Təhsil quruculuğunda Heydər Əliyev ənənələri uğurla davam etdirilir

 

Ümummilli lider Heydər Əliyevin zəngin ictimai–siyasi fəaliyyətində elmə, təhsilə qayğı daim mühüm yer tutmuşdur. Ulu öndər dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi diqqətlə yanaşmış, xalqın intellektual gələcəyinin birinci növbədə onun elmi səviyyəsi ilə bağlı olduğunu qeyd etmişdir.

Bu bir tarixi həqiqətdir ki, ötən əsrin 70–80–ci illəri ölkəmizdə təhsil sahəsində də əsl intibah, yüksəliş illəri olub. Böyük öndərin qayğısı nəticəsində məhz həmin illərdə 800–dən çox ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, məktəbəqədər tərbiyə müəssisələrinin sayı isə 1600–dən 1875–ə çatdırılmış, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin sayı 12–dən 17–yə, bu ali təhsil ocaqlarında təhsil alan tələbələrin sayı 70 mindən 180 minə qədər artmışdı.

Heydər Əliyev respublikaya rəhbərliyinin bütün dövrlərində elmin, təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi yanaşmış, xalqın intellektual səviyyəsinin artmasını ən vacib məsələlərdən biri kimi daim önə çəkmişdir.

Ulu öndərimiz Heydər Əliyev gənclərimizin ali təhsili, onların xaricdə təhsil almaları üçün böyük işlər görmüşdü. O deyirdi: “Gənclər xalqımızın, millətimizin, ölkəmizin gələcəyidirlər. Mən Azərbaycan dövlətinin başçısı, prezidenti kimi hazırkı işlərlə, problemlərlə yanaşı, daim respublikamızın gələcəyi haqqında düşünürəm, ona qayğı göstərirəm və bunun üçün bu gün imkanım daxilində olan bütün tədbirləri həyata keçirirəm. Bu tədbirlərdən biri də Azərbaycan gənclərinin ali təhsil almasının təkmilləşdirilməsidir”.

Azərbaycanda ali təhsil həmişə özünə layiq yer tutmuş, ölkəmizin ali təhsil ocaqlarında istənilən qədər kadr hazırlanmasına imkan, şərait olmuşdur. 1919–cu ildə Xalq Cümhuriyyəti dövründə ilk Azərbaycan universiteti ölkəmizdə ali təhsil sisteminin əsasını qoydu, ancaq sonrakı illərdə ali təhsil sistemi görünməmiş sürətlə inkişaf etdi.

Ulu öndər respublikaya rəhbərliyə gəldiyi ilk illərdən, yəni 1970–ci ildən başlayaraq azərbaycanlı gənclər keçmiş Sovet İttifaqının ən nüfuzlu universitetlərinə, ali məktəblərinə oxumağa göndərilirdi. Onların sayı hər il artırdı. Bütün bunlar Azərbaycanın gələcəyi üçün yeni mütəxəssislər hazırlamaq məqsədi daşıyırdı. Ulu öndər hələ o vaxtlarda Azərbaycanın gələcəyini düşünən bir insan kimi uzaqgörənlik nümayiş etdirirdi.

Heydər Əliyev hər il başqa ölkələrdə oxumağa gedən gənclərlə görüşürdü və bu bir ənənə halını almışdı. Bu görüşləri o, həmişə yüksək qiymətləndirirdi. Hər il avqustun sonlarında ali məktəblərə daxil olmuş gənclərlə Respublika Sarayında keçirdiyi görüşlərdə onlara öz tövsiyələrini verirdi.

Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşməyi özünün səfər proqramına daxil edərdi. Bu görüşlərdə söhbətin mövzusu Azərbaycanla bağlı olar, Azərbaycan həqiqətlərinin təbliği üçün onların səfərbər olmalarını, təşkilatlanmalarını bir məqsəd kimi qarşıya qoyardı. Xarici ölkələrə oxumağa gedən azərbaycanlılarla görüşündə gəncləri buna səsləyir, narahatlıq doğuran məsələləri təhlil edərkən respublikamız haqqında həqiqətlərin təbliği işində son dərəcə ehtiyatlı və hazırlıqlı olmağı tövsiyə edirdi.

1998–ci il avqustun 31–də ulu öndər daha bir unudulmaz görüş keçirdi. 1970–1987–ci illərdə Azərbacyandan kənarda ali təhsil almış mütəxəssislərin ümumrespublika toplantısı oldu. Bu, tarixi bir görüş idi, istər ölkə başçısı, istərsə də onun digər iştirakçıları üçün Respublika Sarayına vaxtilə 17 və 18 yaşlarında ikən dövlət rəhbəri ilə görüşün iştirakçısı olmuş, bu gün müəyyən yaşa dolmuş həmvətənlərimiz toplaşmışdı. O kəslər ki məhz ölkə başçısının təşəbbüsü və köməyi ilə SSRİ–nin başqa–başqa ölkələrinə oxumağa göndərilmişdilər.

Onu da qeyd edək ki, elmə, biliyə böyük maraq göstərən Azərbaycan xalqının istedadlı gənclərinin başqa ölkələrdə təhsil ilə bağlı öz ənənəsi var. Orta əsrlərdə adətən gənclər İran, İraq, Türkiyə və Misirdə, digər Şərq ölkələrində oxumağa gedərdilər, amma onların sayı çox az idi. XIX əsrdə, XX əsrin əvvəllərində Azərbaycanda bəzi imkanlı şəxslər öz övladlarını təhsil almaq üçün Rusiya, Avropa ölkələrinə göndərirdilər. Onların da bir çoxu yüksək təhsil alaraq vətənə qayıdıb Azərbaycanda öz xalqına xidmət edirdi.

