ÜMİD YERİMİZ, İNAM
YERİMİZ
14 İYUL 1969–CU İL: Heydər Əliyev hakimiyyətə gəldi. Gürcüstan KP MK–nın, respublika Ali Soveti Rəyasət Heyətinin və Nazirlər Sovetinin orqanı “Sovet Gürcüstanı” qəzetində əsas şöbənin–partiya həyatı şöbəsinin müdiri vəzifəsində işləyirdim. 1969–cu il iyulun 14–ü bazar ertəsi günü növbəti nömrəmizi çapa verməyə hazırlaşırdıq ki, Moskvadan–SİTA–dan, “Hamıya, hamıya” qrifi ilə təcili xəbər aldıq: Vacib məlumat gözlənilir.
Belə hallarda çox gözləmək lazım gəlirdi. Lap azı saat 22.00–a – Mərkəzi televiziyanın “Vremya” proqramı efirə verilənə qədər dözməli olurduq. Bəzən bütöv səhifələri “dağıtmalı”, bəzən bir–iki səhifəni, bəzən isə birinci səhifənin xeyli hissəsini dəyişmək lazım gəlirdi. Bu isə gecikmələrə, jurnalistlərin və mətbəə işçilərinin gecəni az qala iş başında keçirmələrinə səbəb olurdu.
Xəbərdarlığı saat 20.00 radələrində almışdıq. Saat 21.50 dəqiqədə gözlədiyimiz informasiya gəldi və biz onu tərcümə etdik:
Azərbaycan KP MK–nın plenumu haqqında məlumat
Bakı, 14 iyul (SİTA) Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu olmuşdur.
Plenum təşkilat məsələsinə baxmışdır.
Plenum başqa işə keçməsi ilə əlaqədar V.Y.Axundovu Azərbaycan KP MK–nın birinci katibi vəzifəsindən və büro üzvlüyündən azad etmişdir.
Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri işləmiş H.Ə.Əliyev Azərbaycan KP MK–nın birinci katibi və büro üzvü seçilmişdir.
Sov.İKP MK katibi İ.V.Kapitonov plenumun işində iştirak etmişdir.
SİTA–nın göstərişinə uyğun olaraq, xəbəri qəzetimizin birinci səhifəsində yerləşdirdik. Həmin informasiyanı gürcü dilində nəşr olunan “Komunisti” və rus dilində çıxan “Zarya Vostoka” qəzetləri də çərşənbə axşamı nömrələrində dərc etmişdilər.
Dərhal bir ay bundan əvvəl Bakı Ali Partiya Məktəbində rəhbər partiya, sovet və kütləvi informasiya vasitələri işçilərinin təkmilləşdirilməsi ilə məşğul olan respublikalararası kurslarda iştirak etdiyim günlər yadıma düşdü. Gürcüstandan 42 nəfər idik. Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan respublikalarının hər birindən gəlmiş nümayəndələr də yəqin ki, elə o qədərdi. Kurslarda tanınmış alimlər, dövlət xadimləri, KİV rəhbərləri mühazirələr oxuyurdular.
Dərs cədvəlində Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri H.Ə.Əliyevin mühazirə oxuyacağı göstərilmişdi. Sərhəd və onun qorunması, ümumən dövlət təhlükəsizliyi məsələləri bütün dinləyiciləri maraqlandırdığına görə həmin günü səbirsizliklə gözləyirdik. Nəhayət, o gün gəlib çatdı.
