Ümummilli liderin qayğısı nəqliyyat və yol infrastrukturunun inkişafında uğurlar qazandırıb

 

Müasir Azərbaycanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. 1969–cu ildə Azərbaycan SSR–ə rəhbər seçilən Heydər Əliyev respublika həyatının bütün sahələri kimi, yol tikintisi və nəqliyyatın inkişafına da xüsusi diqqət yetirməyə başladı.

 

XX əsrin 50-60-cı illərində Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, nəqliyyat və yol tikintisi sahəsində də vəziyyət ürəkaçan deyildi. Azərbaycan KP MK–nın 1969–cu ilin avqustunda keçirilən plenumunda bu gerilik konkret olaraq müzakirə olunmuşdu. Yeni seçilən respublika rəhbəri Heydər Əliyev məruzəsində bildirmişdi ki: …respublika nəqliyyatında ciddi problemlər yaranmışdır. Nəqliyyat strukturları əsas göstəricilər üzrə plan tapşırıqların yerinə yetirmirlər. Yaranmış vəziyyətlə bağlı 1969–cu il sentyabrın 3–də Azərbaycan KP MK və Nazirlər Soveti tərəfindən “Yüklərin dəniz nəqliyyatı ilə daşınmasının artırılması tədbirlərinə dair” birgə qərarı qəbul edilmişdi.

1969–cu ildən başlayaraq, Heydər Əliyev bu sahəni də öz nəzarətinə götürdü, nəqliyyatın madditexniki bazasını möhkəmləndirdi. Nəticədə infrastruktur təkmilləşdirilməsi ilə yanaşı, bu sahənin inkişaf dinamikası təmin edildi.

Azərbaycan ərazi baxımından kiçik olsa da, onun nəqliyyatı SSRİ–nin nəqliyyat sisteminin əhəmiyyətli bir hissəsini təşkil edirdi. Heydər Əliyevin ardıcıl diqqət və qayğısı sayəsində Azərbaycanda nəqliyyat sistemi inkişaf etməyə başladı. 1970–ci ildə Azərbaycan SSR–də nəqliyyat və rabitəyə 147 milyon manat, 1982–ci ildə isə 214 milyon manat əsaslı vəsait qoyulmuşdu. 1970–1982–ci illərdə respublikanın əsas fondlarının təqribən 14,2 faizi nəqliyyat sektorunun payına düşürdü.

Heydər Əliyevin səyləri sayəsində 1970–ci ildən 1982–ci ilədək respublikada nəqliyyat sahəsində əsas fondların artımı 79 faiz, aliorta ixtisas təhsilli mütəxəssislərin sayı 52,1 faiz, milli gəlir istehsalı 44 faiz, nəqliyyatda əməkhaqqı 32 faiz artmışdı. Su nəqliyyatında əməkhaqqının artımı daha yüksək idi. Bundan əlavə, işçilərin yaşayış şəraiti yaxşılaşmış, pensiya və müavinətlər qaldırılmışdı. Nəqliyyat işçilərinin əməkhaqqını artırmaq və onların həyat şəraitini yaxşılaşdırmaq Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən onun qayğılarından biri olmuşdur. O, bu problemin həlli üçün Nazirlər Sovetinə göstəriş vermiş və məsələ ilə bağlı xüsusi qərar qəbul edilmişdir.

Respublika iqtisadiyyatının bütün sahələrində gedən inkişaf dəmir yolunda da baş verirdi. 1969–cu ilə qədər olan dövrdə Azərbaycan dəmir yolu SSRİ dəmir yolları sistemində həyata keçirilən texniki yeniləşmə, müasir təmir bazalarının tikintisi, əlavə dəmir yolu xətlərinin çəkilməsi kimi tədbirlərlə ayaqlaşa bilmirdi. Heydər Əliyevin gərgin zəhməti hesabına, ilk növbədə, sənaye kompleksinin sürətli inkişafı təmin edildi ki, bu da… dəmir yolu nəqliyyatında da özünü bariz şəkildə göstərdi.

