Xalqının tarixi
taleyi ilə yaşayan dahi insan
Müdrik
insanlar deyiblər ki, dünya gülümsər çöhrələrin
üzərində qərar tutur. Həyat isə günəşdən
və sevgidən güc alır. Yəqin ona görədir ki,
işıqlı insanlar tarixin bütün dövrlərində
millətinə və xalqına gərək olur. Belə
insanlar Tanrı tərəfindən seçilmişlərdir.
Tarixin səhifələrini vərəqləyəndə
görürsən ki, dünyada mövcud olan bütün
xalqlar və millətlər müəyyən mərhələlərdə
ciddi sual qarşısında qalırlar. Həmin məqamda
yalnız çevik zəka, güclü iradə, uzaqgörənlilik
və qətiyyətlilik əsas rol oynayır. O zaman xalqın
arasından belə bir tarixi şəxsiyyət ortaya
çıxır və yaranmış problemləri həll
etmək üçün meydana atılır. Hər dəfə
ulu öndər Heydər Əliyev və onun
xalqımızın taleyində gördüyü misilsiz
işlər barədə düşünəndə
bugünkü müstəqil Azərbaycan gözlərimin
önünə gəlir. Artıq möhkəm özül
üzərində dayanmış dövlətçiliyimiz,
dünyaya açılan qapılar, millətimizi uğurlu gələcəyə
aparan aydın, işıqlı yol—bu reallıqların hər
birində ümummilli liderimizin danılmaz xidmətləri var.
Ulu öndər özünün dediyi kimi bütün
gücünü və iradəsini yalnız müdrik və qədirbilən
xalqından almış, ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə xalqa
arxalanmışdır.
Tanrının
xalqımıza bəxş etdiyi bu dahi şəxsiyyət
arzularında yaşatdığı Azərbaycanı hələ
respublikaya birinci rəhbərliyi dövründən qurmağa
başlamışdı. O, Azərbaycan dövlətinin rəhbəri
kimi işə başladığı ilk günlərdən
bütün fəaliyyətini bu istiqamətə yönəltmişdi.
Öz üzərinə götürdüyü rəhbərlik
missiyasını Azərbaycan elminin, mədəniyyətinin,
iqtisadiyyatının inkişafına həsr etmişdi. Bu dahi
şəxsiyyətin milli–mənəvi dəyərlər məsələsində
irəli sürdüyü prinsiplər, bu problemin həlli ilə
bağlı müəyyənləşdirdiyi düzgün yol
bu gün də uğurla davam etdirilir. Ulu öndər
deyirdi:”Xalqı, dövləti sevmək azdır, gərək
onu qoruyasan, onun üçün çalışasan,
bütün qüvvəni millətin, ölkənin
inkişafına həsr edəsən”. Heydər Əliyevin
1970–ci ildən Azərbaycanın sosial–iqtisadi, mədəni
yüksəlişi üçün həyata keçirdiyi tədbirlər,
milli şüurun oyanışı istiqamətində
ardıcıl olaraq apardığı siyasət olmasaydı, yəqin
ki, bugünkü müstəqil Azərbaycan dövlətinin
varlığı şübhə altında qalardı. O zaman
ümummilli liderimizin istər elm, təhsil, səhiyyə, kadr
hazırlığı, istərsə də, sosial–iqtisadi sahələrdə
həyata keçirdiyi məqsədyönlü tədbirlərin
uğurlu nəticələri bir neçə on ildən sonra
ölkəmizin müstəqil dövlət kimi
varlığına zəmin yaratmışdı. Məhz belə
bir zəmin üzərində SSRİ–də yaranmış
tarixi şəraitdən bəhrələnən
xalqımız öz haqqını qorumaq məqsədilə
mübarizəyə qalxdı və əsrlərlə
arzuladığı dövlət müstəqilliyinə
qovuşdu. Ulu öndər belə bir zamanda xalqın təkidli
tələbi ilə ölkənin siyasi rəhbərliyinə
qayıdaraq dövlətçiliyimizi daxili və xarici təhlükələrdən
xilas etdi. Azərbaycanda vətəndaş
qarşıdurması dayandırıldı. Qeyri–qanuni
silahlı birləşmələr zərərsizləşdirildi.
Ölkədə ictimai–siyasi sabitlik yaradıldı. Xarici
dövlətlər və beynəlxalq təşkilatlarla
münasibətlər qaydaya salındı.