Kursların rəhbəri mülki geyimli, uca boylu bir kişi ilə dərs keçdiyimiz iri auditoriyaya daxil olub dedi:
—Yoldaşlar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əlirza oğlu Əliyev sizə sərhədlərimizin qorunması və dövlət təhlükəsizliyi məsələlərindən danışacaq…
Komitə sədri indiyədək bizə mühazirə oxuyanların bir çoxundan fərqli olaraq şparqalkasız, qovluqsuz gəlmişdi. İlk baxışdan sadə və səmimi görünən Heydər Əliyev söhbətinin elə əvvəlindəncə səsinin ahəngi, gətirdiyi faktların şərhində kifayət qədər səriştəlilik, hərəkətlərində yüksək mədəniyyət nümayiş etdirməsi ilə auditoriyanı ələ aldı. Dinləyicilər–azərbaycanlılar, gürcülər, dağıstanlılar, ermənilər diqqət kəsilmişdilər. O danışırdı: Biz bu yaxınlaradək hansısa obyektin şəklini çəkən və ya çəkməyə cəhd göstərən adamın casus olduğu fikrindəydik. İndi həmin adam və onu göndərənlər bilirlər ki, bu üsul bir çoxlarının asan ifşa olunması ilə nəticələnir. Casusu artıq qapalı obyektin şəklini çəkən görmək, necə deyərlər, dəbdən düşmüşdür. Hazırda casus hər hansı şəhərin, elə Bakının müəyyən yerindən bir ovuc torpaq götürür, cib dəsmalına bükür və heç kəsin diqqətini cəlb etmədən, heç kəsdə şübhə yaratmadan çıxıb gedir. İşinin səmərəsini isə sonradan görür. Bir ovuc torpaq təmsil etdiyi ölkənin xüsusi laboratoriyasında analiz olunur, torpağın götürüldüyü ərazinin neçə kilometrliyində hansı qapalı obyektin, hansı hərbi hissənin yerləşdiyi tam dəqiqliyi ilə müəyyənləşdirilir…
Dünyanın az qala bütün ölkələrinin sərhədlərini aşaraq fəaliyyət göstərmiş, həmişə də sudan quru çixmiş bir çinli casusun Azərbaycanda ifşa olunub həbs edilməsi faktından və buna bənzər digər faktlardan o qədər maraqla danışırdı ki…
Söhbət ürəyə yatanda vaxt necə də sürətlə keçirmiş! Dərsin birinci hissəsi, yəni 45 dəqiqə elə bil 2–3 dəqiqə imiş. 10 dəqiqəlik tənəffüs zamanı dinləyicilər Heydər Əliyevi əhatə etdilər. Ona sərhədlərimizin pozulması ilə bağlı suallar verildi. Əsaslandırılmış, tutarlı cavablar hamımızı heyran edirdi.
Dərsin ikinci hissəsi daha canlı keçdi. Mühazirəçi mövzuyla bağlı saysız– hesabsız misallar gətirdi, hər şeyi yerli– yerində əsaslandırdı.
Heydər Əliyev axırda onu maraqla dinlədiyimizə, bu və ya digər məsələnin müzakirəsində yüksək fəallıq və obyektivlik göstərdiyimizə görə bizlərə təşəkkürünü bildirdi. Azərbaycanlılar belə bir çekistimizin olmasından qürur duyduqlarını, bədnam qonşularımız isə sözün həqiqi mənasında paxıllandıqlarını və həsəd apardıqlarını açıq–aşkar hiss etdirirdilər.
29 sentyabr
1972–ci il: Mjavanadze getdi, Şevardnadze gəldi.
Gürcüstan
rəhbərliyində də dəyişiklik oldu. Sonralar
“enerjili axmaq” adlandırılan Nikita Xruşşovun
bacanağı Vasili Mjavanadze Gürcüstan KP MK–nın birinci
katibi vəzifəsindən getdi. Yerinə bir müddət
respublika komsomolunun rəhbəri, daxili işlər naziri, bu ərəfədə
isə Tbilisi Şəhər Partiya Komitəsinin birinci katibi
işləmiş Eduard Amvrosyeviç Şevardnadze gətirildi.