1970–1982–ci illərdə baş dəmir yollarının istismar uzunluğu 181,1 kilometrdən 1903 kilometrə, elektrikləşdirilmiş dəmir yollarının uzunluğu 794 kilometrdən 1111 kilometrə, stansiya yollarının ümumi uzunluğu 954 kilometrdən 1343,5 kilometrə çatdı. P43 və P50 tipli relslərdən ibarət bu yollar 1969–cu ildən başlayaraq, P65 tipli relslər qoyularaq tam yeniləşdirildi. 372 ədəd yeni yoldəyişdirici quraşdırıldı.

Azərbaycan SSR–də 1979–cu ildə Ağdam–Xankəndi xətti tikilərək istifadəyə verildi. Nəticədə Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı ilə intensiv əlaqələri təmin edildi.

XX əsrin 70–ci illərində Heydər Əliyevin israrlı tövsiyəsi ilə, Yevlax–Balakən dəmir yolunun tikintisinə başlamaq haqqında qərar qəbul edildi. Respublika rəhbəri həmin dəmir yolunun Azərbaycan SSR–in Şimal–Qərb bölgəsinin iqtisadi və mədəni inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirirdi.

Respublikanın Şimal–Qərb zonasında yaşayan əhalinin həyat şəraitini və bu regionun iqtisadi inkişafını təmin etmək üçün Yevlax–Balakən dəmir yolu xəttinin tikintisi gedişində 6 yeni stansiyavağzal binası (Balakən, Zaqatala, Qax, Şəki, Səbuhi, Xanabad) tikilib təhvil verildi. 1970–ci illərdə Sumqayıt, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı (indiki Şirvan), Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt, Daşburun, Horadiz, Bərdə, Ağdam, Xankəndi stansiyalarında müasir tipli vağzal binaları, Culfa stansiyasında xarici ölkələrdən gəlib–gedən sərnişinlər üçün yeni vağzal binası və qonaq evi, Bakıda yeni sərnişin vağzalı istifadəyə verildi. 1971–ci ildə Heydər Əliyevin SSRİ hökumətinə müraciətindən sonra Azərbaycan SSR–in dəmir yoluna ən müasir elektrovozlar gətirildi və nəticədə dəmir yolunun istismar işinin səviyyəsi, qatarların sürəti artdı, hərəkət cədvəlinə əməl olunması təmin edildi, dəmir yolunun iqtisadi göstəriciləri yaxşılaşdı. Şəhərətrafı elektrik qatarları müasir tələblərə cavab verən, yeni seriyalı elektrik qatarları ilə əvəz olunmağa başlandı.

Yeni xətlərin çəkilişi ilə yanaşı, 3733 kilometr yolda əsaslı, 2818 kilometr yolda orta təmir işləri görüldü. Bu müddətdə 308 ədəd yeni körpü tikilmiş və bunların sayı 1939 ədədə çatdırılmış, 30 körpüdə aşırmalar dəyişdirilmişdi. Bu illərdə Güzdək stansiyasında sərnişin vaqonlarının ehtiyatda saxlanılması üçün 14 yoldan ibarət park tikilmişdi.

Azərbaycan SSR dəmir yolunda stansiya təsərrüfatının tikintisi və inkişafı ən önəmli yer tuturdu. 1969–cu ilə qədər dəmir yolunda 159 stansiya fəaliyyət göstərirdisə, bəhs edilən dövrün sonlarında bunların sayı 176–ya çatmışdı. 1980–ci ildə Şirvan çeşidləmə stansiyasının tikintisinə başlanıldı və 1984– ildə başa çatdırıldı. SSRİ üçün son dərəcə əhəmiyyətli olan bu stansiya sutkada 60 qatarı qəbul edib göndərmək imkanına malik idi.

