Böyük şəxsiyyət

 

Hər bir ölkənin beynəlxalq miqyasda nüfuzu iqtisadi və hərbi gücündən asılı olmaqla yanaşı, həmin ölkəni idarə edən rəhbərin şəxsiyyətilə də bilavasitə əlaqədardır.

Azərbaycan hələ çox qədim dövrlərdən ayrı–ayrı böyük dövlətlərin təcavüzünə, istismarına, dağıntılarına məruz qalmışdır. Lakin öz milli adət və ənənələrini, dini əqidə mənsubiyyətini yaşatmaqla nəsildən–nəslə ötürmüşdür. Bütün keçmiş dövrlər ərzində bu yolda xalqımız ciddi maneələrə, bəzən xüsusi qəddarlıqla müşayiət olunan ayrı–seçkiliklə, şovinizms. qeyriinsani rəftar və münasibətlərlə qarşılaşmışdır. Bu repressiyaları dəf etmək, öz milli dəyərlərimizi qorumaq naminə həyatlarını qurban verməkdən belə çəkinməyən igid, mərd oğul və qızlarımız həmişə olmuş, qəhrəmanlıqlar göstərərək istiqlaliyyət uğrunda daim mübarizə aparmışlar.

XX əsrin əvvəllərində elan olunmuş ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yalnız 23 ay yaşadı, bolşevik hakimiyyəti tərəfindən əvvəlcədən xəyanətkarcasına düşünülmüş plan üzrə süquta uğradıldı. Bu hakimiyyətin özünün mövcudluğu da 70 ildən artıq olmadı. Uydurulan kommunizm ideyaları ifşa olunaraq puça çıxdı. İttifaqa daxil edilmiş dövlətlər, o cümlədən Azərbaycan Respublikası əsrlər boyu həsrətində olduğu suverenlik hüququna malik oldu.

Müstəqillik elan olunduqdan sonra ölkədə iqtisadisiyasi, hərbi tənəzzülün, hakimiyyətsizliyin hökm sürməsindən istifadə edərək torpaqlarımıza təcavüz edən naxələf qonşu Ermənistanla müharibə şəraiti müstəqilliyin qorunmasına, möhkəmləndirilməsinə imkan vermirdi. Torpaqlarımızın bütövlüyü, xalqımızın birliyi real təhlükə qarşısında idi. Səriştəsiz iqtidarların günahı üzündən ölkədə mütəşəkkil cinayətkarlıq tüğyan edir, qanunsuz silahlı quldur dəstələri meydan sulayırdı. Hakimiyyət nümayəndələri özlərini və şəxsi mövqelərini qorumaq məqsədilə qanunsuz silahlı dəstələri müxtəlif cəmiyyətlər və dövlət strukturları tərkibində rəsmiləşdirirdilər. Belə bir şəraitdə xalq torpaqların işğalına, ölkədə hökm sürən cinayətkarlığa, hakimiyyət orqanlarının fəaliyyətsizliyinə qarşı çoxmiqyaslı etiraz mitinqləri keçirirdi. Məhz bu kütləvi mitinqlərin və nümayişlərin təsiri və təzyiqi altında hakimiyyətə gəlmiş AXC–Müsavat iqtidarının 1 illik fəaliyyəti dövründə böhran daha da dərinləşdi və ölkədə vətəndaş müharibəsinin başlanmasına gətirib çıxardı. Qarışıqlıqdan istifadə edən kriminal qüvvələr terror aktları, quldurluq, oğurluq, soyğunçuluq, adam oğurluğu və digər cinayətlər törətməklə, ölkədə mövcud olan ağır vəziyyəti daha da gərginləşdirdi. Məhz ölkənin belə bir vəziyyətində xalqımızın bir qrup ziyalısı Azərbaycana uzun müddət rəhbərlik etmiş, ölkə sənayesinin, kənd təsərrüfatının inkişafında misilsiz xidmətləri olmuş böyük dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevə üz tutduonu təkidlə Bakıya dəvət etdi.

Heydər Əliyev Azərbaycan xalqının ona olan səmimi və doğma münasibətini bilərək, vətənə, xalqına olan məhəbbətini, sədaqətini bu çətin günlərdə bir daha nümayiş etdirərək Bakıya gəldi. Bu zaman ölkədə hərc–mərclik baş alıb gedirdi. Gəncə şəhərində 709 saylı hərbi hissə kriminal yuvaya çevrilmişdi, dövlət məmurlarının, hüquq–mühafizə orqanı əməkdaşlarının girov götürülməsi, öldürülməsi adi hala çevrilmişdi.

Heydər Əliyevin uzaqgörən siyasətinin, cəsarətli addımlarının sayəsində Azərbaycan xalqı məhvolma təhlükəsindən qurtardı, başının üstünü almış bəlalardan xilas oldu.