Azərbaycanda olduğu kimi, bu respublikada da yeni ab–hava
yarandı, qanunçuluğun pozulmasına qarşı
mübarizə gücləndirildi, rüşvətxorluğu
özlərinə peşə edənlərin
rahatlığı pozuldu, qızıl qalstukda gəzənlər
layiq olduqları yeri tapdılar– həbsxanalara göndərildilər,
rayon partiya Komitəsinin birinci katibi Tbilisi və Rustavi əhalisini
təzə tərəvəz və meyvə ilə
yaxşı təmin etmədiyinə və yol verdiyi digər
ciddi nöqsanlara görə vaxtilə aldığı
Sosialist Əməyi Qəhrəmanı kimi yüksək addan
məhrum edildi.
Bütün
sahələrdə canlanma hiss olunurdu. Hər yerdə ciddi
nizam–intizam yaranırdi. Bazar ertələri saat 11.00–da birinci
katibin yanında keçirilən müşavirədə mətbuat,
radio və televiziya işçilərinin həftə ərzində
vəzifələri barəsində KİV rəhbərlərinə
göstərişlər verilirdi. Qəzetlərdə dərc
edilən, radio və televiziyada verilən tənqidi
materialların sayı çoxalmış, bunlarla
bağlı görülən tədbirlərin səmərəsi
yüksəlmişdi.
“Sovet
Gürcüstanı” “dişli” mətbuat orqanı
sırasına keçmişdi. Bununla belə, onun kiçik
formatda çıxması respublikada reallaşdırılan
islahatlar, ictimai–siyasi həyatın heç vaxt
olmadığı qədər canlanması ideoloji iş sahəsində
qarşıda duran vəzifələri yeni tələblər
səviyyəsində işıqlandırmağa imkan vermirdi.
1921–ci ildə Gürcüstanda Sovet hakimiyyəti
qurulmasının ilk günlərindən çıxan qəzetin
nəşri 1944–cü ilin noyabrında–Ahiska türklərinin,
yəni Aspindza, Adıgün və Axalsixe rayonlarının əsas
əhalisinin Qazaxıstana və Orta Asiyaya
köçürülməsindən sonra 1945–ci ilin
yanvarında müvəqqəti dayandırıldı və bu
müvəqqətilik 1960–ci il avqustun 2–dək davam etdi. Sovet
Gürcüstanı həmin vaxtdan kiçik formatda həftədə
3 dəfə çıxırdı.
Oxucu
konfranslarında, azərbaycanlıların yığcam
yasadıqları rayonlarda keçirilən müxtəlif tədbirlərdə
“Sovet Gürcüstanı” qəzetinin formatının
böyüdülməsinin zəruriliyindən
danışılırdı, MK–ya, Ali Sovetin Rəyasət Heyətinə,
Nazirlər Sovetinə, habelə Moskvaya – Kremlə bu barədə
coxlu muraciətlər olurdu.
Redaksiyanın
kollektivi də qəzetin həcminin böyüdulməsi
xahişi ilə vaxtaşırı E.A.Şevardnadzeyə
müraciət edirdi. Təəssüf ki, birinci katibin
cavabı həmisə belə olurdu: “Ölkənin
sellüloz–kağız sənayesi planı yerinə yetirmədiyinə
görə kağız çatışmır. Buna görə
də formatın böyüdülməsi mümkün
deyildir”.
Bu bir
yandan doğru olsa da, digər tərəfdən bəhanə
idi. Çünki lazim gələndə kağız
tapılırdı. Həftəfə bir dəfə 4 səhifədə
çıxan “Literaturuli Sakartvelo” (“Ədəbi
Gürcüstan”) qəzetinin həcmini artıraraq, 16 səhifə
etmişdilər. Erməni qəzetinin də böyük
formatda çıxması göz qabağında idi. Əhalinin
sayına gəlincə, biz onlardan çox idik. Qəzetin nəşri
bərpa olunanda tirajımız 12.000 nüsxə idi. 1977–ci idə
75.000 abunəçimiz vardı. Erməni qəzetinin
tirajı isə heç 37.000 nüsxə də deyildi.
