Səbaildə möhtəşəm gül bayramı keçirilmişdir

 

FotoSəbail rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ənənəvi gül bayramı keçirilmişdir.

Bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki “Sahil bağı”nda lazımi abadlıq işləri aparılmış, park başdanbaşa bəzədilmiş, bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülmüşdür. Rayonun ali, ortaorta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, applikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdlərin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Milli Məclisin deputatı Fuad Muradov və digər qonaqlar rayonun idarə və təşkilatlarının, ictimai təşkilatlarının, ali orta və məktəbəqədər təhsil müəssisələrinin, rayon ictimaiyyəti nümayəndələrinin toplaşdığı “Sahil bağı”nı gəzmiş, maraqlı gül ekspozisiyaları ilə tanış olmuş, bayramın iştirakçıları ilə səmimi söhbətlər etmişlər.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirilmiş, əl işləri onlara xoş təsir bağışlamışdır.

Sahil bağı” nağıllar və gözəllik aləmini xatırladırdı. Çiçəklərlə bəzədilmiş, 2 dekorativ arka parkın girişinə xüsusi yaraşıq verirdi. Parkdakı fəvvarələr tər güllərlə bəzədilmiş, gözəl və rəngarəng gül kompozisiyaları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında ümummilli liderimiz Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyeva ilə bağlı kompozisiyalar, Bakı şəhərinin və mərkəzi rayonu olan Səbail rayonunun simvolu olan Qız qalasının, Bakı şəhərinin gerbinin, paytaxtımızın simvoluna çevrilən “Alov Qüllələri” Kompleksinin, Azərbaycanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış ilk neft buruğunun, “Səbail” gəmisinin güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə cəlb etmişdir. Parkdakı kompozisiyalar insanları dönə–dönə ayaq saxlamağa, dahi şəxsiyyətə xalq məhəbbətin güllərin, çiçəklərin dili ilə baxmağa vadar edirdi.

Rayondakı Dövlət İqtisad, Pedaqoji və Qərb universitetlərinin, 18 orta məktəbin, 18 uşaq bağçasının, 2 Uşaq yaradıcılıq və texniki yaradıcılıq mərkəzinin şagirdlərinin, səhiyyə və rayonun bir sıra digər təşkilat və müəssisələrinin kollektivlərinin nümayiş etdirdikləri gül kompozisiyaları, müxtəlif heyvanların, tarixi yerlərin güldən hazırlanmış maketləri və şagirdlərin hazırladıqları müxtəlif materiallardan işlənmiş olan, sənət nümunələri, xüsusilə də ulu öndər Heydər Əliyev və görkəmli alim akademik Zərifə xanım Əliyevanın muncuqlardan hazırlanmış portretləri iştirakçılarda daha xoş təəssürat yaratmışdır. Təsviri İncəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Orta məktəbəqədər təhsil müəssisələrinin uşaqları güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimlərdə ulu öndərimizə, xalqımıza, vətənimizə həsr olunmuş şeir və mahnılarla qonaqlar qarşısında çıxış etmişlər.

Müdrik rəhbərin təbiətə, gözəlliyə, sevgisi, Azərbaycan təbiətini qorumaqla bağlı tövsiyələri bu gün də məhəbbətlə qarşılanır. Ümummilli lider Heydər Əliyevin təbiət, gözəlliklə bağlı arzuları, ideyaları onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir.

İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblərinin kollektivlərinin iştirakı ilə bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı etmişdir.

 

 

Məhəmməd Vəliyev

 

Respublika.-2013.-10 may.-S.20.