O, zamanın sınağından üzüağ çıxıb
Bir zamanlar tez–tez evlərimizin qonağı olardı, mavi ekrandan boylanan gülümsər çöhrəsi, oturuşmuş səsilə. Onu çoxları belə tanıyardı: “Günün ekranı” xəbərlər proqamının diktoru, maraqlı verilişlərin aparıcısı Xalidə Əhmədova. Əslində isə Xalidə xanım bir çox keyfiyyətlərə malik insan idi və məqamı gəldikcə özünün nəyə qadir olduğunu göstərə bilirdi. Bəzən o, öz hərəkətləri ilə insanlarda təəccüb doğurar, qibtə, qısqanclıq hissi oyadardı. Ətrafdakıların nə düşünəcəklərinə əhəmiyyət vermədən atdığı addımlar, gördüyü işlər hərdən özünə qarşı çevrilsə də, yolundan dönmürdü, çünki onu başa düşən, dəyərləndirənlər daha çox idi…
Ömrünün 65 ilini arxada qoymuş Xalidə Əhmədovanın həyat tarixçəsini yenidən vərəqləmək zamanın sınaqlarından üzüağ çıxmış bu məğrur qadını bir az da yaxından tanımağa imkan verir.
O, 1947–ci il dekabrın 16–da Bakıda anadan olub, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsini bitirib. 1979–1990–cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor vəzifəsində çalışıb. Həmçinin Mahnı və Rəqs Ansamblının, Azərbaycan Televiziyasının da solisti olub.
Onun yaradıcılıq yolu “Lalə qızlar”dan başlamışdı. Yeniyetmə ikən özünü bu ansamblda sınamış, tanınmış, peşəkar sənət adamlarından ifaçılıq sənətinin sirlərini öyrənmişdi. Sonralar televiziyaya gəlişində də bu sahədə çalışması müəyyən rol oynamışdı.
Həmin dövrlərdə çoxları kimi, o da Sovet İttifaqı kimi nəhəng bir dövlətin süqut edəcəyinə inanmır, Azərbaycanın təkrar müstəqilliyə qovuşacağı, azadlıq uğrunda ümumxalq mübarizəsinin nəinki şahidi, hətta iştirakçısı olacağını heç ağlına da gətirmirdi.
1988–ci ilin payızında məlum hadisələrin başlanması bir vaxt haqqında belə düşünməyin mümkün olmadığı məqamları qaçılmaz etdi. Ermənilərin torpaq iddiası, ilk qurbanlar milləti ayağa qaldırmış, məsələyə mərkəzin birtərəfli mövqeyi azadlıq, müstəqillik uğrunda mübarizəyə meydan yaratmışdı. Paytaxtın hələ o zaman Leninin adını daşıyan meydanını xalq artıq “Azadlıq” meydanına çevirmişdi. Ardı–arası kəsilməyən izdihamlı mitinqlər insan seli ilə müşayiət olunurdu.
Noyabrın 17–də belə mitinqlərdən biri keçirilirdi, hamı həyəcan, təşviş içərisində millətin aqibətinin necə olacağını gözləyirdi, cavabsız suallar heç kəsə rahatlıq vermirdi. Elə bu zaman böyük insan selini yararaq bir qadın tribunaya tərəf addımlamağa başladı. Yaxasına Azərbaycan xalqının milli dövlətçilik tarixinin yadigarı olan üçrəngli bayraq sancılan bu qadın Xalidə Əhmədova idi.
Həyəcanlı görünsə də, fikirlərini toplayıb sözə başladı, rəvan nitqi, tutumlu səsi izdiham arasında bir sakitlik yaratmışdı. Onun “Mən sizə bəyan etmək istəyirəm ki, Azərbaycan Televiziyası xalqla birdir, lakin bəzi qüvvələr bizə işləməyə mane olur, hələ də köhnə havanı çalırlar. Mitinqlərdən çəkilmiş verilişləri efirə verməyə qoymur, xalqın sözünü yuxarı dairələrə çatdırmağa imkan vermirlər. Bütün bunlara baxmayaraq, mən bu təşkilatın bir üzvü kimi sizinlə birgəyəm. Sizə söz verirəm ki, televiziyanın proqramından erməni dilində olan verilişlər çıxarılacaq, hazırda sizin də iştirak etdiyiniz mitinq birbaşa yayımlanacaqdır”—sözlərindən sonra izdiham dəniz kimi dalğalandı, alqış sədaları ətrafı bürüdü.