Heydər
Əliyevin imzası ilə
göndərilən
məktubun təsir gücü
Redaksiyamızdan
həftədə bir dəfə eyni vaxtda rus dilini
yaxşı bilən bir nəfəri MK–nın ümumi
şöbəsinə çağırırdılar. Azərbaycan
dilində gəlmiş ərizələr, şikayət və
təkliflər bu və ya digər ünvanlara göndərilirdi.
Vaxtaşırı MK–ya mən də gedirdim. Günlərin
bir günündə Azərbaycan dilində gəlmiş məktublardan
biri diqqətimi xüsusilə cəlb etdi.
Bu,
Gürcüstanın Telavi rayonunun Qaracalar kəndindən
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd
Azərbaycan KP MK–nın birinci katibi Heydər Əliyevə
göndərilmiş və həmin ünvandan Heydər Əliyevin
şəxsən imzaladığı müşayiət məktubu
ilə Gürcüstan KP MK–ya ünvanlanmışdı.
Onlarca qaracalarlının imzaladığı məktub makinada
səliqə ilə yazılmışdı və 5 səhifə
həcmində idi. Məzmunu Gürcüstanda bir
çoxlarının bildiyi məsələni əks etdirirdi.
Müəlliflər kənddə hələ 1923–cü ildə
Azərbaycan dilində məktəb
açıldığını göstərir, sonralar, 50–ci
illərin ortalarında kolxoz sədrinin bəd əməllərinin
üstünün açılmasında müəllimlərin
əli olduğunu təxmin edən sədr onlardan intiqam almaq məqsədilə
valideynləri dilə tutur ki, övladlarını
gürcü dilində oxutdurmaq istədikləri barəsində
Maarif Nazirliyinə müraciət etsinlər. Beləliklə,
yeni dərs ilində birinci sinifdə dərslər
gürcücə keçilməyə başlayır.
Gürcü dilində dərs demək səviyyəsində
olmayan azərbaycanlı müəllimlər ya işsiz
qalır, ya da Azərbaycan məktəbləri olan digər
rayonlara üz tuturlar.
Ədalətin
bərpa olunmasında, əhalisi bütünlüklə azərbaycanlılardan
ibarət olan iri yaşayış məkanında ana dilində
məktəb açılamsında onlara yardım göstərməyi
xahiş edirdilər.
Məktubla
tanış olduqdan sonra şöbə müdirinə:
—Şota
İrakliyeviç, məktubu tərcümə edib məzmununu
Qoqiçaişvili yoldaşa çatdırmaq lazımdır.
—Nədən
danışılır ki?
Yazılanların
qısa məzmununu danışdım.
Şanidze:
–Ciddi məslədir,–
dedi. Bəs kim tərcümə etsin?
–Mən.
–Buna nə
qədər vaxt lazımdır?
–Sabah saat
12:00–da makinada yazılmış halda masanızın
üstündə olar…
Ertəsi
gün vədələşdiyimiz vaxtda tərcüməni
ümumi şöbənin müdirinə təhvil verdim.
Müdir
oxuyub:
–Jurnalist
operativliyinə eşq olsun! –dedi və əlavə etdi: – Elə
bugün Qoqiçiaişvili yoldaşa məruzə edərik.
Nəticəni
çox gözləmək lazım gəlmədi. Tezliklə
məlum oldu ki, Maarif Nazirliyi Qaracalar məktəbində yeni dərs
ilindən tədris Azərbaycan dilində aparılan birinci
sinif açılması barəsində göstəriş
vermişdir. 24 noyabr 1982–cü il: Heydər Əliyev Kremlə
getdi, qəzetimiz böyüdü.
Heydər
Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü secilməsi
və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin
edilməsi Azərbaycan xalqını, dünya azərbaycanlılarını,
bütün türk dünyasini sevindirdi. Amma bizə elə gəlıirdi
ki, hamidan çox Gürcustan azərbaycanlilari sevinirlər.
