəmin yaratmışdır. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi–psixoloji mühit iqtisadi tərəqqiyə, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. 1969–1982–ci illərdə baş verən dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin, sözün həqiqi mənasında ən parlaq səhifələridir. Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası hələ 1970–1980–ci illərdə təməli Heydər Əliyev tərəfindən qoyulmuş güclü potensiala əsaslanır.

Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993–cü il iyunun 15–də ümummilli liderimizin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ölkəmizi bir dövlət kimi məhv olmaq təhlükəsindən xials etdi. Ona görə də həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1969–1982–ci illərdə Azərbaycana uğurla başçılıq edən, 1982–1987–ci illərdə SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində önəmli yer tutaraq adını dünyanın XX əsr siyasi tarixinə qızıl hərflərlə yazan Heydər Əliyevin respublikamızda hakimiyyətə qayıdışı xalqımızın israrlı tələbi, o zamankı iqtidarın və digər ictimai–siyasi qüvvələrin təkidli xahişləri nəticəsində baş verdi.

1991–ci ilin oktyabrında dövlət müstəqilliyini ikinci dəfə qazanmış müstəqil rsepublikamız 1993–cü ilin iyununa qədərki müddətdə çoxsaylı dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarla qarşılaşmışdı. 1993–cü ilin iyununda böhran son dərəcə kəskinləşmişdi. Belə vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Həmin vaxt hamının nəzərləri Naxçıvana dikildi. Azərbaycanın yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olacağına heç kim şübhə etmirdi. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi. Heydər Əliyevin ölkənin tarixində oynayacağı rolu da, onun gücü də hamıya bəlli idi. Ulu öndərimiz 1993–cü il iyunun 9–da Naxçıvandan respublika patyaxtına gəldi və iyunun 15–də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi.

Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı siyasi–iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi.

Qısa zaman kəsiyində müdrik rəhbərin həyata keçirdiyi tədbirlər nətiəcsində cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Bununla da respublika ərazisində stabil, normal həyat bərqərar oldu.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası olduqca xüsusi əhəmiyyət kəsb edir. 1994–cü il sentyabrın 20–də düynanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” 1994–cü il noyabrın 18–də ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş müstəqil Azərbaycanın iqtisadi inkişafında müstəsna rol oynadı.

Respublikamız BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların üzvüdür. NATO və Avropa Birliyi ilə səmərəli və işgüzar əlaqələr qurulub. ABŞ başda olmaqla yaradılmış terrorçuluğa qarşı ümumdünya mübarizəsi koalisiyasının fəal üzvüdür. Ulu öndərimiz Heydər Əliyev yaratdığı iqtisadi–siyasi bazaya əsaslanaraq tam arxayınlıqla deyirdi: “İnanıram ki, Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirəlin bu sözlərini xatırlamaq yerinə düşərdi: “Heydər Əliyev Azərbaycana demokratik seçkiləri gətirmişdir. Demokratiya o qədər də asan məsələ deyildir. Kommunist ssitemindən, marksist sistemdən bazar iqtisadiyyatına və demokratiyaya keçmək çox çətin bir prosesdir. Heydər Əliyev bu prosesin bünövrəsini qoymuşdur. Zəruri islahatların müəllifidir”…

Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində ulu öndərimiz Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış inkişaf etmişş və öz tarixi Vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasının öz Vətəni sayması, onu milli ruhun, milli–mədəni dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.

Heydər Əliyev dühası dünya azərbaycanlılarının milli birliyinin yaranmasında fövqəladə rol oynamışdır. Ümummilli liderin dövlətçilik konsepsiyasının strateji xəttini də məhz azərbaycançılıq ideyası təşkil edirdi.

Prezident cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 2013–cü il yanvarın 21–də imzaladığı sərəncamda deyilir: “Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün 1993–cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə vermişdir”.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Humanizm və mərhəmət yönümlü sosial problemlərin həyata keçirilməsində misilsiz xidmətləri olan Milli Məclisin deputatı Heydər Əliyev Fondunun Prezidenti YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ulu öndərin ideyalarının həyata keçirilməsi sahəsində fəaliyyəti də ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Bu da xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev ömrünün məntiqi davamı kimi qiymətləndirilməlidir.

Zaman kedikcə Heydər Əliyev ucalığını Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha qabarıq və aydın görürük. Ulu öndərin müəyyən etdiyi strateji kursla gedərək ölkə həyatının bütün sahələrində böyük uğurlar qazanan xalqımız öz müdrik və dahi oğlunun xatirəsini daim minnətdarlıqla anacaq və yaşadacaqdır.

 

 

Şahmar İBADOV,

Nərimanov Rayon İcra Hakimiyyəti

başçısının müavini.

 

Respublika.-2013.-10 may.-S.16.