Bəli, bu ənənə həmişə olmuşdur, lakin 1969–cu ildə hakimiyyətə gələn Heydər Əliyev bu məsələyə yenidən qayıtmış və onu ardıcıl surətdə həyata keçirmişdir. O vaxtlar ulu öndər, ilk növbədə gənclərin dünyagörüşünün dəyişməsi, inkişaf etməsi məsələsini əsas götürürdü. Digər tərəfdən, daha yüksəkixtisaslı kadrların hazırlanmasına önəm verilirdi. Həmin dövrlərdə respublikanın ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrlar hazırlanırdı. Lakin bununla bərabər, Azərbaycandan kənarda ali məktəblərin imkanlarından faydalanmaqla həm ali təhsilin, həm elmimizin, həm iqtisadiyyatımızın, mədəniyyətimizin müxtəlif sahələri üçün mütəxəssis hazırlığı təmin olunurdu.

Ümummilli liderimiz inanırdı ki, vaxt gələcək bu kadrlar Azərbaycana lazım olacaqlar. Və belə bir vaxt gəlib çatdı. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra vaxtilə oxumağa göndərilən həmin gənclər respublikanın müstəqilliyinin möhkəmlənməsinə öz faydalarını verdilər.

Ulu öndər Azərbaycan təhsilinin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi məsələsinə böyük önəm verir, pedaqoji kollektivlərlə görüşlərində bu fikirləri dönə–dönə vurğulayırdı: “Bilik səviyyəsinə nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir – deyən ümummilli liderimiz 2000–ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə geniş nitq söyləyərkən müəllim və tələbələr qarşısında yeni vəzifələr qoymuş, tövsiyələr vermişdi: “…indi ən hörmətli ixtisas iqtisadçıdır. Çünki bünövrə iqtisadiyyatdır. İqtisadiyyatı irəliyə aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır. Bu isə sizin qarşınızda duran əsas vəzifədir”.

Ulu öndərimiz xaricdə təhsil almağa gedən hər bir gənci Azərbaycanın səlahiyyətli nümayəndəsi hesab edir, məsələnin siyasi tərəfini təhlil edərkən xaricdə oxumağın məsuliyyətini anlatmağa çalışırdı. “Hər bir xarici dövlətin özünəməxsus qanunları, adət–ənənələri var. Heç bir ölkənin daxili işinə qarışmırıq və bundan sonra da qarışmayacağıq…” – deyən ümummilli lider bütün bunları müstəqillik üçün lazım olan şərt kimi dəyərləndirirdi.

1969–cu ilədək respublikadan kənara oxumağa göndərilənlərin arasında azərbaycanlılar azlıq təşkil edirdi. Azərbaycanda yaşayan millətlərin nümayəndələrinin bu siyahıda çox olmasının isə səbəbləri var idi. Azərbaycanlıların irəli getməsi, oxuması, dünyagörüşünün artmasına qarşı düşünülmüş şəkildə maneələr yaradılırdı. Bu, mərkəzin istəyi olsa da, onu respublikada dəstəkləyən qüvvələr də çox idi. Belə çətin məsələni kökündən dəyişmək böyük cəsarət tələb edirdi. Ulu öndər bununla bağlı deyirdi: “O vaxt mən 23 ildən sonra hər il respublikadan kənara oxumağa göndərilənlərin 97–98 faizinin azərbaycanlılardan ibarət olmasına nail oldum”.

Azərbaycan təhsili bu gün tərəqqi yolundadır. Ölkə başçısı İlham Əliyev hər sahədə olduğu kimi, təhsil sahəsinin də inkişafını, onun dünya təhsil sisteminə inteqrasiyasını daim diqqət mərkəzində saxlayır. Ulu öndərin ənənələrini yaşadan Prezident xaricdə təhsil kimi mühüm strateji əhəmiyyətli məsələnin dövlətin nəzarətinə götürülməsi istiqamətində mühüm işlər görür.

2006–cı il oktyabrın 19–da imzalanmış “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamda deyilir: “Ötən illər ərzində ölkəmizin yüzlərlə vətəndaşı xarici ölkələrin ali təhsil müəssisələrində dövlət hesabına təhsil almışdır. Bu ölkələr sırasında Türkiyə Cümhuriyyəti ilə müstəqilliyin ilk illərindən etibarən həyata keçirilən tələbə mübadiləsi xüsusi yer tutur. Azərbaycanlı tələbələr, həmçinin bir sıra digər ölkələrin universitetlərində dövlət, eləcə də müxtəlif beynəlxalq fondlar hesabına ali təhsil alırlar. Lakin bu sahədə mövcud olan pərakəndəlik göstərir ki, ölkənin gələcək inkişaf strategiyası baxımından xaricdə təhsillə bağlı xüsusi proqramın həyata keçirilməsinə zərurət yaranmışdır”.

Ölkə başçısı bu işin ciddiliyini nəzərə alaraq 2007–ci il aprelin 16–da daha bir sərəncama imza atdı. Həmin sərəncamla “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq olundu və indi proqramın reallaşdırılması istiqamətində böyük işlər görülür.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda elm və təhsilin inkişafı üçün görülən işlər məqsədyönlü xarakter daşıyır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilən strateji inkişaf kursunun uğurları sayəsində milli təhsil ənənələrimiz daha da möhkəmlənir. Təhsilin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün dövlət səviyyəsində bütün addımlar atılır.

 

 

Ümmühəbibə QƏLƏNDƏRLİ,

Azərbaycan Dövlət İqtisad Universitetinin

dosenti, iqtisad elmləri üzrə fəlsəfə

doktoru.

 

Respublika.-2013.-14 may.-S.8.