Bu, belə də oldu, o, verdiyi sözə əməl etdi. Məhz bundan sonra əsəbləri tarıma çəkilmiş, çaş–baş düşmüş insanların Azərbaycan Televiziyasını ələ keçirmək, onu dağıtmaq kimi təhlükəli çağırışlarına son qoyuldu. Elə o anlardan etibarən siyasi fəaliyyətə başladı və heç vaxt “mənə nə” söyləmədi, azərbaycançılıq ideyalarına sadiq qaldı Xalidə xanım.
1990–cı ilin Qanlı Yanvar faciəsi baş verəndə o, həyat yoldaşı, tanınmış diktor Davud Əhmədovla birgə Türkiyənin paytaxtı Ankara şəhərində məzuniyyətdə idi. Hadisədən kədərlənmişdi, lakin özünü itirməmişdi. Nəyi necə edəcəyi barədə düşünürdü. Milliyyətçi Hərəkat Partiyasının gənclik qanadının köməyilə məşhur Tandoğan meydanına çıxan Xalidə xanım Rusiyanın Ankaradakı səfirliyinin binası önündə təşkil olunmuş mitinqdə alovlu nitq söyləməklə kifayətlənmədi, səfir Çernışevin gözləri qarşısında Sovet İttifaqının bayrağına od vurub yandırdı, binanın önünə qara çələng qoydu.
Böyük çətinliklə
tibbi yardım və ərzaqla dolu təyyarənin Türkiyədən
Bakıya göndərilməsinə nail olan Xalidə xanım daha bir addım atır. Türkiyə
Cümhuriyyətinin dövlət kanalı TRT–nin
beynəlxalq qolu olan
TRT İNT kanalında efirə çıxaraq dünyanın
60 ölkəsinə səslənir, doğma
Vətənində baş vermiş
qanlı Bakı hadisəsini, xalqına edilən
haqsızlıqları dünya ictimaiyyətinə
çatdırır. Elə buradanca o zaman ABŞ–da rəsmi səfərdə olan
Türkiyə prezidenti Turqut
Özala müraciət edir:
“Türkiyəyə dönün və qardaş Azərbaycanın yanında olun, Azərbaycan türklərinə mənəvi
dayaq olun!”. Bütün bu proseslərdə
türk dünyası, xüsusilə Süleyman Dəmirəl onu
yaxından izləyir, mənəvi dəstək olurdu. Təsadüfi deyildir
ki, 1990–cı ilin
fevralında Doğru Yol
Partiyasının sədri Süleyman Dəmirəl
mətbuat və partiya fəalları ilə
görüşdə belə demişdi:
“Azərbaycanın da Halide
Edibi varmış Halide
Ahmedova! O, artıq benim
manevi kızımdır… Azerbeycan
boyda yürek
taşıyan şu zarif
kadın, sınırları zorlayarak,
Azerbeycanın hak sesini
dünyaya duyurdu… Onu Azerbeycan
halkına emanet ediyorum. Engin bilgi ve tecrübesinden
yararlanmanın tam zamanı…”.
1990–cı ilin mayında
Bakıya dönən
Xalidə Əhmədova
haqsızlıqla qarşılaşır. İlk növbədə
o, televiziyada tutduğu
vəzifəsindən azad
edilir. İki il işsiz
qalır. 1992–ci ilin yanvarında isə Naxçıvana gəlir, ümummilli liderimiz Heydər Əliyevlə görüşür.
