Müdrik siyasət, uğurlu nəticələr

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev bütün mənalı ömrünü ölkəmizin tərəqqisinə, dirçəlişinə həsr etmişdir. Ulu öndər müstəqil Azərbaycanımızın güclü, qüdrətli bir dövlət olması üçün çalışmış və bizə möhtəşəm, gündən–günə çiçəklənən bir ölkə miras qoymuşdur.

1968–ci ilin fevral ayından rayonumuzda məsul vəzifələrdə çalışmışam, həmin ildən rayonun ən böyük kolxozunda, 1969–cu ilin avqustundan Ordubadi adına sovxozda işləmişəm.

Xalqımızın böyük oğlu 1969–cu ildə Azərbaycan KP MK–nın birinci katibi seçildikdən sonra respublikamızın sürətli inkişafının canlı şahidi olmuşam.

Xüsusən, Azərbaycan tarixində müstəsna rol oynayan partiyanın 1969–cu ilin avqust plenumunda Heydər Əliyevin hərtərəfli, dərin məzmunlu məruzəsi heç vaxt yadımdan çıxmır. Bu məruzə Azərbaycanın bütün tarixi inkişaf yollarını müəyyən edən bir proqram sənətdi, gələcəyə baxış idi.

Plenumda respublikada olan nöqsanlar, kadrların seçilməsi, yerləşdirilməsi məsələsi hərtərəfli təhlil olundu, qarşıda duran vəzifələr göstərildi. Kadrlara qarşı tələbkarlığın artırılması, onlarda məsuliyyət hissinin yüksəldilməsi sonrakı illərdə Azərbaycanda bütün sahələrdə əsaslı dönüşün yaradılmasına səbəb oldu. Respublikanın bütün regionları yeni inkişaf mərhələsinə qədəm qoydu. Cəlilabadın da əsl növrağı başladı. Rayonumuz üzümçülük üzrə ixtisaslaşan bir bölgə kimi yüksək uğurlara imza atdı. Cəlilabad üzümçüləri hər il dövlətə 261 min ton üzüm təhvil verdilər. Bu da Azərbaycanda üzümçülük tarixində ən böyük göstərici olmaqla yanaşı, yeni, müdrik rəhbərin bu sahəyə qayğısının bəhrəsi idi. Bu böyük qələbədə Ordubadi adına sovxozun üzümçülərinin də əmək payı vardı. Onlar dövlətə 4 min ton əvəzinə 6 min ton üzüm təhvil vermişdilər.

Rayonda üzümçülüyün belə coşqun inkişafı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi siyasətə əsaslanırdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin bir neçə dəfə Cəlilabadda olması, zəhmətkeşlərlə görüşməsi, onların qayğıları, problemləri ilə maraqlanması öz bəhrəsini əmək sahəsində də verirdi. Üzümçülük rayonlarının zona müşavirələrinin Cəlilabad rayonunda keçirilməsi də üzümçülüyün inkişafında müsbət rol oynamışdı. Hesab edirəm ki, bu həm də rayon üzümçülərinin qazandığı böyük uğurların ölkə rəhbəri tərəfindən dəyərləndirilməsi idi.

Heç şübhəsiz ki, üzümçülüyün inkişafında qazanılan uğurlar yeniyeni emal müəssisələrinin yaranmasına şərait yaratdı. Bunu Cəlilabad rayonunda yeni şərab zavodlarının yaradılmasının, istifadəyə verilməsinin timsalında aydın görmək olar. Az müddət ərzində Ordubadi adına sovxozda da yeni şərab zavodu tikildi. Respublikada üzümçülük–şərabçılıq kompleksi yaranmağa, formalaşmağa, inkişaf etməyə başladı.

Azərbaycan bütün sahələrdə əsaslı dönüşə nail oldu. Hər il respublikamız keçmiş Sovetlər İttifaqının keçici qırmızı bayrağına layiq görülürdü. Ordubadi adına sovxoz da rayonun qabaqcılları sırasında idi. Sovxozumuz da rayon rəhbərliyinin keçici bayrağına layiq görülürdü.

Cəlilabadlılar ulu öndər Heydər Əliyevin rayona göstərdiyi böyük qayğısını heç vaxt yaddan çıxarmırlar. Rayonumuz bu gün o təməl, həmin özül üzərində yeni, müasir inkişaf mərhələsində qədəm qoyub.

Ulu öndər Heydər Əliyevin siyasəti bu gün ölkə Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rayonumuz günü–gündən inkişaf edir. Ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar öz bəhrəsini verməkdədir. Cənab İlham Əliyevin Cəlilabadda bir neçə dəfə olması, əhali ilə görüşləri rayonun inkişafına yeni təkan, stimul verib. Cəlilabad rayonu bu gün Azərbaycanın ən abad, inkişaf edən rayonlarından birinə çevrilib. Tikinti–abadlıq işləri geniş vüsət almışdır. Yaşayış evlərinin tikintisi, sukanalizasiya sisteminin yenidən qurulması, ucqar kəndlərə asfalt yolların çəkilməsi, yeniyeni məktəb binalarının tikilməsi, kəndlərin qazlaşdırılması ölkədə həyata keçirilən irimiqyaslı işlərin tərkib hissəsidir və bütün bunlar Azərbaycanımızın daha da inkişafına istiqamətlənib. Bir əmək veteranı kimi bu qənaətdəyəm ki, ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi xalqımızın güzəranının daha da yaxşılaşmasına, güclü, qüdrətli Azərbaycan yaradılmasına xidmət edir.

 

 

Azad MİRZƏYEV,

əmək veteranı.

 

Respublika.-2013.-10 may.-S.20.