BİZ SİZDƏN ÖYRƏNDİK QƏHRƏMANLIĞI

 

Faşizm üzərində tarixi qələbənin qazanılmasında leriklilərin də xidmətləri az olmamışdır. 1941–1945–ci illərdə rayondan 6500 nəfər cəbhəyə yola salınmış, onlardan 1584 nəfər döyüşlərdə həlak olmuş, 3314 nəfər yaralanmışdır. Göstərdiyi igidliklərə görə 600 nəfərdən çox lerikli ordenmedallarla təltif edilmişdir.

Rayonda Böyük Vətən müharibəsində qələbənin 68–ci ildönümü təntənəli şəkildə qeyd olunmuşdur. Bayram tədbirinə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq–mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə veteranları və ictimaiyyətin nümayəndələri toplaşmışdılar.

Tədbir iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidəni və “Şəhidlər” abidə kompleksini ziyarət etmişlər.

Mərasim “Nur” şadlıq sarayında bayram süfrəsi arxasında davam etdirilmişdir.

Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov tədbirdə çıxış etmiş, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının misilsiz rolundan danışmışdır. Bildirmişdir ki, xalqımızın qəhrəman oğul və qızları istər döyüş meydanlarında, istərsə də arxa cəbhədə fədakarlıqlar göstərmiş, tarixə şanlı səhifələr yazmışlar.

Ümummilli lider Heydər Əliyevin Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı göstərdiyini vurğulayan natiq bu siyasətin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Cənab Prezidentin 2013– il aprelin 23–də 1941–1945–ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuşya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş şəxslərə 300 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi haqqında imzaladığı sərəncam müharibə veteranlarına göstərilən dövlət qayğısının əyani təzahürüdür.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şanlı bayram münasibətilə veteranlara təbriklərini, səmimi arzularını çatdırmış, qanlı–qadalı müharibədə göstərdiyi igidliklərə görə 176 min nəfərdən çox azərbaycanlının ordenmedallarla təltif edildiyini, 130 nəfərin Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldüyünü bildirmişdir.

Veteranların ömür yolunun gənc nəslə

vətənpərvərlik nümunəsi olduğunu diqqətə çatdıran icra başçısı görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə xalqın təkidilə hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına qarşı əvvəlki hakimiyyətin formalaşdırmağa cəhd göstərdiyi münasibətin birdəfəlik aradan qaldırıldığını, 9 May–Qələbə Gününün yenidən rəsmi dövlət bayramı səviyyəsində qeyd edildiyini, müharibə veteranlarına dövlət qayğısının artırıldığını bildirmişdir.

Müharibə veteranları göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edərək lerikli gənclərin ata–babalarının döyüş yolunu şərəflə davam etdirdiyini, Qarabağ döyüşlərində 130 nəfərdən çox gəncin şəhid olduğunu, 5 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü bildirmişlər.

Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin musiqi kollektivləri konsert proqramı ilə çıxış etmişlər.

 

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2013.- 12 may.- S. 8.