Nərimanov rayonunda gül bayramı
Ulu öndərimiz, dahi şəxsiyyət, ürəklərdə işıq heykəlinə çevrilən Heydər Əliyev Vətənin böyük oğlu, liderlər lideri, bənzərsiz dövlət xadimi idi. Sağlığında millət atası olmağı bacardı, zirvəyə ucaldı, xalqın sevgisini qazandı. O, müasir Azərbaycanın yaradıcısı, qurucusu, dövlətimizin qarantı oldu. Heydər Əliyev 34 illik rəhbərliyi dövründə respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, onun siyasətini, iqtisadiyyatını, elmini, təhsilini dünya standartları səviyyəsinə qaldırdı.
Mayın 9–da Nərimanov Rayon İcra Hakimiyyəti füsunkar guşəyə malik olan insanların mənalı istirahət yerinə çevrilən Nəriman Nərimanov adına parkda ulu öndərimiz, yüksək kübarlıq, ziyalılıq etalonu olan Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı gül bayramı keçirdi.
Bayram mərasimində rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, bağça uşaqları, ziyalılar və çoxsaylı qonaqlar iştirak edirdilər.
Parkda yüksək səliqə–sahman, zövqlə bəzədilmiş səhnədə ifa olunan mahnılar, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, icra hakimiyyəti başçısının müavini Şahmar İbadov və digər qonaqlar razılıqla qarşılandı. Vurğulamaq lazımdır ki, şagirdlər və bağça uşaqları tərəfindən hazırlanan rəsm işləri güldən hazırlanmış kompozisiyalar tədbirə qatılanları valeh edirdi.
Gül bayramı ilə bağlı keçirilən təntənəli mərasimdə ilk müsahibimiz rayon icra hakimiyyəti ictimai, siyasi və humanitar şöbəsinin müdiri İradə Mahmudova oldu.
O, bildirdi ki, ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gül bayramında 22 ümumtəhsil məktəbinin şagirdləri və 24 bağçanın uşaqları iştirak edirlər.
177 nömrəli məktəbin (direktoru Həqiqə Məmmədova), 45 nömrəli məktəbin (direktoru Nazilə Məmmədova), 403 nömrəli məktəbin (direktoru İradə Hüseynova), 178 saylı məktəbin (direktoru Yusif Məmmədov), 291 saylı Araz Ekoloji Liseyin (direktoru Südabə Mikayılova) və digər məktəblərin pedaqoji kollektivləri və şagirdlər gül bayramında zövqlə hazırlanmış rəsm əsərləri və müxtəlif güllərdən hazırlanan gül kompozisiyaları nümayiş etdirdilər.
Gül bayramında çıxış edən rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev vurğuladı ki, Heydər Əliyev ömrü bir qəhrəmanlıq dastanı, müstəqillik himni, insanlığa xidmət nümunəsidir. Varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində ən gözəl keyfiyyətləri cəmləşdirən bu təkrarsız insan bütün şüurlu həyatını öz xalqına həsr etmiş, yolumuz üstündə işıq saçan məşələ çevrilmişdir. Əsrlər keçəcək, nəsillər dəyişəcək, lakin ulu öndər Heydər Əliyev xalqımızın yaddaşında tariximizdə daim yaşayacaq. Dahi şəxsiyyət bütün ömrünü, həyatını dövlətinə, xalqına həsr etmişdir. O öz əməlləri, fəaliyyəti ilə xilaskarlıq örnəyi nümayiş etdirmişdir. Hakimiyyətinin hər iki dövründə zəngin dövlət idarəçiliyi ənənəsi formalaşdırmışdır.
Heydər Əliyevin strategiyası və siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərin siyasi varisi onun milli tərəqqi və quruculuq xəttinə sadiqdir. Ölkəmizdə misilsiz dəyişikliklər baş verir, onun arxitektura görkəmi tamam təzələnir.
Qədir ASLAN
Respublika.-2013.-10 may.-S.20.