Ulu öndər sahibkarlığın inkişafına böyük önəm verirdi

 

Qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan Azərbaycan xalqının bütün dünyada tanıdılması, ölkəmizin inkişafı və tərəqqisi yolunda ulu öndərimiz Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycanın böyük uğurlarının və nailiyyətlərinin əsasında Heydər Əliyevin həyata keçirdiyi iqtisadi strategiya durur.

Dövlət müstəqilliyinin ilk illərində məlum səbəblər üzündən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatının ağır vəziyyətdən çıxarılması missiyası məhz ulu öndərin üzərinə düşmüşdü.

Ulu öndər böyük uzaqgörənliklə neft strategiyasını həyata keçirdi. “Əsrin müqaviləsi”nin reallaşdırılması ilə ölkəyə xaricdən böyük həcmdə investisiyalar cəlb olundu. Hərtərəfli dirçəliş yoluna qədəm qoyan Azərbaycan iqtisadiyyatının inkişafı prosesində milli sahibkarların da meydana gəlməsinə zəmin yarandı. Ölkəmizin iqtisadiyyatında bazar münasibətlərinin müstəsna əhəmiyyətini düzgün qiymətləndirən ulu öndər milli sahibkarlığın inkişafına dəstək vermək məqsədilə dəfələrlə görüşlər keçirdi. Bu mühüm sahənin təşəkkülü, bu yolda qarşıya çıxan maneələri dəf etmək üçün müvafiq fərmanlar imzaladı.

Ölkə iqtisadiyyatının inkişaf prosesini daha da sürətləndirmək, onun əhatə dairəsinin miqyasını artırmaq məqsədilə respublikada kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndiriliməsini nəzərdə tutan tədbirlərin həyata keçirilməsi Azərbaycanı böyük tərəqqi yoluna çıxardı.

İrimiqyaslı sosial–iqtisadi inkişafın əsasını yerli və xarici iş adamlarının birgə fəaliyyəti istiqamətində müəyyən edilmiş mühüm vəzifələrin gerçəkləşdirilməsi məsələsi təşkil edirdi ki, bu məsələlər də ulu öndərin məqamında imzaladığı bir neçə fərmanda öz əksini tapırdı. Mahiyyətcə milli sahibkarlığın yeni şəraitdə fəaliyyətinin gerçəkləşdirilməsini şərtləndirən bu tədbirlər sistemi respublikanın davamlı sosial–iqtisadi artım strategiyasının tərkib hissəsinin mühüm istiqamətlərindən biri idi.

Azərbaycanda sahibkarlıq çox çətin, mürəkkəb və ziddiyyətli inkişaf yolu keçmişdir. Dövlət müstəqilliyinin ilk dövründə sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün müəyyən potensial mövcud olsa da, ölkədə baş alıb gedən özbaşınalıq, hərc–mərclik mühitində sahibkarlar təbəqəsinin təşəkkülü qeyri–normal bir məcraya yönəlmişdi. Bazar iqtisadi münasibətlərinin sivil tələblərinə uyğun olaraq mövcud imkanlar ağır keçid dövründə xalqın həyat səviyyəsini yüngülləşdirmək üçün ümummilli mənafelərə müvafiq olan sahibkarlıq fəaliyyətinə yol açmaq əvəzinə, bəzi işbazların şəxsi maraqlarına xidmət etdi. Özünü sahibkar kimi qələmə verən bəziləri xalqın rifahını daha da ağırlaşdırdılar, onlar eyni zamanda əsl sahibkar meyilli insanların fəaliyyətinin qarşısında da sipərlər çəkdilər.

Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi, tapşırıq və tövsiyələri ilə bazar iqtisadi münasibətlərinə keçidin hüquqi–normativ əsasları müəyyən edildi. Lazım olan zəruri şəraitin yaradılması sahibkarlığın inkişafında çox əhəmiyyətli rol oynadı.

Bazar münasibətlərinin inkişafının başlıca əlamətlərindən olan sahibkarlıq fəaliyyəti indi ölkənin sosial–iqtisadi həyatında həlledici rol oynayır və özəl sektorun hazırda respublika iqtisadiyyatındakı yeri, əhəmiyyəti buna əyani sübutdur.

Sahibkarlığın inkişafı həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Bu sahədə ölkədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün hələ 1996–cı ilin ortalarında ulu öndərin söylədiyi aşağıdakı fikirləri xatırlamaq yerinə düşər: “…Bir Prezident kimi, mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yol verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətinin əsas prinsipləri olur”.