Türkiyədə olarkən Vətəni
üçün etdiklərinin
videolenti Naxçıvan
Televiziyası ilə nümayıiş etdirilir.
Bundan sonra isə dahi şəxsiyyətin köməyi ilə o, ailəsilə birlikdə Türkiyəyə işləməyə
gedir. Bir il sonra,
1993–cü ildə Heydər
Əliyevin 70 illik yubideyi münasibətilə
yenidən Naxçıvanda
onunla görüşür.
Bu illərdə ulu öndərin Xalidə xanıma rəğbəti
bir az
da artmışdı və söhbətlərinin
birində: “Xalidə xanım, sən Türkiyə–Azərbaycan arasında
canlı körpüsən!”—demiş və təbii ki, bu sözlər də ona qol–qanad
vermişdi.
Onu da deyək ki, budəfəki görüşə
Xalidə xanım həyat yoldaşı ilə birgə gəlmiş və ulu öndər onların hər ikisini eyni hörmətlə
qarşılamışdı. Məhz
bu səmimi münasibətdən ruhlanaraq
Davud müəllim: “İcazə versəniz, sizə yazdığım
şeiri oxuyardım”,—deyir
və razılıqdan
sonra “Sən böyük oğlusan Azərbaycanın” adlı
şeirini oxumağa başlayır:
Ey geniş ürəkli, ey ulu insan,
Ellər özü vermiş sənə şərəf,
şan.
Ürəyə sığmayan kükrəyib,
daşan,
Xalqının eşqilə isinir
canın,
Sən böyük
oğlusan Azərbaycanın.
Şeiri
sonadək dinləyən
ulu öndər isə: “Sən böyük oğlusan Azərbaycanın” ifadəsini
ilk dəfə sizdən
eşitdim”,—deyərək şeirə
görə təşəkkürünü
bildirir.
Heydər Əliyev Türkiyəyə
səfərləri zamanı
burada da Xalidə xanımı qəbul edib söhbətləşirdi. 2001–ci ildə isə Əhmədovlar ailəsi ulu öndərin məsləhəti ilə
təkrar Bakıya qayıdır. Türkiyədən
fərqli olaraq buradakı bürokratik əngəlləri aşmaq
yenə də problemlər yaradır, lakin buna rəğmən
Xalidə xanım ömür–gün yoldaşı
Davud müəllimlə
əl–ələ verib
xalqına xidmət etməkdən bir an belə yorulub
usanmır. Təsis etdiyi “Oğuz
yurdu Azərbaycan” jurnalının səhifələrində
ölkə həyatının
bütün sahələrini
əhatə edən yazılarda Vətənin uğurlarından, problemlərindən
söz açır.
Siyasi fəaliyyətini bir an belə səngiməyən
Xalidə xanım bu illərdə iki dəfə deputatlığa namizədliyini
irəli sürüb,
lakin qələbə
qazana bilməyib. 2011–ci ildə isə
Türkiyədə bəxtini
sınayıb, lakin bu dəfə səsini Milliyyətçi
Hərəkat Partiyasının
namizədi, əslən
azərbaycanlı olan
Sinan Oğana verib. İndi Sinan Oğanın
Millət Məclisində
təmsil olunması ilə qürur duyur Xalidə Əhmədova.
Ötən illər bu prinsipial,
qayğıkeş, sadə
insanın yaşının
üstünə yaş
gətirsə də, səsinin ahəngini, tutumunu, dəyərini söndurə, soldura bilməyib. Kim bilir,
bəlkə hələ
gec deyil, tale üzünə bir daha güləcək, televiziya məkanında təcrübəli diktor kimi ona bir
də ehtiyac duyulacaq. İnanıram ki, belə bir təklifi Xalidə xanım böyük məmnuniyyətlə
qəbul edər, çünki özünə
və səsinə güvənir.
Xalqına xidmət etməyi özünün ən böyük amalı sayan Xalidə xanıma biz də bu yolda uğurlar
diləyirik.
Zümrüd QURBANQIZI
Respublika.-2013.-10 may.-S.21.