Azərbaycan SSR dəmir yolunun vaqon təsərrüfatının inkişafı da, faktik olaraq, 1969–cu ildən sonra başlamışdır. O vaxtadək vaqon təsərrüfatı cəmi 2 vaqon deposubir yuyucu–buxarlayıcı stansiyadan ibarət idisə, 1980–ci illərdə isə 9 vaqon deposubir yuyucu–buxarlayıcı stansiya fəaliyyət göstərirdi. 1975–ci ildə Bakıda konteynerlərin təmiri üzrə ixtisaslaşmış müasir texnologiyalı depo və 1981–ci ildə Ələt qəsəbəsində müasir tələblərə cavab verən refrijerator vaqon deposu tikilib istifadəyə verildi. Deponun yaranması ilə əlaqədar Salyanda və Biləcəridə vaqonlara texniki xidmət göstərilməsi üçün texniki müayinə məntəqəsi yaradıldı. Sonrakı illər ərzində daha 100 ədəd refrijerator seksiyası alındı və bununla Azərbaycan SSR–də istehsal olunmuş kənd təsərrüfatı və şərab məhsullarının daşınması tam təmin olundu. Gəncə şəhərində 1978–ci ildə müasir texnologiyalı yük vaqonlarının təmiri və istismarı deposu tikilib istifadəyə verildi, 200 nəfər işlə təmin edildi. İllik təmir gücü 2500 vaqon olan depo xətdə qatarların təhlükəsiz hərəkətini tam təmin etməyə zəmin yaratdı.

1975–79–cu illərdə Lokomotiv parkının radiostansiyalarla təminatında böyük sıçrayış əldə edildi. Təkcə 1976–cı ildə 302 belə radiostansiya quraşdırılmışdı. Dəmir yolunu keyfiyyətli operativ texnoloji rabitə ilə təmin etmək məqsədilə Ələt–Naxçıvan–Şərur dispetçer xəttinin mərkəzləşdirilməsi sahələrində yeni kabel xətləri çəkildi.

Heydər Əliyevin şəxsi tapşırığı ilə 1969–1982–ci illərdə mənzil tikintisi geniş vüsət aldı, istismara verilmiş mənzil fondunun ümumi sahəsi 202820 kvadratmetrə çatdı.

Azərbaycan Kommunist Partiyasının XXIX qurultayında nəqliyyatın inkişafına toxunan Heydər Əliyev dəmiryol nəqliyyatının əsas fondlarının ikiqat, yük dövriyyəsinin ümumi həcminin 28 faiz, vaqonların və lokomotivlərin dövriyyəsinin, habelə avtomobil nəqliyyatında yük dövriyyəsi və sərnişin daşınmasının xeyli artdığını, daşımaların maya dəyərinin aşağı salındığını qeyd etmişdi.

Bununla belə, nöqsanlar və çatışmazlıqlar hələ də mövcud idi. Heydər Əliyev 1979–cu il dekabr plenumunda nəqliyyat sahəsində olan geriliklərdən də danışmışdır: Demək lazımdır ki, respublikada nəqliyyatın inkişafı xalq təsərrüfatının böyük yüksəliş sürətindən geri qalır… Orta hesabla gündəlik vaqon boşaldılması, bütövlükdə, respublika üzrə plandan aşağı olmuşdur.”

Dəmir yolundakı vəziyyət vaxtaşırı Mərkəzi Komitə səviyyəsində müzakirə olunur, Heydər Əliyev sahənin rəhbərliyindən daha artıq mütəşəkkillik, çalışqanlıq, nöqsanları aradan qaldırmaqda operativlik tələb edirdi: “…Bir çox cəhətdən bu səbəblərə görə dəmir yolu vaqonlarının və sisternlərin yük vurulması üçün verilməsində fasilələr əmələ gəlir, teztez dəmir yolu üzərinə qadağanlar qoyulur, qatarların hərəkət cədvəlləri pozulur. Biz onlardan vəziyyəti düzəltmək, nöqsanları aradan qaldırmaq üçün dərhal tədbir görməyi tələb edirik”.