2003–cü
ilin oktyabr ayında xalqımıza müraciətində ulu
öndər demişdi: “Mənim Azərbaycan respublikasına
bütövlükdə rəhbərliyimin 34, müstəqil
Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin
isə 10 ili tamam oldu. Bu illərdə istər bir azərbaycanlı,
Azərbaycan Respublikasının vətəndaşı, istərsə
də onun rəhbəri, Prezidenti kimi mənim həyat
amalım yalnız sizə—bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinizə,
ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına
xidmət olmuşdur”. Ulu öndər həmişə
xalqımızı belə yüksək qiymətləndirmiş,
millətimizə xidməti ən böyük xoşbəxtlik
kimi dəyərləndirmişdir. Bu gün qısa müstəqillik
tarixi ərzində böyük inkişaf yolu keçmiş
Azərbaycanı ümummilli liderimizin şah əsəri
adlandıranlar tamamilə haqlıdırlar.
Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə daim ağır sosial bəlaya çevrilmiş korrupsiya və rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsinə qarşı mübarizə aparmış, əxlaqi–mənəvi dəyərlərin qorunmasına, qayğı göstərmişdi. İmkansız ailələrin övladlarının hüquq fakültəsində təhsil almalarına imkan yaradan xüsusi sərəncam imzalayanda xalqımızın vətəndaşlıq hüquqlarının qorunmasına “Qoy ədalət zəfər çalsın” mövqeyindən yanaşmışdı. Ulu öndərin respublikaya rəhbərlik etdiyi dövrlərdə onun xalqa göstərdiyi xidmətlərdən biri də ölkədə milli kadr potensialının gücləndirilməsi, müxtəlif sahələrdə ehtiyac duyulan nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması üçün atdığı konkret və cəsarətli addımlardan ibarət idi. Ölkə iqtisadiyyatının davamlı inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili sahələri gücləndirildi. Minlərlə azərbaycanlı gənc müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün SSRİ–nin ən nüfuzlu ali məktəblərinə göndərilirdi.
Bu gün əksər vətəndaşlar, ziyalılar, müəllimlər, alimlər tərəfindən etiraf edilir ki, ulu öndərin respublikamıza rəhbər gəlməsi ilə sovetlər dövrünün son onillik Azərbaycan cəmiyyəti milli şüurun formalaşması baxımından daha aktiv, məhsuldar bir mərhələyə qədəm qoymuş, 60–cı illərin sonu, 70–ci illərin əvvəllərindən başlayaraq ölkə bütün sahələr üzrə görünməmiş sürətlə inkişaf etmiş, ədəbiyyat, incəsənət, təhsil məsələləri iqtisadi sahələrlə bərabər ön plana çəkilmişdir. Həmin illərdə dahi şəxsiyyətin xalq üçün, dövlət üçün gördüyü genişmiqyaslı işlərdən belə qənaətə gəlmək olurdu ki, Sovet dövrünün müəyyən qadağalarına baxmayaraq xalqın ədəbiyyatını, mədəniyyətini inkişaf etdirib yüksəklərə qaldırmaq üçün ona həqiqətən də qətiyyətli, iradəli müdrik, uzaqgörən dövlət başçısı lazımdır.
1982–ci ildə ulu öndər öz bacarığı, istedadı, idarəçilik məharəti, işgüzarlığı sayəsində ittifaq rəhbərliyinə yüksəldi. O, dünyanın ən nəhəng dövlətlərindən biri olan SSRİ–nin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. Ümummilli lider ittifaqın bütün sənayesinə, iqtisadiyyatına, təsərrüfatına, elminə, təhsilinə, mədəniyyətinə, səhiyyəsinə, tikintisinə, strateji sahələrinə rəhbərlik etməklə ölkəmizin adını dünyada tanıtdı.
Heydər Əliyev Moskavada fəaliyyəti zamanı respublikamızı da unutmamışdı. Həmin illərdə mərkəzdən ölkəmizə ayrılan vəsaitin həcmi dəfələrlə artırılmış, respublikada gedən quruculuq işlərinə daha geniş zəmin yaranmışdı. 1991–ci ildə Azərbaycan özünün müstəqilliyini elan etsə də, suverenliyimiz əslində kağız üzərində mövcud idi. 1993–cü ildə yalnız ulu öndərin uzaqgörənliyi, müdrikliyi, iradəsi sayəsində ölkəmizi fəlakətə aparan təhlükəli proseslərin qarşısı alındı. Ümummilli liderimiz Vətəni düçar olduğu bəlalardan xilas etdi. Dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Tanrının ona bəxş etdiyi fədakarlığı sayəsində xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı. Dövlətçiliyimizə qarşı qəsdlər hazırlayan cinayətkarlar zərərsizləşdirildi. Vətəndaş həmrəyliyi yaradıldı. Bütün bunlar ölkəmizdə ardıcıl olaraq hüquqi dövlət quruculuğunun möhkəmlənməsinin əsasını qoydu. Ulu öndərimiz ölkənin gələcək inkişaf istiqamətlərindən danışarkən deyirdi: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruluşunu təşkil etməkdir. Bizim yolumuz aydındır. Bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
1995–ci il noyabrın 12–də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə respublikamız hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha dünyaya nümayiş etdirdi. Sonrakı illərdə ulu öndərin iradəsi ilə insan hüquq və azadlıqlarının qorunması istiqamətində mükəmməl qanunlar qəbul olundu.
