Yaşayırsan, ulu öndər!

 

Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolumövzusunda elmipraktik konfrans keçirilmişdir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə tədbiri açaraq qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev incəsənəti, musiqini, ədəbiyyatı böyük məhəbbətlə sevmiş, mədəniyyət və incəsənət işçilərinə hər zaman xüsusi diqqət və qayğı göstərmişdir. Əməkdar artist Aygün Zeynalovanın ifasında şairə Xatirə Rəhimbəylinin sözlərinə Tahir Əkbərin bəstələdiyi “Yaşayırsan, ulu öndər!” mahnısının və klipinin ilk dəfə təqdimatı keçirilmiş və alqışlarla qarşılanmışdır.

Bəstəkar Tahir Əkbər klipin ərsəyə gəlməsində rejissor Bəxtiyar Qaracanın rəhbərliyi ilə Şien prodakşn–ın əməkdaşlarına və maddi dəstəyə görə xeyriyyəçi Gülnarə Əhmədovaya təşəkkürünü bildirmişdir. Tahir müəllim Aygün Zeynalovanın ifasının son dərəcə möhtəşəm olduğunu vurğulamışdır.

Millət vəkili Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin dahi bəstəkarlar Qara Qarayevlə, Fikrət Əmirovla, Niyazi ilə görüşlərindən danışmışdır.

“Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovun “Həmişə bizimləsən” simfonik poeması Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə səsləndirilmişdir.

Tədbirdə “Heydər Əliyev və Mstislav Rastropoviç” filmindən fraqmentlər və bəstəkar Nəriman Məmmədovun “İki dövlət və millilik” mahnı videoklipi göstərilmişdir.

Azərbaycan Musiqi Akademiyasının prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, musiqişünas, əməkdar incəsənət xadimi, ABİ–nin katibi Zemfira Qafarova, bəstəkar, xalq artisti, professor Sevda İbrahimova, müsiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, APİ–nin katibi Lalə Hüseynova və başqaları Heydər Əliyevin mədəniyyət işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış və dahi rəhbərin hər zaman xatırlanacağını bildirmişlər.

 

 

Rauf İLYASOĞLU

 

Respublika.- 2013.- 12 may.- S. 7.