Tariximizin bütöv
bir qərinəsi Heydər Əliyevin
adı ilə bağlıdır
Deyirlər dünyaya xüsusi missiya ilə gələnlər dərhal seçilirlər. Onlar qeyri–adi iş bacarıqları, möhkəm iradələri, uzaqgörənlikləri, xeyirxahlığı, ədalətli olmaları ilə insanların diqqətini cəlb edirlər. Tarix dəfələrlə sübut edib ki, belə şəxsiyyətlər mümkün olan hər şeyi edə bilib, bir insan ömrünə sığmayan böyük işlər görüblər. Ümummilli liderimiz Heydər Əliyev belə şəxsiyyətlərdən idi. XX əsrdə Heydər Əliyevi liderlər lideri kimi tanıyırdılar. Nahaq yerə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze demişdir ki, “XX əsr liderlər əsridir. Əsrin lideri Heydər Əliyevdir”.
Heydər Əliyev həm ən böyük azərbaycanlı, həm Azərbaycanın Prezidenti, həm də dünyanın güclü siyasət və dövlət xadimi idi. Harada yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq Heydər Əliyev üçün Azərbaycanın mənafeyindən kənarda heç nə mövcud deyildi.
Hər birimiz vaxtaşırı öz fəaliyyətimizi təhlil edib qiymətləndirir, bir növ özümüz–özümüzə hesabat veririk. Belə məqamda ümummilli liderimiz Heydər Əliyevin bir kəlamı hər bir qiymətləndirmədə meyar olmalıdır: “Heç vaxt fikirləşməyin ki, Vətən sizə nə verib. Həmişə öz–özünüzdən soruşun ki, siz Vətən üçün nə etmisiniz?” Fakt budur ki, Heydər Əliyev bütün fəal həyatı boyu belə bir məfkurə ilə yaşadı, Vətəni, xalqı üçün nə mümkündürsə etdi, müstəqil Azərbaycan dövlətini qurdu.
Çox illər keçəcək və gələcək nəsillər bu günümüzün şanlı dövlətçilik tarixini vərəqləyəcəklər. O zaman 1969–cu ildən etibarən 35 ilə yaxın müddətdə Azərbaycana rəhbərlik etmiş təcrübəli dövlət xadimi, mahir siyasətçi, qətiyyətli komandan Heydər Əliyevin Azərbaycan xalqı və onun dövlətçiliyi üçün nə qədər böyük işlər gördüyünü bir daha təsdiqləyəcəklər.
Ulu öndərimizin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın müasir tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri öz əksini tapmasın. Dünya tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrənir.
Ulu öndər Heydər Əliyev respublikaya birinci və ikinci rəhbərliyi dövründə möhkəm təməllərə əsaslanmaqla fundamental dövlətçilik ənənələri formalaşdırmış, milli müstəqillik, azadlıq məfhumlarını illüziya və şüarçılıq səviyyəsindən həqiqi milli ideallara çevirməyi bacarmışdır. O, siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub–yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin ona bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Heydər Əliyev milli tarix üçün böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində, xüsusilə 1993–cü ildə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, ictimai–siyasi böhrandan xilas etmiş, xalqının qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır.
Ulu öndər hələ Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlər, təqiblərlə üzləşsə də, heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, milli adət–ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdi. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir.
Hələ 70–80–ci illərdə ulu öndərimiz sanki Azərbaycanın müstəqil dövlət olacağını görmüş, bunun üçün siyasi, iqtisadi və hüquqi zəmin yaratmışdır. O dövrdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işləri, bu gün dövlət müstəqilliyimizə təminat verən mühüm amillər kimi nəzərdən keçirilir. Ulu öndərimiz Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən iri sənaye respublikasına çevrilmişdi. Məhz ümummilli liderimizin şəxsi müdaxiləsi və qayğısı ilə 70–ci illərdən başlayaraq Bakıdakı Ali Hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdir.
Tarixdə millətin və dövlətin dünya səhnəsindən yox olmaq həddinə çatmasına dair çox misallar mövcuddur. Fəqət, hər bir tarixi dövrdə millətin iradəsini və ülvi amalını, dövlətin diplomatiya və ümumi inkişafı müəyyənləşdirən strategiyasını, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirməyə qadir şəxsiyyətin sayəsində həmin dövlətlər öz varlığını davam etdirmiş, millətlər isə dirçəlmişdir. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai–siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə belə, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa qadir olan yeganə qüvvə kimi təsdiqləmişdir.
1990–cı illərin əvvəlində ölkədə hakimiyyət böhranı dərinləşmiş, ictimai–siyasi sabitlik pozulmuş, xaos və anarxiya, hərc–mərclik mühiti formalaşmış, vətəndaş qarşıdurması güclənmiş, qanunçuluq və hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Bu sarsıntı və təlatümlər təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider Azərbaycanın dövlət müstəqilliyini qorumaq kimi ağır missiyanın öhdəsindən gələ bilər. Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə tam aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır.
Ulu öndərimiz Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ–hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.
Son illərdə Azərbaycanda milli mənafelərə əsaslanmaqla həyata keçirilmiş xarici siyasət kursunun prioritet istiqaməti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlmiş, respublikamız beynəlxalq normalara istinad edərək sivil dünyanın hüquqi–siyasi atmosferini müəyyənləşdirən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük vermişdir. Ulu öndərimiz Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərin həllinə yönəlmişdir. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də məhz ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir.
Yeni beynəlxalq müqavilələrə qoşulan müstəqil respublikamız coğrafi mövqeyindən, dünyamiqyaslı coğrafi–strateji əhəmiyyətə malik təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq nüfuzlu qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlzinin inkişafı, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu öndərimizin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001–ci il yanvarın 25–də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır.
Ümummilli liderimiz Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövrü üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi–nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli liderimiz mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai–iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri–neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.
Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir, 1994–cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafındakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial–iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son 10 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəlmiş siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli situasiyanın formalaşdırılmasına xidmət edir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman–zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.
Heydər Əliyev epoxası davam etməkdədir. Onun qurduğu, möhkəmləndirdiyi ölkə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha işıqlı sabaha, daha firavan gələcəyə doğru inamla irəliləyir.
Rafiq Məmmədhəsənov,
millət vəkili.
Respublika.-2013.-14 may.-S.7.