Ulu öndərə sevgimiz tükənməzdir

 

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev XX əsrin yetişdirdiyi bənzərsiz nadir şəxsiyyətlərdəndir. Bu böyük insan bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış, fenomenal keyfiyyətləri ilə milyonların qəlbində əbədi məşəl yandırmışdır. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası və bu ideyanın gerçəkləşdirilməsi Azərbaycanın çağdaş tarixində məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin əzəmətini, böyüklüyünü, dühasını nə zaman, nə də məkan çərçivəsinə sığışdırmaq mümkündür. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderimiz Heydər Əliyevin qayğısını hiss etməyəsən. O, bənzərsiz və müqayisəedilməz bir şəxsiyyət kimi tarixdə öz layiqli yerini tutub. Heydər Əliyev zahiri görkəmi, əzəməti və vüqarı ilə bütöv bir xalqın siması, simvolu, bütün dünya azərbaycanlılarının lideri idi.

Doğma vətənimiz və dövlətçiliyimiz üçün son dərəcə ağır sınaq günlərində xalq yeganə ümid və pənahını özünün dahi, dəfələrlə sınanmış müdrik və qüdrətli oğlu Heydər Əliyevdə tapmış, ümummilli liderinə müraciət etmişdir. Heydər Əliyev xalqımızın çağırışına, israrlı və təkidli tələblərinə səs verərək böyük xilaskarlıq missiyasını öz üzərinə götürmüş və hakimiyyətə tarixi qayıdışı ilə Vətənimizi təhlükələrdən xilas etmişdir.

Ukraynanın sabiq prezidenti Leonid Kuçma Heydər Əliyev haqqında ürək sözlərini belə ifadə etmişdir: “Azərbaycanın dahi oğlu, zəmanəmizin ən qüdrətli şəxsiyyətlərindən biri olan Heydər Əliyevin otuz ildən artıq bir dövrdə Vətəninin, xalqının inkişafı naminə misilsiz xidmətlər göstərməsi, ölkənin ən ağır günlərində ona rəhbərliyi öz üzərinə götürərək yenicə müstəqillik qazanmış dövləti parçalanıb məhv olmaqdan xilas etməsi bütün dünyada etiraf olunur və ən müxtəlif səviyyəli insanların dilindən səslənmişdir. Heydər Əliyev Ukraynanın ali dövlət mükafatına— “Knyaz Yaroslav Mudrı” ordeninə layiq görülmüşdür”.

Vurğulamaq lazımdır ki, Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə dövlətçiliyin və qanunçuluğun möhkəmləndirilməsi, siyasi, sosialiqtisadi böhranın, milli və vətəndaş qarşıdurmasının aradan qaldırılması, özbaşınalıq və hakimiyyətsizliyə son qoyulması istiqamətində cəsarətli addımlar atılmışdır. Qısa zaman kəsiyində ölkədə qanunçuluq bərpa olunmuş, sosial islahatlar dərinləşdirilmiş və ölkənin inkişafı üçün hüquqimaddi baza yaradılmışdır. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın demokratik, dünyəvi və hüquqi dövlət kimi inkişafının bünövrəsi qoyulmuş, idarəetmə münasibətlərinin demokratik dəyərlər əsasında inkişafı təmin edilmişdir.

1993– ildə Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkəmiz onu gözləyən fəlakətlərdən, daxilixarici bədxah qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, dövlətçiliyin məhvindən xilas etdi. Millətin itirilmiş inamı özünə qaytarıldı. Heydər Əliyev deyirdi: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994– il sentyabrın 20–də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999–cu il noyabrın 18–də ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır.

Ümummilli lider Heydər Əliyev qısa zamanda Azərbaycanı bütün dünyaya tanıtdı. Xalqımızın taleyində yeni bir tərəqqi mərhələsi başlandı. Vətəndaşlarımız azad və təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə tam təminat verdi.

1995–ci il noyabrın 12–də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanaraq yaradılan Konstitusiyamız hüquqidemokratik, dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Dünyanın məşhur dövlət rəhbərləri və siyasətçiləri Heydər Əliyevi siyasət nəhəngi, siyasət şahmatının mahir ustası adlandırdılar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur.

Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş strateji xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Onun apardığı siyasət Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, iqtisadi gücünün artmasına, davamlı və dayanıqlı inkişafın uzun illər təmin edilməsinə yönəldilmişdir. Azərbaycana yeni uğurlar gətirən bu strateji xətt təkidlə və ardıcıllıqla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir: “Heydər Əliyev siyasəti, strateji xətti Azərbaycan xalqının, zamanın, məntiqin tələbidir. Bu siyasətin əsas mahiyyəti ondadır ki, o, Azərbaycanın milli maraqları zəminində qurulur, Azərbaycanın milli maraqları tam şəkildə təmin olunmuşdur”. Heydər Əliyev siyasi xətti ölkəmizi yeni inkişaf mərhələsinə çıxarmış, iqtisadi potensialını artırmışdır.

May ayının 10–u xalqımızın xilaskar oğlu, əbədiyaşar lider Heydər Əliyevin anadan olmasının 90–cı ildönümü idi. Ulu öndərimizin ümummilli və ümumbəşəri ideyaları hər zaman xalqımızın, millətimizin yoluna mayak tək işıq saçacaq, müstəqil Azərbaycanın daha da güclənməsində böyük rol oynayacaqdır.

 

 

Əlif Mürsəlov

 

Respublika.- 2013.- 12 may.- S. 7.