Heydər Əliyevin elmi əsaslara söykənən prinsipial idarəçiliyi nəticəsində respublika dəmir yolunda yük dövriyyələrinin həcmi 1970–ci ildəki 24593 milyon ton–kilometrdən 1982–ci ildə 35510 milyon ton–kilometrə çatdı. Sərnişin dövriyyəsinin həcmi isə müvafiq olaraq 1676 milyon sərnişin–kilometrdən 2257 milyon sərnişin–kilometrə yüksəldi. Həmin illərdəki uğurlarına görə Dəmir YoluOktyabr İnqilabı” ordeni ilə təltif edildi.

1969–cu ildən etibarən bütün başqa sahələr kimi, avtomobil nəqliyyatında da ciddi irəliləyişlər dövrü başlandı. Lakin Azərbaycan SSR–də olan avtomobil yollarının 40 faizə qədəri müharibədən əvvəl salınmışdı və dövrün standartlarına cavab vermirdi. Azərbaycan KP MK iyul (1971–ci il) plenumunda Heydər Əliyev respublikada avtomobil yollarının yaxşılaşdırılmasını, yol şəbəkəsinin inkişafının baş sxeminin hazırlanmasını və yol çəkilməsinin düzgün planlaşdırılmasını, yolların texniki səviyyəsinin yüksəldilməsini, bərk örtüklü yolların və daha yüksək texniki kateqoriyalardan olan digər yolların xüsusi çəkisinin artırılmasını Baş Şose Yolları İdarəsinə və digər yol çəkilişi təşkilatlarına və idarələrinə bir vəzifə olaraq tapşırmışdı. 1970–ci ildən başlayaraq Heydər Əliyevin qəti mövqeyi nəticəsində avtomobil nəqliyyatında yük dövriyyəsi və sərnişin daşıması xeyli artmış, daşımaların maya dəyəri aşağı salınmışdı.

Heydər Əliyev respublikada yeni avtomobil yolları salmaqmövcud yolların texniki səviyyəsini yüksəltmək üçün yol tikinti təşkilatlarının madditexniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Respublikada yol təsərrüfatını inkişaf etdirməyin mühüm bir məsələsi də yol inşaatı təşkilatlarının yüksəkixtisaslı kadrlarla təmin edilməsi idi. Bu məqsədlə Azərbaycan Politexnik İnstitutunda avtomobil yolları, körpüləri, tunelləri çəkilməsi, istismarı və yol tikintisi maşınlarının istismarı fakültəsi yaradıldı. Yol işlərini planlaşdırmağın elmi səviyyəsi yüksəldi, elmi–tədqiqat işləri genişləndi, yüksəkixtisaslı kadrlar hazırlanmağa, yol işlərində müasir texniki metodlardan geniş istifadə olunmağa başlandı.

1970–ci illərdə Heydər Əliyevin bilavasitə rəhbərliyi altında geniş həcmdə yol tikintisi işləri görülürdü. Bunu demək kifayətdir ki, 1969–cu ildə respublikada asfaltbeton döşənmiş avtomobil yollarının uzunluğu cəmi 21,1 min kilometr olduğu halda, 1982–ci ildə bu, 23,9 min kilometrə bərabər idi.

Avtomobil nəqliyyatının əmsalında böyük sıçrayış əmələ gəlmiş və onun yük dövriyyəsi 1970–ci ildəki 3709 milyon ton–kilometrdən 1982–ci ildə 8533 milyon ton–kilometrə çatmışdı.

Heydər Əliyev Bakı şəhərinin nəqliyyat problemlərinin həllinə də diqqət yetirir, bunu çox mühüm sosial problem hesab edirdi. Şəhərlərarası avtobus marşrutları 1970–ci ildəki 302–dən 1982–ci ildə 394–ə, sərnişin daşımaları müvafiq olaraq 12,9 milyondan 34,2 milyon nəfərə çatmışdı. Taksi maşınları 1970–ci ildə 23,9 milyon nəfər, 1982–ci ildə 44 milyon nəfər sərnişin daşımışdı.

