Ulu öndərin yubileyi

 

Adı müstəqil dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunmuş dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin 90 illik yubileyi Xaçmazda böyük təntənə ilə qeyd olundu. Mayın 10–da şəhərin küçə, park və xiyabanları bayramsayağı bəzədilmişdı. Hər addımda ulu öndərin nurlu çöhrəsini əks etdirən panno və şəkillər gözə dəyirdi. Ənənəyə uyğun olaraq ümummili liderin yubileyini birgə qeyd etmək üçün Dağıstan Respublikasından mötəbər qonaqlar da gəlmişdi. Yubiley iştirakçıları əvvəlcə “Heydər Əliyev seyrəngahı” və “Heydər Əliyev Bulaq Kompleksi”ndə oldular. Sonra tikintisi yenicə başa çatmış “Çənlibel” parkını gəzdilər. Qonaqlar Xaçmaz–Bakı yolu boyu uzanan Bakı prospektındə gedən geniş yenidənqurma işləri ilə tanış oldular.

Rayon ictimaiyyətinin nümayəndələri və dağıstanlı qonaqlar şəhərin mərkəzində ucalan Heydər Əliyevin abidəsi önünə gələrək buraya təzə tər çiçək dəstələri düzdülər. Qonaqlar Heydər Əliyev muzeyinə də baş çəkdilər. OnlarXalqlar dostluğu” muzeyinə gəldilər. Dağıstanın görkəmli dövlət xadimi, Heydər Əliyevin yaxın dostu olmuş Səid Qurbanovun baralyefi qarşısında gül dəstələri qoydular. Bayram tədbiri “Fəvvarələr parkı”nda, xalça muzeyinin qarşısında davam etdirildi. Burada şənliyin rəsmi hissəsi keçirildi. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Dağıstandan gəlmiş nümayəndə heyətinin başçısı, Dərbənd Rayon Administrasiyasının başçısı Qurban Qurbanov çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xıdmətlərindən, Dağıstan və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi rolundan danışdılar. Bayram şənliyi Dağıstan və Azərbaycanın incəsənət ustalarının rəngarəng konsert proqramı ilə davam etdirildi.

 

 

Ziyafəddin BAYRAMOV

 

Respublika.-2013.-14 may.-S.9.