Ulu öndərin 16 avqust 1994–cü il tarixliCinayətkarlığa qarşı mübarizə və hüquq qaydasının qorunmasına dairimzaladığı fərman hüquqmühafizə orqanlarının fəaliyyətinə güclü təkan verdi, qanunsuz silahlı dəstələrin tərksilah olunması, ölkədə stabilliyin yaranması üçün əvəzsiz hüquqi zəmin yaratdı.

Şübhəsiz ki, Heydər Əliyevin həyata keçirdiyi tədbirlər hakimiyyəti ələ keçirmək istəyində olan düşmən mövqeli xarici və daxili qüvvələri, qane etmirdi. Heydər Əliyevə qarşı terror aktları, habelə suiqəsdlər biribirinin ardınca baş verirdi. Lakin ulu öndərin inanılmaz dahiliyi, xalqın mənafeyinə xidmət edən ədalətli mövqeyi Tanrı tərəfindən də sanki müdafiə olunurdu.

Heydər Əliyev ölkədə sabitliyi bərqərar etməklə paralel olaraq onun iqtisadi əsaslarının yaranması, həmin dövrdə yox dərəcəsində olan beynəlxalq əlaqələrin, siyasi tərəfdaşlıq münasibətlərinin qurulmasına da xüsusi əhəmiyyət verərək bu sahəyə böyük diqqət yetirirdi. Müstəqil dövlətçiliyimizin qorunması, idarəçilik orqanları, o cümlədən hüquqmühafizə orqanlarının yaradılması üçün ali qanuna ehtiyac olduğunu bilən ulu öndər bu məsuliyyətli vəzifəni də öz üzərinə götürdü. Müstəqil Azərbaycanın yeni dövlət və hakimiyyət orqanlarının yaradılması barədə qanun və qərarlar qəbul olunmasını təmin etdi. Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbulu məhz Heydər Əliyevə nəsib oldu. Hər müddəa üzərində düşünən və onun dünyanın ən demokratik və humanist konstitusiyalarına uyğun qəbul olunmasına çalışan ulu öndər Azərbaycanın müstəqil dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi və inkişafı üçün zəruri olan Əsas Qanunun yaradılmasını təmin etdi.

Şərqdə ilk olaraq ölüm cəzası ləğv olundu. Mətbuat orqanlarının fəaliyyəti üzərindən senzura götürüldü. Azərbaycan dili dövlət dili elan olundu. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı onlarca konvensiyalara imza atıldı. Böyük humanizmə söykənən əfv fərmanları əsasında isə yüzlərlə məhkum həbs yerlərindən azad olundu, cəmiyyətə qovuşdu.

Bəli, Heydər Əliyevin xalqımız üçün gördüyü bütün işləri sadalamaq qeyrimümkündür. Azərbaycanda hara getsən, hara nəzər salsan, ulu öndərin təşəbbüsü ilə ərsəyə gəlmiş minlərlə binalar, yaşayış evləri, parklar, mədəniyyət və idman sarayları, ali və orta məktəblər, sənaye obyektlərinin şahidi ola bilərsən.

Heydər Əliyev əməlləri və ideyaları ilə bütün arzularına çatdı, həyatını Azərbaycanın müstəqilliyinə, qorunmasına, möhkəmlənməsinə, xalqının xoşbəxtliyinə həsr etdi.

Azərbaycan bu gün müstəqil siyasət yürüdən və çiçəklənən bir ölkəyə çevrilmişdir. Ölkəmiz dünyanın ən stabil inkişaf etməkdə olan ölkələrindən biridir, fikrimcə, xalqımız da ən xoşbəxt xalqlardandır. Bu uğurlar, bu nailiyyətlərin bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qurulmuş möhkəm və davamlı dayaqlara söykənir. Heydər Əliyevin ölkəmizə, xalqımıza bəxş etdiyi bütün xidmətlər əvəzolunmazdır. Ən dəyərli xidməti isə özündən sonra Azərbaycanın gələcəyini düşünərək hazırladığı və siyasi xadim olaraq yetişdirdiyi, müdrikliyi, zəkası, müasirliyi, sadəliyi, prinsipiallığı və cəsarəti ilə fərqlənən, rəhbər liderlər içərisində özünəməxsus yüksək intellektual və dünyagörüşünə malik, ulu öndərin ideyalarını məntiqi ardıcıllıqla, yüksək bacarıq və məharətlə həyata keçirən cənab İlham Əliyev şəxsiyyətidir.

 

 

Hüseyn ƏLİXANOV,

Ədliyyə Nazirliyi Penitensiar

Xidmətin rəis müavini,

ədliyyə general–mayoru.

 

Respublika.-2013.-11 may.-S.6.