Azərbaycanın milli iqtisadi
inkişaf modelinin müəllifi
Minilliklərin sınağından çıxmış
təcrübə göstərir
ki, yüksək dövlətçilik və
idarəçilik təfəkkürünə
malik lideri olmayan xalqlar nəinki dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə
silinmək təhlükəsi
ilə üzləşmişlər. Milli dövlətçiliyin qorunması
və möhkəmləndirilməsi
təkcə tarixi şans və milli iradə ilə deyil, həm də lider amili ilə
şərtlənir. Hər bir
liderin siyasi iradəsindən bir çox məsələlər,
ilk növbədə, onun
təmsil etdiyi ölkənin taleyi asılıdır. Ümummilli liderimiz
Heydər Əliyev məhz belə fenomenal liderlərdəndir.
Ötən əsrin 60–cı illərinin sonunda ulu öndər
Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli
çəkilməsi xalqa özünün zəngin dövlətçilik
ənənələri əsasında gələcək
müstəqilliyinə etibarlı zəmin formalaşdırmaq
şansı yaratmışdı.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev 21 yanvar 2013–cü il tarixli “Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi haqqında” sərəncamında ümummilli liderimizin
ölkəmizin və xalqımızın taleyində
oynadığı mühüm rolu xüsusi qeyd olunur: “Dahi
Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətimizin
tarixində müstəsna yeri vardır. Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başlamış və dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə
çevrilmişdir”.
Dövlət
müstəqilliyimizin bərpasından ötən illəri təhlil
edərkən bir daha əminliklə söyləmək olar ki,
həqiqətən də tarixin millətə verdiyi
şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin
iştirakı ilə reallaşdırmaq mümkündür.
Bu mənada, Mustafa Kamal Atatürkün Türkiyə, Şarl
de Qollun Fransa üçün etdiklərini Heydər Əliyev
ən çətin məqamlarda öz Vətəni və
xalqı naminə edib. Nadir hallarda yetişən belə
dühalar özləri tarix yaradırlar. Azərbaycan
xalqının böyük oğlu, dünya şöhrətli
siyasətçi və dövlət xadimi Heydər Əliyev məhz
tarixi yaradan dahi şəxsiyyət idi. Müasir tariximizin 34
illik bütöv bir epoxası, bu illərdə
xalqımızın ictimai–siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrində inkişaf və dirçəlişi
ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti
ilə bağlıdır.
Tarixə
Heydər Əliyev epoxası kimi daxil olmuş illər
yaddaşlarda böyük quruculuq, sabitlik, inkişaf və tərəqqi
dövrü kimi qalıb. Ulu öndərin rəhbərliyi
altında respublikanın dinamik inkişafı
üçün kompleks proqramların işlənib
hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təsəbbüskarlıq
və tükənməz enerji istər 70–80–ci illəri, istərsə
də 93–cü ildən sonrakı dövrü xarakterizdə edən
əsas amillərdir. İndi tam əminliklə söyləmək
olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi
müstəqilliyi, günbəgün artan xarici iqtisadi əlaqələri,
respublikamızın Avropa məkanına geniş inteqrasiyası
hələ 1970–1985–ci illərdə təməli qoyulmuş
potensiala söykənir. Bütün bunlar ona gətirib
çıxardı ki, ölkədə aparılan mütərəqqi
dövlət quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarilə yeni bir modeli—Azərbaycan
modeli formalaşdı. Bu iqtisadi inkişaf modelinin fərqləndirici
xüsusiyyətlərini isə inkişaf üzrə müəyyən
olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi,
iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə
alan, gələcəyə hesablanan cəsarətli qanunların
qəbul olunması, milli mentalitetin nəzərə
alınması və mütərəqqi dünya təcrübəsinə
əsaslanması təşkil edir. XX əsrin 90–cı illəri
modernləşmənin yeni mərhələsi, cəmiyyətin
iqtisadi transformasiyası illəri kimi tarixə
düşmüşdür. Bu dövrdə mahiyyət etibarilə
tamamilə yeni Azərbaycan yaranmışdır.
Bu gün
müstəqil Azərbaycanın yaşaması, dünyada
qüdrətli bir ölkə kimi təşəkkülü
üçün məhz Heydər Əliyevə borcluyuq.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcək
iqtisadi inkişaf strategiyası barədə danışarkən
demişdir: “Müstəqil Azərbaycan Respublikasının
qarşısında duran əsas vəzifələrdən biri
respublikanın dövlət quruculuğunu təşkil etməkdir.
Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan
etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda
demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan
dövləti demokratik prinsiplər əsasında fəaliyyət
göstərməlidir, öz tarixi ənənələrindən
bəhrələnərək, dünya demokratiyasından,
ümumbəşəri dəyərlərdən səmərəli
istifadə edərək demokratik dövlət quruculuğu yolu
ilə getməlidir”. Heydər Əliyev öz müdrik siyasəti,
dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində
milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail omuşdur.
