Ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş tədbir

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin və “Azneftkimyamaş” ASC–yə daxil olan təşkilatların Suraxanı Maşınqayırma Zavodu TASC–nin iclas zalında təntənəli toplantısı keçirilmişdir.

Toplantıda “Azneftkimyamaş ASC–nin İdarə Heyətinin sədri Əli Qaraxanov məruzə ilə çıxış etmişdir. Natiq vurğulamışdır ki, bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, onun Heydər Əliyev kimi uzaqgörən, dünya səviyyəli bir lideri olmuşdur. Ulu öndər güclü, tarixi proseslərdən müdrikcəsinə baş çıxarmağı bacaran bir şəxsiyyət idi. Məhz buna görə Heydər Əliyev Azərbaycanın ən böyük sərvəti olan neft və qaz amillərini hərəkətə gətirdi və yeni neft strategiyasını yaradıb onun əsl memarı oldu.

Ümummilli liderin 1969–cı ildən hakimiyyətə gəlişindən sonra iqtisadiyyatımız durmadan inkişaf etmiş, maşınqayırma sahəsində yüksək nailiyyətlər əldə olunmuşdur.

Suraxanı Maşınqayırma Zavodu Törəmə Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Arif Babayev çıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyev dəfələrlə müəssisəmizə gəlmiş, əməkçilərlə görüşündə bizə dəyərli tövsiyə və tapşırıqlarını vermişdir.

Tədbirdə “Bakı fəhləsi” maşınqayırma zavodu TASC İdarə Heyəti sədrinin köməkçisi Azad Məmmədov, Bakı neft maşınqayırma zavodu TASC idarə heyəti sədrinin müavini Mətanət Qarayeva, Azinmaş TASC–nin elmi işçisi Natiq Şəfiyev, Balaxanı maşınqayırma zavodu TASC istehsalat şöbəsinin rəisi Eynulla Səttarov, Suraxanı Rayon İcra Hakimiyyətinin sosial–iqtisadi inkişafın təhlili və proqramlaşdırılması şöbəsinin rəisi Altun Quliyev çıxış etmişlər.

Onlar bildirmişlər ki, ulu öndər Heydər Əliyevin ideyaları, siyasi kursu Azərbaycanı işıqlı və xoş gələcəyə aparır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

 

 

Rauf İlyasoğlu

 

Respublika.-2013.-11 may.-S.7.