Çünki onlarin problemlərinin həlli ucun əlverisli
şərait yaranmısdı.
Milli
şüurumuz oyanırdı. Ən əvvəl Marneuli
rayonunun gəncləri ayağa qalxdılar. İstəkləri
və dedikləri də bu oldu: “Rayonun rəhbərləri
yerli kadrlardan olmalıdır. Gürcü olsa belə, adət–ənənələrimizi
bilməlidir”.
Vəziyyətin
ciddi olduğunu hiss edən Gürcüstan hakimiyyəti
güzəştə getmək məcburiyyətində
qaldı. Təcili surətdə Marneuli rayonunun mərkəzi
qonşu kəndləri buraya daxil etməklə respublika
tabeliyində şəhərə çevrildi. Marneuli Şəhər
Partiya Komitəsi və Marneuli Rayon Partiya Komitəsi
yaradıldı. Şəhər partiya komitəsinə birinci
katib vəzifəsinə gürcü, rayon partiya komitəsinin
birinci katibi vəzifəsinə isə azərbaycanlı, kənd
təsərrüfatı mütəxəssisi Kamal Məmmədov
seçildi. Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə
Sadaxlı kəndindən Bəkir Dəmirçəlov gətirildi.
Müxtəlif səviyyələrdə müəyyən qədər
azərbaycanlı kadrlar yerləşdirildi.
1983–cü
il dekabrın 3–də şənbə günü Marneuli şəhər
partiya təşkilatının 2–ci konfransı
keçirilirdi. MK–nın göstərişi ilə “Sovet
Gürcüstanı” qəzetinin həmin günkü nömrəsi
bütünlüklə Marneuli şəhərinin həyatına
həsr edilmiş və rəngli çıxmışdı.
Tirajın 500 nüsxəsi konfrans nümayəndələrinə
və qonaqlara paylanmışdı.
Konfransa təhkim
olunmuş Mərkəzi Komitə katibi S. Xabeişvili tədbirin
acılışında ilk söz alaraq dedi:
—Hörmətli
nümayəndələr və qonaqlar! Marneuli şəhərinin,
Marneuli rayonunun əhalisini və onların şəxsində
respublikanın bütün azərbaycanlılarını təbrik
edirəm. Mən buraya yola düşərkən Eduard
Amvrosyeviç Şevardnadze Sov.İKP MK–ya məktub
imzaladı. “Sovet Gürcüstanı” qəzeti yeni il
yanvarın 1–dən böyük formatda çıxacaq.
Salonda
gurultulu alqışlar qopdu. Bəli, azərbaycanlıların,
o cümlədən salondakıların çoxdankı arzusu
reallaşırdı.
Bazar ertəsi
məni MK–ya çağırıb kadrları seçməyi
və ştat cədvəlini tərtib etməyi
tapşırdılar. Onu da dedilər ki, işə Tbilisidə
yaşayıb mənzili olanları dəvət edək,
çünki rayonlardan gəlməli olanlar mənzil tələb
edə bilərlər. Yeri gəlmişkən deyim ki,
redaktorumuz Süleyman Süleymanov Moskvada aylıq
ixtisasartırma kursunda olduğuna görə, müavin kimi
onun vəzifəsini mən icra edirdim.
Qərar
gəldi. Qəzetin böyük formatda ilk nömrəsi bir
sıra səbəblər üzündən yanvarın 1–də
çıxmadı. Lakin çox gözləmək də
lazım gəlmədi. Mayın 1–də oxucularımız
böyük formatda rəngli qəzeti gördülər…
Həmid VƏLİYEV,
BDU Beynəlxalq jurnalistika
kafedrasının müdiri, professor,
Gürcüstan SSR–in əməkdar
jurnalisti.
Respublika.-2013.-10 may.-S.21.