1993–cü ilin iyun ayında Azərbaycanda cərəyan edən hadisələr dövlətçiliyimizi və müstəqilliyimizi böyük təhlükə qarşısında qoymuşdu. Siyasi və iqtisadi böhranla üzləşmiş ölkəmizdə vəziyyət son dərəcə ağır və çıxılmaz idi. Azərbaycan özünün çox çətin bir dövrünü yaşayırdı. Respublikamızın bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. Ölkədə xaos, özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Azərbaycan dağılıb parçalanmaq təhlükəsi ilə üz–üzə qalmışdı. Hakimiyyətsizlikdən cana yığılan xalq ayağa qalxdı və nicatını yalnız böyük siyasətçi Heydər Əliyevdə görərək, onu təkidlə Bakıya, ölkə rəhbərliyinə dəvət etdi. Öz xalqının çağırışına heç vaxt biganə qalmayan dahi rəhbər xalqının səsinə səs verdi. 1993–cü il iyunun 9–da Bakıya gəldi və iyunun 15–də Ali Sovetin sədri seçildi. Həmin gün müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qeyri–qanuni silahlı qüvvələri zərərsizləşdirdi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Qısa bir zamanda iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdi. Ölkədə siyasi sabitlik bərqərar oldu.
Ölkə iqtisadiyyatının məhz iqtisadi metodlarla idarə olunması, bazar iqtisadiyyatı münasibətlərinin düzgün qurulması Heydər Əliyevin gərgin əməyi və müstəsna şəxsi rolu sayəsində mümkün oldu.
Dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994–cü il sentyabr ayının 20–də dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır.
1993–1995–ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması, dünya iqtisadiyyatına inteqrasiya dövrü kimi yazıldı. Azərbaycanda ilk milli Konstitusiya ümumxalq səsverməsi ilə qəbul edildi, mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı. Milli və ümumbəşəri dəyərlərə söykənən yeni ideologiyanın əsası qoyuldu. Ulu öndər bəyan etmişdi: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa–olsun, yalnız və yalnız Azərbaycan Respublkasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.
Azərbaycanda milli diaspor quruculuğu prosesinin reallaşdırılması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin beynəlxalq imicinin formalaşmasına, mövqelərinin güclənməsinə, milli diaspor hərəkatının geniş vüsət almasına, dünyaya səpələnmiş vətəndaşlarımızın vahid bir ideya ətrafında birləşməsinə çalışmış, bu işə böyük diqqət və qayğı ilə yanaşmışdır. Böyük strateq olan Heydər Əliyev öz çıxışlarında hər zaman xüsusi qeyd edirdi ki, xarici ölkələrdə güclü diaspor və lobbi formalaşdırmadan xarici siyasətdə qarşıya qoyulmuş strateji hədəflərə çatmaq, milli maraq və mənafeləri beynəlxalq müstəvidə layiqincə müdafiə etmək mümkün deyildir. Bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsi Azərbaycanın xarici siyasət doktrinasının prioritet istiqamətinə çevrilmiş, ulu öndər Heydər Əliyev müxtəlif ölkələrə səfəri zamanı soydaşlarımızla olan görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji–siyasi konturlarını müəyyənləşdirmişdir. Dünya azərbaycanlılarının I qurultayında ulu öndərin proqram xarakterli nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: “Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimizin ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik”.
Azərbaycanın Avropa Şurasına daxil olması Heydər Əliyevin xarici siyasət fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edirdi. Bu yolda aparılan uğurlu fəaliyyət öz bəhrəsini verdi. 2001–ci ilin yanvarında Azərbaycan bu mötəbər təşkilata tamhüquqlu üzv olaraq Avropa dövlətləri sırasına daxil oldu.
Dahi öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri də nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yenidən qurulması olmuşdur. Onun həyata keçirdiyi nəqliyyat siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz yollarının inkişafı, ən mühümü isə milli nəqliyyat sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası durmuşdur. Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin güclənməsi üçün TRASEKA, Şimal–Cənub Proqram layihələri həyata keçirilib.
Məhz Heydər Əliyevin apardığı uğurlu nəqliyyat siyasəti nəticəsində TRASEKA dəhlizi üzrə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən–ilə artır. Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş nəqliyyat siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmiz nəqliyyat sektorunda böyük uğurlar əldə edib. Bunlardan ən böyüyü Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin həyata vəsiqə almasıdır. Bu dəmir yolunun istifadəyə verilməsi xalqımızın taleyində mühüm rol oynayacaqdır.
Ulu öndərin öz xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri də müəyyənləşdirdiyi milli inkişaf kursunu, milli inkişaf strategiyasını özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirməsidir. Böyük öndər 2003–cü ilin oktyarında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün Azərbaycan Prezidenti bu ümidləri layiqincə doğruldur, ulu öndərin siyasi və iqtisadi inkişaf kursunu qloballaşan dünyanın tələblərinə uyğun şəkildə davam etdirir. Məhz bunun nəticəsidir ki, ölkəmiz sürətlə inkişaf edir, dünyada iqtisadi artımına görə ön sıralardadır, dünya birliyində özünə layiqli yer tutub. Ölkəmizin dünyada qazandığı ən böyük uğurlarından biri də Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri–daimi üzv seçilməsidir.
Bu gün Azərbaycanda böyük öndərimizin parlaq ideyaları yaşayır, inamla həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub inkişaf etdirmək və yaşatmaqdır.
Məhərrəm
Məmmədov,
fəxri dəmiryolçu,
iqtisadçı–ekspert.
Respublika.-2013.-10 may.-S.18.