Saatlılıların qəlbində
əbədi yaşayan insan
Yurdun hər bölgəsində, hər kəndində–şəhərində ulu öndərin adı böyük məhəbbətlə, iftixarla çəkilir. Bu gün bütün Azərbaycan dahi insanın anadan olmasının 90 illiyinə əsl bayram təntənəsi ilə hazırlaşır. O, məmləkəti qarış–qarış gəzib xalqı yaxından tanıyan, öz millətinin taleyi üçün daimi narahatlıq hissi keçirən, yurdun hər qarışını abad, firavan görmək istəyən dahi ümummilli lider idi. Təsadüfi deyil ki, saatlılılar da Heydər Əliyevin adı gələndə hədsiz qürur hissi keçirirlər. Ulu öndər bir neçə dəfə rayonumuzda səfərdə olmuş, bu bölgənin taleyüklü məsələlərinin həllində bizə hər cür köməklik göstərmişdir.
Yaxşı yadımdadır. 70–ci illərin əvvəlləri idi. Mən rayon komsomol komitəsində təlimatçı vəzifəsində çalışırdım. Ömrümün gənclik illərini yaşayırdım. Gələcəyə qəlbimdə sonsuz inam hissi var idi. Doğma respublikanın həyatını firavan görürdüm. Buna səbəb o illərdə Heydər Əliyevin Azərbaycan KP MK–nın birinci katibi seçilib ölkədə apardığı genişmiqyaslı işlər, qəbul etdiyi cəsarətli qərarlar idi. Heç şübhə yox idi ki, Azərbaycan sovetlər məkanında bütün respublikalardan fərqlənən bir respublika olacaqdır. Biz gənclər Heydər Əliyevin bütün fəaliyyətini qəlbən alqışlayır, onun apardığı son dərəcə uğurlu siyasəti ürəkdən dəstəkləyirdik. 1974–cü ilin may ayında dövlət başçısı Saatlıya səfərə gəldi. Sevincimizin həddi–hüdudu yox idi. Onun bütün çıxışlarına, alicənab davranışına, son dərəcə səmimi, mehriban münasibətinə, üzündəki xoş təbəssümə heyran olmuşduq. Dövlət başçısı rayonun ağsaqqalları, ziyalıları ilə görüşür, onlara diqqətlə qulaq asır, təklif və təşəbbüslərini nəzərdən keçirirdi. İş bununla bitmirdi. Respublika rəhbəri əkin sahələrinə gedir, pambıqçılarla, taxılçılarla tarlalarda görüşür, onların qayğıları, problemləri ilə maraqlanırdı. Həmin səfər dövlət başçısının rayona gəldiyi yeganə səfəri olmadı. İki ildən sonra, 1976–cı ildə də rəhbər Saatlı rayonuna gəldi. Bu dəfə o, ilk səfərində verdiyi tapşırıqların, göstərişlərin icrası ilə maraqlandı. İki il ərzində rayonda xeyli iş görülmüşdü. Bütün tədbirlər rayon sakinlərinin sosial–məişət problemlərinin həllinə yönəlmişdi. Adamlar görülmüş işlərdən razılıq edirdilər. Buna baxmayaraq, Heydər Əliyev bir sıra məsələlərə öz tənqidi münasibətini bildirdi, yeni tapşırıqlar, göstərişlər verdi. Mən onda dərk elədim ki, rəhbər öz tapşırıqlarını qətiyyən unutmur. Növbəti səfərlərdə bu tapşırıqların hansı səviyyədə yerinə yetirildiyini şəxsən özü yoxlayacaq. Heydər Əliyev 1980–ci ildə üçüncü dəfə Saatlıya səfərə gəldi. Artıq rayon xeyli inkişaf etmişdi, burada həyati əhəmiyyət kəsb edən tikinti–abadlıq, quruculuq işləri görülmüşdü. Məsələn, rayon mərkəzi qazlaşdırılmışdı. Min kilometrlərlə uzunluğu olan qrup su kəməri çəkilmişdi. Bu kəmər Saatlının bütün kəndlərini əhatə edirdi. Rayon əhalisi bütünlüklə içməli su ilə təmin olunmuşdu. Azərbaycan Meliorasiya və Su Tikinti Trestinin fədakar melioratorları Saatlı torpaqlarında meliorasiya işləri görmüş, min hektarlarla torpağı əkinə yararlı hala gətirmişdilər. O vaxt Saatlıda həmin trestin iki tikinti idarəsi fəaliyyət göstərirdi. Trestin rəhbərləri, bacarıqlı melioratorlar özləri şəxsən bu idarələrin işlərinə nəzarət edir, meliorasiya tədbirlərinin yüksək səviyyədə aparılmasına səy göstərirdilər. Hər iş öz nəticəsi ilə ölçülür. 