Heydər Əliyevin rəhbərliyi altında nəqliyyatın inkişafı sahəsində görülən işlər aviasiya sahəsində də özünü göstərməyə başladı. 1970–ci illərdə Naxçıvan, Xankəndi, Balakən, Zaqatala şəhərlərində YAK40 reaktiv təyyarələrini qəbul edən uçuş–enmə zolaqları yaradıldı. 1974– ildə Naxçıvan şəhərində hava limanı tikildi. Füzulidə, Naftalanda yeni aerovağzallar yaradıldı. Bakı hava limanı yenidən quruldu, təyyarə parkı təzələndi. Tu154 magistral təyyarəsini qəbul etmək üçün uçuş–enmə xətti yaradıldı. 1978–ci ildə qısa müddətə Gəncə şəhərində yeni aerovağzal binasının inşası başa çatdırıldı və istifadəyə verildi.

Heydər Əliyev su nəqliyyatının inkişafına da xüsusi diqqət yetirirdi. Respublika dəniz gəmiçiliyi neftdaşıyan, quru yüklər və sərnişin daşıyan böyük donanmaya malik idi. Bakı–Krasnovodsk bərə xəttinin açılması Qafqazın Orta Asiya, Qazaxıstan və Sibirlə nəqliyyat əlaqələrini yaxşılaşdırmışdı. Qara dənizdə üzən Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri İtaliya, Əlcəzair, Birləşmiş Ərəb Respublikası, Polşa, Rumıniya, Bolqarıstan limanlarına reyslər edirdi.

Heydər Əliyevin qəbul etdiyi qərarın nəticəsi olaraq, 1985–ci ildə Xəzərdə Azərbaycanla Qazaxıstanı birləşdirən bərə xətti açıldı. Xəzər Dəniz Gəmiçiliyi vasitəsilə 1970–ci ildə 528 min, 1982–ci ildə 608,5 min sərnişin, müvafiq surətdə 31,2 və 25,9 mln. ton yük daşınmışdı.

Bütövlükdə XX əsrin 70–80–ci illərində Heydər Əliyev tərəfindən Azərbaycanda nəqliyyat və yol tikintisi sahəsində həyata keçirilən quruculuq işləri bu gün onun özünün banisi olduğu müasir Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Onun işləyib hazırladığı Azərbaycan Respublikasının iqtisadi inkişaf konsepsiyasında nəqliyyat və yol tikintisi sektorunun genişləndirilməsi və möhkəmləndirilməsi xüsusi yer tutur. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin yaradılması, onun yeni strukturlarının təşkili, respublika və beynəlxalq səviyyədə həyata keçirdiyi geniş fəaliyyət təqdirəlayiqdir. 1993–2003– illərdə və 2004– ildən bugünə kimi ümummilli liderimizonun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyata keçirilən quruculuq işləri, o cümlədən nəqliyyat və yol tikintisi sahəsində baş verən irimiqyaslı dəyişikliklər belə bir fikri bir daha söyləməyə əsas verir ki, Azərbaycan həqiqətən də sıçrayışlı inkişaf dövrünü yaşayır. Bu illərdə Azərbaycanın paytaxtı Bakı şəhərinin bütün nəqliyyat və yol strukturu yeniləşdirilmişdir. Bakı–Rostov, Bakı–Astara, Bakı–Qazax istiqamətində müasir dünya standartlarına cavab verən yollar çəkilmişdir. Sevinirik ki, cütün bu görülən genişmiqyaslı işlərdə “Azəryolservis” ASC–nin “85 saylı Yol İstismarı” MMC kollektivinin də payı vardır. Bütün uğurlarımızın təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi inkişaf konsepsiyası dayanır.

Xalqımız bu günlərdə ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyini böyük qürur hissi və təntənə ilə qeyd etdi. Ulu öndərə xalqın sevgisi nəhayətsizdir.

 

 

Nəriman MƏMMƏDOV,

Azəryolservis” ASC–nin “85 saylı

Yol İstismarı” MMC–nin direktoru

 

Respublika.- 2013.- 12 may.- S. 7.