Bütün bunlarla yanaşı ulu öndərimiz elmin, təhsilin böyük hamisi idi. O çıxışlarında deyirdi ki, təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Ulu öndər ölkənin sosial–iqtisadi sahələrində təhsilin həlledici rola malik olduğunu nəzərə alaraq onun cəmiyyətin inkişafındakı rolunu daim önə çəkirdi: “…təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq”.
Ümummilli liderimiz Azərbaycan təhsilinin milli zəmində, soykökümüzə, adət–ənənələrimizə, tariximizə uyğun olaraq qurulmasını, proqram və dərsliklərin müstəqillik dövründə yenidən işlənib hazırlanmasını təhsil müəssisələri rəhbərlərinin qarşısında mühüm vəzifə olaraq yerinə yetirilməsini tövsiyə edirdi. Müstəqil dövlət quruculuğunda, bu sahənin əvəzsiz rolunu çıxışlarında dönə–dönə qeyd edən ulu öndər gənc nəslin milli və ümumbəşəri dəyərlər zəminində tərbiyə olunması və təhsil alması məsələlərinə çox ciddi diqqət yetirirdi.
Ümummilli liderimiz gənclərin təhsilindən, tərbiyəsindən danışarkən xüsusi olaraq qeyd edirdi: “Gərək hər bir insan, xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli–mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, azərbaycançılığın, mənsub olduğu Azərbaycan xalqının, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu çox mühüm məsələdir… Bu gün bizim təhsilimiz də, mədəniyyətimiz də məhz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək əsil vətəndaş tərbiyə olunması prosesinə cəlb edilməlidir”. Bütün bu deyilənlərin bariz nəticəsi olaraq hələ 1970–80–ci illərdə Heydər Əliyevin qayğısı nəticəsində 350 mindən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdi. 1984–87–ci illərdə ulu öndərin rəhbərliyi ilə “Ümumtəhsil və peşə məktəbi islahatının əsas istiqamətləri’ndə nəzərdə tutulan bir çox məsələlər həyata keçirildi.
Onu da deyim ki, məhz ulu öndərin təhsilə və peşə təhsili sisteminə diqqət və qayğısı sayəsində 1970–ci illərdə Azərbaycanın texniki–peşə təhsili özünün yeni yüksəliş dövrünə qədəm qoymuşdu. Onların sayı 1970–ci ildə 76, 1982–ci ildə isə 182–yə çatdırılmışdı. Ölkədə texniki peşə təhsilinin təkrarsız, zəngin şəbəkəsinin yaradıcısı olan ulu öndərin göstərişi ilə mən 1982–ci ildən bu gün rəhbərlik etdiyim 13 saylı Bakı Peşə Məktəbinə direktor təyin olundum. Çox sevindirici haldır ki, ümummilli liderin ikinci dəfə respublika rəhbərliyinə gəlməsi ilə bir çox sahələr kimi təhsilin bu sahəsinin də dağılmaq təhlükəsi aradan qalxdı.
Ümummilli liderimizin təhsilin müasir tələblər səviyyəsində etibarlı təməl üzərində yaratdığı islahatlar bu gün də yüksək səviyyədə həyata keçirilir.
Ulu öndərin ictimai–siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007–2012–ci illər)” peşə təhsilinin inkişafı, onun bu günün və gələcəyin tələbləri səviyyəsində qurulmasında, ilk peşə ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Respublika Prezidentinin “Texniki–peşə məktəbləri ölkəmizin inkişafı üçün həmişə lazımdır, insanlar da bundan böyük fayda görəcəkdir”—fikri ulu öndərin təhsil haqqında müəyyən etdiyi strateji kursun uğurlu davamlıdır.
Səidə SƏLİMZADƏ,
13 N–li Bakı
Peşə məktəbinin
direktoru.
Respublika.-2013.-10 may.-S.18.