1974–cü ildə Saatlıda 16500 ton pambıq istehsal olunurdu. Cəmisi yeddi ildən sonra 1981–ci ildə bu rəqəm 61 min tonu ötdü. Bunlar adi rəqəmlər deyildi. Pambıq istehsalı artdıqca, əhalinin güzəranı yaxşılaşırdı. Qısa müddət ərzində camaatımız xeyli varlanmışdı. Saatlıda ağ daşdan hörülmüş üstü şiferli evlərin sayı artmışdı. Demək olar ki, iki evdən birinin həyətində minik maşını var idi. Çoxlu sayda məktəblər, mədəniyyət, ticarət, səhiyyə obyektləri tikilib istifadəyə verilmişdi. Rayonda sənayeyönümlü müəssisələr yaranmışdı. Sarıcalarda yerləşən pambıq zavodunda yüzlərlə adam işləyirdi. Şirə zavodunda istehsal olunan məhsullara respublikada tələbat var idi. Bir sözlə, rayon görünməmiş inkişaf dövrü yaşayırdı. 90–cı illərə qədər biz həmin inkişafın sevincini daddıq. Təəssüf ki, 90–cı illərin əvvəllərində ölkənin hər yerində olduğu kimi bizim rayonumuzda da tənəzzül dövrü başlandı. Hakimiyyətə səriştəsiz rəhbərlik gətirildi. Bir çox abad yerlər bərbad günə düşdü. Xaos, dərəbəylik, mənəm–mənəmlik baş alıb getdi. 70–80–ci illərdə əldə olunan uğurlardan, demək olar ki, əsər–əlamət qalmadı. Bu dövrün özündə də qəlbimizdəki inam hissi əskilmədi. Biz xoş xəbərlər gözləyirdik. Biz əmin idik ki, ümummilli lider yenidən hakimiyyətə gələcək, öz millətini bu bəlalardan qurtaracaq. Belə də oldu. 1993–cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Düzdür, artıq onun respublikada qoyub getdiyi çox sayda yaxşı işlərin əksəriyyəti dağılıb sıradan çıxmışdı. Dağıdılanlar yenidən bərpa olunmalı idi. Müstəqil respublikada dövlətçiliyin təməli qoyulmalı, Azərbaycanda geniş miqyaslı, ciddi islahatlar aparılmalı idi. O dövrdə ulu öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası islahatların həyata keçirilməsində dövlətə dəstək ola bilərdi. Biz YAP–ın yerlərdə strukturlarını yaratdıq. Ağsaqqallar, ziyalılar, ölkənin inkişafı naminə iş görmək istəyən adamlar partiyaya üzv yazıldılar. Ümummilli liderin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. Ulu öndər 1998–ci ilin yaz günlərinin birində, Muğan torpağında çiçəklərin açdığı bir vaxtda yenidən Saatlıya gəldi. Rayonun ikinci inkişaf dövrü onda razılıq hissi yaratdı. Əvvəlki səfərlərində olduğu kimi, bu dəfə də öz görüşlərində rayon əhalisinin təklif və təşəbbüslərinə diqqətlə qulaq asdı, öz rəhbər tapşırıq və göstərişlərini verdi.
Bu gün Saatlı rayonuna gələnlər sadəcə desək, gözlərinə inanmırlar. Rayon mərkəzi–Saatlı şəhəri indi gözəl şəhərlər ilə müqayisə oluna bilər. Mədəniyyət və istirahət parkları, rayon mərkəzindəki abad, yaraşıqlı binalar tamaşa edənlərə zövq verir. Son illərdə dövlət başçısı cənab İlham Əliyevin genişmiqyaslı quruculuq işləri bizim rayonumuzdan da yan keçməyib. Kəndlərdə təzə məktəb binaları tikilib, mərkəzi xəstəxana ən müasir üslubda yenidən qurulub. Şəhər mərkəzi qazlaşdırılıb, indi bu iş kəndlərdə görülür. Beləliklə, Saatlı respublikamızın ən abad və yaraşıqlı bölgələrindən birinə çevrilib. İndi rayonda uşaqdan tutmuş böyüyə kimi hər kəs yaxşı bilir ki, bütün bu yeniliklər ulu öndərimiz Heydər Əliyevin həyata keçən arzularıdır. Bu yeniliklərin sayı isə bundan sonra daha çox olacaq. Dahi rəhbərin adı saatlılıların qəlbində daima yaşamış və bundan sonra da yaşayacaqdır.
Əlihüseyn Hüseynov,
Saatlı şəhər
yaşıllaşdırma
idarəsinin
müdiri.
Respublika.-2013.-10 may.-S.20.