Məhz bu diqqət və qayğının nəticəsində ölkəmizdə yerli sahibkarlıq fəaliyyəti ildən–ilə genişlənib möhkəmlənirdi. Başlıca məsələ özəl sektorun fəaliyyətini genişləndirmək, sahibkarlığın respublikanın sosial–iqtisadi inkişafında əhəmiyyətini daha çox artırmaqdan ibarət idi. Bu məqsədlə Heydər Əliyev 2002–ci ilin avqust–sentyabr aylarında Azərbaycanda kiçik və orta sahibkarlığın daha sürətli inkişafını nəzərdə tutan fərmanlar imzaladı.

“Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında əsasnamə” və “Azərbaycan Respublikasının sahibkarlığa kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydaları” barədə verdiyi növbəti fərmanlar sahibkarlığın inkişafında dönüş mərhələsi yaratdı. Verilən fərmanlarda sahibkarlığın daha böyük miqyasda inkişafının təsir mexanizminin qaydaya salınması ilə yanaşı, bu mühüm sahənin fəaliyyətinə mane olan halların aradan qaldırılması istiqamətində də böyük tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Bu cəhətdən “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qanunlar” və onların fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi üzrə verilən fərmanlarda lisenziya almağın qayda və mexanizmləri də xeyli sadələşdirilmişdi. Bu sənədlərdə sahibkarlığın inkişafına süni əngəllər törədən halların, o cümlədən əsassız və tez–tez aparılan yoxlamaların, habelə, hər cür başqa qanunsuz müdaxilələrin aradan qaldırılması, iş adamlarının hüquqlarının qorunması üçün tədbirlərin həyata keçirilməsi xüsusi qeyd edilirdi.

Ulu öndərimiz deyirdi: “Demək olar ki, indi bizim sosial–iqtisadi inkişafımız sahibkarların fəaliyyətindən asılıdır”. Kiçik və orta sahibkarlığın inkişafını nəzərdə tutan sənədlər arasında 2002–2005–ci illəri əhatə edən Dövlət Proqramı xüsusi əhəmiyyətə malikdir. Proqramda qarşıya qoyulan mühüm vəzifələrdən biri kiçik və orta sahibkarlığın beynəlxalq aləmdə geniş fəaliyyət göstərməsinə kömək edilməsidir. Milli sahibkarlığın geniş inkişafı üçün yaradılan yeni şəraitdə bu istiqamətdə fəaliyyətin artırılması tələbi xüsusi məna kəsb edirdi. Kiçik və orta sahibkarlığın fəaliyyətinin genişləndirilməsinin zəruri şərtlərindən biri olan maliyyə–kredit və investisiya əldə etmək məsələsi bir vəzifə kimi qarşıya qoyulurdu.

Bununla yanaşı, ölkə regionlarının mütənasib inkişafının təmin edilməsi də kiçik və orta sahibkarlığın gücləndirilməsinin mühüm istiqamətinə çevrilirdi.

Milli sahibkarlığın geniş inkişafı üçün yaradılan şərait onun Azərbaycanın sosial–iqtisadi həyatında rolunu və əhəmiyyətini əsaslı surətdə dəyişdi. Həmin dövrdə iqtisadiyyatın bir qolunu təşkil edən ticarətin inkişafında özəl fəaliyyət üçün də imkanlar genişlənirdi. Hələ sovet dönəmində fəaliyyətə başlayan Mərkəzi Universal Mağaza da bu dövrdə səhmdar cəmiyyət kimi fəaliyyət dairəsini genişləndirməyə başladı.

Sahibkarlığın inkişafı üçün ulu öndərimiz tərəfindən əsası qoyulmuş genişmiqyaslı işlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi istiqamətində işlər uğurla davam etdirilir.

Yerli və xarici iş adamları üçün yaradılmış normal mühit milli sahibkarlığın inkişafını təmin edir, onun fəaliyyəti nəticəsində əldə olunan qazanc Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına yönəldilir.

Əminliklə demək olar ki, milli sahibkarlıq fəaliyyətinin genişləndirilməsi Azərbaycanda məhsuldar qüvvələrin hərtərəfli kompleks inkişafına bundan sonra da öz töhfələrini verəcəkdir.

 

 

Ağabala Hüseynli,

“Mərkəzi Univermaq”ın məsul şəxsi.

 

Respublika.-2013.-14 may.-S.8.